10 Sentyabr 2021 00:33
902
Mədəniyyət
A- A+

İnsanlığa xidmət nümunəsi

 

Görkəmli pediatr alim, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, SSRİ Tibb Elmləri Akademiyasının müxbir üzvü, Rusiya Elmlər Akademiyasının üzvü, Əməkdar elm xadimi, Dövlət mükafatı laureatı, “Şöhrət” və “Şərəf” ordenli, tibb elmləri doktoru, professor Adilə Əvəz qızı Namazovanın anadan olmasından 95 il keçir. Adilə xanımın bütün həyatı insanlıq, xeyirxahlıq, mənəvi saflıq, dövlətə, xalqa və onun genetik fonduna sədaqətli xidmət nümunəsi olmuşdur.

Azərbaycan çox böyük tarixə malik ölkədir və bu tarixin hər dövründə xalqın qürur mənbəyi, şöhrət tacı olan qadınlar olmuşdur. Qadınlar ölkənin ictimai-siyasi həyatında fəal iştirak etmiş, təhsilin, mədəniyyətin, müxtəlif elm sahələrinin, o cümlədən insan sağlamlığı ilə bağlı olan tibb elminin və səhiyyənin inkişafı üçün çox iş görmüşlər. Bu işlərə hər zaman yüksək dəyər verən Ulu Öndər Heydər Əliyev o fikirdə idi ki: “Azərbaycan qadınları xalqımızın adət-ənənələrini, mədəniyyətini, elmini, intellektual potensialını yüksək səviyyədə təmsil etmişlər və bu, indi də belədir. Qadınlar dövlətimizin, dövlətçiliyimizin, müstəqilliyimizin, bu günümüzün, gələcəyimizin dayağıdır”. Ulu Öndərin layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev də qadınların cəmiyyətin inkişafındakı rolunu qiymətləndirərək deyirdi: “Tariximizin hər bir dövründə qadınlarımız cəmiyyətin sarsılmaz mənəvi dayağı olmuş, ölkəmizin bu günkü simasının müəyyənləşməsi üçün böyük fədakarlıqlar göstərmişlər”.

Dövlətimizin və onun gələcəyinin dayağı olan bu cür fədakar qadınlar sırasında, xüsusilə XX və XXI əsrlərdə tanınmış elm və təhsil xadimləri də az olmamışdır. Onlardan biri də həyatını körpələrin, uşaqların sağlamlığına, anaların təbəssümünə və deməli, millətin genefonduna, gələcəyinə sərf etmiş, ömrünü bu yolda şam kimi əritmiş Adilə xanım Namazova olmuşdur.

Adilə Namazova 1949-cu ildə Azərbaycan Dövlət Tibb İnstitutunun Pediatriya fakültəsini bitirdikdən sonra SSRİ Mərkəzi Həkimləri Təkmilləşdirmə İnstitutunda (Moskva) pediatriya elminin dünya şöhrətli patriarxı akademik G.N.Speranskinin rəhbərlik etdiyi Uşaq xəstəlikləri kafedrasının aspirantı olmuş, 1959-cu ildə orada tibb üzrə namizədlik, 1965-ci ildə SSRİ Tibb Elmləri Akademiyasının Pediatriya İnstitutunda doktorluq dissertasiyalarını müdafiə etmiş, 1967-ci ildə SSRİ-nin Ali Attestasiya Komissiyası tərəfindən professor elmi adını almışdır.

Azərbaycanın ilk qadın pediatr alimi, istedadlı pedaqoq Adilə Namazova 1971-ci ildə SSRİ Tibb Elmləri Akademiyasının müxbir üzvü, 1983-cü ildə Azərbaycan SSR Elmlər Akademiyasının həqiqi üzvü, 1993-cü ildə Rusiya Tibb Elmləri Akademiyasının (2003-cü ildən Rusiya Elmlər Akademiyasının) həqiqi üzvü seçilmişdir.

Bir Azərbaycan xanımına, eyni zamanda bir el ağbirçəyinə xas olan bütün gözəl xüsusiyyətləri, insani dəyərləri, intellektual keyfiyyətləri özündə birləşdirmiş Adilə Namazova dünya tibb elminə əvəzolunmaz töhfələr vermiş böyük alim, yüksək vətəndaşlıq, humanizm və ürək saflığının mücəssəməsi olan bir insan idi. Adilə Namazovanın kim olduğunu öz sözləri ilə çox dəqiq ifadə etmək mümkündür. “Bu dünyanın varı-dövləti, hamısı boş şeydir. İnsana həyatda ancaq hörmət, cansağlığı, xeyirxahlıq, bir də məhəbbət lazımdır. Bu gün geriyə dönüb baxanda, həyat yoluma nəzər salanda peşmançılıq hissi keçirdiyim heç bir şey yoxdur. Həmişə bacardığım qədər xalqıma xidmət etməyə çalışmışam...”, - deyirdi Adilə xanım.

Özünün doğma övladları olmasa da, övladlığa götürdüyü uşaqlarla bərabər, həyatını, varlığını, gələcəyini xilas etdiyi, ümid bəxş etdiyi hər bir körpənin, deməli, yüzlərlə, minlərlə insanın anası idi Adilə xanım.

Ömrünün son anlarına kimi millətinə layiqincə xidmət göstərməyi, gənc nəslin sağlamlığının keşiyində səfərbər əsgər kimi durmağı, respublikamız, xalqımız üçün dəyərli həkim və alim kadrlar yetişdirməyi həyat kredosu seçmiş Adilə Namazova təkcə Azərbaycanda deyil, bütün Yaxın Şərqdə pediatriya üzrə ilk qadın elmlər doktoru, ilk professor olmuşdu.

Tanınmış alimin elmi fəaliyyətinin əsas istiqamətlərini uşaqlarda kəskin revmatizm zamanı ürək-qan damar sisteminin funksional vəziyyətinin öyrənilməsi, anadangəlmə ürək qüsurlarının diaqnostikası, diferensial diaqnozu, belə qüsurlar zamanı cərrahi əməliyyata göstəriş və əks-göstərişin müəyyənləşdirilməsi problemləri, uşaqlarda hipertoniya və hipotoniya xəstəliklərinin epidemiologiyasının, kliniki əlamətlərinin xüsusiyyətlərinin, təzahür formalarının öyrənilməsi, profilaktika və müalicə üsullarının işlənib hazırlanması və səhiyyə praktikasına tətbiqi təşkil etmişdir. Akademik Adilə Namazova bu istiqamətlərin hər biri üzrə bir sıra elmi-nəzəri və kliniki-praktiki nailiyyətlər əldə etmiş, tədqiqatlarının ən mühüm nəticələrini 500-ə yaxın elmi əsərdə, o cümlədən 32 monoqrafiyada nəşr etdirmişdir. O, həmçinin 5 ixtiranın müəllifi idi. Azərbaycanın tibb elmini bütün dünya üzrə keçirilən onlarca mötəbər elmi tədbirdə, konqres, qurultay və simpoziumlarda uğurla, ləyaqətlə təmsil etmişdir.

Akademik Adilə Namazova son illər biotibbi etika problemləri sahəsində də səmərəli çalışaraq Azərbaycanda ilk dəfə Azərbaycan və ingilis dillərində sanballı əsər və bir neçə kitab nəşr etdirmiş, həmçinin müvafiq tədris vəsaitləri, universitet və kollec tələbələri üçün təhsil proqramları hazırlamışdır.

Akademik Adilə Namazovanın Azərbaycan Milli Elmlər Akademiyası Biologiya və Tibb Elmləri Bölməsinin (BTEB) üzvü kimi fəaliyyətini də xüsusi qeyd etmək lazımdır. Adilə xanım AMEA-nın və BTEB-in bütün iclaslarında, elmi tədbirlərində fəal iştirak edirdi. Heç bir elmi və elmi-təşkilati tədbiri buraxmayan akademik müzakirə edilən məsələlərlə bağlı hər zaman öz fikrini bildirir, dəyərli təklif və təşəbbüslərlə çıxış edir, məsləhətlərini əsirgəmirdi. Bu mənada akademik Adilə Namazovanın 2016-cı ildə AMEA-nın “Akademik Mirəsədulla Mirqasımov adına mükafatı”na layiq görülməsi də təsadüfi deyildi.

Adilə xanım həmçinin gözəl pedaqoq idi. O, 1965-2020-ci illərdə Azərbaycan Tibb Universitetinin II Uşaq xəstəlikləri kafedrasının müdiri vəzifəsində çalışmış, özünə və başqalarına qarşı olduqca tələbkar elm və səhiyyə təşkilatçısı, gözəl və savadlı müəllim kimi həmkarlarının və tələbələrinin yaddaşına özünü əbədi həkk etdirmişdir. Adilə Namazova alim-pedaqoq kimi çalışdığı müddətdə tibb üzrə 12 elmlər və 72 fəlsəfə doktoru hazırlamaqla elmi məktəb yaratmışdır. Bu gün onun yetişdirdiyi kadrlar təkcə respublikada deyil, həmçinin bütün MDB məkanında uşaqların sağlamlığı uğrunda fədakarcasına çalışırlar.

Adilə xanımın ictimai fəaliyyəti də çoxcəhətli olmuşdur. 1980-ci illərin sonunda Adilə Namazova SSRİ Ali Sovetinin üzvü, Azərbaycan və Orta Asiya Qadınlar Komitəsinin sədri seçilmişdi. Ali Sovetin iclaslarında erməni deputatlara verdiyi tutarlı cavablara görə onların və dəstəkçilərinin təhdidləri ilə üzləşmişdi. 20 Yanvar qırğınından sonra Moskvada təşkil olunmuş SSRİ Ali Sovetinin növbəti sessiyasının iclaslarında, həmçinin M.Qorbaçovla birbaşa görüşdə Azərbaycan həqiqətlərini cəsarətlə deməkdən, ittifaq rəhbərliyini ittiham etməkdən çəkinməmişdi.

