27 Dekabr 2011 02:12
417
Mədəniyyət
A- A+

İlham Əliyevin yandırdığı işıqlar

 

"Baku" jurnalının Azərbaycan Prezidentinin anadan olmasının 50 illiyinə həsr edilmiş xüsusi nömrəsi çapdan çıxmışdır

 

"Baku" jurnalının hər nömrəsinin çapdan çıxması hadisəyə çevrilir. Oxucular Azərbaycanın tarixi və müasir həyatı, onun təbiəti, bənzərsiz mədəniyyəti, gözəl insanları haqqında yeni informasiya əldə etmək üçün bu jurnalı səbirsizliklə gözləyirlər. Jurnalın yaradıcı kollektivi də həmişə onların ümidlərini doğruldur.

Lakin mübaliğəsiz demək olar ki, bu populyar nəşrin son buraxılışı dünyada insanların xüsusi marağına səbəb olacaqdır. Özü də təkcə ona görə yox ki, Azərbaycan Respublikası Prezidentinin dekabrın 24-də tamam olmuş 50 illik yubileyinə həsr edilmiş bu xüsusi nömrə ölkə rəhbərinə özünəməxsus bir hədiyyədir, həm də ona görə ki, jurnalın bu buraxılışı İlham Əliyevi onun Prezident olduğu illər ərzində ölkəsinin simasını tanınmaz dərəcədə dəyişmiş dövlət başçısı, regionda qüvvələrin balansını dəyişməyə nail olmuş və dünya geosiyasətinə təsir göstərən bir siyasi xadim, bir insan, böyük və mehriban bir ailənin başçısı kimi daha yaxından tanımaq üçün nadir imkan verir.

"Baku"nun yeni nömrəsində hər şey qeyri-adidir: həm onun orijinal poliqrafik tərtibatı - jurnalın bərk üz qabığında lakonik yazı verilmişdir: "Ad gününüz mübarək, əziz Prezident! Baku", həm məzmunu, həm kompozisiya quruluşu, həm də nəşrin hər bir səhifəsindən duyulan qeyri-adi səmimilik, hərarət, müsbət enerji.

"Baku" jurnalının baş redaktoru,

Prezidentin böyük qızı Leyla Əliyeva giriş sözündə yazır: "Sənə nə hədiyyə etmək barədə çox düşündüm və qərara gəldim ki, bu gün səni hər şeydən çox yaxın adamlarının sözləri, doğmalarının arzuları və dostlarının, səninlə ünsiyyətdə olmaq, səni tanımaq, həyatda səninlə yanaşı addımlamaq imkanına malik olan hər kəsin təbrikləri sevindirə bilər! Sənə təqdim etmək istədiyim jurnalda belə adamların bir çoxu öz təbriklərini çatdırır və əhvalatlar danışırlar". Bu səmimi etiraf-müraciət yəqin ki, heç kəsi laqeyd qoymayacaq: "Mən çox xoşbəxtəm ki, belə Atam var! Yəqin ki, hər kəs özünə görə yaxşıdır, hər kəsin yaxşı keyfiyyətləri, nailiyyətləri, xidmətləri var. Səndə isə ən layiqli, ən yaxşı və ən nəcib keyfiyyətlər cəmləşmişdir! Sənin öz ailənə sonsuz məhəbbətin və qayğın bizim özümüzü dağ arxalı, etibarlı qorunmuş, sabahkı günə inamlı hiss etməyimizə imkan verir. Sənin öz işinə inamın sayəsində günbəgün çiçəklənən Azərbaycana hədsiz sədaqətin çoxlarını heyran qoyur... Sənin ölkəni irəliyə aparmağa sərf etdiyin cəsarətə, qorxmazlığa, qətiyyətə və gücə dünyanın hər bir siyasətçisi həsəd apara bilərdi!".

Jurnalın xüsusi nömrəsində dərc edilmiş "Portret cizgiləri" sərlövhəli material Azərbaycanın gələcək Prezidentinin böyüdüyü dövr, İlham Əliyevin xarakterinin və liderlik keyfiyyətlərinin formalaşdığı mühit haqqında təsəvvür yaradır. Portret cizgilərindən əvvəl qısa, lakin çox tutumlu bir cümlə verilmişdir: "O, qeyri-adi bir vaxtda və qeyri-adi bir ailədə doğulmuşdur". Burada hər şey həqiqətdir. İlham Əliyevin doğulduğu ailə haqqında hər şey məlumdur. Onun atası görkəmli siyasi xadim və dünya miqyaslı strateq, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev, anası böyük ziyalı, alim Zərifə xanım Əliyevadır. O dövrün xarakteristikası da yetərincə maraqlıdır: 1960-cı illər tarixə böyük ümidlər və gözləntilər dövrü kimi həmişəlik daxil olacaqdır. İnsanın kosmosa uçuşu və soyuq müharibə təsisatlarının formalaşması; Nikita Xruşşovun iqtisadi islahatları və müstəmləkəçiliyin ləğv edilməsi; 1980-ci ilə qədər SSRİ-də kommunizm qurulacağına təminat verən yeni partiya proqramı və başda Martin Lüter Kinq olmaqla azadlıq hərəkatı; gələcək Avropa İttifaqının formalaşmağa başlaması və Karib böhranı; Qərbi Avropa iqtisadiyyatının çiçəklənməsi və Berlin divarının təməlinin qoyulması... bu dövrün zahiri əlamətləri olmuşdur. Məhz həmin illərdə yaranmış cücərtilər sonrakı onilliklərin ziddiyyətli hadisələrindən xəbər verirdi. İlham Əliyevin dünyagörüşü bu hadisələr fonunda formalaşmış, onun əqidəsi, həyata baxışı, dünyada gedən proseslər nəticə etibarilə yeni tipli siyasi xadimin yaranmasına gətirib çıxarmışdır. Materialda İlham Əliyevin həyatının o illərində - Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunda təhsili, elmi və pedaqoji fəaliyyəti, ailə qurması, Azərbaycanın yeni neft strategiyasının formalaşmasında iştirakı, parlamentdə və Avropa Şurası Parlament Assambleyasında ölkəmizin nümayəndə heyətinin rəhbəri kimi işi və nəhayət, Azərbaycan dövlətinin Prezidenti vəzifəsinə seçilməsi haqqında qısa məlumat verilir. İlham Əliyev yeni əsrdə və yeni minillikdə Azərbaycanın birinci Prezidenti olmuşdur.

Xüsusi nömrədə dərc edilmiş daha bir məqalə - tanınmış publisist Elmira Axundovanın "Heydər və Zərifə Əliyevlər" sərlövhəli məqaləsi İlham Əliyevin portretinə daha bir ştrixdir. Burada ona valideynlərindən keçmiş genlər, istedad, ziyalılıq, təvazökarlıq, dözümlülük, doğma torpağa və ailəyə hədsiz bağlılıq kimi keyfiyyətlər çox uğurlu şəkildə birləşmişdir. Müəllif yazır: "Prezidentin valideynləri... Onlar öz genləri ilə oğlanlarına çox şey vermiş, lakin həm də onda çox xüsusiyyətlər tərbiyə etmişlər. Buna sözlə, öyüd-nəsihət verməklə deyil, ilk növbədə öz şəxsi nümunələri ilə nail olmuşlar. Onlar oğullarına çox şey öyrətmişlər. Lakin onların verdiyi əsas dərs - həmişə və hər cür şəraitdə İnsan kimi qalmaq dərsi indiki Prezident tərəfindən "əla" mənimsənilmişdir" .

Xüsusi nömrənin ən maraqlı bölmələrindən biri Prezidentə yubileyi münasibətilə təbriklərdir. Təbriklər çoxdur - ailə üzvlərindən, yaxınlarından, dostlarından, xidməti vəzifəsi ilə əlaqədar işləməli olduğu və rastlaşdığı insanlardan. Bunlar ənənəvi arzu və diləklər toplusundan ibarət trivial təbriklər deyil, bu təbriklərin hər birində Prezident haqqında protokol çərçivəsi ilə məhdudlaşmayan sözlər, konkret həyati epizodlarda onunla bağlı xatirələr əks olunmuşdur. Bu epizodlar insanın bütöv portretini yaradır.

Prezidentin xanımı Mehriban Əliyeva yazır: "Onunla həmişə maraqlıdır. O, özünün hər bir təşəbbüsünü elə maraqla reallaşdırır ki, istər-istəməz sən də cəlb olunursan. O, nə qədər tikir, yaradırsa, bunlar hamısı onun üçün azdır. Həmişə nə isə qalır ki, o, həmin işi görməyi, özü də məhz indi və burada görməyi zəruri hesab edir. O, quruculuq enerjisi ilə doludur və öz ideyalarını ətrafdakılara sirayət etdirir... İlham öz prinsiplərinə və ideallarına həmişə sadiqdir. Onun həyatının məqsədi saydığı işdə, Vətənə xidmətdə kompromislərə və sövdələşmələrə yer yoxdur. Ölkənin və xalqın mənafeyi onun üçün qeyd-şərtsiz prioritetdir".

