15:25 26 Oktyabr 2021
ONLINE XƏBƏR LENTİ
02:07 26.10.2021

26 oktyabr


Tarix Muzeyi: Azərbaycanda neft sənayesi fotolarda
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

İlham Əliyevin yenilməz iradəsi və ordumuzun qəhrəmanlığı sayəsində Vətən savaşı zəfərlə başa çatdı
ANA SƏHİFƏ / PARLAMENT
18:01 13.11.2020


Noyabrın 13-də Milli Məclisin növbəti iclası keçirildi. İclası açan Milli Məclisin Sədri Sahibə Qafarova bildirdi ki, Azərbaycan xalqı 30 ildən bəri həsrətlə gözlədiyi böyük Qələbənin sevincini yaşayır. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin yenilməz iradəsi və ordumuzun qəhrəmanlığı sayəsində xalqımızın qurtuluş savaşı zəfərlə başa çatmış, işğalçı Ermənistan təslim olmağa məcbur edilmiş və ölkəmizin ərazi bütövlüyü təmin olunmuşdur.

"Azərbaycanın əzəli tarixi torpağı olan Qarabağın işğaldan azad edilməsi xalqımızı uzun illər davam edən məğlubiyyət acısından qurtarmış və onu qalib xalqa çevirmişdir. Təəssüf ki, müharibə itkisiz olmur. Biz də bu müharibədə itkilər verdik”, - deyə Spiker bildirdi.

Milli Məclisin Sədrinin təklifi ilə döyüş meydanında, dinc şəhər və kəndlərimizdə şəhid olmuş insanlarımızın xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Sədr Allahdan bütün şəhidlərimizə rəhmət, yaralılara şəfa dilədi.

Sonra Spiker diqqətə çatdırdı ki, bu gün Azərbaycan bayrağı Füzulidə, Cəbrayılda, Zəngilanda, Qubadlıda, Şuşada qürurla dalğalanır, tezliklə Kəlbəcərdə, Ağdamda, Laçında və işğaldan azad edilən digər torpaqlarımızda yüksələcək.

Vətən müharibəsinin ən şərəfli səhifələrindən biri noyabr ayının 8-də Qarabağın incisi və tacı, Azərbaycan mədəniyyətinin beşiyi olan Şuşanın işğaldan azad edildiyi gün oldu. Spiker Şuşanı, digər şəhər və kəndlərimizi düşməndən təmizləyən əsgər və zabitlərimizin qəhrəmanlığının dillərdə dastan olacağına əminliyini diqqətə çatdırdı. Qeyd etdi ki, Azərbaycan Ordusu döyüş meydanında göstərdiyi hünərləri ilə xalqımızın nəyə qadir olduğunu dünyaya nümayiş etdirdi.

Sahibə Qafarovanın sözlərinə görə, bu tarixi günlərin bizim üçün ən mühüm nəticələrindən biri də xalqımızın Ali Baş Komandanı İlham Əliyevin ətrafında yumruq kimi birləşməsi və bütövləşməsi oldu. Azərbaycan xalqının birliyinin rəmzinə çevrilən bu yumruq düşmənə endirilən ağır zərbələrin ifadəsi idi. Çətin sınaq qarşısında Azərbaycan xalqının yenilməz gücə çevrildiyini hər kəs görüb yəqin etdi. Bu birliyin, bu qüvvənin qarşısında düşmən duruş gətirə bilməzdi və gətirmədi də.

Spiker xatırlatdı ki, noyabrın 10-da Azərbaycan Prezidenti, Rusiya Prezidenti və Ermənistan baş naziri tərəfindən imzalanmış üçtərəfli bəyanatla Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə son qoyulmuşdur. Bu bəyanatın Azərbaycan Respublikası üçün çox böyük tarixi əhəmiyyəti var. Belə ki, bəyanatın müddəalarına əsasən 2020-ci il dekabrın 1-dək Ermənistan silahlı qüvvələri Azərbaycanın işğal edilmiş ərazisindən çıxarılacaq, Kəlbəcər, Ağdam və Laçın rayonları qan tökülmədən, şəhidlər verilmədən Azərbaycana qaytarılacaqdır. Bununla da ölkəmizin ərazi bütövlüyü təmin ediləcək, məcburi köçkünlərimiz doğma yurdlarına dönəcəklər.

