23 Iyul 2021 01:34
1411
Mədəniyyət
A- A+

İş yoldaşımızın xatirəsi

 

Bilmirik nədəndir - yaşdan, zəmanədən, yoxsa iki ilə yaxındır COVID-19-un qılıncını çəkib sağlamlığımıza, bəzənsə həyatımıza qənim kəsilməsindən - insan ölümü o qədər adiləşib ki, artıq sanki buna öyrəşməyə başlamışıq. Nə qədər olar yaxın ətrafdakılarımızın, tanış-bilişin, adını eşidib üzünü görmədiklərimizin dünyalarını dəyişmələri barədə acı xəbərləri...

İndi budur, belə acı xəbərin biri də kollektivimizi yaxaladı, özü də peşə bayramımız ərəfəsində. Qəzetimizin beynəlxalq həyat, xəbərlər və idman şöbəsinin redaktoru, “Tərəqqi” medallı, Əməkdar jurnalist Allahverdi Mehdiyevin ölüm xəbəri iş yoldaşları olaraq bizi dərindən sarsıtdı, baxmayaraq ki, təxminən bir ay əvvəl insult diaqnozu ilə xəstəxanaya yerləşdirildiyi gündən əcəllə mübarizə apardığından xəbərimiz vardı. Amma heç birimiz onun həmin mübarizədən məğlub çıxacağını yaxına belə buraxmırdıq. Güman edirdik ki, Allahverdi 20 il əvvəl infarkta qalib gəldiyi kimi, insulta da boyun əyməyəcək. Çox təəssüf ki, bu dəfə yanıldıq və doğmaları əzizlərindən, dostları əvəzsiz insandan məhrum olduqları kimi, “Azərbaycan” qəzetinin kollektivi kimi biz də peşəkar həmkarımızı və səmimi iş yoldaşımızı itirdik.

Allahverdi Mehdiyev 1980-ci ildə indiki BDU-nun Şərqşünaslıq fakültəsinin ərəb dili bölməsini bitirdikdən sonra bir müddət Liviyada tərcüməçi işləmişdi. Ezamiyyətini başa vurub vətənə qayıdandan son günəcən isə taleyini jurnalistikaya bağlamışdı. Əvvəl Azərbaycan radiosunun ərəb redaksiyasında, 1992-ci ildən “Azərbaycan” qəzetində çalışan A.Mehdiyev ərəb və rus dillərini ana dili qədər mükəmməl bilirdi. Təsadüfi deyil ki, o, bu dillərdə çap olunan bir çox kitabların redaktoru və ya tərcüməçisi olmuşdu. Bir jurnalist kimi qələminə də söz yox idi. Onun redaksiyanın tapşırığı, yaxud özünün seçdiyi mövzularda yazdığı məqalələrin redaktəyə ehtiyacı olmazdı. Ümumiyyətlə, o, dərindən bilmədiyi, ətraflı araşdırmadığı mövzuya baş vurmazdı. O səbəbdən toxunduğu mövzular aktuallığı və ictimai əhəmiyyəti sarıdan seçilirdi.

Amma seçilən təkcə onun qələmə aldığı mövzular və yazı bacarığı deyildi. Allahverdi özü də bir insan kimi halallığı ilə fərqlənirdi. O, heç vaxt yalana doğru, qaraya ağ, əyriyə düz deməzdi. Dilində nə idisə, həyatda da o idi. Allahverdi həm də ətrafda az-az rastlaşdığımız gözütoxluğu ilə seçilərdi. Nəyi var idisə, onunla kifayətlənirdi, hərçənd əksər jurnalistlər kimi bu dünyanın var-dövlətindən bircə mənzili vardı ki, onu da təxminən 10 il əvvəl ala bilmişdi. Əvəzində iki savadlı və tərbiyəli övlad böyütmüşdü, hələ üstəlik baba da olmuşdu...

Bütün bunlardan sonra iş yoldaşımızın həyatdan nakam getdiyini deyə bilmərik. Lakin onu deyə bilərik ki, o, Qarabağın, o cümlədən 63 il əvvəl doğulduğu Cəbrayılın işğaldan azad olunmasının sevincini gözdolusu yaşaya bilmədi.

Allah rəhmət eləsin!    

 

“Azərbaycan”çılar

 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video