03 Noyabr 2012 01:11
284
PARLAMENT
A- A+

İnsan alverinə qarşı mübarizə üzrə Milli koordinator parlamentdə hesabat verdi

 

Noyabrın 2-də Milli Məclisin növbəti iclası keçirildi. Gündəlikdəki məsələlərin müzakirəsinə keçməzdən əvvəl deputatlar bir sıra məsələlərlə bağlı fikirlərini bildirdilər. İlk söz alan deputat Fazil Mustafa dedi ki, "Diffamasiya haqqında" qanunla bağlı söhbətlər getsə də, ölkə mətbuatı belə bir qanunun qəbuluna hazır deyil. Onun sözlərinə görə, bunu bəzi mətbuat orqanlarında yer alan təhqir və böhtanlar təsdiq edir. F.Mustafa buna misal olaraq "Azadlıq" qəzetini misal göstərdi.

Deputat Etibar Hüseynov isə bildirdi ki, radikal müxalifət  mətbuatında bir qrup iqtidarı və onun nümayəndələrini davamlı şəkildə təhqir edir. Müxalifəti təmsil edən həmin mətbu orqanlar sosial şəbəkələrdə barələrində hansısa tənqidi mülahizə yazılanda isə  hay-küy qaldırırlar, amma, əslində, özlərinin səhifələri şantaj və böhtanla doludur. "Müxalifətin elə bir orqanı yoxdur ki, orada şantaj olmasın", - deyən Etibar Hüseynov onu da əlavə etdi ki, belələri hətta avtoqəza törətməklə insan ölümünə səbəb olmuş müxalifətçiləri "siyasi məhbus" elan edirlər. Deputat bütün bu hallara qarşı  ciddi münasibətin ortaya qoyulmasının vacibliyini bildirdi.

Deputat Siyavuş Novruzov bildirdi ki, Azərbaycanın qüdrəti artdıqca xaricdən və daxildən müəyyən qüvvələr hərəkətə keçir. Birdən yadlarına  düşür ki, aksiya keçirmək azadlıqları var. Müxalifətin keçirməyə cəhd göstərdiyi icazəsiz aksiyaya münasibət bildirən Siyavuş Novruzovun sözlərinə görə, bu aksiyanı nə cəmiyyət, nə təbiət, nə də Allah qəbul edir.

Milli Məclisin Sədri Oqtay Əsədov qeyd edilən məsələlərə münasibət bildirərək dedi ki, bəzi mətbuat orqanlarının əlindən qara yaxmaqdan başqa iş gəlmir və daxilimizdə də Azərbaycanla bağlı düzgün olmayan xəbərlər yayırlar. Milli Məclis Sədri dedi ki, bu qəzetlərin qeyri-obyektiv yazılarından ölkəmizə qarşı istifadə olunur. Bunun da nəticəsində bəzi dairələr Azərbaycana təzyiq göstərməyə çalışırlar. Azərbaycan dövləti təzyiqlərdən çəkinmir və ölkəmiz müstəqil siyasətini bundan sonra da uğurla həyata keçirəcək.

Oqtay Əsədov daha sonra çıxışında bildirdi ki, hələ "Diffamasiya haqqında" qanun qəbul olunmayıb, amma mətbuatda bu qədər təhqirlər, cəfəngiyatlar yazılır. "Görün, qanun qəbul olunandan sonra nə olacaq? Cəmiyyətimiz buna hazır olmalıdır".

Sonra gündəlikdəki məsələlərin müzakirəsi başladı. İlk olaraq insan alverinə qarşı mübarizə üzrə Milli koordinatorun illik məlumatı dinlənildi. Milli koordinator, respublika daxili işlər nazirinin müavini general-leytenant  Vilayət Eyvazov ötən dövrdə Azərbaycanda insan alveri ilə mübarizə sahəsində görülən işlər barədə məlumat verdi. Bildirdi ki, insan alverinə qarşı mübarizədə mütərəqqi və məqsədyönlü siyasət reallaşdıran ölkəmizdə sözügedən cinayətlərin qarşısının alınması, insan alveri qurbanlarının müdafiəsi, hüquqlarının bərpası, sosial reabilitasiyası və təhlükəsiz repatriasiyasını təmin etmək istiqamətində böyük fəaliyyət göstərilmişdir. İcrası məqsədyönlü şəkildə davam etdirilən Milli Fəaliyyət Planına uyğun olaraq, hesabat ilində, Cinayət Məcəlləsinə hüquqi şəxslərin məsuliyyətini, uşaq pornoqrafiyasının dövriyyəsini cinayət tərkibi kimi müəyyən edən normalar əlavə edilmiş, habelə insan alverinin və məcburi əməyin qurbanları da daxil olmaqla çətin həyat şəraitində yaşayan şəxslərə dövlət qayğısının hüquqi, iqtisadi və təşkilati əsaslarını tənzimləyən "Sosial xidmət haqqında" qanun qəbul olunmuşdur. Diqqət çəkən məsələlərdən biri də hökumətin qərarı ilə, insan alverinin qurbanlarına reinteqrasiya dövründə ödənilən müavinətin məbləğinin iki dəfə artırılaraq 400 manat müəyyən edilməsidir.

Vilayət Eyvazovun sözlərinə görə, insan alveri qurbanlarına təxirəsalınmaz tibbi, psixoloji, sosial və hüquqi yardımların göstərilməsində, məşğulluqlarının təmin edilməsində, maarifləndirmə və təbliğat işlərinin aparılmasında qeyri-hökumət təşkilatlarının fəaliyyəti də effektli olmuşdur.  Səmərəli fəaliyyətlərinə görə Daxili İşlər Nazirliyi tərəfindən 15 qeyri-hökumət təşkilatı mükafatlandırılmış, habelə onların insan alverinə qarşı mübarizəyə dair təqdim etdikləri beş layihənin icrası üçün Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası 33.500 manat qrant ayırmışdır.

Həyata keçirilən profilaktik tədbirlərdə işçi qrupun üzvü olan dövlət orqanlarının əhəmiyyətli rolu da qeyd edilməlidir.  Gənclər və İdman Nazirliyi ilə birgə, cari ilin aprel ayında Saatlı, Salyan, Neftçala, Ağcabədi və Beyləqan rayonlarında mədəni-kütləvi aksiyalar keçirilmiş, tədbir iştirakçılarına maarifləndirici materiallar paylanmışdır. Uşaqların baxımsızlığına şərait yaradan səbəblərin aşkar edilib aradan qaldırılması yollarına dair sosial, hüquqi, pedaqoji və digər tədbirlər toplusu hazırlanıb yayılmışdır. Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Aparatının nümayəndələri insan alveri qurbanları ilə bağlı monitorinqlər keçirərək, belə şəxslərin problemləri ilə yerində tanış olmuşlar.

Hesabat dövründə digər dövlətlərin hüquq-mühafizə orqanları və beynəlxalq təşkilatlarla  əməkdaşlıq əlaqələrinin genişləndirilməsinə də önəm verilmişdir. Ayrı-ayrı vaxtlarda  ABŞ-ın Azərbaycandakı səfirliyinin, Beynəlxalq Miqrasiya Təşkilatının və ATƏT-in Bakı Ofisi nümayəndələrinin iştirakı ilə görülmüş işlər müzakirə olunmuş, fikir mübadiləsi aparılmışdır.

General-leytenant Vilayət Eyvazov daha sonra bildirdi ki, cari ilin ötən 10 ayında həyata keçirilmiş tədbirlər zamanı 85 insan alveri faktı aşkar edilmiş, 2 mütəşəkkil dəstə və 6 cinayətkar qrup zərərsizləşdirilmişdir. Bu növ hüquqazidd əməllərə görə 20 nəfər tutulmuşdur ki, onlardan da 10-u məhkəmələr tərəfindən 5 ildən 10 ilədək müddətə azadlıqdan məhrum olunmuşdur. Beynəlxalq axtarışda olan təqsirləndirilən şəxslərdən 3-nün yeri İnterpol xətti ilə müəyyən olunaraq istintaq orqanlarına təhvil verilmiş və hazırda 22 nəfərin axtarışı davam etdirilir. Müəyyən edilmiş insan alverinin qurbanlarından 19-u Türkiyəyə, 12-si İrana, 2-si Birləşmiş Ərəb Əmirliklərinə, 14-ü Rusiya Federasiyasına aparılmış, 6-sı ölkə daxilində istismara cəlb olunmuşdur. Sığınacağa yerləşdirilmiş 43 nəfərin hər birinə zəruri yardımlar göstərilmişdir. Zərər çəkmiş 35 nəfərə birdəfəlik, 18-nə isə Kömək Fondundan müvafiq müavinətlər verilmişdir. İbtidai istintaq və məhkəmə prosesləri dövründə bütün belə şəxslər müdafiəçilər ilə təmin olunmuşlar.