Azərbaycan Respublikasının qərb rayonları ilə Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsinin bərpası da milli maraqlarımızın təmin edilməsi baxımından vacib məsələdir.

Sədr bir məqamı da xüsusi qeyd etdi ki, bu müharibədə Ermənistan elə ağır zərbə aldı ki, onun özünə gəlməsi üçün neçə illər lazım olacaq. Biz bu gün Yerevanda baş verənləri müşahidə edirik: "Bir tərəfdən, şəhərin küçələrində kütlə azğınlıq edir, hərc-mərclik hökm sürür. Digər tərəfdən, iqtidar müxalifətin bütün liderlərini həbs edir, müxalif deputatların mandatdan məhrum edilməsi barədə söhbətlər gəzir və s.

Diqqət yetirin, bütün bu rüsvayçı hadisələr Qərbin bəzi dairələrinin demokratik dövlət kimi qələmə verməyə çalışdığı bir ölkədə baş verir. Ancaq nə Qərb dövlətlərinin rəhbərləri, nə də onların "informasiya vasitələri” bu qanunsuz əməllərə münasibət bildirmir, susmağı üstün tuturlar. Güman edirəm, hər şey aydındır. Hər kəs öz simasını göstərir. Doğrudan da, möhtərəm Prezidentimizin dediyi kimi, bizə demokratiya dərsi keçməyə çalışanlar əvvəl güzgüdə özlərinə baxsınlar.

Bu müharibədə dünya bir həqiqəti də gördü ki, erməni vandalları işğal altında saxladıqları şəhər və kəndlərimizi viran qoymuş, tarixi-mədəni abidələrimizi yerlə yeksan etmiş, milli sərvətlərimizi talan etmişlər”.

Sədr diqqətə çatdırdı ki, həmin ərazilərdə infrastruktur tam sıradan çıxarılmışdır: "Ancaq biz əminik ki, cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan xalqı bütün dağıdılmış yaşayış məntəqələrini bərpa edəcək və Qarabağ sakinləri ata-baba yurdlarında yenidən qurub yaradacaqlar.

Biz bilirik ki, müharibənin davam etdiyi dövrdə dövlət başçısı nə qədər böyük təzyiqlərə məruz qalsa da, geri çəkilməmiş, Ordumuzun zəfər yürüşünü qələbə ilə başa çatdırmağa nail olmuşdur.

Bu isə düşmən üzərində böyük Qələbədə Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin nə qədər böyük rol oynadığını bir daha təsdiq edir”.

Spiker dedi ki, Prezident İlham Əliyev xalqa müraciətində bu məsələyə toxunmuşdur. Demək olar ki, hər gün ondan dayanmağı tələb edirdilər. Amma möhtərəm Prezidentimizin dediyi kimi, "...biz qabağa getdik. Çünki mən xalqın dəstəyini hiss edirdim, xalqın inamını görürdüm. Məni heç nə dayandıra bilməzdi.

Çünki mən bilirdim ki, biz haqlıyıq. Biz öz ərazi bütövlüyümüzü bərpa edirik, öz torpaqlarımızı qaytarırıq...

Xoşbəxtəm ki, biz öz Vətənimizə, doğma Qarabağımıza qayıdırıq, Qarabağımızın tacı olan Şuşaya qayıdırıq və bu torpaqlarda əbədi yaşayacağıq! Bundan sonra heç kim bizi o torpaqlardan tərpədə bilməz!”

Sahibə Qafarova dedi ki, biz sonsuz qürur hissi ilə yurd yerlərimizə, doğma Qarabağa qayıdırıq. Bu haqqı bizə qəhrəman ordumuz, onun Ali Baş Komandanı qaytarıb. Biz şəhidlərimizin, qanlı döyüşlərdə yaralanmış əsgər və zabitlərimizin igidliyini və fədakarlığını heç vaxt unutmayacağıq.

Bir məsələ də diqqətə çatdırıldı ki, Prezident İlham Əliyevin bir il əvvəl Soçi şəhərində "Valday” beynəlxalq diskussiya klubunun iclasında səsləndirdiyi "Qarabağ Azərbaycandır və nida” ifadəsi Azərbaycanın qələbəsinin rəmzinə çevrilib. Bu gün yüz minlərin, milyonların dilindən eşidilən bu milli şüar artıq reallığa çevrilib. Bəli, Qarabağ Azərbaycandır! Eşq olsun Ali Baş Komandanımız İlham Əliyevə! Eşq olsun qəhrəman Ordumuza! Yaşasın Azərbaycan xalqı!

