08 Yanvar 2012 01:01
421
İQTİSADİYYAT
A- A+

İqtisadiyyat inkişaf etdikcə əhalinin həyat səviyyəsi yüksəlir

 

Maaşların, pensiyaların, sosial müavinətlərin daim artırılması da bu inkişafla bağlıdır

 

Ölkənin hər bir vətəndaşının sosial müdafiəsini təmin etmək, həyat səviyyəsinin daha da yüksəldilməsinə nail olmaq dövlətin qarşıya qoyduğu prioritet vəzifədir. Azərbaycanda əhalinin sosial müdafiəsi sahəsində qəbul edilmiş qanunlar, dövlət başçısının imzaladığı fərman və sərəncamlar, görülən çoxsaylı əməli tədbirlər bu sahədə mühüm nəticələrə nail olmağa imkan verib. İnsanların maddi rifah halı yüksələn xətlə inkişaf edir. Dövlət sosial sahədə əhalinin müdafiəsinin daha da güclənməsinə xidmət edən siyasəti ardıcıl davam etdirir.

Əhalinin sosial vəziyyətinin yaxşılaşdırılması üçün möhkəm zəmin ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə yaradılıb. Ümummilli liderin bu siyasəti Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Təsadüfi deyil ki, ölkənin sosial-iqtisadi inkişafına yönəldilmiş dövlət proqramları iqtisadiyyatın daha intensiv inkişafını ehtiva etməklə yanaşı, əhalinin sosial müdafiəsinin getdikcə daha artıq dərəcədə gücləndirilməsi məqsədini daşıyır. Görülən real işlər sayəsində maaşlar, pensiyalar, sosial müavinətlər müntəzəm artırılır. Sənət adamlarına, alimlərə, hətta tələbələrə xüsusi Prezident təqaüdləri verilir.

Xatırladaq ki, hələ 2008-ci il sentyabr ayının 15-də Prezident İlham Əliyev tərəfindən 2008-2015-ci illərdə ölkədə yoxsulluğun azaldılması və davamlı inkişafa yönəldilmiş Dövlət Proqramı təsdiq edilib. Proqramda müəyyənləşdirilmiş 9 əsas istiqamət sırasında əhalinin gəlir əldə etmək imkanlarının genişləndirilməsi, yaşlı əhalinin, aztəminatlı ailələrin və sosial cəhətdən xüsusilə həssas qrupların sosial riskinin azaldılması və s. də var. Odur ki, əhalinin güzəranının ildən-ilə yaxşılaşdığı aydın nəzərə çarpır. Ölkə başçısının Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə Azərbaycan xalqına təbrikində dediyi kimi: "Ölkədə bütün sosial məsələlər öz həllini tapmaqdadır. Bu il 900 minə yaxın pensiyaçının orta pensiyası təxminən 40 faiz artmışdır. Dekabrın 1-dən minimum əməkhaqqı artmışdır. Digər sosial proqramlar uğurla icra edilir. Məktəblər, xəstəxanalar, idman kompleksləri tikilir. Yəni, Azərbaycan hərtərəfli və dinamik şəkildə inkişaf edir".

Dövlət başçısı bu məsələyə Nazirlər Kabinetinin 2011-ci ilin doqquz ayının yekunlarına həsr olunmuş iclasında da toxunmuşdur. Belə ki, keçən il oktyabrın 24-də keçirilən həmin tədbirdə orta əməkhaqqının artdığı və s. qeyd edilmişdir: "Hazırda Azərbaycanda orta pensiyaların səviyyəsi 190, orta maaşın səviyyəsi isə 450 dollar səviyyəsindədir. Bu, yaxşı göstəricidir, ancaq bundan da çox olmalıdır. Biz çalışacağıq növbəti illərdə sosial məsələlərin həlli üçün əlavə tədbirlər görək ki, bundan sonra da pensiyalar, maaşlar daim artsın. İnsanların yaşayış səviyyəsi artsın və beləliklə, Azərbaycanda yoxsulluq kimi sosial bəla aradan qaldırılsın. Sosial cəhətdən ən az müdafiə olunan vətəndaşlara dövlət Ünvanlı Sosial Proqramını təşkil etmişdir".

Bu proqram 113 min ailəni əhatə edir. 500 mindən bir qədər çox insan dövlətdən hər ay vəsait alır. Orta hesabla hər ailəyə 102 manat yardım edilir.

Keçən il ölkədə minimum əməkhaqqı artırılıb. Təhsil və tibb işçilərinin, eləcə də bir sıra dövlət qurumlarında, elmi müəssisələrdə, iqtisadiyyatın ayrı-ayrı sahələrində çalışanların da maaşları artıb.

2011-ci ilin yanvar-noyabr aylarında ölkə əhalisi 27,3 milyard manatlıq gəlir əldə edib. Bu, 2010-cu ilin 11 ayına nisbətən 19,2 faiz çoxdur. Hər nəfərə düşən gəlir 17,6 faiz artıb və 3014,9 manat olub.

Ötən ilin yanvar-oktyabr aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq əməkhaqqı 355,7 manat təşkil edib. Bu da ondan əvvəlki ilin müvafiq dövründə olduğundan 8,7 faiz çoxdur. Neft sektorunda çalışanlar ayda orta hesabla 1165,6 manat, qeyri-neft sektorunda 333,1 manat, dövlət bölməsində 295,5 manat, özəl bölmədə 457 manat əməkhaqqı alıblar. Mədənçıxarma sənayesində, maliyyə və sığorta fəaliyyətində, rabitədə, tikintidə digər sahələrə nisbətən əməkhaqqı daha yüksəkdir.

Ölkə əhalisinin banklardakı əmanətlərinin çoxalması da onun maddi durumunun yaxşılaşmasından xəbər verir. Belə ki, keçən ilin 10 ayında ondan əvvəlki ilin eyni dövrü ilə müqayisədə əhalinin banklardakı əmanətləri 27,3 faiz artıb.

Əgər insanın iş yeri varsa, deməli, onun əməkhaqqı da var, dolanışığı da. Məhz buna görə də dövlətin qarşıya qoyduğu ən mühüm vəzifələrdən biri insanların məşğulluq probleminin həllidir. Odur ki, keçən il ölkədə 100 minə qədər yeni iş yerinin açılması təsadüfi deyil. Bütövlükdə isə son 8 ildə Azərbaycanda 1 milyondan artıq yeni iş yeri yaradılıb. Onların mütləq əksəriyyəti daimi iş yerləridir.

Bu rəqəmlərin özləri də aydın göstərir ki, məşğulluq probleminin həlli istiqamətində Azərbaycanda böyük işlər görülüb. Hazırda ölkədə işsizliyin səviyyəsi 5,5 faizdir. Bir çox inkişaf etmiş ölkələrdə işsizliyin səviyyəsinin 10-20 faiz olduğunu xatırlatsaq, ölkəmizin az müddətdə bu sahədə necə böyük nailiyyət qazandığını daha aydın görərik.

Başqa sözlə desək, ölkəmizdə iş yerlərinin sayı ildən-ilə artır, iqtisadiyyat inkişaf etdikcə əməkhaqqı yüksəlir, insanların sosial müdafiəsi daha da gücləndirilir.

 

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video