04 Oktyabr 2011 12:10
450
İQTİSADİYYAT
A- A+

İnamlı addımlarla

 

Azərbaycan dövlət müstəqilliyinin bərpasının 20-ci ildönümünü qeyd edir. Geridə qalan illər kino lenti tək göz önündən keçdikcə, o qədər də böyük olmayan bu zaman kəsiyində hansı böyük çətinliklərdən, sınaqlardan, təlatümlərdən çıxdığımızın daha çox fərqində oluruq. Həyata keçirilən uğurlu iqtisadi siyasət Azərbaycanın hərtərəfli inkişafını təmin edir, onun dünyadakı nüfuz və mövqelərini gücləndirir. İqtisadi sahədə keçid dövrünün sosial-iqtisadi, mənəvi-psixoloji çətinliklərini geridə qoyan respublikamız sürətlə tərəqqi edir, abadlaşır, müasirləşir.

Bu gün həm də onunla qürur duyuruq ki, ümummilli liderin Azərbaycanın hər bir guşəsinin - şəhərinin, rayonunun, qəsəbəsinin, kəndinin, ən əsası, paytaxtının yüksəlişi üçün gördüyü möhtəşəm işlər hazırda onun layiqli siyasi davamçısı cənab İlham Əliyev tərəfindən əzmlə davam etdirilir. Hələ 11 fevral 2004-cü ildə regionların sosial-iqtisadi inkişafı ilə bağlı ilk dövlət proqramını imzalayan dövlət başçısı bu mühüm sənəddə nəzərdə tutulmuş tədbirlərin 2008-ci ilədək uğurla gerçəkləşdirilməsini təmin etdi. Bunun davamı kimi 2009-cu il aprelin 14-də imzalanmış ikinci regional dövlət proqramı da qısa müddətdə iri şəhərlərlə rayonların, qəsəbələrin, kəndlərin inkişafındakı kəskin fərqlərin əhəmiyyətli dərəcədə aradan qaldırılmasına təkan verib.

Bu gün Azərbaycanın ən müxtəlif bölgələrində müşahidə olunan abadlıq-quruculuq və inkişaf ölkənin cənub rayonlarından olan Salyanda da özünü qabarıq göstərir. Bu il aprelin 15-də Salyana səfər edən dövlətimizin başçısı görülən işləri yüksək dəyərləndirib, rayonun tez bir zamanda abadlaşacağına, müasirləşəcəyinə inamını ifadə edib.

2011-ci ilin əvvəllərindən başlayaraq müasir tikinti-inşaat meyarları əsasında, yüksək estetik zövqlə həyata keçirilən, vətəndaşlarda razılıq doğuran genişmiqyaslı abadlıq-quruculuq tədbirləri son dövrlərədək respublikada ümumi inkişafdan geri qalan Salyanın simasını əsaslı dərəcədə dəyişib. Rayonun yeni rəhbərliyi üzərinə düşən məsuliyyəti düzgün dəyərləndirməklə, fəaliyyətini dövlət başçısı İlham Əliyevin yeritdiyi çevik və səmərəli inkişaf strategiyasının mahiyyətinə uyğun qurmağa, idarəetmədə mütərəqqi prinsipləri tətbiq etməyə, qarşıda duran vəzifələri dəqiq müəyyənləşdirərək vaxtında icrasına nail olmağa çalışır. İlk baxışdan bu da aydın görünür ki, görülən işlər kampaniyaçılıqdan, kosmetik dəyişikliklərdən tamamilə uzaq olub rayonun uzun illərdən bəri həllini gözləyən problem və qayğılarının kompleks həlli məqsədinə hesablanıb.

Ürəkaçan haldır ki, Salyanın bir vaxtlar ürək ağrıdan miskin görkəmindən indi əsər-əlamət qalmayıb: son aylarda əksər inzibati, habelə yaşayış binalarının fasadları müasir görkəm alıb, bir vaxtlar adı şəhər olan Salyan, hazırda sözün həqiqi mənasında, şəhərə çevrilib. 2009-2013-cü illəri əhatə edən regionların sosial-iqtisadi inkişafına dair ikinci Dövlət Proqramı çərçivəsində həyata keçirilən tədbirlər isə Salyanın sakinlərinə göstərilən sosial-mədəni infrastrukturun təkmilləşdirilməsinə, vətəndaşların firavan yaşayış tərzinin təmin olunması məqsədinə xidmət edir.

Son aylarda rayonun əksər küçə və meydanlarında yaşıllıqlar salınır, səliqə-sahman yaradılır. Şəhərin bir neçə küçəsində yaşayış binalarının, fərdi evlərin dam örtükləri əsaslı təmir edilir. Prezident İlham Əliyevin 19 aprel 2011-ci il tarixli sərəncamı ilə rayona ayrılmış 2 milyon vəsait hesabına Y.Qasımov küçəsi 4, 6 saylı; X.R.Ulutürk küçəsi 16, 28, 30 saylı; T.Xəlilbəyli küçəsi 164, 150, 113, 81, 109, 111 saylı kommunal evlərinin fasadlarına gülbaxt üzlük daşı döşənib. Ələt-Astara avtomobil yolunun Salyan ərazisindən keçən hissəsində istinad divarı tikilib. Şəhərin Y.Qasımov, X.R.Ulutürk, T.Xəlilbəyli, Nizami, 20 Yanvar küçələrində, habelə Ələt-Astara yolunun şəhər ərazisindən keçən hissəsində yeni işıqlandırma dirəkləri qoyulub, asfaltlaşma işi aparılıb.

Hazırda bayraq meydanının müasir memarlıq üslubunda yenidən qurulması işinə start verilib. "Heydər bulağı", "20 Yanvar", "31 Mart Azərbaycanlıların soyqırımı", "1941-1945-ci il Böyuk Vətən müharibəsi" abidə komplekslərinin ətrafına 1811 kvadratmetr gülbax ağ lay daşı döşənib.

Dövlət başçısı İlham Əliyevin 28 sentyabr 2011-ci il tarixli "Salyan rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair  əlavə tədbirlər haqqında" sərəncamı ilə rayonun 10 min nəfər əhalisinin yaşadığı 6 yaşayış məntəqəsini birləşdirən Kürsəngi-Yolüstü avtomobil yolunun tikintisi məqsədilə Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondundan Salyan Rayon İcra Hakimiyyətinə ilkin olaraq 3 (üç) milyon manat vəsait ayrılıb. Hazırda Kürsəngi-Yolüstü avtomobil yolunun beynəlxalq standartlara uyğun tikintisinə başlanılıb və tikinti işləri sürətlə davam etdirilir.

Salyan sakinlərinin rahat, firavan yaşayışının təmini baxımından infrastrukturun müxtəlif sahələr üzrə yeniləşdirilməsinə, kommunal xarakterli problemlərin həllinə də xüsusi diqqətlə yanaşılır. Ötən dövrdə rayonda elektrik təchizatı, su və kanalizasiya sisteminin yenidən qurulması, yolların əsaslı bərpası, sosial-infrastrukturunun müasirləşdirilməsi istiqamətində mühüm tədbirlər görülüb. Rayon əhalisinin 2011-2012-ci illərdə muntəzəm şəkildə elektrik enerjisi, təbii qaz və içməli su ilə təminatı başlıca vəzifə kimi qarşıya qoyulub və bu istiqamətdə bir sıra tədbirlər həyata keçirilir. Payız-qış aylarında enerji probleminin yaranmaması üçün rayonun elektrik paylayıcı şəbəkələrində, transformatorlarda, habelə qaz xətlərində təmir işləri aparılır. ARDNŞ-nin də yaxından iştirakı ilə 2011-ci ildə rayon əhalisinin təbii qazla təminatının yaxşılaşdırılması sahəsində əsaslı tikinti-quraşdırma və yenidənqurma işlərinə başlanılıb. Pambıqkənd, Bəşirbəyli, Yolüstü kəndlərinin, habelə Heydər Əliyev Fondunun hesabına Plasmas yaşayış massivində kimsəsiz, imkansız şəxslər və Qarabağ əlilləri üçün tikilmiş 168 evdən ibarət yeni şəhərciyin qazlaşdırılması istiqamətində tədbirlər davam etdirilir. Eyni zamanda, rayonun Kür ətrafı və digər küçələri də normal təbii qazla təmin olunur. Salyanın  uzun illər qazsız qalmış Parca Xələc, Seyidan, Piratman və Gəncəli kəndlərinin qaz təchizatı üçün işlər davam etdirilir.

2011-ci ilin birinci yarısında rayonda Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün 16 mənzilli yaşayış binası, 8 saylı Ərazi Dövlət Nəzarəti İdarəsinin inzibati binası, Abadkənd və Parca Xələc kəndlərində yeni poçt şöbəsi tikilərək istifadəyə verilib. XIX əsrin tarixi abidəsi olan Cümə məscidində əsaslı təmir-bərpa işləri başa catdırılıb. Heydər Əliyev Fondunun dəstəyi ilə Uşaqların Texniki Yaradıcılıq Mərkəzi və uşaq kitabxanası üçün yeni bina tikintisi başa çatdırılıb. Habelə Fövqəladə Hallar Nazirliyinin xətti ilə Kür çayının daşması zamanı ziyan çəkmiş ailələr üçün əlavə olaraq şəhər ərazisində 59, Qaraçala qəsəbəsində, Cuxanlı, Kərimbəyli və Qarabağlı kəndlərində 11 evin tikintisi başa çatdırılıb.

Yeni iş yerlərinin açılması, iş axtaran və işsiz vətəndaşların, xususilə, gənclərin məşğulluğunun təmin edilməsi rayon rəhbərliyinin diqqət mərkəzindədir. Rayonda fəaliyyət göstərən idarə, müəssisə, təşkilat və özəl strukturların rəhbərləri ilə müntəzəm əlaqə saxlanılır, boş iş yerləri barədə məlumatlar toplanır və vətəndaşlara təklif olunur. Bu ilin birinci yarısında əhalinin işlə təmini istiqamətində müvafiq tədbirlərin həyata keçirilməsi nəticəsində 751 iş yeri açılıb ki, bunun da 303-ü daimidir.

Xüsusi vurğulamaq istərdim ki, Salyanda tarixən aqrar sektorun inkişafı diqqət mərkəzində olub, əhalinin faydalı məşğulluğu da əsasən, bu sahənin hesabına təmin edilib. Rayonun ümumi əkin sahəsi 36958 hektardır. Həmin əkin sahələrinin 35625 hektarı suvarılandır. 2010-cu ilin payızında 16531 hektarda taxıl əkinləri aparılıb, bunun 6335 hektarını buğda əkin sahələri, 10196 hektarını arpa əkin sahələri təşkil edib. 2011-ci ildə 2010-cu ilə nisbətən taxıl əkin sahələri 688 hektar az olub. Bu il 16531 hektar taxıl sahəsindən 48438,2 ton taxıl istehsal olunub.

Azərbaycan dünyada, əsasən, neft ölkəsi kimi tanınır. Prezident İlham Əliyevin yeritdiyi iqtisadi strategiya əsasında son illər Azərbaycan qeyri-neft sektorunda da həlledici uğurlara imza atıb. Neft gəlirlərinin iqtisadiyyatın digər sahələrinə yönəldilməsi səmərəli siyasət kimi öz nəticələrini verir. Bu siyasətin tərkib hissəsində mühüm yerlərdən birini də ölkədə aqrar sektorun inkişaf etdirilməsi, kənd təsərrüfatı sahəsinin dinamik inkişafına nail olunması təşkil edir. Rayonun yeni rəhbərliyi də bu siyasətə uyğun olaraq sahibkarlığın, xüsusən də, fermer təsərrüfatlarının inkişafına diqqət və qayğı ilə yanaşır. Bu da təsadüfi deyil - Salyanda yeni iş yerlərinin açılmasında, əhalinin faydalı məşğulluğunun təminatında, yerli xarakterli problemlərin həllində iş adamlarının rolu yüksək dəyərləndirilir. Sahibkarlarla müntəzəm danışıqlar aparılır, onların rayon iqtisadiyyatına sərmayə qoyması əməli fəaliyyətlə təşviq edilir. Rayonda yaradılmış sağlam biznes mühiti vaxtı ilə müxtəlif səbəblərdən buradan getməyə məcbur olmuş iş adamlarını geri dönməyə, mühüm layihələr həyata keçirməyə sövq edir. Iş adamı kimi bu işlərə fəal surətdə qoşulmaq və doğma Salyanımızın inkişafı üçün əlimizdən gələni əsirgəməmək niyyətindəyik. Rayonda iş yerlərinin açılması üçün yeni istehsal müəssisələrinin yaradılmasına çalışmaq, gənclərin faydalı məşğulluğunun təmin edilməsinə öz töhfəmizi vermək niyyətindəyik. 

