25 Avqust 2021 00:40
1842
CƏMİYYƏT
A- A+

İnsan öz taleyini məhvə məhkum etməməlidir

 

Bəşəriyyət yaranandan insan övladı çox çətin sınaqlardan keçib. Təbiətin ağır fəlakətlərini, milyonlarla insanın ömrünə cəmi bir neçə günün içində son qoyan yoluxucu xəstəlikləri, müharibə acılarını yaşamalı olub. İndi də zaman-zaman bu bəlaları yaşamaqdadır. Əlbəttə, qeyd etdiklərimizin hər biri dəhşətlidir, ağrılı-acılıdır. Amma bu bəlalar da insan üçün narkomaniya qədər qorxunc fəlakət deyil. Çünki bu sınaqlar insanın iradəsindən kənarda baş verir. Onları kimsə könüllü seçmir. Ellə gələn qəzavü-qədər sayır.

Təbii fəlakətlərin də, epidemiyaların da, müharibələrin də səbəbləri, nəticələri aradan qalxanda ondan sağ çıxanların yenə adi həyatına dönməsinə ümid böyükdür. Bu sınaqlardan çıxan insanlar mənəvi baxımdan daha da güclənmiş olur. Həyatın növbəti daha yüngül sınaqları onları əvvəlki qədər sarsıda bilmir. Dərd orasındadır ki, narkomaniya insanın şüurlu seçimidir. Deməli, insan bilə-bilə özünü “ağ ölüm”ün ağuşuna atır.

 

Gedər-gəlməz yolu

 

Bəlaya mübtəla olanlar təəssüf ki, labüd aqibətlərini görə-görə bu yola ilk addımlarını atırlar. Anlamırlar ki, bu yol gedər-gəlməzdir. Çox az qisim adam özündə iradə tapıb nələrinsə - doğmalarınınmı, işininmi, gələcək arzularınınmı xatirinə belə bir yoldan geriyə dönə bilir. Böyük əksəriyyət üçün narkomaniya ölüm yolçuluğudur. Narkotik maddələr qəbul edən, buna aludə olan istənilən şəxs hər gün özünün mənəvi və fiziki ölümünə doğru bir addım atır. Ona görə də bu bəlanı təsadüfən “ağ ölüm” adlandırmırlar.

Uzun illərdir ki, bu bəla insanlığın böyük fəlakətinə çevrilib. Ümumdünya Səhiyyə Təşkilatının hesablamalarına görə, hazırda dünyada 270 milyona yaxın insan narkomaniyadan əziyyət çəkir. Bu, dünya əhalisinin 5 faizindən də çoxu deməkdir. Əfsuslar olsun ki, Azərbaycanda da narkomaniya bəlasına mübtəla olanların sayı getdikcə artmaqdadır. Hesablamalar həyəcan təbili çalır. Ölkəmizdə narkomanların rəsmi sayı 30 mindən çoxdur. Son illərdə isə belə insanların artdığını görürük.

 

İnsanı insanlıqdan çıxaran bəla

 

Aparılan araşdırmalar ümumən bütün dünyada narkotik aludəçilərinin təxminən 90 faizinin bu vasitədən ilk dəfə 18 yaşına qədərki yaş dövründə istifadə etdiklərini üzə çıxarır.

Dəhşətli hal odur ki, son illərdə bu bəlaya uşaqların yoluxdurulması meyilləri də artıb. Narkotik maddə alverçiləri uşaqların sadəlövh maraqlarından istifadə edərək onları asanlıqla öz girovlarına çevirə bilirlər.

Şüurlu varlıq olaraq biz öz hisslərimiz, düşüncələrimiz, ovqatımız ilə yaşayırıq. Narkotiklər isə insanın hiss və düşüncələrini, əhvali-ruhiyyəsini dəyişir. Elə birinci istifadədən mərkəzi sinir sisteminə spesifik təsir göstərir. Tez bir zamanda asılılıq yaratmağa başlayır. Yaratdığı psixoloji və fiziki asılılıqla insanı insanlıqdan çıxarır. Narkotik vasitələrə aludə olandan sonra ondan əl çəkmək ona görə çətindir ki, narkotiklərin qəbulunun dayandırılması, yaxud dozanın azaldılması fiziki və psixi pozuntulara gətirir. Elmi dildə buna “Abstinent sindromu”, narkomanların öz jarqonunda isə “lomka” deyirlər. Narkotikə öyrəşmiş orqanizmdə bu pozuntu zamanı dəhşətli ağrı hissləri yaranır. Ona görə də pozuntuların baş verməməsi üçün orqanizmin narkotik vasitəyə olan ehtiyacı anında təmin edilir. Qəbul edilən doza da müntəzəm olaraq artırılır. Mütəxəssislərin izahına görə, insanın bu pozuntu zamanı yaranan ağrı hisslərindən azad olmaq arzusu o dərəcədə güclü olur ki, narkotik əldə etmək xatirinə insan yalana, oğurluğa, hətta adam öldürməyə də əl atır. Ona görə narkomanlar arasında cinayətkarlığa meylin böyük olması təsadüfi deyil. Belə ki, narkotiklərdən müntəzəm istifadə nəticəsində psixi xəstəliklərə düçar olan, bir çox hallarda tüfeyli həyat sürən belə şəxslər bəzən qeyri-iradi şəkildə ictimai təhlükəli əməllərə əl atırlar və ya intiharla nəticələnən hallar baş verir. Buna görə də narkomaniya kriminogen amildir. Bu barədə çoxsaylı faktlar mövcuddur. Mütəxəssis rəylərinə görə, bütövlükdə narkotizmlə cinayətkarlıq arasında qarşılıqlı əlaqə və bilavasitə asılılıq mövcuddur. Qiyməti çox baha olan narkotiklərdən asılı vəziyyətə düşmüş narkoman bu maddələri almaq üçün vəsait əldə etməkdən ötrü hər cür cinayət törətməyə hazır olur. Narkotik vasitələrin qəbuluna ehtiyac gücləndikcə onun davranışının kriminal səbəbi də artır. Narkomanın eqoizmi, onun bütün niyyət və hərəkətləri nə yolla olursa-olsun yeni narkotik doza əldə etməyə yönəlir. Onu hüquqazidd hərəkətlərə sövq edir. Bu halda narkomaniyanın xüsusi təhlükəliliyi onun təkcə şəxsiyyəti məhv etməsi ilə məhdudlaşmır. Narkotik asılılığı olan şəxs cinayətkarlığa meyli ilə yaxın ətrafı təhdiddə saxlamağa, ümumən, cəmiyyət üçün təhlükə törətməyə başlayır.

 

Ağır xəstəliklərin mənbəyi

 

Narkomaniyanın bəlaları təkcə bununla bitirmi?! Əfsuslar olsun ki, xeyr. Narkomaniya mərəzi cəmiyyətimizin təməl sütunlarından olan ailəni dağıdıb məhv edir. İnsanda yaratdığı cürbəcür xəstəliklərlə fiziki qüsurlu övladların dünyaya gəlməsinə yol açır. Beləliklə, cəmiyyətin gələcəyini, fiziki və mənəvi sağlamlığını məhv etməyə başlayır. Əfsuslar olsun ki, son illər qadınlar arasında da narkotik maddələrdən istifadə meyilləri artıb. Bir qadının narkomaniyaya mübtəla olması dünyanın ən müqəddəs dəyərlərindən olan Ana adına ən böyük zərbədir. Həyat mənbəyinin bilə-bilə məhvə məhkum edilməsidir.

Narkomanlar QİÇS, HİV kimi ağır yoluxucu xəstəliklərin yayılması üçün əsas risk qruplarındandırlar. Bildiyimiz kimi ən qorxulu xəstəliklər orqanizmə məhz qan vasitəsilə daxil olur. Bir çox narkotik maddələr isə birbaşa venaya qəbul edilir. Narkotik aludəçiləri çox zaman heç bir tibbi-sanitar normaları gözləmədən eyni şprisdən qrup halında istifadə edirlər. Beləliklə, ağır xəstəliklərə yoluxma və yeni qurbanların da yoluxdurulması qaçılmaz olur.

Həkimlər deyirlər ki, narkotik aludəçiliyi orqanizmin zəifləməsi, bədənin arıqlaması, fiziki gücün aşağı düşməsi ilə nəticələnir. Orqanizmin zəhərlənməsi tədricən daxili orqanların, o cümlədən qaraciyər və böyrəyin zəhərlənməsinə gətirib çıxarır. Ona görə də narkomanlar arasında ən geniş yayılmış xəstəliklərdən biri qaraciyər iltihabına səbəb olan “Hepatit B”dir.

 

İnsan itkisi

 

Belə bir yanlış fikir var ki, guya, narkotik vasitələr yaradıcılığa müsbət təsir göstərir. Bu, narkotik asılılığına mübtəla olmuşların öz acizliklərinə bəraət qazandırmaqdan ötrü uydurduqları əsassız bir bəhanədir. Bu, daha çox ötən əsrin 60-cı illərində gənc sənət adamları arasında yayılmışdır və narkotik maddələrin qəbulu dünyanın əksər ölkələrində zərərli bir “dəbə” çevrilmişdi. Belə bir həyat tərzi ilə özlərini aldadan insanlar bunu cəmiyyətdən heç də gizlin saxlamır, əksinə, bəzən sənət uğurlarını narkotik maddələrin qəbulu ilə əlaqələndirirdilər. Bu sənətçilərin pərəstişkarları da özlərini onlara oxşatmağa çalışaraq narkotik maddə qəbul edirdilər. Amma həqiqət budur ki, narkomaniya ilə yaradıcılıq nailiyyətləri arasında heç bir bağlılıq yoxdur. Əksinə, narkomaniya insanın fiziki və psixi sağlamlığını ciddi şəkildə pozur, onda ruh düşgünlüyü yaradır. İntellektual səviyyəni, ictimai fəallığı aşağı salır. Narkotik aludəçisi normal təhsil ala, karyera qura bilmir. Tez bir zamanda işini, sağlam mühitini, ailəsini itirir. Sosial əlaqələri qırılır. Bir sözlə, bu yoldan dönə bilməyən kəslə “canlı meyit” arasında böyük bir fərq qalmır. Bəlkə narkomaniyanın yaratdığı ən böyük faciə də elə insanın cəmiyyət üçün itirilməsidir.

Bəşəriyyəti bu qorxulu bəladan qorumaqdan ötrü uzun illərdir ki, dünyada genişmiqyaslı tədbirlər həyata keçirilir, ardıcıl addımlar atılır, maarifləndirmə işləri aparılır. Azərbaycanda da narkomaniyaya qarşı mübarizə dövlətimiz üçün əsas prioritetlərdəndir. Ulu Öndər Heydər Əliyevin 15 iyul 2000-ci il tarixli Fərmanı ilə “Narkomanlığın yayılmasına, narkotik vasitələrin, psixotrop maddələrin qeyri-qanuni dövriyyəsinə qarşı mübarizə üzrə Milli Proqram” qəbul edilib. Bu məqsədlə xüsusi Dövlət komissiyası yaradılıb. Bu sahədə görülən işlərin davamı kimi Azərbaycan Respublikasının Prezidenti

İlham Əliyevin 2013-cü il 24 iyun tarixli Sərəncamı ilə “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi və narkomanlığın yayılması ilə mübarizə üzrə Dövlət Proqramı” təsdiqlənib. Ölkə rəhbərinin qarşıya qoyduğu vəzifələrə uyğun olaraq ölkəmizdə narkomaniya bəlasına qarşı mümkün tədbirlər həyata keçirilir. Problemin miqyasını nəzərə alaraq son dövrlərdə bu tədbirlər daha da gücləndirilməkdədir. Azərbaycan BMT-nin narkomaniyaya qarşı müvafiq konvensiyalarına qoşulmuş ölkə olaraq bəşəriyyəti bu qlobal bəladan xilas etməkdən ötrü aparılan beynəlxalq fəaliyyətdə də yaxından iştirak edir.

 

Vətəndaşlıq məsuliyyəti

 

Bu problemin həllinə xidmət edən mühüm addımlardan biri kimi, xüsusilə yeniyetmə və gənclər arasında maarifləndirmə işlərinin aparılması mühüm əhəmiyyət kəsb edir. Burada kütləvi informasiya vasitələrinin, ailələrin, yerli icmaların, təhsil müəssisələrinin üzərinə də böyük vəzifələr düşür. Narkomaniyaya qarşı mübarizə təkcə dövlət qurumlarının yox, hər bir fərdin vətəndaşlıq məsuliyyətidir. Çünki bu problemin ziyanlı təsirləri birbaşa, yaxud dolayı yolla bütün cəmiyyət üzvlərinin həyatına nüfuz edir. Ona görə də hamımız bu məsələdə dövlətimizə kömək göstərməliyik. İnsanları qorumağa çalışmalıyıq. Onların bu bəladan uzaq durmasına, narkotik asılılığından əziyyət çəkənlərin müalicəsinə, sağlam həyata qayıtmasına mənəvi dəstəyimizlə yanaşı, insanlığın məhvi üzərində özlərinə kapital toplayan narkotacirlərin ifşasını da özümüzə borc bilməliyik.

Hazırda bütün dünyada narkomaniyaya qarşı mübarizənin müxtəlif yolları var. Amma bunun ən yaxşı yolu narkotik vasitələrin bir tələ olduğunu əvvəldən anlamaqdır, təsir altına düşməməkdir. Bunu vaxtında anlayan o tələyə heç zaman düşməyəcək və öz taleyini məhvə məhkum etməyəcəkdir.

 

İradə ƏLİYEVA,

“Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video