25 May 2019 02:46
1842
SİYASƏT
A- A+

İLHAM ƏLİYEVə bütün Azərbaycan xeyir-dua verir


Prezident yalnız inkişafın, quruculuğun və islahatların təkmil modellərini yaratmır, ən əsası, yeni dövr liderliyin, mükəmməl idarəçiliyin, şəffaf və hesabatlı fəaliyyətin meyarlarını formalaşdırır


Ölkədəki dinamik inkişafın, genişmiqyaslı quruculuğun əyani təzahürlərindən biri də Prezidentin iştirakı ilə mütəmadi keçirilən açılışlar, təməlqoyma mərasimləridir. Bu tədbirlərin mahiyyətini yalnız yeni müəssisələrin və yüzlərlə iş yerinin yaradılması, yaxud əhalinin qayğılarını azaldan, istirahət hüququnu təmin edən sosial infrastrukturların istifadəyə verilməsi ilə məhdudlaşdırmaq düzgün olmazdı.

Çünki onlar həm də Prezidentə vətəndaşlarının müxtəlif zümrələri ilə görüşmək imkanı verən, əhalinin çətinliklərini, rəylərini öyrənməyə şərait yaradan fürsətlərdir.


İlham Əliyevin ekspromtları


İlham Əliyevin liderlik istedadının, siyasi peşəkarlığının ən üstün məziyyətləri də məhz bu görüşlərdə öz təntənəsini yaşayır. Ən mühüm cəhət odur ki, bütün görüşlər ekspromt alınır. Məsələn, elə son üç günün iki tədbirinə nəzər salaq.

Paytaxt qəsəbə və kəndlərinin yeni nəqliyyat dəhlizini formalaşdıracaq, yüz minlərlə insanın hərəkətini, fəaliyyətini daha da effektivləşdirəcək Bakı sərnişin - Sabunçu dəmiryol xətti üzrə görülən işlərin vəziyyəti barədə məlumat almaq üçün Prezident yeni vağzal kompleksinin açılışına gəlir. Ölkə rəhbərinin qrafiki konkretdir: təkmilləşən dəmir yolu infrastrukturu ilə tanışlıq.

Amma İlham Əliyev əsl liderdir, idarəçilik metodları da hansısa basma-qəliblə, qrafiklə hüdudlanmır. O, xalqına ərməğanı olan bu yeni layihəsi vəsiləsiylə vətəndaşları ilə görüşmədən iş kabinetinə əsla qayıtmaz. Və bu minvalla Prezident qəfildən hərəkət istiqamətini dəyişərək əhaliyə doğru yönəlir. Yəni yeni vağzal kompleksinin açılışına yox, ilk növbədə vətəndaşın qarşısına gedir. Onları dinləyir, suallar verir, ölkədəki islahatların məğzi barədə qısa da olsa danışır.

Ardınca yenə də Prezident ekspromtuna şahid oluruq. Bu dəfə İlham Əliyev anidən mağazaya daxil olur. Satıcılar və müştərilər bir anda qarşılarında liderlərini görmək sevincini, həm də şokunu yaşayırlar. Yenə də suallar, cavablar, rəylər...

Vağzala doğru iki yüz metrlik qısa məsafəni Prezident uzun müddətə qət edir. Hər addamda bir vətəndaşının əlini sıxır, qucaqlaşır, şəkil çəkdirir, dərdini dinləyir, tapşırıq verir...

Yaxud Mərkəzi parkın açılışında İlham Əliyev və xanımı tək paytaxtın deyil, ümumilikdə Qafqazın ən modern istirahət mərkəzlərindən biri olacaq məkanla tanışlıqdan sonra avtomobillərinə doğru deyil, yenə də xalqa yönəlirlər. Füzuli küçəsi boyunca, dahi şairin abidəsi önündə bir anda möhtəşəm qələbəlik yaşanır. Evinə gedənlər, parkda istirahətə gələnlər, yolu keçənlər, bir sözlə, sadə vətəndaşlar qəfildən Prezident və xanımı ilə qarşılaşırlar...

Yenə də qucaqlaşmalar, səmimi söhbətlər, sual-cavablar, problemlərin dinlənilməsi, müvafiq tapşırıqların verilməsi...


İlham Əliyevi görəndə qəzəb də itir, çətinlik də unudulur...


Demək olar ki, həftədə azı üç-dörd dəfə qarşılaşdığımız bu mənzərə bizlər üçün adiləşsə də, etiraf etməliyik: bu görüşlər dünyada az rastlanan xalq-lider ünsiyyətinin, sağlam qarşılıqlı münasibətlərin, birmənalı etimadın ən yüksək göstəriciləridir.

Xalqına bu qədər yaxın olan LİDERə az təsadüf olunur...

İlham Əliyev haqlı olaraq xalqına güvənir...

Həm də daim xalqının yanındadır.

Bəyəm biz bunu elə bir neçə ay öncə zəlzələ bölgəsində - Şamaxıda, Ağsuda, İsmayıllıda görmədik?!.

Bir silkələnməylə əmlakını, varidatını, yaşayışını itirən, narahatlıq, nigaranlıq içində olan insanlar qarşılarında İlham Əliyevi görərkən keçirdikləri hissləri, üzlərindəki ifadəni hamımız televiziyadan izlədik.

Bu əsəbi insanlar bir anın içində sakitləşdilər, Liderlərinə, onun şəxsində dövlətlərinə sarıldılar!

Mühüm psixoloji təəssüratlar idi. Ən maraqlı məqam isə o insanların Prezidentə xitabla "Bilirdik ki, Siz gələcəksiniz, bizi burda tək qoymayacaqsınız” demələri oldu.

Bəli, Azərbaycan vətəndaşları, - istər paytaxtda, istər Lerikdə, Gədəbəydə, Qusarda, İmişlidə olsun, - harada yaşamalarından asılı olmayaraq bilirlər ki, çətin günlərində güvənəcəkləri, arxalanacaqları bir dayaqları - Liderləri - İlham Əliyevləri var!

Yalnız elə son dörd ayda 3,5 milyon insan, xalqın üçdəbiri yeni sosial paketdən bəhrələnmədimi?!.

Bu qayğı silsiləsini sadalamağa davam etsək, son ayların humanist qərarlarını yada salsaq, görün neçə səhifə alınar?!.


Məmurlar Prezidentdən necə nümunə götürürlər?..


Bəli, Prezident yalnız inkişafın, quruculuğun və islahatların təkmil modellərini yaratmır, ondan da vacibi, ondan da əsası, yeni dövr liderliyin, mükəmməl idarəçiliyin, şəffaf və hesabatlı fəaliyyətin meyarlarını formalaşdırır.

Və bu meyarlar hökmən bütün məmurların - nazirlərdən icra başçılarına, mənzil-istismar idarələri rəislərinədək hər birinin fəaliyyət istinadgahına çevrilməlidir: bunu illərdir Prezident də tələb edir!

Prezident ortaya mükəmməl nümunə qoyur: əhali ilə hər görüş həm rəhbərin öz fəaliyyətinin hesabatını vətəndaşlarına verməyə, həm də onların qayğılarını, rəylərini öyrənməyə şərait yaradır. Yəni İlham Əliyevin "hesabatlı fəaliyyət - xalqın rəyi ilə hesablaşılan idarəçilik” metodunu əks etdirir.

Məsələn, Prezident son sərəncamları məhz əhali ilə görüşlərdə qaldırılan problemlər əsasında imzaladığını bəyan edib. Yəni vətəndaşlar onları narahat edən məsələlər, qayğılar barədə rəhbərlərinə məlumat verir, Prezident də onları diqqətlə, dəqiqliklə araşdırır və müvafiq qərarını verir. Elə İlham Əliyevin məhkəmə hüquq sistemindəki problemlərlə bağlı son vaxtlar səsləndirdiyi tənqidi fikirlər və bu sahədə köklü islahatlara rəvac verəcək "yol xəritəsini” - müvafiq sərəncamı imzalaması da məhz bu görüşlərdə səslənən narazılıqların təzahürüdür.

Prezidentin məmurlardan əsas tələbi budur: xalqın rəyini, problemlərini öyrənin, ancaq işinizi bununla bitirməyin, o rəylər əsasında fəaliyyətinizi qurun, problemləri isə həll edin!

Düzdür, uzun müddətdir Prezidentin tapşırığı ilə mərkəzi icra strukturlarının və yerli orqanların rəhbərləri vətəndaşların qəbulu prosesini intensivləşdiriblər. Amma bu qəbullarda, görüşlərdə də İlham Əliyev nümunəsi örnək götürülməlidir. Yəni əsas görüş deyil, əsas nəticədir - görüşdə səslənən problemlərin həlli vəziyyətidir. Bu baxımdan paytaxt rəhbərliyinin həyata keçirdiyi, Prezidentin tapşırığı ilə indi artıq miqyası da genişlənən "Açıq mikrafon” formatlı qəbulların təşkili diqqəti xüsusi cəlb edir və onların bölgələrdə də davamı səmərəli nəticələr verər.

Ötən ilin aprelindən etibarən Prezident fəaliyyətinin yeni dövrü, islahatların isə növbəti mərhələsi başlayıb. Proses uğurla gedir, real nəticələr verir.

İlham Əliyev paytaxtı kəndbəkənd, az qala məhəllə-məhəllə gəzir, məmləkətin cənubdan şimala, qərbdən şərqə doğru bütün bölgələrinə səfər edir. Hər yerdə də eyni üslubdadır: xalqına hesab verir və xalqının rəyini öyrənir.

Amma unutmayaq, əhali Liderinə yalnız qayğılarından, çətinliklərindən danışmır, ondan daha artıq öz sevgisindən, etimadından bəhs edir, Prezidentə tam güvəndiklərini söyləyir...

Bütün Azərbaycan İlham Əliyevə xeyir-dua verir...

İxtiyar HÜSEYNLİ,

"Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video