14 Aprel 2021 03:24
1124
SİYASƏT
A- A+

İlham Əliyevin ədalət çağırışı

 

Vaksinasiyaya nəzarət və inhisarçılıq savaşının real mənzərəsi: Böyük Britaniya öz əhalisinin 295, Avstraliya 269 faizi qədər, Kanada isə adambaşına 9 doz peyvənd əldə edib

 

Dünya iqtisadiyyatının pandemiyaöncəsi vəziyyətə qayıtması və iqtisadi aktivliyin bərpa edilməsi üçün vaksinasiya çox vacib proses hesab edilir. Vaksinasiya prosesinin bərabər və ədalətli şəkildə getməsi təkcə ənənəvi həyat tərzinə qayıdış baxımından deyil, ümumilikdə iqtisadi aktivliyin təmini üçün də önəmlidir.

 

Azgəlirli ölkələr ölümə məhkum edilir

 

İnkişaf etmiş və inkişaf etməkdə olan ölkələr bir-biri ilə sıx iqtisadi tellərlə bağlıdırlar. Ona görə də yalnız inkişaf etmiş ölkələrin vaksinasiya prosesini başa çatdırması hələ onların iqtisadi aktivliyinin bərpası demək deyil.

2020-ci il ərzində koronavirus pandemiyasına qarşı görülən tədbirlər, sərt karantin rejimləri, qapanmalar ümumilikdə dünya üzrə istehlakın 4,4 faiz azalmasına gətirib çıxardıb. Pandemiyanı nəzarət altına almaq üçün əsas alət rolunu isə vaksinlər oynayır.

Ümumiyyətlə, qısa müddət ərzində təsirli vaksinlərin hazırlanıb dövriyyəyə buraxılması dünya əczaçılıq tarixində rekord hesab edilə bilər.

Vaksinlərin istehsalına başlanılması ilə gündəmə başqa bir problem çıxdı: onların inkişaf etmiş və inkişaf etməkdə olan ölkələr arasında ədalətli şəkildə paylanılması.

“Nature” dərgisində yayımlanan araşdırma məqaləsində qeyd edilir ki, 4 şirkət 2021-ci ilin sonuna qədər dünya əhalisinin 30 faizini 2 doz vaksinlə təmin etmək imkanına malikdir. ABŞ-ın Duke Universitetinin Qlobal Sağlıq İnnovasiya Mərkəzinin araşdırmasına görə isə azgəlirli ölkələrdə yaşayanlar 2023-2024-cü ilə qədər 1 doz vaksin almaqda çətinlik çəkəcək və uzun müddət gözləməli olacaqlar.

 

Vaksin istehsalçıları əsasən dünya əhalisinin 13 faizi üçün çalışacaq

 

“AstraZeneca”, “Pfizer” və “Moderna”nın 2021-ci ilin sonuna qədər  2,6-3,1 milyard nəfərə yetəcək qədər vaksin istehsal edə biləcəyi, Rusiyanın “Gamaleya” şirkətinin 500 milyon insanı vaksinlə təmin etmək gücündə olduğu qeyd edilir.

Ancaq Avropa Birliyinin 27 və digər 5 zəngin ölkə istehsal potensialının böyük bir hissəsini nəzarətə almaqla bağlı şikrətlərlə müqavilələr imzalayıb. Bu ölkələr dünya əhalisinin 13 faizini təşkil edir.

Kanadanın əhalisinin sayı 40 milyon nəfər təşkil etsə də, bu ölkə 154 milyon insan üçün vaksin alıb. Bu isə o deməkdir ki, adambaşına 9 doz düşür. Böyük Britaniya öz əhalisinin 295, Avstraliya isə 269 faizi qədər vaksin əldə edib.

Yoxsul ölkələr isə ümidlərini Dünya Səhiyyə Təşkilatının rəhbərliyi ilə formalaşan Covax proqramı çərçivəsində alınmalı vaksinlərə bağlayıb. Covax proqramı çərçivəsində dünya əhalisinin 20 faizini vaksinlə təmin etmək planlaşdırılır. Bu proqram üçün tələb edilən vəsait 38 milyard dollar təşkil edir. Ancaq bu günə qədər zəngin ölkələr  proqrama aktiv şəkildə qoşulmayıblar və tələb edilən vəsait tam şəkildə toplana bilməyib.

 

İlham Əliyevin çağırışı çox önəmlidir

 

İnkişaf etmiş ölkələrin 2021-ci ilin birinci yarısında vaksinasiya prosesini başa çatdırması, yoxsul və inkişaf etməkdə olan ölkələrdə bu prosesin ilin sonuna və ya növbəti ilin ilk yarısına qədər davam edəcəyi təqdirdə dünya iqtisadiyyatına 3.8 trilyon dollar ziyan dəyəcək ki, bunun da 1.9 trilyon dolları inkişaf etmiş ölkələrin payına düşəcək.

Bunun da əsas səbəbi inkişaf etmiş ölkələrlə inkişaf etməkdə olan ölkələr arasında istehsal zənciri boyunca və idxal, ixrac əməliyyatlarında ciddi bağların olmasıdır. Məsələn, bu gün Avropa İttifaqı ilə Türkiyə arasında ciddi iqtisadi əlaqələr mövcuddur. Türkiyənin ixracında Avropa İttifaqı bazarı əsas yeri tutmaqdadır, eyni zamanda ittifaq üçün də Türkiyə əsas bazarlardandır. Deməli, Avropa İttifaqının vaksinasiyanı başa çatdırması və normala dönməsi, Türkiyənin isə uzun müddət pandemik şəraitdə qalması Avropanın həm idxalına, həm də ixracına mənfi təsir göstərəcək.

Ona görə də prosesdən sinxron şəkildə inkişaf etmiş və inkişaf etməkdə olan ölkələrin bir yerdə çıxması olduqca vacibdir. Digər bir məqam: prosesin uzun müddət uzanması inkişaf etmiş ölkələrin əsasən ağır sənaye, “İT” industriya və yüksək texnologiyalar sahəsinə mənfi təsir göstərəcəksə, inkişaf etməkdə olan ölkələrdə ən çox ziyanı xidmət sektoru çəkəcək.

Bu baxımdan Azərbaycan Prezidenti İlham Əliyevin vaksinasiya prosesində ədalətli yanaşma çağırışı sadəcə insan haqları  deyil, eyni zamanda qlobal iqtisadi münasibətlərin normallaşması baxımından da önəmlidir.

 

Aqil MƏMMƏDOV,

politoloq

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video