14 Oktyabr 2021 01:09
2229
SİYASƏT
A- A+

İlham Əliyevdən erməni saxtakarlığına sarsıdıcı zərbə

 

Vətən müharibəsindəki qələbəmiz tariximizə yeni əlamətdar günlər qazandırdı. Əgər qələbəyə qədər hər il ayrı-ayrı rayonlarımızın işğalının ildönümünü kədərlə xatırlayırdıqsa, bu hüznlü yaddaşın unudulmaması üçün onun ağrı-acılarını gənc nəsillə bölüşürdüksə, artıq indi doğma yurdlarımızın qurtuluş günlərini bayram edirik. Bir-birimizlə sevincimizi, fərəhimizi paylaşırıq. Həmin gənc nəsil Azərbaycan Ordusunun Ali Baş Komandanı, Prezident İlham Əliyevin rəhbərliyi ilə torpaqlarımızı işğaldan qurtardı. Azadlıq ildönümlərini tarixə yazdı.

Azərbaycan 44 günlük Vətən müharibəsi ilə dünyanın hərb tarixini də dəyişdi. Bütün bəşəriyyətə göstərdi ki, artıq sülh barədə daha ciddi düşünmək zamanıdır. Müharibələrə səbəb olan mənasız iddiaları aradan qaldırmaq gərəkdir. Toplumları faşizm mahiyyətli ideologiyalardan çəkindirmək vaxtıdır. Ona görə ki, indiki müasir silahlarla uzunmüddətli müharibələr aparılsa, bu müharibələrin miqyası və nəticələri dəhşətli olar. Azərbaycanın Vətən müharibəsində nümayiş etdirdiyi mükəmməl döyüş taktikası, hərbi gücü, tətbiq etdiyi innovativ silahlar düşmənin gözünü qorxutdu, onu təslimçi sülhə, faktiki olaraq kapitulyasiya aktına imza atmağa məcbur etdi, dünyaya böyük bir həqiqəti anlatdı.

Qoy dünya bu müharibənin təcrübəsindən nəticə çıxarsın. İnsan oğlunun yaradıcı potensialı, kəşfləri - yeni silahların icadına deyil, həyatın gözəlləşdirilməsinə, inkişafa yönələn mövcud problemlərin həllinə, rifahın yüksəldilməsinə həsr olunsun. Azərbaycan bütün nüfuzlu dövlətlərə, təcrübəli hərbi rəhbərlərə belə, Qələbənin sirlərini, onun nümunəsini göstərdi. İndi hamı şanlı qələbəmizdən müəyyən nəticələr çıxarmağa can atır. Azərbaycanın həm 44 günlük Vətən müharibəsində, illərlə davam etmiş hərbi, diplomatik, sosial-iqtisadi, mənəvi hazırlıq prosesində, həm apardığı ildırım sürətli döyüş əməliyyatlarında, həm də müharibə nəticəsində yaranmış yeni reallıqların idarə edilməsi qabiliyyətində hər kəsin öyrənə biləcəyi çox sirli məqamlar oldu. Ölkəmiz hərbi təcrübəsi ilə dünyanı mat qoydu.

Bütün bunlar, həqiqətən, hərb tarixinə yazılan, bu tarixdə əbədiləşən nümunəvi yeniliklərdir, Azərbaycan igidlərinin canı-qanı bahasına yazılmış qəhrəmanlıq salnaməsidir. Bununla belə, hamı istəyir ki, indidən sonra bunlar ancaq tarix kimi xatırlansın, öyrənilsin...

 

Tarixi hərbi əməliyyat

 

Oktyabrın 9-da Hadrut qəsəbəsinin işğaldan azad edilməsinin birinci ildönümü idi. Bu münasibətlə Azərbaycan Prezidenti İlham Əliyev qəsəbəyə səfər etdi. Burada milli-mənəvi varlığımızın, qayıdışımızın nişanəsi kimi yeni məscidin, ərazini işığa bürüyəcək Yeni Hadrut yarımqovşaq stansiyasının təməlini qoydu. Hadrut-Cəbrayıl-Şükürbəyli, Tuğ-Hadrut və Füzuli-Hadrut yollarında aparılan tikinti işləri ilə tanış oldu. Qəsəbənin daxil olduğu Xocavənd rayon ictimaiyyətinin nümayəndələri ilə görüşdü və sonra onlarla birlikdə Tuğ kəndinə getdi. Tarixi keçmişimizin böyük bir hissəsini özündə yaşadan kəndin mənzərəsinə, keçmişin ayrı-ayrı nişanələrinə illərdir Tuğdan uzaq düşmüş insanlarla bir yerdə nəzər saldı. Onların xatirələrini dinlədi.

Azərbaycan Prezidentinin azad olunmuş yurdlarımıza bütün səfərləri kimi Hadruta səfəri, Xocavənd rayon ictimaiyyəti qarşısındakı çıxışı da böyük tarixi məna daşıyırdı. Bu görüşlər Hadrutun və ümumən Qarabağın tarixi həyatında yeni dövrün başlanmasının müjdəçisidir. Bunu çıxışında Prezident İlham Əliyev özü də xüsusi qeyd etdi. Ali Baş Komandan Hadrut əməliyyatının Vətən müharibəsindəki xüsusi əhəmiyyətinə toxundu:  “Bu əməliyyatın uğurla başa çatması bizə imkan verdi ki, öz hədəfimizə - Qarabağın azad edilməsinə nail olaq. Hadrutun yerləşməsi bu bölgədə strateji nöqteyi-nəzərdən xüsusi əhəmiyyətə malikdir, çünki dağlıq ərazidir. Qəsəbə ətrafında yerləşən təpələr böyük əraziyə nəzarət etməyə imkan verir və Hadrutu götürmək hərbi nöqteyi-nəzərdən çox çətin idi. Eyni zamanda Hadrutu götürməklə bizim gələcək planlarımız üçün yeni imkanlar açıldı. Onu da bildirməliyəm, baxmayaraq ki, müharibə zamanı Ermənistan ordusunda on mindən çox fərari olmuşdur və bəzi yaşayış məntəqələrindən onlar tələm-tələsik qaçaraq çıxmışdılar, amma Hadrutda dirəniş göstərdilər, müqavimət göstərdilər və burada gedən şiddətli döyüşlər bir neçə gün davam etmişdir. Buna baxmayaraq, Azərbaycan əsgəri, zabiti qarşısında onlar öz acizliyini dərk edərək burada da məğlubiyyətə uğradılar”.

Ali Baş Komandanın hərbi əməliyyatların gedişi ilə bağlı açıqladığı təfərrüatlardan belə məlum olur ki, Ermənistan rəhbərliyi və silahlı qüvvələri Azərbaycan Ordusunun Cəbrayıldan sonra Hadrut istiqamətində irəliləyəcəyini gözləmirmiş. Onlar ordumuzun Füzuli istiqamətində hərəkətə keçəcəyini zənn edirmişlər. “Çünki hərbi nöqteyi-nəzərdən Hadrutu götürmək doğrudan da çox böyük fədakarlıq və peşəkarlıq tələb edirdi. Biz bu əməliyyatı keçirməklə öz gücümüzü bir daha Ermənistana və bütün dünyaya göstərdik. Göstərdik ki, heç kim və heç nə bizim qabağımızda dura bilməz, nəyin bahasına olursa-olsun, biz bütün torpaqlarımızı azad edəcəyik” - deyə Azərbaycan Prezidenti vurğuladı. Bu tarixi təfərrüat da ölkə başçısının sərkərdəlik məharətini, verdiyi əmrlərin düzgünlüyünü, peşəkar zabitlərimizlə birgə hərbi əməliyyatları zərgər dəqiqliyi ilə idarə etmək istedadını göstərir.

 

Ermənilər Hadruta XIX əsrdə İrandan köçürülüb

 

Hər birimiz ordumuzun Hadrut zəfərindən sonra Ermənistan rəhbərliyinin düşdüyü mənəvi-psixoloji sarsıntını, vəziyyətdən çıxmaq üçün bu ərazi ilə bağlı yaydıqları yalanları yaxşı xatırlayırıq. Onlar müxtəlif dezinformasiyalarla guya Hadrutdan hərbi-taktiki məqsədlə geri çəkildiklərini iddia edir, sonra isə yenidən oralara qayıtmaları barədə rəy yaratmağa çalışırdılar. Prezident İlham Əliyev çıxışında bu məqama da toxundu: “Bütün bu yalanları müşahidə edərək, sadəcə olaraq, təəccüb edirdim. Çünki açıq-aydın idi ki, Hadrut artıq bizdədir. Mən əmr verdim Hadrutda Azərbaycan bayrağı qaldırılsın ki, ermənilərin bu yalanlarına son qoyulsun. Ancaq ondan sonra - Azərbaycan əsgər və zabitləri bizim dövlət bayrağımızı Hadrutda qaldırıb mənə raport verəndən sonra artıq Ermənistan rəsmi təbliğatı etiraf etdi ki, Hadrut Azərbaycan Ordusunun nəzarətindədir. Bu, bir daha onu göstərir ki, Ermənistan təbliğatı istər işğal dövründə, istər müharibə dövründə, istərsə də postmüharibə dövründə yalan üzərində qurulub. Onların tarixi də saxtadır, keçmişi də saxtadır, dövlətçiliyi də saxtadır, mifologiyası da saxtadır. Sadəcə olaraq, dünya erməniliyi yaşadığı ölkələrdə elə bir yalan rəy yaradıb ki, sanki Ermənistan əhalisi əsrlər boyu burada yaşayıb”.

Azərbaycan Prezidenti çıxışı zamanı ermənilərin yalanlarını bir daha ifşa etdi. Hadruta ermənilərin XIX əsrdə İrandan köçürüldüklərini və o vaxta qədər bu torpaqlarda bir erməninin də yaşamadığını diqqətə çatdırdı. Qeyd etdi ki, ermənilərin bu torpaqları özləri üçün doğma torpaq saymadıqları Hadrut qəsəbəsinin indiki halından da görünür. Burada demək olar ki, 30 il ərzində heç nə dəyişilməyib. Hərbçilər üçün iki bina və təmir edilmiş bir məktəb istisna olmaqla, qalan bütün binalar necə varmışsa, elə də qalıb: “Yəni kütləvi səfalət hökm sürüb, bir daş daş üstünə qoyulmayıb. Görün yollar, binalar nə gündədir. Bəzi binalarda, ümumiyyətlə, insan necə yaşaya bilər, böyük sualdır. Sual olunur, bəs 30 il ərzində Ermənistan dövləti xarici ermənilərdən milyonlarla pul alıb. Onlar hər il marafon düzəldirdilər, hər il təqribən yüz milyon dollardan çox pul yığılırdı. Onu vurun 30 ilə, görün təxminən nə qədər pul edir”.

Azərbaycan Prezidenti İlham Əliyev onu da yada saldı ki, Ermənistanın keçmiş oğru rəhbərləri bu illər ərzində dünyanın zəngin ermənilərini aldadaraq, marafonlar düzəldərək o pulları cəlb edib özləri üçün bildikləri kimi xərcləyiblər. “Onların böyük bir fondu var, adı Hayastandır. Bilməyənlər üçün deyə bilərəm ki, Hayastan, əslində, Ermənistan deməkdir. Bilmirəm nəyə görə ingilis dilində, rus dilində Hayastana Armenia deyirlər, çünki ermənilər özlərini hay adlandırırlar, öz ölkəsini Armenia yox, Hayastan adlandırırlar. Bu tarixçilərin işidir. Mən bunun səbəbini bilirəm, amma yəqin ki, gərək Azərbaycan tarixçiləri də daha dolğun tədqiqatlar aparsınlar. Yəni bu Hayastan fondu dediyim kimi, bəlkə də bir neçə milyard pul yığmışdır. Həmçinin Amerikada yaşayan zəngin ermənilər öz xüsusi fondlarını yaradıblar, öz ailə üzvlərinə aid fondlar yaradıblar. Otuz il ərzində bəlkə də ən azı bir neçə milyard pul yığılıbdır və o pulun taleyi, necə deyərlər, məlum deyil. Çünki azad edilmiş bütün yerlərə baxdıqda, hətta erməni əhalinin yaşadığı yerlərə baxdıqda, orada heç bir inkişafın əsər-əlaməti yoxdur. Görün Şuşa nə gündədir. Onlar Şuşanı bütün dünyaya öz şəhəri kimi qələmə verməyə çalışırdılar, bu gün də çalışırlar. Əgər sənin şəhərindirsə, niyə bu gündədir?!”

Azərbaycan Prezidenti bildirdi ki, təxminən 30 il ərzində Şuşada cəmi iki yeni bina tikilib və onlar da şəxsi evlərdir. Evlərdən biri separatçıların rəhbərlərinə, digəri xaricdə yaşayan başqa bir zəngin erməniyə məxsus olub. “Şuşadakı 17 bulağın 17-si də qurudulub. Yaxşı, bu, sənin şəhərindirsə, niyə bu gündədir?! - deyə ölkə rəhbəri erməni saxtakarlığının, onların bəd əməllərinin, məkrli niyyətlərinin hədd-hüdudunun olmadığını göstərdi.

Neçə əsrlərdir uydurmalarla dolu erməni tarixşünaslığının analoqu yoxdur. Hazırda bu barədə dünya alimləri də öz tədqiqatlarında yazırlar. Çünki erməni xalqının, erməni dövlətçiliyinin tarixinin aparıcı hissəsi faktlara deyil, saxta məlumatlara, miflərə söykənir. İstənilən bir xalq mifləri həqiqət kimi təqdim etməyə cəhd göstərəndə, onları dövlət ideologiyasının sütunlarına çevirəndə, öz uydurulmuş iradlarına görə real tarixi, sənədləşdirilmiş keçmişi saxtalaşdırmağa başlayanda, ən mühümü isə, onlar üzərində gerçək siyasət qurub başqalarına qarşı əsassız iddialarla çıxış edəndə bu, ilk növbədə, bəşəriyyət üçün böyük faciələrə gətirib çıxarır. Uydurmaların yaranması üsulları da onların riyakarlıq diapazonu kimi məhdudiyyətsizdir: hamını aldatmaq, təhrif olunmuş faktlara inandırmaq... İllər əvvələ qədər bu yalanlarla bəlkə də kimlərisə aldatmaq olardı. Amma bu yalanların qarşısına real həqiqətlərlə çıxan Azərbaycanın apardığı haqq davası, effektiv informasiya müharibəsi erməni saxtakarlığının meydanını get-gedə daraltmaqdadır. 

 

Dini-mənəvi dəyərlərimizə sadiqlik nümunəsi

 

Hazırda başqa azad yurdlarımız kimi Hadrutun da bərpası və abadlaşdırılmasına hazırlıq gedir. Qəsəbənin baş planı ilkin variantda dövlət rəhbərimizə təqdim edilib. Amma Azərbaycan Prezidentinin bu baş planla bağlı iradları olduğundan, Hadrutu bu plandakından daha gözəl, abad görmək istədiyindən hazırda onun üzərində işləmək lazım gəlir. “Hesab edirəm ki, yaxın 1 ay ərzində bizim memarlar, inşaatçılar yeni plan üzərində işləyəcəklər, təqdim olunacaq və biz onu təsdiq edəcəyik”- deyə  dövlət başçısı diqqətə çatdırdı.

Azərbaycan Prezidentinin Hadrutda məscidin təməlini qoyması və burada islam dininə aid abidənin tikintisinə başlanması da böyük mənəvi-tarixi məzmun daşıyan hadisədir. Sovet vaxtında Hadrut qəsəbəsində yaşayanların əksəriyyəti ermənilər olduğundan onlar, təbii ki, burada məscidin inşasına imkan verməzdilər. Digər  tərəfdən, sovet rejimi - ateizm dövründə məscid tikmək, ümumiyyətlə, mümkün deyildi. Ona görə də Hadrut qəsəbəsində məscid yox idi. Qəsəbəni azad etdikdən sonra burada məscidin təməlini qoymaqla Azərbaycan dövləti tarixi ədaləti bərpa etdiyi kimi, dini-mənəvi dəyərlərimizə də sədaqətini göstərdi. “Hadrutun tarixi hissəsi yenidən qurulacaq. Artıq binaların təmiri ilə bağlı ilkin görüntülər var və eyni zamanda, qəsəbədə müşahidə olunan bu səliqəsizlik adamı incidir. Qəsəbəni bugündə təsəvvür etmək mümkün deyil. Ona görə biz Hadrutu beynəlxalq mədəniyyət və turizm mərkəzinə çevirmək əzmindəyik”, - dedi dövlət başçımız. Onun sözlərinə görə, qəsəbənin və Xocavənd rayonunun inkişafı ilə bağlı əsas istiqamət kənd təsərrüfatı, xüsusilə bitkiçilik, heyvandarlıq, üzümçülük olacaq. Bura həm də turizm mərkəzinə çevriləcək. Zəngin təbiətindən əlavə tarixi abidələrin, körpülərin, məşhur Azıx mağarasının, Tağlar mağarasının burada yerləşməsi Xocavənd rayonunun turizm üçün önəmini daha da artırır. Azərbaycan Prezidenti Azıx mağarası ilə bağlı ermənilərin cəfəng bir iddiasını da xatırlatdı. Onların hətta Azıx mağarasını da erməniləşdirmək istədiklərini qeyd etdi: “Bunların cəfəngiyyatının dərəcəsinə baxın, onlar bəyan edirdilər ki, Azıx mağarasında ermənilər yaşayıblar. Adam bilmir gülsün, yoxsa neynəsin. Azıx mağarasını aşkarlayan da azərbaycanlı arxeoloqlar olmuşlar. O arxeoloqlar böyük tədqiqat işləri aparmışdılar. Ermənilər, sadəcə olaraq, təbliğat üçün dünyanın bir neçə ölkəsindən alimlər gətirərək burada şou yaradırdılar. Demək olar ki, mağaraya böyük ziyan vurublar”.

Bir həqiqəti də qeyd edək ki,  Ermənistan o torpaqları nə üçün işğal etdiyini, niyə onillərlə saxladığını, ötən 30 il ərzində bundan nə qazandığını heç kimə doğru-dürüst izah edə bilmir. Çünki Ermənistan cəmiyyətinin bu münaqişədən nə qazandığı özünə də məlum deyil. Əksinə, ağlasığmaz itkiləri var. Ötən əsrin 80-ci illərinin sonunda Qarabağ ermənilərinin separatçı hərəkətləri yenicə başlayanda   onların başabəla millətçi “akademikləri” bunu belə əsaslandırmağa çalışırdılar ki, guya Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi regionun iqtisadi inkişafı baxımından daha səmərəli olar. Ermənilərin 30 il ərzində bu torpaqlarımızda yaratdıqları xarabazarlıqlar, qurulu rayonlarımızı, kənd və qəsəbələrimizi tar-mar etmələri, evlərin daşına, mismarına qədər söküb satmaları söhbətin hansı “effektivlikdən” getdiyini  aydın göstərir.

30 il ərzində ermənilər bu ərazilərdə heç bir iqtisadi dəyər yarada bilməyiblər. Yaratdıqları viranələrdir. Azərbaycanın vəhşicəsinə dağıdılan əmlakıdır. Vətəndaşlarımızın talan edilmiş mülkiyyətidir. Sivilizasiyadan uzaq ünsürlər kimi bu ərazilərdə qurulu nə varsa, yerləyeksan etmələridir. Onlar bədnam əməllərinin əvəzini ödəməli olacaqlar. O zaman bir daha anlayacaqlar ki, faşizmə məxsus millətçilik nağılları heç kimə xeyir gətirməyib. Bir daha anlayacaqlar ki, nə istədiyini bilməyən, kimlərinsə əlində alətə çevrilən, regionun inkişafını əngəlləyən, özünü çıxılmaz vəziyyətə məhkum edən bir xalqın gələcəyi ola bilməz!

Prezident İlham Əliyev tarixi abidələrlə zəngin olan bu yerlərdə turizm mərkəzləri, hotellər tikmək üçün azərbaycanlı və xarici investorları dəvət etmək istəyini dilə gətirdi. “Dünyada Xocavənd kimi, Hadrut qəsəbəsi kimi gözəl səfalı yerlər çox azdır. Ermənilər Kəlbəcərdəki, Laçındakı və digər yerlərdəki meşələrimizi qırıblar. Kəlbəcər, Laçın, Zəngilan rayonlarında 60 min hektara yaxın meşə sahəsi tamamilə məhv edilib, qırıblar, yandırıblar, Cəbrayılda da, həmçinin amma burada yox. Ona görə burada təbiət demək olar ki, toxunulmaz qalıb. Bir də ki, burada faktiki olaraq əhali yox idi. Hadrutda bəlkə min nəfər yaşayırdı-yaşamırdı. Əhali yox idi. Ona görə bax, bu bölgənin saf təbiətini biz qorumalıyıq. Vətəndaşlar bura qayıtdıqdan sonra, ilk növbədə, bu təbiətin qorunmasına gərək özləri fikir versinlər və əlbəttə, dövlət də öz üzərinə düşən vəzifələri icra edəcək”.

Bəli, işğaldan azad olunmuş yurdlarımız artıq özünün yeni tarixinə qədəm qoyur. Bu, Azərbaycan dövlətinin gücü, xalqımızın sülh, rifah, bütün dünyaya xoşbəxtlik arzusu ilə yaradılan inkişaf tarixi olacaq. Böyük dövlət adamlarının həyata keçirdikləri siyasətin fəlsəfəsini, irəli sürdükləri strategiyanın mahiyyətini tam anlamaqdan ötrü bəzən bu barədə mütəmadi oxumaq, ardıcıl təhlillər aparmaq kifayət etmir. Sadəcə zamanın özü adamı elə həqiqətlərlə qarşılaşdırır ki, onlar bütün mətləbləri aydınlığı ilə izah edir. Seçilmiş yolun, atılan addımların, verilmiş qərarların nə qədər düzgün olduğunu, hər incə detalının zərgər dəqiqliyi ilə nəzərə alındığını sübuta yetirir.

 Azərbaycan xalqı azad yurdlarımızda əbədi yaşayacaq və bu torpaqları cənnətə çevirəcək!

 

İradə ƏLİYEVA,

“Azərbaycan”

 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video