İnsan alveri cinayətlərinin profilaktikası çərçivəsində ictimai mənəviyyat əleyhinə olan 115 cinayət aşkarlanaraq 85 nəfər məsuliyyətə cəlb edilmişdir. Bu hüquqpozmalarla bağlı barəsində inzibati tənbeh tədbiri görülmüş 450-dək qadının hər biri müvafiq indikatorlar əsasında sorğulara cəlb edilmiş, lakin onların insan alverinin qurbanı olması təsdiqlənməmişdir. Keçirilmiş reydlər zamanı risk qrupuna aid 267 nəfər müəyyən edilərək 89-u insan alverinin qurbanları üçün Yardım Mərkəzinə, Təhsil, Səhiyyə və Ədliyyə nazirliklərinə, digərləri qeyri-hökumət təşkilatlarına istiqamətləndirilmişdir. Potensial qurbanlardan 67-nə tibbi, 151-nə hüquqi, 112-nə psixoloji yardımlar göstərilmiş, 50-si işlə təmin edilmişdir.

İnsan alveri, əxlaqsızlıq yuvaları saxlama, xarici ölkələrdə işə düzəlmə, təhsil, əcnəbilərlə nikahdan ortaya çıxan problemlər və sair məsələlər ilə əlaqədar "Qaynar xətt" telefon xidmətinə daxil olmuş 13 minə yaxın məlumat araşdırılaraq təşəbbüskarlara lazımi izahlar verilmişdir.

İnsanların məcburi əməyə cəlb edilməsi ilə bağlı 2 cinayət faktı qeydə alınmışdır. Məcburi əmək hallarının müəyyən edilməsi məqsədilə Dövlət Əmək Müfəttişliyi Xidməti, Azərbaycan Sahibkarlar Konfederasiyası və qeyri-hökumət təşkilatları ilə birgə müxtəlif tikinti şirkətlərində, sənaye müəssisələrində və daş karxanalarında monitorinqlər davam etdirilmişdir.

Dövlət Miqrasiya Xidmətinin 484 obyektdə apardığı yoxlamalar zamanı iki mindən çox əcnəbinin və vətəndaşlığı olmayan şəxsin işə cəlb edilməsi qaydalarını pozmuş 235 hüquqi və fiziki şəxs barəsində müvafiq tədbirlər görülmüşdür. Bununla bərabər, polis tərəfindən keçirilən reydlər zamanı küçə həyatına məruz qalan, o cümlədən dilənçilik edən və qeyri-qanuni qulluğa cəlb olunan 455 azyaşlı müəyyən edilmişdir. Müvafiq yoxlamalarla həmin uşaqların insan alverinin qurbanı olması təsdiqlənməmişdir. Lakin övladlarının təlim-tərbiyəsi ilə bağlı vəzifələri yerinə yetirməyən, onları hüquqazidd əməllərə təhrik edən 200-ə yaxın valideyn barəsində qanunauyğun tədbirlər görülmüşdür. Nərimanov, Nizami və Xətai rayonlarında yaradılmış icma əsaslı "Uşaq polisi otaqları"nda qeydiyyatda olan 27 azyaşlı hüquqi yardım tədbirləri ilə əhatə olunmuş, habelə insan alverinin qurbanı və potensial qurban olan 19 yetkinlik yaşına çatmayan - şəxsiyyəti təsdiq edən sənədlərlə təmin edilmişdir.

İnsan alverinə qarşı mübarizə üzrə Milli koordinator onu da qeyd etdi ki, ölkəmizdə insan alverinin bütün formalarının aradan qaldırılması istiqamətində mövcud olan yüksək siyasi iradə, Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla davam edən inkişaf və iqtisadi tərəqqi prosesləri  Milli Fəaliyyət Planından irəli gələn tədbirlərin məqsədyönlü şəkildə həyata keçirilməsinin əsas təminatıdır. Qarşıya qoyulmuş vəzifələr aidiyyəti dövlət orqanları və vətəndaş cəmiyyəti ilə birgə ardıcıllıqla yerinə yetirilir. Eyni zamanda, beynəlxalq qurumların insan alverinə qarşı mübarizə tədbirlərinin təkmilləşməsinə yönəlmiş təklif və tövsiyələri diqqətlə öyrənilərək əlaqədar perspektiv planlara lazımi korrektələr edilir. Sözsüz ki, həyata keçirilən bu və digər tədbirlər hansısa bir dövlətin və ya beynəlxalq qurumun təqdirini qazanmaq naminə deyil, respublikada hüquq qaydasının, qanunçuluğun, insan hüquq və azadlıqlarının, bütövlükdə milli maraqların etibarlı təmin edilməsi sahəsində ölkə Prezidentinin müəyyən etdiyi strateji vəzifələrin tam yerinə yetirilməsinə, o cümlədən insan alveri kimi təhlükəli sosial təzahürə qarşı mübarizə standartlarının yüksəlməsinə yönəlmişdir.

Bu baxımdan növbəti hesabat dövründə, insan alverinə qarşı mübarizəyə dair qanunvericiliyin və cinayət təqibinin təkmilləşdirilməsi, məcburi əməyin bütün formalarının qarşısının alınması, hüquqi, siyasi və sosial-iqtisadi tədbirlərin daha məqsədyönlü icrası, vətəndaş cəmiyyəti və beynəlxalq təşkilatlarla əlaqələrin genişləndirilməsi, risk qrupuna aid şəxslərin məlumatlandırma tədbirləri ilə tam əhatə olunması, kütləvi informasiya vasitələrinin, özəl sektorun, internet şəbəkəsinin imkanlarından geniş istifadə edilməsi, bütövlükdə insan alverinə qarşı mübarizənin yeni keyfiyyət səviyyəsinə qaldırılması - qarşıda duran əsas vəzifələrdən olaraq davamlı surətdə həyata keçiriləcəkdir.

Müzakirələr zamanı Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli, deputatlardan Aydın Mirzəzadə, Azay Quliyev və başqaları çıxış edərək hesabatla bağlı fikirlərini bildirdilər. Hesabatı təqdir edən deputatalar xüsusilə insan alverinə qarşı mübarizədə vətəndaş cəmiyyəti ilə əməkdaşlığı  yüksək qiymətləndirdilər. İnsan alverinə qarşı mübarizə üzrə Milli koordinator Vilayət Eyvazov deputatları maraqlandıran məsələlərə münasibət bildirdikdən sonra hesabat səsə qoyuldu və nəzərə alındı.

Sonra Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov "Mərkəzi Asiya və Qafqazda balıqçılıq təsərrüfatı və akvakultura sahəsində Regional Komissiyaya dair" Sazişin təsdiq edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə məlumat verdi. Bildirdi ki, Saziş 2012-ci il martın 19-da imzalanmışdır. Qanun layihəsi təsdiq olundu.

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli isə "Miqrasiya orqanlarında qulluqda fərqlənməyə görə", "Miqrasiya orqanları ilə səmərəli əməkdaşlığa görə" və "Miqrasiya orqanlarında qüsursuz qulluğa görə" Azərbaycan Respublikası medallarının təsis edilməsi ilə əlaqədar" Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında məlumat verdi. Qısa müzakirədən sonra qanun layihəsi təsdiq olundu.

Deputatlar Əli Hüseynlinin təqdimatından sonra Azərbaycan Respublikasının Cinayət-Prosessual və Cəzaların İcrası məcəllələrinə dəyişikliklər edilməsi haqqında qanun layihələrinə də müsbət münasibət bildirdilər.

Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi haqqında qanun layəhəsini də diqqətə çatdırdı. Bildirdi ki, yol hərəkəti qaydaları ilə əlaqədar olaraq İnzibati Xətalar Məcəlləsinə təklif olunan dəyişikliklər kifayət qədər fundamentaldır. Bu dəyişikliklərə əsasən ictimai təhlükəli xətalarla bağlı cərimə sanksiyalarının artırılması təklif olunur. Komitə sədri onu da əlavə etdi ki, ictimai təhlükəsizlik dərəcəsinə görə avtonəqliyyat vasitələri ilə törədilən xətalarla əlaqədar sanksiyaların artırılması məqsədəmüvafiqdir.

Müzakirələr zamanı deputatlardan Rafael Cəbrayılov, Tahir Rzayev, Mübariz Qurbanlı, Zahid Oruc, Siyavuş Novruzov dəyişiklikləri dəstəklədilər və bəzi təkliflərlə çıxış etdilər. Yekunda qanun layihəsi təsdiq olundu.

İclasda parlamentin Regional məsələlər komitəsinin üzvü Tahir Rzayev "Azərbaycan Respublikasının bəzi şəhər və rayonlarının inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi haqqında" və "Naxçıvan Muxtar Respublikasının Naxçıvan şəhərinin inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi haqqında" qanun layihələrini diqqətə çatdırdı. Hər iki məsələ təsdiq olundu.

Sonra iclasda "Sərbəst toplaşmaq azadlığı haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə" Azərbaycan Respublikası qanununun layihəsi müzakirəyə çıxarıldı.  Məsələ ilə bağlı məlumat verən Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Rafael Cəbrayılov bununla əlaqədar Azərbaycan Respublikasının Cinayət və İnzibati Xətalar məcəllələrinə təklif olunan dəyişiklikləri də diqqətə çatdırdı.

Deputat bildirdi ki, "Sərbəst toplaşmaq azadlığı haqqında" qanun layihəsi 1998-ci ildə qəbul olunub və bu gün inkişaf etmiş Azərbaycan dövlətində həmin sənədə dəyişiklik edilməsinin vaxtı çatıb. Onun sözlərinə görə, həmin qanundakı bəzi müddəalar köhnəlib. Deputat öncə  "Sərbəst toplaşmaq azadlığı haqqında" qanuna dəyişikliklər edilməsi barədə qanun layihəsini təqdim etdi. Dedi ki, sənədə edilən ilk dəyişiklik qanunun 5-ci və 6-cı maddələri ilə bağlıdır. Qanunun 5-ci maddəsi "Toplantının keçirilməsi barədə xəbərdarlıq" adlanır. Təklif olunan varianta toplantı təşkilatçıları barədə məlumat (fiziki şəxsin adı, soyadı, atasının adı və ünvanı) daxil edilib. Layihənin 6-cı maddəsinə təklif olunan dəyişiklik isə ondan ibarətdir ki, yığıncağın, mitinqin, küçə nümayişinin və piketin təşkilatçısı, dinc toplantını təşkil edən, adı müvafiq icra hakimiyyəti orqanına təqdim edilmiş yazılı xəbərdarlıqda göstərilən bir və ya bir neçə hüquqi və fiziki şəxsdir. 18 yaşına çatmamış şəxslər valideynlərinin və ya digər qanuni nümayəndələrinin yazılı razılığı olmadan dinc toplantının iştirakçısı ola bilməzlər.

Cinayət Məcəlləsinə edilən dəyişikliklərə gəlincə, deputat diqqətə çatdırdı ki, təklif edilən dəyişikliklərdə məhkumların ictimai işlərə cəlb olunması ilə bağlı əlavələr öz əksini tapıb. Həmin dəyişikliklərə əsasən, ictimai işlər ayda 80 saatdan 320 saatadək müddətdə müəyyən edilir və gün ərzində 4 saatdan çox ola bilməz. Bu cəzaya məhkum olumuş şəxs həmin işləri yerinə yertirməkdən qərəzli boyun qaçırsa, məhkəmə ictimai işlərin çəkilməmiş hissəsini müəyyən müddətə azadlıqdan məhrumetmə növündə cəza ilə əvəz edə bilər.

Deputat Rafael Cəbrayılov onu da bildirdi ki, bu gün mövcud olan qanunvericilikdə təyin olunan cərimələrin aşağı səviyyədə olması onları ödəyənlərin maddi durumuna heç cür təsir etmir və cüzi bir cəriməni illərlə qanunsuz toplantı keçirib ödəmək olar. Ona görə də Cinayət Məcəlləsinə ediləcək dəyişiklikdə qanunvericiliklə qadağan olunmuş hallarda toplantılar təşkil etmə, keçirmə və ya belə toplantılarda iştirak etmə vətəndaşların hüquq və qanuni mənafelərinin əhəmiyyətli dərəcədə pozulmasına səbəb olduqda 5000 manatdan 8000 manatadək cərimə nəzərdə tutulur. Toplantıların keçirilməsi zamanı toplantıda iştirak edənlər tərəfindən odlu və ya soyuq silah, yaxud partlayıcı maddə və qurğular, eləcə də ətrafdakıların həyat və sağlamlığı üçün təhlükə törədən maddə və əşyaları gəzdirənlər üçün də 5000-8000 manat cərimə nəzərdə tutulub.

 Cinayət Məcəlləsinin 233-cü maddəsi ilə ictimai qaydanı kobud surətdə pozan və ya hakimiyyət nümayəndəsinin qanuni tələblərinə tabe olmamaqla əlaqədar olan, yaxud nəqliyyatın, müəssisə, idarə və təşkilatın normal fəaliyyətinin pozulmasına səbəb olan hərəkətlərin bir qrup şəxs tərəfindən törədilməsini təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştiraka görə 5000 manatdan 8000 manatadək cəza nəzərdə tutulur (bu məbləğ indiyədək 500 manat olub).

"Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi haqqında" qanun layihəsinə edilən dəyişikliklə bağlı deputat qeyd etdi ki, sənəd üzərində iş aparılarkən dünyanın 30-a qədər ölkəsinin, bütün MDB respublikalarının analoji qanunları və təcrübəsi öyrənilib. Bu dəyişikliklər edilərkən hüquq elminin bugünkü inkişafı, onun tənzimlənmə mexanizminin müasirliyi, dəqiqliyi əsas götürülüb. Dəyişiklik isə əsasən 298-ci maddə ilə bağlıdır. Qanun layihəsinin 298-ci maddəsi "Sərbəst toplaşmaq azadlığı haqqında" qanunun tələblərinin pozulmasına görə inzibati məsuliyyəti müəyyən edir. Qanunsuz toplantıların keçirilməsi ilə bağlı inzibati tənbeh tədbirləri olaraq xəbərdarlıq və 7 manatdan 13 manatadək cərimə nəzərdə tutulur. Maddə iki hissəyə bölünüb. İlk hissəsi qanunsuz mitinqləri keçirən təşkilatçılara, ikinci hissəsi isə iştirakçılara aiddir. Yeni dəyişikliyə əsasən qanunsuz aksiyaya görə mitinq təşkilatçısı olan fiziki şəxslər 1500 manatdan 3000 manatadək, hüquqi şəxslər isə 15 000 manatdan 30 000 manatadək miqdarda cərimə edilir. Qanunsuz mitinqdə, küçə yürüşündə iştirak edənlərə isə 300 manatdan 600 manatadək miqdarda cərimə tətbiqi nəzərdə tutulur.

Sonda R.Cəbrayılov bildirdi ki, bu qanun layihələri hazırlanarkən dünyanın bir çox ölkəsinin təcrübələri öyrənilsə də, heç bir ölkənin analoji qanunu etalon kimi götürülməyib. Çünki Azərbaycan Prezidenti İlham Əliyevin dediyi kimi: "Biz heç kimi təqlid etmirik, Azərbaycan xalqının və dövlətinin mənafelərinə, inkişaf xüsusiyyətlərinə uyğun qabaqcıl təcrübədən istifadə edirik". Deputatın sözlərinə görə, bu layihələr Azərbaycan qanunvericiliyinin daha da təkmilləşdirilməsi, hüquqi tənzimləmənin dəqiqləşdirilməsi məqsədilə görülən işin tərkib hissəsidir.

Sonra müzakirələr başlandı. Deputatlardan Fazil Mustafa, İqbal Ağazadə layihə ilə bağlı bəzi iradlar səsləndirsələr də, Milli Məclis Sədrinin birinci müavini Ziyafət Əsgərov, deputatlar İlham Məmmədov, Leyla Abdullayeva, Siyavuş Novruzov və Mübariz Qurbanlının  məsələyə müsbət münasibəti fikirləri dəyişdi. Deputatlar qeyd etdilər ki, son günlər bəzi qüvvələr dəyişikliklərlə bağlı ajiotaj yaratmağa çalışırlar. Ancaq hüquqi dövlət olan Azərbaycanda qanunların pozulması gərginlik yarada bilər. Bu əlavə və dəyişikliklər isə qanunvericiliyə müsbət təsir göstərəcək.

Vitse-spiker Ziyafət Əsgərovun sözlərinə görə, bəzi şəxslər bu dəyişiklikləri yalnız cərimələrin artırılmasına aid edirlər. Bu isə dövlətçilik təfəkkürünün olmamasından irəli gəlir: "Əgər biz ölkədə təhlükəsizliyin qarşısını almaq məqsədilə bu tədbirləri nəzərdə tuturuqsa, burada cərimələrin əhəmiyyətindən söhbət gedə bilməz. Burada söhbət sərbəst toplaşmaq azadlığının qarşısını almaqdan getmir. Bu dəyişikliklə sərbəst toplaşmaq azadlığının qaydası müəyyənləşdirilir. Bütün ölkələrdə toplantıların keçirilmə qaydaları var. İnsan hüquqları və azadlıqları haqqında Avropa Konvensiyasının 11-ci maddəsində göstərilir: toplaşmaq azadlığı və birləşmək azadlığı. Hər bir kəs yığışıb dinc toplaşmaq azadlığına malikdir. Bu hüquqların həyata keçirilməsi ölkənin təhlükəsizliyi və ictimai qaydanı qorumaq, iğtişaşların və cinayətlərin, habelə insanların digər hüquq və azadlıqlarının pozulmasının qarşısını almaq məqsədi ilə məhdudlaşdırılır. Bu cür qanunazidd halların qarşısının alınmasında inzibati orqan və polis haqlıdır.

Bütün bunlar hər şeyi sübut edir.  Amma deyirsiniz ki, Azərbaycana təzyiqlər olunur. Azərbaycana belə məsələlərə görə təzyiq edilmir. Hər kəs bilir ki, bütün təzyiqlər Azərbaycanın müstəqil siyasət yürütməsinə qarşıdır. Bizim siyasətimiz bəzilərinin xoşuna gəlmir".

Çıxışlardan sonra hər 3 sənədə edilən dəyişikliklər səsə qoyularaq qəbul edildi.

Sonra iclasın gündəliyindəki axırıncı məsələ - "Mədəniyyət haqqında" qanun layihəsi (ikinci oxunuş) müzakirəyə çıxarıldı. Sənədlə bağlı məlumat verən Mədəniyyət komitəsinin sədri Nizami Cəfərov bildirdi ki, qanun layihəsi yaz sessiyasında 1-ci oxunuşdan keçib. Ancaq həmin zaman deputatların bir çoxu irad və təkliflərini səsləndiriblər. Sənəd yenidən işlənib və 2-ci oxunuş üçün tam yeni bir qanun layihəsi hazırlanıb. Onun sözlərinə görə, 1-ci oxunuşda qanun layihəsi 44 maddə 9 fəsil idisə, 2-ci oxunuşda sənəd 63 maddə 12 fəsildən ibarətdir.

Müzakirələrdə çıxış edən İnsan hüquqları komitəsinin sədri Rəbiyyət Aslanova, deputlar Jalə Əliyeva, Leyla Abdullayeva, Aqil Abbas və Asim Mollazadə bildirdilər ki, qanun layihəsi xeyli təkmilləşdirilib. Yeni variant tam mükəmməl hazırlanıb və bir çox məsələlər öz həllini tapıb.

Sonda deputatlar "Mədəniyyət haqqında" qanun layihəsini (ikinci oxunuş) fəsil-fəsil səsə qoyaraq qəbul etdilər.

 

"Azərbaycan"

Fotolar F. BAĞIROVUNDUR

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video