2011-ci il sentyabrın 30-da Salyanda aqrar məsələlərə həsr olunmuş sərgi-konfransda iştirak etmiş iş adamı kimi deyə bilərəm ki, rayonda sahibkarlığın inkişafı üçün yeni perspektivlər açılır. Həmin tədbir bir daha göstərdi ki, rayonda ölkə başçısının müəyyənləşdirdiyi iqtisadi siyasət düzgün və səmərəli şəkildə həyata keçirilir, iş adamlarının normal fəaliyyətinə şərait yaradılır. Kənd təsərrüfatı və iqtisadi inkişaf nazirliklərinin məsul şəxslərinin də iştirak etdiyi tədbirdə xüsusi vurğulandı ki, Azərbaycanın ərzaq təhlükəsizliyinin etibarlı təminatı bölgələrdə arqar sektorda çalışan sahibkarların fəaliyyətindən əhəmiyyətli dərəcədə asılıdır.

Tədbir iştirakçıları ilə bu qənaəti bölüşdük ki, aqrar sahə sovetlər birliyi dövründə olduğu kimi, bu gün də respublika iqtisadiyyatının prioritet inkişaf istiqamətlərindən biridir. Respublikanın ümumi daxili məhsulunun təxminən 8,3 faizi kənd təsərrüfatının payına düşür. İqtisadi fəal 3,8 milyon əhalinin 1,5 milyonundan çoxu, yaxud 39 faizi aqrar sahədə çalışır. Əhalinin təxminən yarısının gəlirləri məhz aqrar sahədə formalaşdığından, qeyri-neft sektorunda bu sahə xüsusi yer tutur. Üstəlik, Azərbaycanın zəngin və əlverişli torpaq-iqlim şəraiti, nisbətən ucuz işçi qüvvəsi və ekoloji cəhətdən təmiz məhsul istehsal etmək imkanları keyfiyyətli ərzaq məhsulları istehsalı üçün əlverişli şərait yaradır. Kənd təsərrüfatının dinamik inkişaf etdirilməsi yolu ilə əhalinin keyfiyyətli ərzaq məhsulları ilə təminatının gerçəkləşdirilməsi təkcə iqtisadi deyil, həm də milli təhlükəsizliklə bağlı strateji məsələdir.

Tədbirdə Salyanda da əkinə yararsız, şoranlaşmış torpaqların meliorasiya tədbirləri ilə yuyulması, arqar sahənin inkişaf etdirilməsi ilə bağlı səmərəli müzakirələr aparıldı. Fermerlərin aqrar sahəyə sərmayə qoyması, öz bizneslərini daha da inkişaf etdirməsi üçün rayonda hər cür imkanların olduğu bir daha vurğulandı. İnanırıq ki, hazırda həyata keçirilən kompleks tədbirlər yaxın illərdə Salyanda aqrar sektorun dinamik inkişafını təmin edəcək, rayon iqtisadiyyatı daha da güclənəcəkdir.

Bəli, Azərbaycanın 20 illik müstəqillik tarixinin möhtəşəm izləri bu gün Salyan rayonunda da özünü qabarıq göstərir. Rayonun 2011-ci il ərzində əldə etdiyi nailiyyətlər isə ünvanlı və məqsədyönlü olmaqla, hər bir sakinin sosial rifah halının yüksəldilməsi, mənafeyinin qorunması məqsədini önə çəkir. Salyan sakinləri inanırlar ki, dövlət başçısı İlham Əliyevin diqqət və qayğısı nəticəsində rayonun narahatlıq doğuran bütün problemləri ən qısa zamanda uğurlu həllini tapacaq.   

 

İlham İSMAYILOV,

"Qaraçala" MMC-nin baş direktoru

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video