Adilə Namazovanın Ulu Öndərlə münasibətlərinə də mütləq toxunmaq lazımdır. Heydər Əliyev Adilə Namazovanın fəaliyyətlərini hər zaman yüksək qiymətləndirir, onu Azərbaycanda elmi pediatriyanın banisi adlandırırdı. Hələ 1976-cı ildə Heydər Əliyev Adilə xanımı qəbul etmiş, ölkəmizdə tibb sahəsində olan çatışmazlıqlarla bağlı onu fikrini öyrənmişdi. Adilə xanım müəyyən sahələrdə elmlər doktorlarının yoxluğunu və tibb üzrə elmi-tədqiqat institutlarımızın üçüncü dərəcə kateqoriyalı olduğunu əsas problemlər kimi göstərmişdi. Ulu Öndər hər iki məsələnin həll üçün təcili və ciddi addımlar atmışdı. Tibb üzrə müxtəlif istiqamətlərdə 30-a qədər gənc elmlər namizədi maaşları saxlanılmaqla Moskva, Leninqrad və Kiyevdəki baş institutlara ezamiyyəyə göndərilmiş, 4-5 ildən sonra onların hamısı elmlər doktoru kimi respublikamıza qayıtmışdılar. Heydər Əliyev görüşdən qısa müddət sonra Azərbaycanda olan tibb üzrə elmi-tədqiqat institutlarının hamısının birinci kateqoriyaya keçirilməsinə nail olmuşdu. Bununla da onların təchizatı yaxşılaşmış, əməkdaşların maaşları yüksəlmiş, elmi iş görməyə imkanları artmışdı. Adilə Namazova tez-tez xatırlayırdı ki, onun kadr hazırlığı sahəsində cidd-cəhdlərinə görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyeva da hər zaman dəstək olmuşdu.

1994-cü ildə Ulu Öndər Naxçıvan Dövlət Universitetinin nəzdində Tibbi-pediatriya fakültəsinin yaradılmasına Adilə Namazovanı cəlb etmiş, fakültəni onun “himayəsinə” vermişdi. Adilə Namazova həmin missiyanı həvəslə yerinə yetirərək əvvəlcə universitetdə zəngin tibbi kitabxana yaratmış, tədris proqramları tərtib etmiş, il ərzində bir neçə dəfə Naxçıvana gedib orada elmi, tibbi mühazirələr oxumuşdu. Bu gün də Adilə Namazova Naxçıvan Dövlət Universitetinin Tibbi-pediatriya fakültəsinin “Mənəvi Anası” hesab edilir. Hazırda Naxçıvan özünü pediatrlarla tam təmin edir, hətta xarici ölkələrdən də gəlib orada təhsil alan tələbələr var.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva da Adilə Namazovanı bir şəxsiyyət, təbib, alim və gözəl insan kimi yüksək dəyərləndirir, ona səmimiyyətlə, hörmətlə yanaşırdılar.

Akademik Adilə Namazovanın çoxsaylı dövlət mükafatları sırasında Azərbaycan SSR-in Dövlət Mükafatını (1981), “Əməkdar elm xadimi” fəxri adını (1982), Azərbaycan Respublikasının “Şöhrət” (1996) və “Şərəf” (2011) ordenlərini, “Azərbaycan Respublikası Prezidentinin Fəxri Diplomu”nu (2016) xüsusi qeyd etmək lazımdır.

Azərbaycanın pediatriya elminin görkəmli nümayəndəsi akademik Adilə Namazova ötən ilin dekabrında, ömrünün 94-cü ilində haqq dünyasına qovuşmuşdur. Yoxluğu onu tanıyanların hər birini dərindən kədərləndirmişdir. Ancaq bu da bir təskinlikdir ki, Adilə xanım hələ dünyasını dəyişməmiş doğma Qarabağ torpağının, Ağdamın xilasının sevincini qəhrəman Azərbaycan Ordusuna, Ali Baş Komandana minnətdarlıq hissi ilə yaşaya bilmişdir. Əminəm ki, bu gün Qarabağın, o cümlədən doğma Ağdamın yenidən qurulması, çiçəklənməsi, böyük dirçəlişi onun vətən sevgisi ilə yoğrulmuş ruhunu da şad edir.

Özü artıq aramızda yoxdur, ancaq elmi nailiyyətləri, əsərləri, elmi məktəbi, tələbələri, özünün və ömrünə ömür qatdığı insanların xeyirxah əməlləri bu alicənab insanı və gözəl alimi yaşadır və daim yaşadacaqdır.

 

İradə HÜSEYNOVA,

AMEA-nın vitse-prezidenti, akademik

 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video