03 Mart 2021 00:53
1816
SİYASƏT
A- A+

İlham Əliyevin yaratdığı yeni reallıq

 

Azərbaycan  Ermənistanın işğal siyasətinə son qoymaqla bölgədə sabitliyi və təhlükəsizliyi möhkəmləndirdi

 

İkinci Qarabağ müharibəsinin nə vaxtsa baş verəcəyi qaçılmaz idi. Ona görə ki, danışıqlar prosesi heç bir nəticə vermirdi. Ermənistan imitasiya ilə məşğul idi, danışıqlar prosesində iştirak edən təşkilat və dövlətlər isə beynəlxalq hüququn Azərbaycanın tərəfində olmasına baxmayaraq, problemin həllinə laqeyd yanaşırdılar. Bu da nəticə etibarilə işğal siyasətinin dəstəklənməsi anlamına gətirib çıxarırdı.

 

İlham Əliyev inkişaf strategiyası  ilə tarixi şəraiti yetişdirdi

 

Ümumiyyətlə isə, 44 günlük müharibəyə qədər ayrı-ayrı siyasi mərkəzlərin mövqeyi, problemə yanaşmaları Azərbaycanın işğal faktı ilə barışmasına yönəlmişdi. Çünki Azərbaycan ərazilərinin zəbt edilməsinə, yüz minlərlə azərbaycanlının 30 ilə yaxın idi məcburi köçkün vəziyyətində yaşamasına olan laqeydlik, Dağlıq Qarabağın Azərbaycan əraziləri olduğunu təsbit edən beynəlxalq hüququn norma və prinsiplərinin nəzərə alınmaması, Ermənistana hərtərəfli siyasi dəstəyin göstərilməsi başqa cür düşünməkdən başqa yol qoymurdu.

Azərbaycanın işğal olunmuş kənd və şəhərlərinin adlarının dəyişdirilməsi, onlara eybəcər erməni adlarının qoyulması da göstərirdi ki, Ermənistan həmin əraziləri heç vaxt azad etmək niyyətində olmayıb. Həmin ərazilərin qeyri-qanuni məskunlaşdırılmasına, Ermənistanın ayrı-ayrı təxribatlarına beynəlxalq təşkilatların və dövlətlərin göz yumması işğala dəstək göstərilməsindən başqa bir şey deyildi.

Təbii ki, Azərbaycan bu vəziyyətlə barışa bilməzdi və barışmadı da. Prezident İlham Əliyev bütün xarici səfərlərində, beynəlxalq tədbirlərdəki çıxışlarında ilk növbədə diqqəti torpaqlarımızın işğal altında olmasına yönəldirdi. İlham Əliyev hər zaman deyirdi ki, danışıqlar nəticəsiz qalarsa, Azərbaycan güc yolu ilə torpaqlarını işğaldan  azad edəcək. Azərbaycan xalqı əmin idi ki, günlərin birində ordumuz işğalçını döyüş meydanında darmadağın edəcək.

Əlbəttə, bunun üçün əlverişli tarixi şərait yetişməliydi. Bunun üçün zaman düzgün seçilməliydi. İlham Əliyev öz inkişaf siyasəti ilə həmin tarixi şəraiti yetişdirdi. Azərbaycanın yüksəlişi, ordumuzun qüdrətlənməsi ilə torpaqlarımızın azad olunmasının zamanı da gəldi və 44 günlük müharibədə İlham Əliyev özünün daha bir vədini inamla, qətiyyətlə və uğurla yerinə yetirdi.

Prezdent İlham Əliyev xalqa müraciətlərində, mətbuata müsahibələrində müharibənin səbəbləri barədə yerli və xarici ictimaiyyəti məlumatlandırıb. Fevralın 26-da yerli və xarici media nümayəndələri üçün keçirdiyi mətbuat konfransında Prezident İlham Əliyev bir daha bildirdi ki,  otuz il davam edən danışıqlar heç bir nəticə vermədi və Azərbaycan bu məsələni təkbaşına həll etdi: “Otuz il davam edən danışıqlar heç bir nəticə vermədi. Minsk qrupunun fəaliyyəti olsa da, nəticəsi sıfıra bərabər oldu. Son iki il ərzində faktiki olaraq Minsk qrupunun həmsədrləri özləri də bilmirdilər ki, nə işlə məşğul olsunlar. Çünki Ermənistan baş nazirinin yersiz və çox təhlükəli bəyanatları onların fəaliyyətini də faktiki olaraq iflic etmişdi, mənasız etmişdi. Əgər Ermənistan baş naziri deyirsə ki, “Qarabağ Ermənistandır və nöqtə”, ondan sonra hansı proses ola bilər, hansı danışıqlardan söhbət gedə bilər? Bu, əslində, Minsk qrupunun həmsədrlərini də çox çətin vəziyyətə saldı. Çünki onlar da buna hər hansı bir reaksiya verməli idilər. Faktiki olaraq son iki il ərzində danışıqlar aparılmırdı. Yəni, Azərbaycan bu məsələni təkbaşına həll etdi”.

 

Üçtərəfli bəyanata qarşı çıxmaq Ermənistanın növbəti faciəsi olar

 

Azərbaycan artıq bölgədə yeni reallıq yaradıb. İlk növbədə bəzi beynəlxalq təşkilatların və dövlətlərin Ermənistanın işğal siyasətinə dəstək verən mövqelərinə tutarlı zərbə vuruldu. Azərbaycan göstərdi ki, torpaqlarının işğal altında qalması ilə heç vaxt razılaşa bilməz. Danışıqlarda imitasiya edən, zamanı uzatmaqla işğala daha güclü beynəlxalq dəstək almaq istəyən Emənistan güc yolu ilə Azərbaycan torpaqlarından qovuldu.

Noyabrın 10-da imzalanmış üçtərəfli bəyanat Ermənistanın kapitulyasiyasının hüquqi-siyasi təsdiqi və bölgədə yaranmış yeni reallığın təcəssümüdür. Bu sənəd həm də bölgədəki sülhün və təhlükəsizliyin zəmanətidir. Bu sənədə imza atmaqla Ermənistan bir dövlət olaraq öz üzərinə öhdəliklər götürüb. Hakimiyyətdə hansı siyasi qüvvənin olmasına baxmayaraq, Ermənistan bu öhdəlikləri yerinə yetirmək məcburiyyətindədir.

Ermənistanda aylardır ki, mitinqlər keçirən müxalifət və keçmiş hərbi xunta tərəfdarları həm hakimiyyətə, həm də üçtərəfli bəyanatlara qarşı çıxırlar. Lakin bu sənədə qarşı çıxmaq Ermənistana ağır başa gələ bilər. Prezident İlham Əliyev mətbuat konfansında bəyanata qarşı çıxmaq istəyənlərə də xəbərdarlıq etdi. “Noyabrın 10-da imzalanmış bəyanat icra edilir və tam icra edilməlidir.

O bəyanatın müddəalarının böyük hissəsi artıq icra edilibdir. Ancaq elə məsələlər var ki, onlar indi müzakirə mövzusudur. Ümid edirəm ki, Ermənistanda yaranmış vəziyyətə baxmayaraq, noyabrın 10-da imzalanmış bəyanat icra ediləcəkdir. Əks-təqdirdə Ermənistan daha da ağır duruma düşəcək. Yəni Ermənistan qarşısında seçim o qədər də böyük deyil. Onlar yeni reallıqlarla barışmalıdırlar, hesablaşmalıdırlar. Biz yeni reallıqlar yaratmışıq”, - deyə İlham Əliyev bildirdi.

Maraqlıdır ki, revanşistlər üçtərəfli bəyanata qarşı çıxmağın alternativi barədə danışmaqdan qaçırlar. Çünki yaxşı anlayırlar ki, bu sənədə qarşı çıxmaq Ermənistan üçün daha böyük fəlakətlə nəticələnə bilər. Bəyanata qarşı çıxmaqda əsas məqsədləri sadəcə Paşinyanı baş nazirlikdən uzaqlaşdırmaqdır. Lakin son günlərdə Ermənistanda baş verənlərdən bir daha aydın oldu ki, erməni xalqı müxalifətə və hərbi xuntaya qarşıdır.

Beləliklə, Prezident İlham Əliyev Cənubi Qafqazda yeni reallığın müəllifi oldu. 44 günlük müharibə ilə Ermənistanın işğal siyasətinə son qoyuldu. Bu savaşdakı tarixi zəfərin nəticəsi olaraq Azərbaycan bölgədə sabitliyi və təhlükəsizliyi möhkəmləndirdi, mövqelərini daha da gücləndirdi.

 

Rəşad CƏFƏRLİ,

“Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video