Bu sətirlər isə yubilyarın oğlu, nəvə Heydər Əliyevin təbrikindəndir: "Mən səni sevindirməyə çalışacağam. Arzum budur ki, böyüyəndə sənə oxşayım".

SSRİ xalq artisti Tamara Sinyavskaya öz fikirlərini bu cür bölüşür: "İllər keçdikcə İlham Heydər Əlirza oğluna daha çox oxşamağa başlayır. Onun çiyinlərində çox böyük məsuliyyət var - dövlət rəhbərinin və atasının həyata keçirməyə macal tapmadığı arzu və planları həyata keçirən oğulun məsuliyyəti. Azərbaycanın necə çiçəkləndiyini görmək mənə xoşdur".

Məşhur amerikalı politoloq Pol Qobl yazır: "Demokratik ölkə olmaq üçün əvvəlcə prinsip etibarilə ölkə olmaq lazımdır. Heydər Əliyev bunu yaxşı başa düşürdü; Prezident İlham Əliyev də bunu başa düşür və müvafiq şəkildə hərəkət edir. Azərbaycan dünyanın ən təhlükəli regionlarından birində yerləşmişdir və onun ərazisinin iyirmi faizi başqa ölkə tərəfindən işğal edilmişdir. Ona görə də bu, asan məsələ deyildir və aparılan iş çox böyük hörmətə layiqdir. Prezident Əliyev əlli illik yubileyi günündə Azərbaycan Respublikasının qurulmasına özünün verdiyi çox böyük töhfə ilə fəxr edə bilər".

Heydər Əliyev şəxsiyyətinin miqyası elədir ki, onun kölgəsində qalmamaq fövqəladə çətin məsələdir. Lakin İlham Əliyev buna nail olmuşdur. Bu fikirlər "Baku" jurnalının xüsusi nömrəsində dərc edilmiş "İlham Əliyevin "əlası" sərlövhəli məqalədən hasil olur. Müəllifi Aleksandr Karavayev olan həmin məqalədə Prezidentin siyasətinin magistral istiqamətləri, son səkkiz ildə Azərbaycanın sürətli sıçrayışını təmin etmiş və bu dövrdə "İlham Əliyev siyasi məktəbi"nin formalaşdığını söyləməyə imkan verən məsələlərdən bəhs edilir. Bu məktəbdən hətta təcrübəli liderlər də çox şey öyrənə bilərlər. Müəllif Azərbaycan Prezidentinin fəaliyyətinin beş istiqaməti üzərində diqqəti cəmləşdirir: "Cəmiyyət və dövlət", "Regional inkişafın impulsu", "Xarici siyasət", "Sənaye, innovasiyalar və özəl biznes", "Qaz rıçaqı". Bu istiqamətlər genişmiqyaslı iqtisadi islahatları, güclü sosial siyasəti, regionların inkişafına müstəsna diqqəti, tarazlaşdırılmış, milli mənafelərə əsaslanan xarici siyasət xəttini, qeyri-neft iqtisadiyyatının və ilk növbədə informasiya-kommunikasiya texnologiyaları sahəsinin inkişafının sürətlənməsini, sahibkarlığın dəstəklənməsini, qaz amilindən bacarıqla istifadə olunmasını ehtiva edir.

"Baku" jurnalının hər bir nömrəsində Azərbaycanın paytaxtı haqqında söhbət açılır. Bu mənada jurnalın son buraxılışı da istisna deyildir. Bu dəfə öz doğma şəhərini sonsuz məhəbbətlə sevən İlham Əliyevin Prezident olduğu bir neçə il ərzində əfsanəvi dərəcədə dəyişmiş Bakının portreti təsvir edilir. Bu sevgi hər şeydə hiss olunur - qədim binaların qayğıkeşliklə bərpa olunmasında, yeni yaradılan park və xiyabanlarda, gözəlliyinə görə dünyada tayı-bərabəri olmayan, tamamilə yenilənmiş Bakı bulvarında, göylərə ucalan hündür binalarda, tikilməkdə olan müasir yol ötürücülərində, dünyanın adlı-sanlı memarları tərəfindən paytaxtın yeni yaradılan obrazında. Beynəlxalq Muğam Mərkəzi, Müasir İncəsənət Muzeyi, Heydər Əliyev Mədəniyyət Mərkəzi, miqyasına görə möhtəşəm "Bakı - Ağ şəhər" layihəsi - bütün bunlar və daha nələr, nələr İlham Əliyevin adı ilə bağlıdır.

"Bu gün. Bir günün tarixi" rubrikasında Prezident İlham Əliyevin doğum günündə - dekabrın 24-də müxtəlif illərdə baş vermiş hadisələr haqqında materiallardan ibarət maraqlı bir seçim təqdim olunmuşdur. Yəqin deyə bilərik ki, dekabrın 24-də anadan olmuş on iki məşhur şəxsiyyət barədə məlumatlar oxucular üçün çox maraqlı olacaqdır. Bu insanlar öz həyatlarını həsr etdikləri işin ustadları olmuşlar. Bunlar böyük polyak şairi  Adam Mitskeviç, Yerin ilk Amerika süni peykinin "atası" Uilyam Heyuord Pikerinq, paraşütçü, beş dəfə dünya çempionu Valentina Seliverstova, məşhur ingilis yazıçısı, çoxsaylı detektiv romanların müəllifi Ceyms Hedli Çeys, böyük türk şairi Tofiq Fikrət, fizik Ceyms Coul, şahmat üzrə dünya çempionu Emmanuil Lasker və başqalarıdır.

Məşhur astroloq Pavel Qloba Azərbaycan Prezidentinin həyatına və taleyinə öz baxışlarını təqdim edir. O, İlham Əliyevin təvəllüdünün ulduz xəritəsini təhlil edir. Astroloqun fikrincə, ulduz falı göstərir ki, İlham Əliev uzaq strateji perspektivlərə malik olan, çox qətiyyətli, öz qarşısına konkret və real məqsədlər qoyan və onlara nail olan, böyük dövlət xadimi xarizmasına, gözəl diplomatik qabiliyyətlərə malik olan, müxtəlif insanlarla dil tapmağı və hətta ən mürəkkəb şəraitdə kompromisə gəlməyi, zərbəyə ləyaqətlə davam gətirməyi bacaran güclü şəxsiyyətdir. Ulduzlar Prezidentin həm də cəsur və mərd, təhlükə anlarında soyuqqanlılığı saxlamağı, ünsiyyətcil və əlaqə yaratmağı bacaran insan olmasından xəbər verir.

Ailə mövzusu jurnalın xüsusi nömrəsi

nin leytmotividir. Bu nömrədə İlham Əliyevin Mehriban xanımla görüşməsinin tarixi, onların övladları - Leyla, Arzu və Heydər haqqında lirik sətirlər vardır. Prezidentin nəvələri Əli və Mikayılın babalarına təbriki isə qəlbi riqqətə gətirir. Bu uşaqların əlləri ilə bu sözlər yazılmışdır: "Ad günün mübarək, baba!".

Jurnalda Azərbaycanın sıravi vətəndaşlarından, Prezidentin həmişə sıx əlaqə saxladığı sadə insanlardan - fəhlələrdən, neftçilərdən, müəllimlərdən, həkimlərdən, idmançılardan, elm və mədəniyyət xadimlərindən, fermerlərdən, ölkənin bütün regionlarından olan ağsaqqallardan da təbriklər vardır. Onlar hamısı İlham Əliyevin möhtəşəm işlərini bəyəndiklərini, Prezidentin ölkə üçün hələ çox iş görəcəyinə, onun dinamik inkişafını və firavanlığını təmin edəcəyinə, Azərbaycanın əsas probleminin - Dağlıq Qarabağ münaqişəsinin həllinə nail olacağına əminliklərini bildirir, dövlətimizin başçısına cansağlığı, xoşbəxtlik və bütün təşəbbüslərində uğurlar arzulayırlar.

Jurnal fotoşəkillərlə zəngin illüstrasiya edilmişdir, onların çoxu ilk dəfə dərc edilir.

Jurnalda deyilir: "Bakıda axşam düşəndə uzaqda, dənizdə neft platformalarının parlaq işıqları görünür. Bu işıqlar əslində İlham Əliyev tərəfindən yandırılmışdır. Bu gün onlar özünəməxsus mayaklar, oriyentirlər təsiri bağışlayır. Əlbəttə, gələcəkdə O, hələ bu cür çox işıqlar yandıracaqdır. Özü də təkcə Xəzərdə yox. O, bunu hökmən edəcəkdir. Axı o, əsrlər boyu Odlar diyarı adlanan ölkənin Prezidentidir".

 

AzərTAc

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video