Milli Məclisin Sədrinin çıxışı alqışlarla qarşılandı.

Daha sonra Spiker bildirdi ki, 6 ay bundan əvvəl şuşalı gənc qız Əsra Məmmədli bu salonda çıxış etmişdi: "O zaman Şuşa şəhəri işğal altında idi və gənc qızımızın çıxışı da o vaxtın ovqatına uyğun idi. Onun çıxışı hamımızı duyğulandırdı və böyük təsir bağışladı. Mən bu gün yenə də Əsra Məmmədlini bu zala dəvət etmək istəyirəm. Düşünürəm ki, onun nə hiss etdiklərini dinləmək maraqlı olar”.

İclasda çıxış edən Əsra Məmmədli bildirdi ki, bir neçə ay əvvəl burada çıxış edərkən təsəvvür belə etməzdi ki, Vətənə qovuşmaq və Şuşanı görmək bu qədər yaxın olacaq. "Artıq işğala son qoyuldu. Azərbaycan əsgəri, Azərbaycan xalqı qanı və canı bahasına öz torpağına sahib çıxdı. Ali Baş Komandan cənab İlham Əliyev başda olmaqla müzəffər Azərbaycan Ordusu bizi doğma torpaqlarımıza qovuşdurdu. Bizim ailəmiz babalarımın evinə qayıdır!”- deyə o bildirdi.

Əsra Məmmədlinin çıxışı alqışlarla qarşılanıb. Sədr bildirdi ki, Əsranın sözləri bütün deputatların fikirlərini əhatə edir.

İclasda Milli Məclis Aparatının Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinin Böyük Qələbə münasibətilə hazırladığı videoçarx nümayiş etdirildi.

Daha sonra Sədr Sahibə Qafarovanın təklifi ilə Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevə və Azərbaycan xalqına Azərbaycan Respublikası Milli Məclisinin Müraciətinin mətninin hazırlanması üçün Milli Məclis Sədrinin birinci müavini Əli Hüseynlinin başçılığı ilə komissiya yaradıldı. Komissiyaya Milli Məclisin deputatları Nizami Cəfərov, Tural Gəncəliyev, Nigar Arpadarai və Erkin Qədirli daxil edildilər.

İclasda Milli Məclis Sədrinin müavini Adil Əliyev, komitə sədrləri Əhliman Əmiraslanov, Ziyafət Əsgərov, Hicran Hüseynova, Səməd Seyidov, Zahid Oruc, Siyavuş Novruzov, Tahir Mirkişili, komissiya sədri Eldar İbrahimov, deputatlardan Şahin İsmayılov, Məlahət İbrahimqızı, Razi Nurullayev, Fəzail Ağamalı, Cavid Osmanov, Jalə Əliyeva, Nəsib Məhəməliyev, Anar İsgəndərov, Vahid Əhmədov, Eldəniz Səlimov, İsa Həbibbəyli, Fazil Mustafa, Musa Qasımlı, Etibar Əliyev, Qüdrət Həsənquliyev və başqaları xalqımızın qazandığı Böyük Qələbə münasibətilə fikirlərini bildirdilər. Qeyd etdilər ki, bu Qələbə daxili həmrəyliyimizin, milli birliyimizin və Ali Baş Komandanın dediyi kimi, yumruq kimi birləşməyimizin parlaq nəticəsi oldu. 44 gün davam edən müharibədə Prezident İlham Əliyev Azərbaycanın haqqını ən yüksək səviyyədə qorudu və qəbul etdirdi. Prezidentin xarici ölkələrin televiziya kanallarına verdiyi müsahibələr isə bu işin avanqardı oldu. Bildirildi ki, bu Qələbə Azərbaycan tarixinə qızıl hərflərlə yazılacaq və hərb tarixinə yeniliklər gətirmiş müharibə kimi düşəcək.

Sonra Milli Məclisin deputatı Nigar Arpadarai Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevə və Azərbaycan xalqına Azərbaycan Respublikası Milli Məclisinin Müraciətinin mətnini oxudu (müraciətin mətni qəzetin bugünkü nömrəsində dərc olunub).

Müraciət alqışlarla qarşılandı və səsə qoyularaq təsdiqləndi.

Rəşad CƏFƏRLİ,

"Azərbaycan”



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM