23 Aprel 2020 00:55
2808
SİYASƏT
A- A+

İlham Əliyevin mükəmməl xilas modeli


Bütün dünya artıq bir neçə aydan çoxdur ki, koronavirus imtahanı verir. Topsuz-tüfəngsiz atəş açan bu müharibədə Yer kürəsinin bütün qitələri "gözəgörünməz düşmən”lə vuruşmağa məhkumdur.

Koronavirus - silahsız-sursatsız baş verən üçüncü dünya müharibəsidir.

Koronavirus - XXI əsrin biomüharibəsidir.

Bu müharibənin strategiyası da, taktikası da dünyada baş vermiş müharibələrin hamısından fərqlidir. Əgər indiyə qədərki müharibələrdə hücum taktikası əsas hesab olunurdusa, biomüharibədə müdafiə olunma, təcrid edilmə qələbəyə aparan əsas yolu müəyyən edir. Başqa xalqların ərazilərini, sərvətlərini ələ keçirməyi əsas hədəf kimi seçən digər müharibələrdən fərqli olaraq, biomüharibənin əsas strategiyasını insanı məhv etmək təşkil edir. Koronavirus insanı hədəfə aldığı üçün bütün insanlıq bu bəşəri bəla ilə mübarizədə birləşmişdir.

Koronavirus - sosial, ictimai-siyasi, irqi, dini fərqləri nəzərə almadan insanlığa qarşı ünvanlanmış total müharibədir. Ona görə də koronavirusa qarşı mübarizədə bütün insanlıq vahid amal ətrafında birləşmişdir. Məhz buna görədir ki, koronavirus - Ümumdünya Səhiyyə Təşkilatını biomüharibənin baş qərargahına çevirmişdir. Bu "müharibədə” ölkələrin qələbəyə nail ola bilməsi dövlət rəhbərlərinin təkcə silahlı qüvvələrə deyil, bütün xalqa vaxtında əmrlər verməyi bacaran Ali Baş Komandan missiyasını icra etməklə bərabər, həm də müəyyən edilmiş proqramın mütləq həyata keçirilməsini təmin etməsindən çox asılıdır.

Bu gün bütün xalqımız adından böyük qürur hissi ilə bəyan etmək olar ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Yer kürəsini bürümüş koronavirus biomüharibəsində fövqəladə bacarıq nümayiş etdirmiş, ölkəsini və xalqını xilas etmək vəzifəsini həyata keçirmiş qalib Baş Komandandır. Əvvəla, Azərbaycan Respublikasının Prezidenti dünya ölkələrinin demək olar ki, mütləq əksəriyyətindən qabaq biomüharibə küləyinin əsməkdə olduğunu, bu müharibənin mahiyyətini və miqyasını dərhal müəyyən etmişdir. Buna görə də Azərbaycan Respublikası biomüharibənin qarşısını almaq üçün düşünülmüş qabaqlayıcı tədbirlərin həyata keçirilməsi baxımından dünya ölkələrini qabaqlamışdır.

Prezident İlham Əliyevin qəti tapşırıqları əsasında qısa müddətdə ali və orta təhsil müəssisələrində tədris prosesinin dayandırılması, ölkə miqyasında genişmiqyaslı dezinfeksiya tədbirlərinin təşkili, tərəddüd etmədən ölkəmizin sərhədlərinin bağlanmasına dair qonşu dövlətlərlə danışıqların aparılması və qəti qərarların qəbul edilməsi koronavirus biomüharibəsində gələcək qələbənin əldə olunmasının əsas təminatına çevrilmişdir. Paralel olaraq dövlət başçımızın rəhbərliyi ilə pandemiya dövrünün çağırışlarına uyğun olaraq yeni işlək strukturların yaradılması və bir sıra dövlət qurumlarının fəaliyyətinin yenidən qurulması, onların əlaqəli və operativ işlərinin təşkili koronavirusla mübarizənin bütün cəbhə xətti boyu aparılmasına meydan açmışdır.

Dövlət mexanizmi çevik və operativ, fasiləsiz və ahəngdar işləmək baxımından Azərbaycan Respublikasının Prezidenti qarşısında məsuliyyətlə imtahan vermişdir. Cənab Prezidentin tapşırığı əsasında Nazirlər Kabineti yanında yaradılmış Operativ Qərargah biomüharibə şəraitində sözün həqiqi mənasında operativ şəkildə çalışaraq, zəruri qərarları və tələbləri müəyyən etmiş, vaxtında Azərbaycan xalqına çatdırmışdır. Operativ Qərargah vasitəsilə hazırlanıb xalqa ünvanlanmış icazə sistemləri və qadağa qaydaları pandemiya şəraitində insanların həyat fəaliyyətinin idarə olunması və tənzimlənməsində mühüm rol oynamışdır.

Fikrimizcə, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi bu quruma həvalə olunmuş məsuliyyətli vəzifələri yüksək peşəkarlıq səviyyəsində yerinə yetirmək baxımından Azərbaycan Respublikası Prezidentinin etimadını doğrultmuşdur. Azərbaycan polisi həm üzərinə düşən əhalinin və nəqliyyatın nəzarət-buraxılış işlərini bacarıqla təşkil etməklə və həm də işin məsuliyyət dərəcəsinin xalqa çatdırılması üçün nümunəvi maarifçilik təlimi aparmaqla proseslərin tənzimlənməsinə qüvvə və bacarığını əsirgəməmişdir. Ölkəmizin iqtisadiyyat, sosial müdafiə, rabitə, nəqliyyat nazirlikləri və idarələri öz səlahiyyətlərini Prezidentin tapşırıqlarına uyğun olaraq, işlərini respublika üzrə hər yerdə yeni şəraitlə əlaqəli şəkildə qurmaqla həm koronavirusla mübarizəyə öz köməklərini göstərir, həm də ən çətin şəraitdə ölkədə həyat ritmlərinin davam etdirilməsinə töhfələrini verirlər. Təhsil Nazirliyi ilk dəfə olaraq bütün ölkəni əhatə edən distant təhsil şəbəkəsi yaratmağa nail olaraq fasiləsiz təhsili təmin etmişdir. Beləliklə də, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin böyük uzaqgörənliklə söylədiyi "Biz birlikdə güclüyük!” çağırışı real həyatda, ən çətin proseslərdə taleyüklü məsələlərin həllində özünün real gücünü və əhəmiyyətini isbat etmişdir.

Bütün bunlarla bərabər, XXI əsrin xərçəngi olan koronavirus biomüharibəsində ən böyük imtahanı ölkəmizin səhiyyə sistemi verməkdə davam edir. Azərbaycan Respublikasının Prezidentinin son onillik ərzində səhiyyə sahəsində həyata keçirdiyi ardıcıl islahatlar, paytaxtda və regionlarda istifadəyə verilmiş müasir tipli xəstəxana kompleksləri, xəstəxanaların ən müasir tibbi avadanlıq və cihazlarla təmin olunması, həkimlərin bilik və bacarıqlarının daha da təkmilləşdirilməsi sahəsində atılmış addımlar respublikamızda rəqabətədavamlı səhiyyə səviyyəsinin formalaşdırılması ilə nəticələnmişdir.

Normal müharibələr zamanı, əksər hallarda arxa cəbhədə yerləşdirilən hospitallardan, səhra xəstəxanalarından fərqli olaraq, koronavirus biomüharibəsində ön cəbhədə təmsil olunan mülki xəstəxanalarımız pandemiyanın qarşısının alınması üçün "hərbi” vəziyyətdə də işləməyin mümkünlüyünü isbat etmişlər. İkincisi isə, Hippokrat andına sədaqətlə xidmət edən Azərbaycan həkimlərinin vətənpərvərliyi və fədakarlığı sözün əsl mənasında xalqımızın koronavirus müharibəsinin sınaqlarından uğurla çıxmasında mühüm rol oynamışdır. Azərbaycan həkimləri pandemiya dövrünün insanlar üçün həyati əhəmiyyət daşıyan vəzifələrini şərəflə həyata keçirərək dövlətimizin də, xalqımızın da etimadını qazana bilmişdir. Bu mənada yeni dövrün həkimlərinin, tibb bacılarının bədii obrazının yaradılması postpandemiya dövrünün ədəbiyyatının baş mövzusu olmalıdır.

Dünyada və ölkəmizdə pandemiya dövrünün birinci mərhələsinin yekunlarını təhlil edərək, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təşəbbüsü və rəhbərliyi ilə Türk dövlətləri başçılarının onlayn fövqəladə Zirvə toplantısının keçirilməsini də əlamətdar tarixi hadisə kimi ayrıca qeyd etməyi vacib hesab edirəm. Türk dövlətləri başçılarının onlayn fövqəladə Zirvə toplantısı pandemiya dövründə bir-birilərindən təcrid olunmuş dünya ölkələri arasında əlaqə yaratmaq nöqteyi-nəzərindən Azərbaycan Respublikasının beynəlxalq birliyə doğru ilk qətiyyətli addımı kimi mühüm əhəmiyyətə malik olan tarixi hadisədir. Koronavirusla mübarizənin başlandığı vaxtdan indiyədək dünyanın müxtəlif qütblərində yerləşən ayrı-ayrı beynəlxalq təşkilatlardan heç birinin bu qədər çoxlu dövləti əhatə edən geniştərkibli onlayn iclas keçirmədiyini nəzərə alaraq, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ideya rəhbərliyi və təşkilatçılığı ilə keçirilmiş Türk dövlətləri başçılarının onlayn fövqəladə Zirvə toplantısını pandemiya dövrünün alternativi olmayan nadir hadisəsi kimi qiymətləndirmək lazım gəlir. Bu, pandemiyanın ölkələr arasında yaratdığı blokadanı yarmaq, bir-birilərini məlumatlandırmaq, təcrübə mübadiləsi aparmaq, çıxış yolları tapmaq və əməkdaşlıq etmək istiqamətində Azərbaycan Respublikasının həyata keçirdiyi mühüm beynəlxalq əhəmiyyətə malik olan həmrəylik aktıdır.

Bu, Azərbaycan Respublikası Prezidentinin türk dünyasına və beynəlxalq birliyə birbaşa töhfəsidir. Nəhayət, bu, dünya miqyası almış pandemiya dövrünün problemlərini tezliklə və birlikdə həll etməyə Azərbaycan dövlətinin dəstəyinin ifadəsidir. Ən nəhayət, bu, ölkəmizdə və dünyada dialoq carçısı kimi tanınan Azərbaycan Respublikası Prezidentinin illərdən bəri apardığı dialoq siyasətinin növbəti təzahürü və konkret əməli nəticəsidir. Şübhəsiz, pandemiya dövrü bitəcək və illər keçsə də, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin keçirdiyi Türk dövlətləri başçılarının onlayn fövqəladə Zirvə toplantısı Azərbaycanın tarixinin şərəfli hadisəsi olaraq ölkə salnaməsinin pozulmaz səhifəsi kimi yaşayacaqdır.

Hesab edirəm ki, Azərbaycanda pandemiya dövrünün çağırışlarının işığında qısa müddətdə tibbi maska fabrikinin yaradılması və istehsala başlaması, məhsullarını xalqa çatdırması da koronavirusla mübarizə dövrünün yaddaqalan hadisəsidir. Dünyanın birdən-birə maska qıtlığı çəkdiyi şəraitdə maska istehsalının təşkili respublikamızda çevik iqtisadi mühitin formalaşdırıldığının əyani göstəricisidir. Ən əsası isə bu, koronavirusla mübarizədə Azərbaycan dövlətinin öz vətəndaşlarının sağlamlığına göstərdiyi həssas münasibətin və real qayğının əməli ifadəsidir. Hesab edirəm ki, tibb sahəsində, hərbi işdə, mülki müdafiə sistemində, akademik laboratoriya mühitində daim ehtiyac hiss olunan maska istehsalı pandemiya dövründən sonra da davam etdiriləcək, yerli tələbatın ödənilməsinə xidmət göstərəcəkdir. Beləliklə, pandemiya mərhələsində Azərbaycanda yeni bir istehsal müəssisəsinin də əsası qoyulmuşdur.

Son günlərin hadisələri və qərarları aydın surətdə göstərir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ölkəmizi postpandemiya dövrünə hazırlamaq istiqamətində də vaxtında və məqsədyönlü iş aparmaqdadır. Bu cəhətdən birinci mərhələdə ölkədə iş yerlərinin saxlanılması və işçilərin ixtisar edilməsinə dair sərt tədbirlərin həyata keçirilməsi həmin sahədə görülmüş düşünülmüş məqsədyönlü tədbirlərdən biri kimi qiymətləndirilə bilər. İkincisi, Azərbaycan dövlətinin aprel-may ayları müddətində 600 min nəfərdən çox aztəminatlı insanlara, iş yerlərini itirməli olmuş çalışanlara verdiyi maddi maliyyə dəstəyi və müəssisələrdə tətbiq olunan vergi güzəştləri bugünün real ehtiyaclarını ödəməklə bərabər, həm də sabahın istehsalat proseslərinin icraçılarını, peşəkar mütəxəssislər təbəqəsini qoruyub saxlamaq deməkdir. Heç şübhəsiz, postpandemiya dövrünün reallıqları və çağırışları qarşıdakı illərin yeni tipli iqtisadi münasibətlərini də diktə edəcəkdir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin karantin rejiminin mərhələli şəkildə yumşaldılması haqqındakı qərarı əhalinin qarşıdakı yeni iqtisadi və mənəvi mühitə adaptasiya olunması baxımından əhəmiyyətli olduğu qədər ən müasir çağırışlara istiqamətləndirilməsi cəhətdən də faydalıdır.

Bu cəhətdən yanaşsaq, pandemiya dövrünün bir sıra çağırışları, sifarişləri indidən görünməkdədir. Alimlər bu fikirdədirlər ki, qarşıdakı yeni dövrdə dünyada ölkələrin daxili tələbatının ödənilməsinə xidmət edəcək iqtisadi sahələrin inkişaf etdirilməsi üstünlük qazanacaqdır. Bu cəhətdən hər bir dövlət üçün ərzaq və enerji təhlükəsizliyinin təmin edilməsinin ön mövqeyə çıxacağı tam gözləniləndir. Əhalinin çoxişlənən mallara gündəlik tələbatlarının daxili istehsal əsasında ödənilməsinə də yəqin ki, daha çox fikir veriləcəkdir. Eyni zamanda informasiya texnologiyası sahəsində xidmətlərin daha da təkmilləşdirilməsi yeni dövrün əsas çağırışlarından sayıla bilər. Zəruri səhiyyə avadanlıqlarının istehsal edilməsi sahəsində də yerli istehsalın şəbəkəsinin genişlənəcəyini görməmək olmaz. Əlbəttə, bütün bunlar siyasi və elmi qurumlar tərəfindən təhlil edilib əsaslandırıldıqdan sonra yekun qərara çevriləcəkdir.

Təbii olaraq elm sahəsində də artıq yeni bir mərhələ başlanmışdır. Azərbaycan Milli Elmlər Akademiyasının rəhbərliyi elmi kollektivləri postpandemiya dövrünün çağırışlarına doğru hazırlamaq, yönləndirmək sahəsində iş aparır, alimlərin diqqətini dünya elmində gedən proseslərə, yeni hədəflərə doğru istiqamətləndirir. Hazırda ilk növbədə görsənən bundan ibarətdir ki, koronavirusla mübarizənin əsas silahı olacaq vaksinlərin kəşf edilməsi zərurəti hazırkı şəraitdə biologiya və tibb elmlərini ön mövqeyə çıxarmışdır. Heç şübhə ola bilməz ki, Nobel Komitəsinin növbəti laureatları sırasında koronavirusu müalicə edəcək vaksini icad edəcək elm adamı və ya tibb mütəxəssisi ilk növbədə yer alacaqdır. Bundan başqa, immun sisteminin qüvvətləndirilməsinin bioloji və sosial-psixoloji əsaslarının öyrənilməsi də təbabətlə əlaqədar elm sahələri ilə humanitar elmlərin inteqrasiyası əsasında kompleks tədqiqatların aparılması zərurətini meydana çıxarmışdır.

Fikrimcə, iqtisad elmi də əsaslı şəkildə yenidən qurulmağa və öz hədəflərini postpandemiya dövrünün çağırışlarına doğru istiqamətləndirməyə borcludur. Artıq Azərbaycan Milli Elmlər Akademiyasının prezidentinin təşviqi ilə Fəlsəfə İnstitutunun "Pandemiya dövrünün çağırışları və elmin müasir vəzifələri” mövzusunda onlayn elmi seminar təşkil etməyə hazırlaşması, İqtisadiyyat İnstitutunun öz əməkdaşları arasında postpandemiya dövrünün iqtisadi münasibətlərinə dair proqnozlaşdırma üzrə sorğu keçirməsi yeni dövrün əks-sədasına elmi mühitin ilkin reaksiyalarının verildiyini göstərməkdədir. Eyni zamanda bu məsuliyyətli günlərdə akademiya əməkdaşlarının sosial şəbəkələrdə elmi mülahizələrlə çıxışları, bir çox elmi-tədqiqat institutlarının, Mərkəzi Elmi Kitabxananın onlayn rejimdə fəaliyyətlərini qurmaları, magistraturada distant təhsilin tətbiq olunması da yaranmış şəraitdə mümkün ola biləcək imkanlardan istifadə olunmasının təzahürüdür.

Nəticə olaraq bildirmək istəyirəm ki, ölkəmizin bütün ziyalıları kimi, elm adamlarımız da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin koronavirusla mübarizə sahəsindəki ardıcıl, yorulmaz və məqsədyönlü fəaliyyətini, ölkə vətəndaşlarının mənafelərinə həsr edilmiş ümummilli siyasətini ürəkdən dəstəkləyir və müdafiə edirlər. Hesab edirik ki, çətin və məsuliyyətli pandemiya dövründə respublikamızda xalqın demək olar ki, bütün təbəqələri arasında yaranmış birlik və həmrəylik Prezident İlham Əliyevin ardıcıl dövlət siyasətinin əsasında qazandığı uğurların möhtəşəm yekunudur.

Koronavirusla mübarizənin davam etdirilməsi və başa çatdırılması üçün karantin vaxtının uzadılması da ölkəmizdə bu ağrılı prosesdən minimum itkilərlə çıxmaq üçün vaxtında qəbul edilmiş növbəti düzgün qərardır. Həmçinin artırılmış karantin dövrü həm də postpandemiya mərhələsinə hazırlıq üçün də əlavə imkanlar yaratmağa xidmət edəcəkdir. İnanırıq ki, möhtərəm Prezidentimizin rəhbərliyi altında koronavirusla mübarizə dövründə olduğu kimi, postpandemiya mərhələsində də taleyüklü, məsuliyyətli vəzifələr uğurla həyata keçiriləcək, xalqımız daha xoşbəxt sabahlara qovuşacaqdır.

İsa HƏBİBBƏYLİ,

AMEA-nın birinci vitse-prezidenti, Milli Məclisin deputatı, akademik

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video