11 Iyun 2021 02:41
7364
SİYASƏT
A- A+

İlham Əliyev Qarabağdakı quruculuğun baş memarıdır

 

Habil QURBANOV: “Prezident Ağdamın işıqlı gələcəyinin layihəsini bizə təqdim edəndə urəyimiz dağa döndü, 28 illik kədəri unutduq”

 

“Padşah” qəzəblənərək fərraşa əmr etmişdi: dərhal cəzalandırılsın...

Hər kəs bir anlıq susmuş, cınqırını da çəkmədən indi nə olacaq, ona hansı cəza veriləcək deyə həyəcanla gözləməyə başlamışdı...

1959-cu ilin bir payız günüydü...

Ağdamda sayılıb-seçilən, yerişindən yer titrəyən, baxanda zəhmindən daş çatlayan adlı-sanlı Surxay müəllimin həyətində toy mağarı qurulmuş, qazanlar asılmış, tarın, kamanın, qavalın səsi Ağdamın məhəllələrinə yayılmışdı...

 

Ağdamın köhnə kişiləri

 

Qarabağın bütün toylarında olduğu kimi, Surxay müəllimin oğlu Nizaminin toyunda da “padşah” və “fərraş” meydan sulayırdı. Bu toyda da “padşah”lığı qonşuları təqaüdçü Cəmil edirdi. Rayonda hamı onu Cəmil bəy çağırırdı. “Fərraş” isə məhəllənin sakini Həsənqara, rayonun bütün toylarının “fərraş”ı idi...

Cəmil bəy ürəyi kimi istəyirdi onu da cəzalandırırdı - ya cərimələyərdi, ya da oynadardı. Və onun bütün əmrlərini Həsənqara canla-başla yerinə yetirərdi. Elə toyun birinci günü “padşah” Həsənqaraya əmr etdi ki, fərraş, bəyin atası Surxay müəllimlə əmisi Əşrəfi tez çağır məclisə. “Fərraş” gedib Surxay müəllimlə Əşrəf kişini həyətdən səsləyib məclisə gətirdi. Cəmil bəy əmr etdi ki, Surxay müəllimlə Əşrəf kişi toyda qol götürüb oynasınlar...

Amma dağdan ağır Surxay kişi oğlunun toyu olduğuna görə dövrünün adətinə görə ar edib oynamaqdan çəkinmişdi... Belə olanda Cəmil bəy göstəriş vermişdi ki, Surxay müəllim ya cərimə versin, ya da ona şallaq çəkilsin. “Padşah”ın sözü qanun idi...Dərhal yerinə yetirilməli idi...Bu zaman Surxay müəllim cibindən pul çıxarıb çalğıçıların qarşısındakı masaya qoymuş, Əşrəf kişi isə həm özünün, həm də qardaşı Surxayın yerinə qol götürüb oynamışdı...

Yadındadır, o zaman 4 yaşı olsa da, toyda şahidlik etdiyi bütün bu adət-ən-ənələr, xüsusilə də atasının oğlunun toyunda qol qaldırıb oynamaqdan imtina etməsinə qəribə heyrətlə baxmışdı... Amma illər keçdikcə və böyüdükcə ağıryana, zəhmli Ağdam kişilərinin, ağsaqqallarının mənəvi ruhunun sanbalına, batmanına bir daha heyran qalmışdı...

O da var idi ki, Surxay müəllimin o zaman hələ 47 yaşı olsa da, elin qəlbində 100 yaşlı müdrik ağsaqqal mərtəbəsinə ucalmışdı...

Ağdamın köhnə kişilərindən olan qədd-qamətli Surxay müəllimlə qarşılaşan hər kəs istər-istəməz özünü yığışdırardı. Baxmayaraq ki, heç bir dəfə də onun kiməsə hirsləndiyini, səsini qaldırdığını görən olmamışdı, əksinə, insanlarla o qədər mehriban, mülayim davranardı ki... Sadəcə üzündəki nurqarışıq zəhm, yer silkələyən yerişi, sözünün kəsərli, ötkəm olması idi onu ağır-batman edən...

Onunla bir dövrdə yaşayanların yaxşı yadındadır ki, Ağdamda nə qədər dəcəl, davakar, dərs oxumayan uşaq vardısa, onları oxuduqları məktəbdən qovurdular və atam onları tapıb gətirirdi öz məktəbinə...

Nə sirr idisə, həmin ipə-sapa yatmaz uşaqlar ipək kələfinə dönər, dərslərini yaxşı oxuyar, idmanda müvəffəqiyyət göstərərdilər... Buna görə də Surxay müəllimə həm də el arasında “Makarenko” deyərdilər...

“Atam qan üstə getsəydi, bağışlayardılar. Elçi düşdüyü qapıda “yox” kəlməsi olmazdı...”

Hüquq üzrə elmlər doktoru, professor, Azərbaycan Milli Elmlər Akademiyası Azad Həmkarlar İttifaqının sədri Habil Qurbanovdur “Qarabağ söhbətləri”ndə...

 

Ata yolunun davamçısı

 

Habil müəllimlə geriyə, uşaqlıq illərinə qayıtdıq, atalı-analı bəxtəvər çağlarında dolaşdıq, Vətən nisgili çilənmiş xatirələrinə baş vurduq və nəhayət, Qarabağın azadlıq xəbərinin təsvirəgəlməz coşqusunu yaşadıq. Deyir ki, mayın 28-i Respublika Günündə Prezident İlham Əliyevin iştirakı ilə Ağdamda təməlqoyma mərasiminin keçirilməsində iştirak etdiyi, bu tarixi anlara şahidlik etdiyi üçün çox qürurludur...

Habil Qurbanov 1 saylı məktəbdə - Ağdam səfərində Prezident İlham Əliyevin yenidən təməlini qoyduğu məşhur məktəbdə təhsil alıb. Buranı əla qiymətlərlə bitirərək Azərbaycan Pedaqoji İnstitutunin Coğrafiya fakültəsinə qəbul olur və ali təhsilini də fərqlənmə diplomu ilə başa vurur. O, AMEA-da kiçik elmi işçi kimi fəaliyyətə başlayır və pillə-pillə irəliləyərək Moskvada SSRİ DİN-nin Akademiyasının dissertantı kimi, hüquq elmləri namizədi alimlik dərəcəsi alır. 1997-ci ildə Moskvada Rusiya Federasiyası Baş Prokurorluğunun institutunda doktorluq dissertasiyasını müdafiə edib, hüquq elmləri doktoru olur.

1998-ci ildə Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyası ona hüquq elmləri doktoru, 2010-cu ildə isə professor elmi adı diplomlarını verir.

Habil Qurbanovun fəaliyyət sahələri də çoxşaxəli olub. O, 1976-1980-ci illərdə Bakı şəhəri Nəsimi Rayon Komsomol Komitəsində, sonrakı dövrdə isə SSRİ Daxili İşlər Nazirliyinin Bakı orta xüsusi milis məktəbində tədris hissəsinin müfəttişi vəzifəsində çalışır. 1984-1986-cı illərdə Bakı Milis Məktəbində qiyabi bölmənin rəisi, 1986-1990-cı illərdə məktəbin rəis müavini vəzifələrində işləyir.

O, 1990-cı ildə ata yolunu davam etdirməyi seçir. Prokurorluq orqanlarına işə qəbul edilir, Bakı Şəhər Prokurorluğunun Ümumi nəzarət şöbəsində prokuror, böyük prokuror vəzifələrində çalışır. 1997-2001-ci illərdə Respublika Prokurorluğunda cəza yerlərində qanunların icrasına nəzarət idarəsinin rəisi işləyir. Hazırda fəaliyyətini elm sahəsində davam etdirir...

 

Sözünün ağası

 

Habil müəllimin Ulu babası Molla Qurban Mədət oğlu Yelizavetpol quberniyasının Şuşa qəzasının Seyidli kəndindən olub. Seyidli Ağdamın ən qədim və böyük kəndlərindəndir və sonralar şəhərin mərkəzi həm də Seyidlinin hesabına genişlənmişdi. Bu kənddə onun evi, geniş həyəti, Ağdam məscidinin yanından Ağcabədi yolundakı Manaf körpüsünədək bağı varmış.

Atası Surxay da 1912-ci ildə Seyidlidə Molla Qurbanın nəvəsi Kərbəlayı Əbdüləlinin ailəsində dünyaya göz açmışdı. Ağdamın adlı-sanlı şəxslərindən olan Surxay Qurbanov Ağdamın müxtəlif məktəblərində müəllim, tədris-hissə müdiri, direktor vəzifələrində işləyib. Müharibədən sonra hüquq mühafizə orqanlarında mühüm vəzifələrdə çalışmış, Oğuz rayonunun prokuroru, Gəncə Vilayət Prokurorluğunun İstintaq İdarəsinin rəisi olmuş, sonralar isə əmək fəaliyyətini pedaqoji sahədə davam etdirmiş, Ağdam şəhərindəki ən böyük tədris ocaqlarından birinə 3 saylı məktəbə uzun müddət rəhbərlik etmişdi. Surxay Qurbanov həm də Böyük Vətən müharibəsinin qəhrəmanlarından olub.

Döyüş xidmətlərinə görə “Qırmızı ulduz”, “Birinci dərəcəli Vətən Müharibəsi” ordenləri, “İgidliyə görə” medalı ilə təltif olunub.

Həmsöhbətimiz Habil Qurbanovu xəyalları, düşüncəsi Ağdamlı günlərə aparır...

- 1930-cu illərin əvvəllərində atam Ağdam Pedaqoji texnikumunun tələbəsi olarkən burada Kəlbəcərin Qaraxançallı kəndindən olan İsmayıl Hacıyevlə qarşılaşır və onlar möhkəm dost olurlar. Hətta II Dünya müharibəsinə də bir vaxtda gedirlər. Sonradan isə İsmayıl Hacıyevin ölüm xəbəri gəlir. Demə o zaman İsmayılı əsir götürüb aparırlar Fransaya. O isə əsirlikdən qaçaraq Fransa Müqavimət Hərəkatına qoşulur. O zaman qayda var idi ki, kim əsir düşmüşdüsə, onları vətən xaini hesab edirdilər.

Müharibə qurtaranda İsmayıl Hacıyev qayıdır və onu da vətən xaini kimi həbs edib güllələnmə verirlər. Amma demə onlara güllələnmə verib göndərirmişlər haradasa şimal tərəfdə olan “ölüm adası”na. Orada ölənə qədər daş karxanalarında işlədirmişlər. Sonradan Fransanın Kommunist Partiyasının baş katibi olan Morres Torres 1952-1953-cü illər ərəfəsində Moskvaya gəlir və Stalinlə görüşəndə ona deyir ki, orada bir igid azərbaycanlı vardı, onunla görüşmək istəyirəm. Bundan sonra Stalin göstəriş verir və İsmayıl Hacıyevi azad edirlər, o vətənə dönür. Həmin vaxt atam Gəncədə prokurorluq orqanlarında yüksək vəzifədə işləyirdi. Dostunun sağ qalmasına ürəkdən sevinən atam İsmayıl Hacıyevlə Gəncədə görüşür. Onların bu dostluğu isə çox keçmədən “yuxarı”ların qulağına çatır. Buna görə də atamı Dövlət Təhlükəsizliyi Komitəsinə çağırırlar. Qarşısına qəti tələb qoyulur:

- Sən nə haqla sovet hökumətinin qatı düşməni ilə ünsiyyətdə olursan? Ya o, ya da vəzifən! İkisindən biri...

 Atam heç kimə heç nə demədən ərizə verib Gəncə Vilayət Prokurorluğunun İstintaq şöbəsinin rəisi vəzifəsindən əl çəkib Ağdama qayıdır, müəllimlik peşəsi ilə məşğul olur, 1953-cü ildən ömrünün sonuna kimi 3 nömrəli orta məktəbin direktoru vəzifəsində işləyir...

 Anam Seydə (Səidə) xanım 1921-ci ildə Şuşada, maarifpərvər, alim, rəssam, şair və musiqişünas Mir Möhsün Nəvvab Ağamirzadənin nəslində anadan olub. 1987-ci ildə Şuşada, Cıdır düzündə Mir Möhsün Nəvvabın məqbərəsini, eyni zamanda oradakı baba mülkümüzü qardaşım Şamil bərpa etdirmişdi. Anamgil sonradan Şuşadan Ağdama gəlmişdilər və orada atamla tanış olub ailə qurmuşdular. Anam da ibtidai sinif müəllimi idi. Təəssüf ki, hər iki valideynim bizi tez tərk etdi. Anam uzun sürən xəstəlik səbəbi ilə 50 yaşında, atam isə 65 yaşında vəfat etdi...

Hər ikisinin məzarı baba və nənəmin qəbirləri ilə birlikdə Ağdamda “Qarağacı” qəbiristanlığında yan-yana idi...

 

Yenə o çağ olaydı...

 

- Ailədə 5 qardaş, 2 bacı idik. Babam İmanqulunun yurdunda qalırdıq. Sonradan isə atam həmin həyətdə ev tikdirmişdi, həyətin aşağısında isə böyük qardaşımın evi idi. Gözəl meyvə bağımız vardı. O meyvə yox idi ki, orada olmasın. 3 cür nar: şirin, mələz, gülöyşə, 3 cür heyva: şirin, kəpək, turş... Cürbəcür alma, armud sortları, gilas, gilənar, xurma, limon, tut, əncir ağacları...

O ağaclardakı meyvələrin hər birinin dadı damağımdadır və indiyə qədər də hələ o cür ətirdə, dadda meyvə yeməmişəm...

Hələ lap kiçik idim, amma yadımdadır, İmanqulu babamın bir arabası vardı. O, bazardan taxıl alıb arabaya yığırdı və məni də özü ilə birlikdə Seyidli kəndindəki su dəyirmanına aparırdı. Taxılı gecəyə kimi üyütdürürdü. Sonra üyüdülmüş unu kisələrə yığırdı və biz evə qayıdırdıq. Qərənfil nənəmin həyətimizdəki təndirdə bişirdiyi çörəklərin ətri bütün məhləni başına götürərdi...

Həmişə payız-qış aylarında ağacdan çoxlu heyva dərib gətirərdim, nənəm təndirə çörək salanda onları da bişirərdi, ləzzətlə yeyərdik...

 

Qədim məktəbin yeni təməli

 

Bu il mayın 28-də Respublika Günündə Prezident İlham Əliyev Ağdamda erməni vandalları tərəfindən dağıdılmış qədim 1 saylı orta məktəbin də təməlini qoydu...

Dövlət başçımız bu tarixi məktəbin həm keçmiş, həm də gələcək şagirdlərinin qəlbini fərəh və sevincə bürüdü...

Elə Habil Qurbanov da Ağdam 1 saylı məktəbin müvəffəqiyyət qazanan məzunlarındandır...

- 1 saylı məktəbdə birinci sinif müəlliməm Barat müəllimə idi, daha sonra onu Səlimə müəllimə əvəzləmişdi. Direktorumuz isə pedaqoji elmlər namizədi Süleyman Zeynalov idi. Süleyman müəllim çox tələbkar idi. Fizika-riyaziyyat müəllimimiz Musa müəllimin hazırlaşdırdığı bütün uşaqlar istisnasız olaraq instituta qəbul olurdular. Tarix müəllimimiz Asif müəllim bizə tarixi elə sevdirmişdi ki, hamımız bu fənni əla oxuyurduq. Ümumiyyətlə, məktəbimiz nümunəvi məktəb idi və burada çox savadlı, bacarıqlı seçmə müəllimlər çalışırdı. Yaxşı idman zalı, həyətində idman meydançası var idi. İdman sahələri üzrə dərnəklər fəaliyyət göstərirdi və biz də demək olar ki, idmanın bütün növləri ilə orada məşğul olurduq.

1 nömrəli məktəbin həyətində yaxşı meyvə ağacları var idi, tərəvəz əkib becərirdik. İməcilik yolu ilə şagirdlər onlara qulluq edirdi...

 

Ağdamın çətin illəri

 

- Qarabağda 1988-ci il hadisələri başlayanda milis məktəbində işləyirdim. O zaman kursantlarımızı bölgələrə aparırdıq. Ağdərədə, Gədəbəydə, Xankəndidə olmuşduq. Həmin vaxtlar intensiv döyüş getməsə də, atışmalar olurdu, gərginlik var idi.

Əsgərlər vuruşurdular, bizim də öz mövqelərimiz vardı, kursantlar postlar qurmuşdular, onlara nəzarət edirdik. Müharibə ərəfəsində hər həftə Ağdamda idik. Yardım, patron, geyim, yorğan-döşək yığıb aparırdıq. Çörək qıtlığı zamanı idi, Kürdəmirdən çorək alıb maşınlara yığıb aparırdıq, başqa ehtiyac olan şeylər aparırdıq... Hərbçilərlə, rayon rəhbərliyi ilə görüşürdük. Allah rəhmət etsin, Allahverdi Bağırovla daim əlaqə saxlayırdıq. Onu uşaqlıqdan tanıyırdım, bir məktəbdə oxuyurduq, həm də qardaşımla sinif yoldaşı idilər...

 

Əzəli rəqiblərin “İmarət”də son qarşılaşması...

 

“Qarabağ Futbol Veteranları” Klubunun təsisçisi və prezidenti olan Habil Qurbanov unudulmaz futbol xatirələrini də bölüşür:

 - 1991-ci ilin sentyabrında “Neftçi”nin əfsanəvi veteranları ilə -  Anatoli Banişevski, Ələkbər Məmmədov, Yaşar Babayev, Vladimir Buruxti, Adil Babayev, Valeri Hacıyev, Səməd Qurbanov, İsgəndər Cavadov, Füzuli Cavadov, Maşallah Əhmədov, Səmədağa Şıxlarov və adlarını sadalamadığım daha bir çox görkəmli futbolçularla birlikdə avtobusla Ağdama getdik. “İmarət” stadionunda “Ağdam” və “Neftçi” veteranları yoldaşlıq oyunu keçirdilər. O zaman Allahverdi Bağırov da, qardaşı Ağdam könüllü batalyonunun komandiri Eldar Bağırov da oynayırdı. Stadion adamla dolub daşırdı. Mən bir hissə “Ağdam”, bir hissə isə “Neftçi” veteranları ilə oynadım. Hesab isə 1:1 oldu. “Ağdam”ın qolunu Allahverdi Bağırov vurmuşdu...

Oyundan sonra Allahverdi bizi Şahbulaq qalasına apardı, oradakı “Koroğlu” restoranında qonaqlıq verdi...

Təəssüf ki, həmin oyundan cəmi iki ay sonra Eldar Bağırov Bakıda sui-qəsdə məruz qaldı. Daha sonra Allahverdi də şəhid oldu...

 

Ümidimiz onadır ki, gedib doğmalarımızın məzarını taparaq bərpa edək...

 

- Bu 27 il ərzində Ağdama həsrət qaldıq, valideynlərimizin məzarlarını ziyarət edə bilmədik. Eşidəndə ki, ermənilər “Qarağacı”nı tamamilə şumlayıblar, bu bizə çox ürək ağrısı verdi. Amma kiçik qardaşım xüsusi kompüter proqramı vasitəsilə hər zaman oralara baxırdı və deyirdi ki, məzarlığın bir hissəsini tamamilə şumlayıblar, ata-anamın məzarı olan hissə isə dağıdılıb. O, təxminən qəbirlərin hansı istiqamətdə olduğunu bilir...

İndi ümidimiz onadır ki, həmin yerlər minadan təmizlənəndən sonra gedib doğmalarımızın məzarını taparaq bərpa edək...

Bizə yaşadığımız ağrı-acını, əzabları unutduran Ali Baş Komandan cənab

İlham Əliyevə dərin minnətdarlığımı bildirirəm. Mayın 28-də Ağdama səfər edəndə, yurdumuzdakı erməni vandallığının nəticəsini görəndə ürəyimiz ağrıdı. Amma Prezident Ağdamın işıqlı gələcəyinin layihəsini bizə təqdim edəndə urəyimiz dağa döndü, 28 illik kədəri unutduq. Prezidentin çıxışı hər birimizə böyük əhvali-ruhiyyə verdi. Demək olar ki, layihələri bir-bir bizimlə müzakirə etdi. Həmin zaman Prezident layihəçilərə tapşırıq verdi ki, Ağdam üçün elə ağaclar, güllər seçin ki, burada bitsin. Onda söylədim ki, cənab Prezident, Ağdamda nə əksən bitər, subtropik bitkilərin hamısı Ağdamda bitir. Torpaq çox münbitdir...

Ağdamın Baş Planındakı bütün layihələr təqdim edildikcə görürdük ki, dövlət başçısı onların hər biri ilə bağlı məlumatlıdır. Ona görə də deyirəm ki, cənab Prezident təkcə müharibənin deyil, həm də Qarabağdakı quruculuq işlərinin baş memarıdır...

Ağdam 100 min əhalilik möhtəşəm bir şəhər olacaq. İşğaldan əvvəl şəhərin 600-700 hektar ərazisi var idisə, indi ərazisinin 1700 hektar olması planlaşdırılır. Parklar, meşələr salınacaq, kanal çəkiləcək... Evlərin hər biri gözəl layihələr əsasında tikiləcək. Köhnə abidələrin hamısı bərpa olunacaq, Fərhadın heykəli, Cümə Məscidi, Çörək Muzeyi...

Ağdamın təcavüz və qələbə tarixi iki muzeydə yaşadılacaq, “İşğal” və “Zəfər” muzeyləri yaradılacaq...

İlham Əliyevin baş memarı olduğu bu möhtəşəm layihədə Ağdamın keçmişi ilə gələcəyi, qədimliyi ilə müasirliyi çuğlaşacaq.

Müzəffər Ali Baş Komandanın qətiyyəti, yürütdüyü müdrik siyasət sayəsində biz bu gün xəyallarımızda, arzularımızda yaşatdığımız Ağdama qovuşuruq...

 

Ağdamı, azad Qarabağı qələbə sədaları bürüyür...

 

Budur, Ağdamda yenidən coşqulu futbol günlərinin həyəcanı yaşanır. Hələ qarşılaşmanın başlamasına bir saatdan çox qalsa da, möhtəşəm, dünya standartlarına uyğun inşa edilmiş yeni stadion camaatla dolub-daşır...

O da azarkeşlər arasında əzəli rəqiblər “Qarabağ”la “Neftçi”nin oyununa tamaşa edir... Nəhayət, hakim başlanğıc fitini çalır, futbolçular topa tərəf şığıyır, sürəkli alqış, coşqulu hay-küydən qulaq tutulur...

Birdən stadiona  lal sükut çökür...

Və gənc futbolçunun qapıçı ilə təkbətək çıxaraq topu məharətlə qapı toruna göndərməsi ilə Ağdamı, azad Qarabağı qələbə sədaları bürüyür...

Bütün bu anları həyəcanla izləyən Habil Qurbanovun da gözlərindən qeyri-ixtiyari sevinc, qürur, fəxarət gözyaşları süzülməyə başlayır...

Bəli, düz bir qərinəlik həsrətdən sonra Ağdam yenidən bayram əhvali-ruhiyyəli günlərinə, toy-büsatlı çağlarına qovuşur...

 

Yasəmən MUSAYEVA,

“Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video