19 Noyabr 2021 00:54
1387
SİYASƏT
A- A+

İqtisadi qüdrətin uğur formulu

 

Zəfər büdcəsi 2022-ci ildə qarşıya qoyulan strateji vəzifələrin yerinə yetirilməsini təmin edəcək

 

İqtisadi və hərbi qüdrəti möhkəm olan dövlət bütün sahələrdə uğur qazanmağa qadirdir. Bu gün tarixinin ən qüdrətli dövrünü yaşayan Azərbaycan da güclü iqtisadiyyata, qüdrətli orduya sahib olan dövlət kimi Avratlantika geosiyasi arealında öz sözü və mövqeyi olan ölkəyə çevrilib. 44 günlük Vətən müharibəsində əldə edilən tarixi Zəfər isə ölkəmizin beynəlxalq nüfuzunun, siyasi çəkisinin daha da artmasını şərtləndirib.

 

İqtisadiyyatımız böhran dövrünü arxada qoyub

 

Azərbaycan iqtisadi meyar və parametrlər üzrə kimdənsə asılı deyil. Hətta ölkəmiz istər xarici borc, istər iqtisadi artım, istərsə də adambaşına düşən valyuta ehtiyatları baxımından iqtisadi sahədə ən qabaqcıl yerlərdədir. İqtisadi müstəqillik siyasi müstəqilliyin möhkəmləndirilməsi baxımından əsas şərtdir.

Hazırda yaşadığımız postmüharibə dövründə ölkə iqtisadiyyatının artım tempi bərpa edilir və inkişaf göstəriciləri yüksəlir. Ölkənin neft sahəsindən asılılığını aradan qaldırmaq istiqamətində görülən tədbirlər də bəhrəsini verməkdədir və bunu qeyri-neft sektorundakı artım da təsdiq edir.

İqtisadi fəallığın artması ölkəmizin maliyyə-iqtisadi göstəricilərinin də yaxşılaşmasına səbəb olmaqdadır. Gələn ilin dövlət büdcəsinin bütün göstəriciləri onu deməyə əsas verir ki, 2022-ci ildə də qarşıya qoyulan strateji vəzifələr yerinə yetiriləcək.

Müstəqillik tarixində ən böyükhəcmli büdcə layihəsi artıq Milli Məclisdə birinci oxunuşda qəbul edilib. Gələn il büdcə xərcləri ilk dəfə olaraq 30 milyard manata yaxınlaşacaq. Bu da 2021-ci illə müqayisədə 1 milyard 336 milyon manat artıq vəsait deməkdir. Bu da bir daha təsdiq edir ki, Prezident İlham Əliyevin həyata keçirdiyi inkişaf strategiyası ölkənin dinamik inkişafını təmin etməyə imkan verib.

2021-ci ilin ötən 9 ayında iqtisadi inkişaf tempi 4,8 faizə çatıb və bu o deməkdir ki, iqtisadiyyatımız böhran dövrünü arxada qoyaraq yeni inkişaf yolunda inamla irəliləyir. Bütün bunların nəticəsində yüksəliş, 2022-ci ilin maliyyə ili üçünsə dayanıqlı iqtisadi təminat yaranıb. Bütün bu ssenarilərə əsasən hazırlanmış 2022-ci ilin dövlət büdcəsi layihəsi Azərbaycanın inkişafı üçün güclü zəmin formalaşdırır.

2022-ci il üzrə büdcə siyasətinin istiqamət və hədəfləri İlham Əliyevin hazırladığı “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” sənədində müəyyən edilmiş prioritetlər və onların həyata keçirilməsi üçün qarşıya qoyulmuş strateji məqsədlər nəzərə alınmaqla tərtib olunub. Büdcənin gəlir və xərcləri də təsdiq edir ki, dövlətin ali maliyyə sənədi strateji inkişaf hədəflərinə, iqtisadi siyasətə və qarşıda duran çağırışları dəf etməyə xidmət etmək iqtidarında olacaq.

 

Maaşlar, pensiyalar, təqaüdlər artacaq

 

Gələn ilin dövlət büdcəsi hazırlanarkən yenə də sənədin sosialyönümlü olmasına xüsusi diqqət yetirilib. Yəni 2022-ci ilin büdcəsi də ötən illərin maliyyə sənədi kimi sosialyönümlüdür.

Belə ki, büdcə layihəsi dövlətin əsas funksiyalarının, o cümlədən müdafiə və təhlükəsizlik, sosial təminat, səhiyyə, təhsil, dövlət borcu, prioritet dövlət proqramları və layihələri üzrə maliyyələşdirmənin davam etdirilməsi, əhalinin sosial rifahının qorunmasına yönəlmiş tədbirlərin və iqtisadi artımın dəstəklənməsinə güclü maliyyə təminatı yaradır.

Əhalinin, xüsusilə də həssas qrupların, müharibə veteranlarının, əlillərin və şəhid ailələrinin sosial təminatı üzrə həyata  keçirilən  dövlət  siyasətinin  maliyyələşdirilməsinə xüsusi əhəmiyyət veriləcək. Büdcə gəlirlərinin artırılması  nəticəsində cəlb ediləcək əlavə vəsaitlərin mühüm qismi əhalinin sosial rifahının yaxşılaşdırılmasına, yardıma ehtiyacı olan vətəndaşlara hədəflənmiş sosial  proqramların  həyata  keçirilməsinə yönəldiləcək. 

 

Qarabağ və Şərqi Zəngəzurda yenidənqurma və inkişaf dövrü

 

Sənəddə həmçinin işğaldan azad olunmuş ərazilərin bərpası, yenidən qurulması və ölkə iqtisadiyyatına reinteqrasiyası məsələsi də yer alıb.

Yəni şanlı Zəfərdən sonra Qarabağ və Şərqi Zəngəzurda başlanmış işlərin davam etdirilməsi, işğaldan azad edilmiş bütün ərazilərdə Azərbaycan Ordusunun, Sərhəd Qoşunlarının, daxili işlər, təhlükəsizlik orqanlarının fəaliyyətinin təmin edilməsi, mina təmizləmə tədbirlərinin təşkil olunması, habelə su, elektrik enerjisi, qaz təchizatı, rabitənin bərpası, həmçinin yol infrastrukturunun qurulması ilə əlaqədar işlərin icrası, əhalinin məskunlaşdırılması və onların həyat şəraitinin bərpası, dayanıqlı və davamlı iqtisadi fəallığının təmin edilməsinə yönəldilən infrastruktur layihələrinin həyata keçirilməsi kimi tədbirlər üçün büdcədən 2,2 milyard manat vəsaitin ayrılması qərara alınıb.

Bütün bunlar bir daha təsdiq edir ki, azad edilmiş ərazilərimizin vahid konsepsiya əsasında bərpası ölkənin iqtisadi potensialının genişlənməsinə səbəb olacaq.  Bu ərazilərin  reinteqrasiyası  ölkə iqtisadiyyatına müsbət təsir göstərəcək, iqtisadi artıma səbəb olacaq. Qarabağın bərpa prosesi çoxşaxəli olduğu üçün nəinki həmin ərazilərin, ümumilikdə ölkə iqtisadiyyatının bir çox sektorlarının inkişafı üçün yeni imkanlar yaranacaq.

Əlbəttə ki, bu gün Azərbaycanın qazandığı uğurları şərtləndirən əsas amil Prezident İlham Əliyevin düşünülmüş iqtisadi konsepsiyasının tam doğru formada icrasıdır. Bütün bunlar isə verilən vədlərin uğurla reallaşması nəticəsində baş tutub. Dövlət başçısının söylədiyi kimi, son 18 il ərzində bir dənə də yerinə yetirilməyən vəd yoxdur. Bu günün reallıqları onu göstərir ki, Azərbaycan düzgün yolda gələcəyə doğru inamla addımlayır. 2021-ci ildə görülən işlər onu deməyə əsas verir ki, Azərbaycan 2022-ci ildə də yeni-yeni uğurlara nail olacaq.

 

Rəşad BAXŞƏLİYEV,

“Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video