23:57 11 May 2021
ONLINE XƏBƏR LENTİ
Zəfər qoxulu payızım...
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

İndi isə memar qazimizi böyük quruculuq işləri gözləyir

ANA SƏHİFƏ / CƏMİYYƏT
00:26 16.04.2021

 

...O,  dayısını heç görməmişdi. Amma  anasının hər dəfə “can qardaşım”  deyib ağlaması balaca Abdullanın körpə qəlbinə bir nisgil toxumu səpmişdi.  Dayısını tanımaq, onun  kim  olduğunu  bilmək istəyirdi. “Nə üçün anam hər dəfə ondan söz düşəndə bu qədər kədərlənir?” deyə düşünürdü.

 Bu suallara cavab axtara-axtara böyüdü Abdulla. Özünü  dərk edəndə bildi ki, dayısı Ayaz Musayev I Qarabağ müharibəsinin qəhrəmanlarından, şəhidlərindən biri imiş. Onu da öyrəndi ki, Ayaz dayısı Qarabağa ilk gedən könüllülərdən olub. Bir çox döyüşlərdə igidliklə vuruşub. 1993-cü ilin mart ayında Ağdam istiqamətində gedən döyüşlərin birində isə şəhid olub. Dayısının oxuduğu Qax rayonu  Əmircan kənd tam orta məktəbi indi şəhid Ayaz Musayevin adını daşıyır. Hər dəfə kəndə, nənəsigilə gedəndə yolunu buradan salan Abdullanın qəlbində özünün də anlamadığı bir  təlatüm baş verirdi: “Kaş  mən də dayım kimi bu torpaq uğrunda döyüşə, şəhidlərimizin, qaçqın-köçkünlərimizin qisasını ala biləydim”.

...Abdulla Tağıyev Qax şəhər 4 saylı tam orta məktəbində  təhsilini başa vurub  Azərbaycan Memarlıq və İnşaat Universitetinin Memarlıq fakültəsinə daxil oldu. Ali təhsilini fərqlənmə diplomu ilə bitirib 2017-ci ilin iyun ayında hərbi xidmətə yollandı. Xidmətini də ləyaqətlə yerinə yetirdi. Gənc memarın ilk iş yeri isə Qax Rayon İcra Hakimiyyətinin Memarlıq və tikinti şöbəsi oldu.

...Ermənilərin tez-tez sərhədlərimizdə törətdikləri təxribatlar, xalqımızı aşağılayan təhdidləri Azərbaycan gənclərinin hiddətinə səbəb olur  və onlar Ali Baş Komandanın əmrini gözləyirdilər. Doğru vaxtı və zamanı gözləyən Prezidentimiz ölkədə qismən səfərbərlik elan edən kimi minlərlə gəncimiz könüllü olaraq cəbhəyə getmək üçün Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin ( SHXÇDX) yerli şöbələrinə üz tutdu. Abdulla da heç fikirləşmədən bu çağırışa qoşuldu və SHXÇDX-nin Qax rayon şöbəsindən cəbhəyə yola düşdü.

Sağollaşıb evdən çıxanda dönüb anasına baxdı. Gözlərinə inanmadı. Anası ağlamırdı. Fəxrlə, qürurla oğlunu uğurlayırdı. Yadına anasının həmişə söylədiyi bu  sözlər düşdü: “Sən də dayın kimi igid olacaqsan!”

Beləliklə, gənc memarın manqa komandiri kimi cəbhə həyatı başlanır. Sentyabrın 27-də Murov dağında, 3500 metr  yüksəklikdə yerləşən postlarımızdan birində baş atıcı kimi döyüşdə iştirak edir. Müharibənin ilk günündə ermənilər postlarımızdan birini vururlar. Həmin postdakı əsgərlərimiz ərzaqsız qalır. Arxa cəbhə ilə əlaqə isə kəsilir. Abdullanın olduğu postun əsgərləri öz ərzaq payını döyüş dostları ilə bölüşürlər. Tərslikdən içməli su  da qurtarır. Düşmən snayperi aşağı enməyə imkan vermir. Həmin gün Murova ilin ilk qarının yağması  Allahın möcüzəsi olur. Əsgərlərimiz qarı əridib su kimi içirlər.

Kəlbəcərin Lev kəndi ermənilərin əlində idi.  Düşmən  bütün təminatlarını (ərzaq və silahı)   bu  kənddə yerləşdirmişdi. Müharibənin elə ilk günündə artilleriyamız  orada  ermənilərə məxsus arxa cəbhəni darmadağın etdi. Daha sonra canavar dişinə bənzəyən qayanın arxasındakı iki erməni postu da məhv edildi.

Abdullagilin postu “Ömər aşırımı” adlanan  postla üzbəüz dayanmışdı. Ermənilər burada güclü istehkam qurmuşdu. Üstəlik, ərazi  coğrafi  cəhətdən də çox çətin idi. Kəşfiyyat qrupu heç cür oraya  çata bilmirdi. Döyüşlər davam etsə də, komandanlığın əmri ilə döyüş piyada hərəkəti məhdudlaşdırılmışdı. Əks  təqdirdə daha çox itki verilə bilərdi. Ona görə də postlardakı əsgərlərimiz mövqelərini möhkəmləndirirdilər.

Abdullagilin postu ən son nöqtədə yerləşirdi. Oktyabrın 19-da onlar ermənilərin postunu vururlar. Yarım saatdan sonra isə ermənilər buna çavab verirlər. Düz 30-a qədər minamyot atırlar. Qəlpələrdən biri Abdullanın əlindəki avtomatın qundağını qoparır. Hərbi hissə ilə rabitə əlaqəsi kəsilir. Mərkəzə xəbər verilir ki, post vurulub, əsgərlərimiz şəhid olublar. Xoşbəxtlikdən manqa üzvlərinin hamısı sağ-salamat idi. Onlar qayalıqları özlərinə sipər etmişdilər. Kəlbəcər azad olunduqdan sonra postun şəxsi heyəti aşağıda yerləşən hərbi hissəyə qayıdır. Hamı sevinir.

Dekabrın 31-də, Yeni il axşamı tərxis olunan Abdulla Tağıyevin cəbhə xatirələrini həyəcansız dinləmək  mümkün deyil:

- Müharibə ölüm kabusudur. Doğrusu, əvvəllər içimdə nə isə bir ağırlıq vardı. Amma elə ilk gündən bu hiss yox oldu. Hər şey, ölümün özü də adiləşdi gözümdə. Qələbə hər birimizin qanı-canı bahasına qazanıldı. Şəhid olan döyüş dostlarımı unuda bilmərəm. Biz birlikdə ölümə meydan oxuduq. Tabur komandirimiz mayor Rahib Babayevi, leytenant Göyüşovu (o, iki gün idi bizim posta gəlmişdi, adını öyrənməyə belə imkanımız olmamışdı) ömrüm boyu xatırlayacam. Onlar biz şəhid olmayaq deyə özlərini düşmən gülləsinə sipər etdilər. Allah rəhmət eləsin!  44 günlük müharibədə çox şeyi öyrəndim: hər cür çətinliyə dözməyi, ölümün gözünə dik baxmağı, bu torpaq üçün ölməyi bacarmağı, dostun, yoldaşın üçün sinəni sipər etməyi. Həyatımın ən qiymətli anlarını bu 44 gündə yaşadım. Yəqin etdim ki, Vətən uğrunda ölmək, şəhid olmaq ən uca, ən şərəfli məqamdır. Bu istək, bu arzu Milli Ordumuzun generalından əsgərinədək hər kəsdə bütövləşmişdi. Qələbə asan qazanılmayıb. Şəhidlərimiz, yaralılarımız da var. Sağ-salamat qayıtmağım isə Allahın möcüzəsidir. Ən azı 7-8 dəfə ölümlə burun-buruna gəlmişəm. Günlərlə yuxusuz, əlimizdə silah dayanırdıq. Lakin heç birimiz şikayətlənmirdik. Hətta zarafatımızdan da qalmırdıq. Bu çətin günlərdə qazandığımız dostluğu ömrümüz boyu davam etdirməyə and içmişik. Döyüş dostlarımın çoxu rayonumuzdan olub: Şamil, Cahid, Murad, Ruslan və başqaları. Hərəsi  bir igiddir. Bizim dostluğumuz qanlı-qadalı günlərin sınağından çıxdı.  Vətənimiz uğrunda, Böyük Qələbəmiz yolunda vuruşduğumuz günlərin...

Dövlətimiz Qələbədə payı olan hər kəsi dəyərləndirdi. Həmyerlimiz, Vətən müharibəsinin qazisi Abdulla Tağıyev də Prezident, Ali Baş Komandan İlham Əliyevin sərəncamı ilə “Kəlbəcər uğrunda” və “Döyüş iştirakçısı” medalları ilə təltif olunub.

İndi gənc memarı Azərbaycanda başlanan yeni dövrün böyük quruculuq işləri gözləyir. Qəhrəman qazimiz, bu yolda uğurların bol olsun!

 

Xavər ƏFƏNDİYEVA,

Qax rayonunda çıxan “Şəlalə” qəzetinin redaktoru



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM