16:54 26 Oktyabr 2021
ONLINE XƏBƏR LENTİ
Tarix Muzeyi: Azərbaycanda neft sənayesi fotolarda
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

İqtisadiyyatın neft-qaz amilindən asılılığını azaltmaq üçün görülən tədbirlər nəticəsiz qalmır
ANA SƏHİFƏ / İQTİSADİYYAT
12:01 11.01.2012

 

Sənayenin qeyri-neft sektorunda 9 faizdən çox artım qeydə alınıb

 

Ölkəmizdə güclü sənaye potensialı yaratmaq məqsədilə ardıcıl  tədbirlər görülür. Bunun nəticəsində çoxsaylı iri və orta sənaye müəssisələri yaradılıb, böyük texnopark fəaliyyətə başlayıb. Eyni zamanda, kiçik sahibkarlığın inkişafına da dövlət tərəfindən böyük dəstək verilir. Kiçik sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslərə dövlət güzəştli kreditlərlə yardım edir. Son bir neçə ildə ölkədə minlərlə kiçik sahibkarlıq subyektinin fəaliyyətə başlaması bunun təsdiqidir.

Qeyd etmək lazımdır ki, yeni yaradılan sahibkarlıq subyektlərinin böyük əksəriyyəti qeyri-neft sektorunu əhatə edir. Beləliklə, dövlət neftdən asılılığın aradan qaldırılması üçün qarşıya qoyduğu məqsədlərə tədricən yaxınlaşır. Nazirlər Kabinetinin ötən ilin 9 ayının sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclasında Prezident İlham Əliyev bu barədə demişdir: "Sənaye istehsalının inkişafına gəldikdə, yenə də neft hasilatının aşağı düşməsi nəticəsində ümumi rəqəm mənfidir. Ancaq ölkə iqtisadiyyatının qeyri-neft sənayesində 9,2 faiz artım əldə edilmişdir. Bu artım iqtisadiyyatın real sektoruna qoyulmuş investisiyalar, sahibkarlığın inkişafı hesabına mümkün olmuşdur. Bu, verilən kreditlərin, sahibkarlığın inkşafı üçün qəbul edilmiş proqramların və dövlət siyasətinin çox uğurlu olmasının nəticəsidir".

Dövlət başçısının bu qənaətini rəsmi statistika da sübut edir. Statistika Komitəsinin məlumatına görə, ötən ilin yanvar-noyabr aylarında sənayedə fəaliyyət göstərən müəssisələr tərəfindən 31,2 milyard manatlıq məhsul istehsal olunub və xidmətlər göstərilib. Bu dövrdə neft sektorunda azalma müşahidə edilsə də, qeyri-neft sənaye bölməsinin əksər sahələrində istehsalın həcmi yüksəlməkdə davam edib və 9,7 faiz artım qeydə alınıb. Sənaye məhsulunun 78 faizi mədənçıxarma, 17 faizi emal, 4,4 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, 0,6 faizi isə su təchizatı, tullantıların təmizlənməsi və emalı bölmələrində istehsal olunub.

Həyata keçirilən tədbirlər nəticəsində məhsul istehsalında özəl sektor xeyli önə keçib. Keçən ilin 11 ayının nəticələrinə görə, özəl bölmədə istehsalın həcmi sənaye məhsulunun 81,7 faizini təşkil edib. Həmin dövrdə ümumi istehsalın 92,7 faizi sənaye mallarının (əmtəələrin), 7,3 faizi isə sənaye xarakterli xidmətlərin istehsalı hesabına yaradılıb. Bu dövrdə emal bölməsi üzrə müəssisələr və fərdi sahibkarlar (ev təsərrüfatlarının sənaye istehsalı da nəzərə alınmaqla) tərəfindən 5,3 milyard manatlıq məhsul istehsal olunub, sənaye xarakterli xidmətlər göstərilib. Həmin sahədə istehsalın həcmi 7 faiz artıb və ən çox artım qida məhsulları istehsalının payına düşüb. Eyni zamanda, neft məhsullarının istehsalında 1,1 faiz artım müşahidə olunub. Bu dövrdə 1,2 milyon ton avtomobil benzini, 565,5 min ton ağ neft, 2,3 milyon ton dizel yanacağı istehsal olunub. Sürtkü yağlarının istehsalında 8,7, neft bitumunda 8,5, soba mazutunda 9,8 faiz artım qeydə alınıb.

Ölkədə kimya sənayesinin inkişafına son dövrlər göstərilən diqqət nəticəsində dinamik inkişaf müşahidə olunub. Belə ki, statistikaya görə,  kimya sənayesi, əczaçılıq məhsullarının, rezin və plastmas məmulatlarının istehsalı müəssisələri tərəfindən 229,4 milyon manatlıq məhsul istehsal edilib. 2010-cu ilin 11 ayı ilə müqayisədə kimya sənayesində 30,3, rezin və plastmas məmulatları istehsalında 34,6 faiz artım müşahidə edilib. Bununla yanaşı, əsas kimya məhsullarından olan polietilen istehsalında 1,4, kaustik sodanın istehsalında 1,7 dəfə, propilenin istehsalında 4,9 faiz artım olub. Həmçinin rezin və plastmas məmulatlarından bərk polietilen borularının istehsalı 1,6 dəfə, polimer örtükləri istehsalı isə 27,9 faiz artıb.

Hesabat dövrü ərzində metallurgiya sənayesi və hazır metal məmulatlarının istehsalı müəssisələrində 253 milyon manatlıq məhsul istehsal olunub və xidmətlər göstərilib. Bu isə metallurgiya sənayesində istehsalın həcminin 1,9 dəfə artması deməkdir. Həmçinin kompyuter, elektron və optik məhsulların, elektrik avadanlıqlarının istehsalı sahəsində məhsulun həcmi 151,9 milyon manata çatıb ki, bu da 2010-cu ilin 11 ayı ilə müqayisədə 30,2 faiz artımın nəticəsidır. Ötən ilin yanvar-noyabr ayları ərzində ölkədə habelə maşın və avadanlıqlar, nəqliyyat vasitələri və qoşqular istehsalında artım qeydə alınıb. Bu dövr ərzində ölkədə 693 yük avtomobili, 418 minik avtomobili istehsal edilib.

Sənayenin inkişafı bu sahədə çalışanların sayına və onların əməkhaqlarına da təsirsiz ötüşmür. Belə ki, sənaye sahələrində çalışan muzdlu işçilərin sayı 2010-cu ilin yanvar-oktyabr ayları ilə müqayisədə 0,7 faiz artaraq 164,6 min nəfərə çatıb. Onların orta aylıq əməkhaqqı isə 15,8 faiz artaraq 519 manat təşkil edib. Bu sahədə çalışan işçilərin 35,2 mini mədərçıxarma, 79,9 mini emal, 29,2 mini elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, 22,2 min nəfəri isə su təchizatı, tullantıların təmizlənməsi və emalı bölmələrində çalışırlar. Əməkhaqqını daha çox əczaçılıq, mebel, hazır metal məmulatlarının istehsalı, metallurgiya sənayesi, kağız və karton istehsalı və s. sahələrdə çalışanlar alırlar. 

Ölkəmizdə həyata keçirilən məqsədyönlü iqtisadi siyasət nəticəsində cari ildə də ölkə iqtisadiyyatının dinamik inkişaf edəcəyi heç kimdə şübhə doğurmur. Qarşıya qoyulan məqsədə çatmaq üçün dövlətin möhkəm siyasi iradəsi və böyük maliyyə mənbələri var. Bu nikbinlik Prezident İlham Əliyevin Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə Azərbaycan xalqına ünvanladığı təbrikdən də aydın görünür:  "İqtisadiyyatın bütün sahələri inkişaf edir. Ölkəmizdə böyük quruculuq-abadlıq işləri aparılır. Azərbaycan bölgədə öz mövqelərini möhkəmləndirir. İqtisadi inkişafı göstərən bütün statistik göstəricilər çox müsbətdir. Ölkəmizin valyuta ehtiyatları artır. Artıq bizim 40 milyard dollardan çox valyuta ehtiyatlarımız vardır. Ölkə iqtisadiyyatına milyardlarla dollar investisiya qoyulur və bu proses davam edir. İldən-ilə investisiya qoyuluşu daha da artır. Bölgələrin inkişafı uğurla aparılır. Bu il ölkədə 100 minə qədər yeni iş yeri açılmışdır. Bütövlükdə son səkkiz il ərzində bir milyondan artıq yeni iş yeri açılmışdır ki, onların mütləq əksəriyyəti daimi iş yeridir. Əhalinin pul gəlirləri təxminən 20 faiz artmışdır. İnflyasiyanın səviyyəsi təxminən 8 faiz civarındadır. Yoxsulluğun səviyyəsi aşağı düşür. 2011-ci ilin yekunlarına görə, yoxsulluq 8 faizdən aşağı olacaqdır. İşsizlik aşağı düşür. Azərbaycanda işsizlik 5,5 faizdir. Bütün bu göstəricilər onu deməyə əsas verir ki, ölkəmiz çox dinamik və uğurla inkişaf edir. Dünyada və Avropada iqtisadi sahədəki mənfi proseslərə baxmayaraq, Azərbaycan inamla qabağa gedir".

 

Rüstəm KAMAL,

"Azərbaycan"



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM