06:38 09 May 2021
ONLINE XƏBƏR LENTİ
01:55 09.05.2021

Heydər Əliyev yolu


01:52 09.05.2021

Liderlik rəmzi


01:52 09.05.2021

Şərqdən doğan Günəş


01:50 09.05.2021

Xilaskarlıq missiyası


01:08 09.05.2021

Kəşfiyyatçı Zorge


01:05 09.05.2021

BİLDİRİŞ


01:04 09.05.2021

BİLDİRİŞ


Zəfər qoxulu payızım...
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

İlham Əliyev Qarabağın xoşbəxtliyini özünə qaytardı

ANA SƏHİFƏ / SİYASƏT
00:35 17.04.2021

 

İndi doğma yurdumuzun hər günü sevincə köklənib, bayram təntənəsi yaşanır

 

Nə xoşbəxtsən, Qarabağım!

Düz 30 illik həsrətdən, qubardan, nisgildən sonra üzün gülür, başındakı duman avazıyıb, çən-çiskinin dağılıb, saralıb solan bağ-bağçan laləzara çevrilib.

Düz 30 ildir ki, intizarında olduğun o axarlı-baxarlı çağlarına, şən-şaqraq, bəxtəvər günlərinə qovuşmusan.

İndi hər günün sevincə köklənib, hər anında bayram təntənəsi yaşanır. İllərdir intizarında olduğun doğma övladlarının həniri könlünə məlhəm olur, ürəyin fərəhdən dağa dönür. Büllur qəsrin Şuşadan, Cıdır düzündən başlayaraq Laçınına, Kəlbəcərinə, Ağdamına, Cəbrayılına, Füzulinə, Zəngilanına, Xankəndinə və azadlığa qovuşaraq şadyanalığa bürünən obalarına, ellərinə, Odlar yurdumun hər yerinə paylayırsan sevincini...

Bilirsənmi, indi müqəddəs məscidlərdən ucalaraq şah zirvələrində əks-səda verən azan sədaları ruhumuzu necə coşdurub Tanrı dərgahına pərvazlandırır...

Elə çox gözləmişdik ki bu günlərini...

Bu çağlarını görmək həsrəti ilə o qədər ürəyimiz dağlanmışdı ki...

 

Duaların çin olduğu müqəddəs məqam

 

“...Bu, həqiqətən də, tarixi günlərdir. Bəlkə də çoxəsrlik Azərbaycan tarixində buna bənzər şərəfli və qürurlu günlər olmayıb. Biz bunu birliyimiz sayəsində qazanmışıq, gücümüz sayəsində qazanmışıq”.

Ali Baş Komandan İlham Əliyev birinci xanım Mehriban Əliyeva ilə birlikdə işğaldan azad edilmiş Ağdam şəhərində olarkən Cümə məscidinin önündə çıxışı zamanı söyləmişdi bu dəyərli fikirləri.

Qalib sərkərdə İlham Əliyev Ağdam məscidinə Məkkədən gətirdiyi müqəddəs “Qurani-Kərimi” bağışlamışdı və torpaqlarımızın işğaldan azad olunmasından duyduğu xoşbəxtlik hissini dilə gətirmişdi: “Mən xoşbəxt adamam ki, dörd dəfə Məkkə ziyarətində olmuşam. Bir dəfə rəhmətlik atamla, üç dəfə isə Prezident kimi. Xoşbəxtəm ki, mən ailə üzvlərimlə bərabər müqəddəs Kəbənin içində dualar etmişəm. Hər bir insanın ürəyində nə varsa, mənim ürəyimdə də eyni duyğulardır.

Etdiyim duaların arasında birinci duam torpaqlarımızın işğaldan azad edilməsi idi. Allahdan xahiş edirdim, mənə güc versin ki, biz torpaqları işğalçılardan azad edək, o xoşbəxtliyi bizə nəsib etsin, biz yenə də dədə-baba torpağımıza qayıdaq”.

 

Könlümüzün sevgili məhbubu

 

Bəli, məhz xalqımızın milli-mənəvi dəyərlərə bağlılığı, humanizm kimi nəcib keyfiyyətləri idi ki, bizə şər üzərində qələbə çalmağa güc vermiş, haqqı nahaqqa qurban verməmək üçün qüvvətli etmişdi.

Axı mənfur düşməndən fərqli olaraq Qarabağ bizim üçün, sadəcə, torpaq deyil.

Qarabağ ana yurdumuz, qəhrəman oğullarımızın qanları ilə suvarılaraq Vətənə çevirdiyi müqəddəs məkan, könlümüzün sevgili məhbubudur.

Bütün bunlara görə idi ki, igid oğullarımız 30 ildir dədə-baba yurdumuza göz dikərək maddi-mədəni abidələrimizi məhv edən, orada Azərbaycan xalqına məxsus bütün izləri silməyə çalışaraq zorla özünü Qarabağımıza yamamaq istəyən düşməni cəmi 44 gün ərzində qarşısında diz çökdürdü.

Biz 44 gün ərzində sanki sehrli bir dünyada var olduq, ilahi hisslər keçirdik, varlığına, həyata keçəcəyinə xəyallarımızda belə inana bilməyəcəyimiz gerçəklər yaşadıq. Şəhidlərimizin ruhu qarşısındakı o müqəddəs borclarımızı ödədik, Xocalının qisasını qiyamətə qoymadıq, yağı tapdağında qalan, viranəyə çevrilən ana yurdumuzu xilas etdik...

Ay-ulduzlu üçrəngli bayrağımızın kölgəsində Qarabağ yenidən behiştə döndü, cənnət ətri saçdı...

Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında rəşadətli ordumuz, qəhrəman əsgərlərimiz, canlarını, qanlarını bu torpağa qurban edən şəhidlərimiz elimizə, obamıza qələbə ərməğan etdi, yurdundan didərgin düşən yüz minlərlə vətəndaşımızın Vətən həsrətinə son qoydu.

İndi biz doğma torpaqlarımızda bayramlarımızı qeyd edir, milli adət-ənənələrimizi icra edir, müqəddəs ayinlərimizi könül rahatlığı ilə yerinə yetiririk...

 

Tarixi, mədəni, dini irsimiz də erməni vandallarından xilas edildi

 

İşğalçılar 30 il müddətində zorla qəsb etdikləri Qarabağda dünyada misli görünməmiş talançılıqla məşğul olub, bütün tarixi, dini abidələrimizi məhv ediblər. Erməni şovinistləri çirkin mənfurluqları ilə xalqımızı milli köklərlə bağlı olduqları Qarabağından ayırmaq istəyiblər.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tərəfindən təsbit olunmuş siyahıda işğal altındakı torpaqlarımızda təqribən 403 tarixi dini abidə olduğu göstərilir. Onlardan 67-si məscid, 144-ü məbəd, 192-si ziyarətgahdır. Təəssüf ki, bu müqəddəs yerlərin hamısı ermənilər tərəfindən dağıntılara və tələfata məruz qalıb. Dağlıq Qarabağ və ətraf rayonların ərazilərində rəsmi fəaliyyət göstərmiş 67 məscidin (Şuşada 13, Ağdamda 5, Füzulidə 16, Zəngilanda 12, Cəbrayılda 5, Qubadlıda 8, Laçında 8) 63-ü tamamilə, 4-ü isə qismən dağıdılaraq yararsız hala salınmışdır. Yalnız beynəlxalq təşkilatların təzyiqləri nəticəsində Ağdam Cümə məscidini, Şuşa şəhərindəki Aşağı Gövhər ağa, Yuxarı Gövhər ağa və Saatlı məscidlərinin divarlarını salamat saxlamaq mümkün olub. Ermənilər dini dəyərlərimizə hörmətsizlik edərək Ağdam Cümə məscidinin içərisində ev heyvanları, o cümlədən donuz saxlamaqla azərbaycanlıların heysiyyətləri ilə oynayıblar.

 

30 ildən sonra ilk iftar azanı

 

Amma Azərbaycan xalqı milli-mənəvi dəyərlərinə hörmətsiz yanaşan, dini inanclarını ələ salmağa çalışan faşist xislətli düşmənin bu əməlləri ilə barışmaq niyyətində deyildi və hələ 2016-cı ildə bu barədə açıq mesajını da vermişdi.

Yağı tapdağından azad edilmiş Cocuq Mərcanlı kəndində Şuşa məscidinin bənzəri olan məscid tikilmişdi. Bu müqəddəs ocağın inşası ilə işğalçı Ermənistana və beynəlxalq aləmə həm də mesaj verilmişdi, işarə edilmişdi ki, gün gələcək, Şuşadakı məscid də bərpa ediləcək və oradan ucalan azan səsi Qarabağımızda, bütün Azərbaycanda əks-səda verəcək.

Şükürlər olsun uca Tanrıya ki, indi bütün Azərbaycan xalqı arzularının şah zirvəsi olan o xoşbəxt anları yaşayır. Elə bu müqəddəs Ramazan günlərində 30 ildən sonra Şuşa məscidində səsləndirilən ilk azan da hər birimizi duyğulandırdı, dualar içərisində sevinc göz yaşlarımız selə döndü...

Artıq bütün dünya da, doğma Qarabağımıza göz dikən işğalçılar da bilirlər ki, bu torpağın əzəli sahibləri qayıdıblar...

Müzəffər sərkərdə İlham Əliyevin Şuşaya səfər edərək Cıdır düzündən, Qarabağ xanlığı dövründən yerli əhalinin Novruz bayramını keçirdiyi ərazidən bütün dünyaya bəyan etdiyi kimi, indi Şuşa da, Qarabağ da azaddır. Bu torpağın sahibləri qayıdıblar, əllərində silah, əllərində bayraq, ürəklərində Vətən sevgisi...

Müzəffər Ali Baş Komandan İlham Əliyevin sayəsində Qarabağ toy-büsatlı, qonaq-qaralı, bayram təntənəli günlərinə qovuşub... 

 

Yasəmən MUSAYEVA,

“Azərbaycan”



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM