24 Iyul 2021 01:26
2386
SİYASƏT
A- A+

İlham Əliyev diplomatiyasının təntənəsi

 

Azərbaycanın Avropa İttifaqı və Rusiya ilə münasibətlərinin yeni inkişaf mərhələsinə qədəm qoyması yüksələn beynəlxalq nüfuzun göstəricisidir

 

Vətən müharibəsində qələbədən sonra yaranmış yeni tarixi-siyasi reallıq Azərbaycanın regional mövqeyinin möhkəmləndirilməsini və beynəlxalq münasibətlər sistemindəki rolunun artmasını şərtləndirdi. İkinci Qarabağ müharibəsindəki hərbi-siyasi qələbə ilə Azərbaycan həm də bölgədəki statusunu daha da möhkəmləndirdi.

İndi qalib ölkə kimi Azərbaycan qaydaları özü müəyyənləşdirir, tərəfdaşlarına, müttəfiqlərinə yeni əməkdaşlıq təkliflərini verir. Bütün görüş və çıxışlarında, müsahibələrində regionda yaranan qarşılıqlı faydalı əməkdaşlıq imkanlarından söz açan Prezident İlham Əliyev yeni reallıqların çoxşaxəli münasibətlərin dinamik inkişafına xidmət göstərdiyini bəyan edir.

İyulun 18-i və 20-də İlham Əliyevin Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Rusiya Prezidenti Vladimir Putinlə keçirdiyi görüşlər, bu görüşlərdə səslənən fikirlər isə bir daha Azərbaycanın artan beynəlxalq nüfuzunun real göstəricisidir. 

 

Əlaqələrin inkişafında yeni səhifə açılıb

 

Öncə Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin Azərbaycana səfəri, dövlət başçısı ilə keçirdiyi görüş və birgə mətbuat konfransında səslənən fikirlərə diqqət edək.

Bu səfər Avropa İttifaqı ilə Azərbaycan arasında əlaqələrin inkişafında yeni səhifənin açıldığını bir daha təsdiqlədi. İki saat davam edən təkbətək görüşdə aparılan danışıqlar, əlbəttə ki, Azərbaycan-Avropa İttifaqı münasibətlərinin geniş spektrini əhatə edib, siyasi əlaqələrdən məmnunluq ifadə olunub, ticarət əlaqələri, enerji təhlükəsizliyi, “Cənub qaz dəhlizi” və nəqliyyat sahələrində əməkdaşlıq məsələləri müzakirə edilib, regionda əməkdaşlığın perspektivləri haqqında fikir mübadiləsi aparılıb.

Birgə mətbuat konfransında yüksələn münasibətlər barədə ətraflı məlumat verən İlham Əliyev bu səfəri tərəfdaşlığın yaxşı göstəricisi adlandıraraq Avropa İttifaqının Azərbaycan üçün yaxın tərəfdaş olduğunu söylədi. Məhz bu tərəfdaşlıq, güclü siyasi təmaslar, əlbəttə ki, əməkdaşlığın şaxələndirilməsi üçün çox yaxşı təməl yaradır.

Avropa İttifaqı həm də Azərbaycanın əsas ticarət tərəfdaşıdır. Ölkə ticarətinin demək olar ki, 40 faizi Avropa İttifaqı ilə aparılır. Prezidentin söylədiyi kimi, ötənilki ticarət dövriyyəsi demək olar ki, 9,5 milyard dollar idi. Azərbaycanın Avropa İttifaqına üzv dövlətlərlə ixracının həcmi 6,8 milyard dollar təşkil edir. Üzv dövlətlərdən 1700-dən çox şirkət Azərbaycanda fəaliyyət göstərir. Bu, həmçinin iqtisadi fəaliyyətin miqyasını nümayiş etdirir. Azərbaycan üzv dövlətlərlə ikitərəfli əlaqələrdə çox fəaldır. Avropa İttifaqının 9 üzv dövləti ilə strateji tərəfdaşlıq haqqında sənədlərin imzalanması bunun təsdiqidir.

Beləliklə, Avropa İttifaqına üzv dövlətlərin üçdəbiri Azərbaycanı strateji tərəfdaş hesab edir. Bu, əlbəttə ki, Azərbaycanın çox böyük nailiyyətidir və həmçinin əməkdaşlıq üçün əlavə imkanlar yaradır.

İlham Əliyev eyni zamanda enerji təhlükəsizliyi ilə bağlı məsələlərə də toxundu və bildirdi ki, “Cənub qaz dəhlizi”nin sonuncu - dördüncü seqmenti olan Trans-Adriatik kəməri artıq istismara verilib. Yanvarın 1-dən bu günədək Azərbaycandan Avropa İttifaqına üzv dövlətlərə, xüsusilə də İtaliya, Yunanıstan və Bolqarıstana 3 milyard kubmetrdən çox təbii qaz ixrac olunub. Avropa bazarına ixrac olunacaq təbii qazın həcminin artması da proqnozlaşdırılır.

Dövlət başçısı İkinci Qarabağ müharibəsindən sonra ötən il 10 noyabr tarixli üçtərəfli razılaşmada əks olunduğu kimi, regionda bütün kommunikasiyaların açılması üçün yaranan yeni imkanlardan söz açdı və bildirdi ki, indi regionda daha əlverişli  imkanlar var: “Azərbaycan BMT Təhlükəsizlik Şurasının qətnamələrini özü yerinə yetirdi və müharibəyə son qoydu. Ona görə də indi sülh barədə düşünmək və səhifəni çevirmək vaxtıdır. Biz buna hazırıq. Bu gün biz cənab Prezidentlə planlarımızı, təşəbbüslərimizi və yeni yaranmış vəziyyətə yanaşmalarımızı geniş şəkildə müzakirə etdik. Düşünürəm ki, nisbətən qısa zamanda xoş məram və çox praqmatik yanaşma nümayiş etdirməklə, biz hələ də masa üzərində qalan məsələlərin əksəriyyətini həll edə və bölgədə geniş regional əməkdaşlığın təməlini qoya bilərik. Avropa İttifaqı bu baxımdan çox mühüm rol oynayır və əminəm ki, oynayacaq”.

Əlavə edək ki, bu gün Azərbaycan şaxələndirilmiş nəqliyyat şəbəkəsinə malikdir. Azərbaycan açıq dənizə çıxışı olmayan ölkədir. Lakin buna baxmayaraq, Avrasiyada mühüm nəqliyyat və logistik hablardan birini yaratmağa nail olub.

 

Avropa İttifaqı götürülmüş öhdəliklərə görə İlham Əliyevə təşəkkür edir

 

Avropa İttifaqı ilə Azərbaycan arasında tərəfdaşlığa strateji xarakter vermək istədiklərini söyləyən Şarl Mişel qeyd etdi ki, Avropa İttifaqı ilə Azərbaycan arasında tərəfdaşlıq, əsasən, maliyyə dəstəyinə əsaslanan işbirliyi deyil. Əksinə, bu, birgə iş aparmaq istəyinə, innovasiyalara, texnoloji mübadilələrə və iqtisadi əməkdaşlığa əsaslanan tərəfdaşlıqdır.

Qeyd edək ki, Şarl Mişel Azərbaycana səfəri çərçivəsində ölkəmizin inkişaf səviyyəsi və perspektiv inkişaf istiqamətləri ilə tanış olub. “Azərkosmos” ASC-ni ziyarət edib, İpək yolu və Ələt Azad İqtisadi zonası ilə bağlı təqdimata qatılıb. Regionlara səfər edib, Şamaxıda olub, Cümə məscidini ziyarət edib. Bu, ilk növbədə, Avropa İttifaqı Şurası Prezidentinin Azərbaycan xalqının dəyərlərinə, islam dininə hörmətinin göstəricisi kimi qiymətləndirilməlidir.

Çox sayda Şərq Tərəfdaşlığı ölkələrinə səfərini bir işarə adlandıran Şarl Mişel dedi ki, bu, Avropa İttifaqının regionda apardığı işinin işarəsidir, mesajıdır: “Bu, tərəfdaşlarla dialoq nəticəsində Avropa İttifaqının imkanlarını, resurslarını səfərbər edərək və Şərq Tərəfdaşlığına aid tərəfdaşların fərqli gözləntilərini bilərək, bizim regiondakı təhlükəsizliyə, sabitliyə, çiçəklənməyə sadiqliyimizdən irəli gəlir”.

Diplomat Azərbaycan və Ermənistanla bağlı vəziyyətə də toxundu. Götürülmüş öhdəliklərə görə İlham Əliyevə təşəkkürünü bildirən Şarl Mişel tərəflər arasında atılan addımlardan söz açdı. Onun sözlərinə görə, Ermənistan tərəfindən bəzi rayonlarda basdırılan minaların xəritələrinin verilməsi, Azərbaycan tərəfindən isə əsirlərin qaytarılması ilk addımlar hesab olunur.

Şarl Mişel deyir ki, Avropa İttifaqı müxtəlif məsələlər üzrə irəliləyişə nail olmaq üçün səyləri dəstəkləməyə hazırdır. Məsələn, sərhədlərin delimitasiyası məsələsində Avropanın ekspert yardımını göstərməyə, lazım olarsa və arzu edilərsə, monitorinqini etməyə hazırdırlar.

Şarl Mişel nitqində Dağlıq Qarabağ, status və s. bu kimi ifadələr işlətmədi, hətta Ermənistanla Azərbaycan arasında hazırda olan bəzi məsələləri “mübahisə” adlandırdı. Bu göstərir ki, Aİ 44 günlük müharibədən sonra yaranmış yeni reallığı başa düşür və regionla bağlı siyasətində bu reallığı nəzərə alır. Bu, Şarl Mişelin nitqində də aydın hiss olundu.

Beləliklə, Aİ Azərbaycanla münasibətlərinin hazırkı səviyyəsini, Azərbaycanın əhəmiyyətini və ikitərəfli əlaqələrin inkişaf perspektivini düzgün qiymətləndirir. Erməni lobbisinin və Avropadakı ermənipərəst dairələrin təzyiqinə baxmayaraq, Aİ Azərbaycanla münasibətlərini düzgün qurur və olduqca pozitiv istiqamətdə inkişaf etdirir.

 

Səmimi dostluq münasibətlərinin real təzahürü

 

İyulun 20-də İlham Əliyevin Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin dəvəti ilə bu ölkəyə işgüzar səfəri və dövlət başçılarının görüşü öncə iki ölkə lideri arasındakı səmimi dostluq münasibətlərinin təzahürü idi.

Prezidentlər mövcud iqtisadi-siyasi əlaqələri müzakirə edib gələcək perspektivlər barədə fikir mübadiləsi apardılar. Ona görə də ekspertlər hesab edirlər ki, bu səfər regionda sülhün və təhlükəsizliyin daha da möhkəmləndirilməsinə, münasibətlərin dərinləşdirilməsinə, nəqliyyat və kommunikasiya xətlərinin açılması işinin sürətləndirilməsinə daha güclü təkan verəcək. Müsbət notlarla başlayan görüşdə regionda vəziyyətin nizamlanmasını ən mühüm məsələlərdən biri kimi dəyərləndirən Vladimir Putin sözügedən məsələyə çox böyük diqqət və əhəmiyyət verərək kompromisli qərarların tapılması istiqamətində İlham Əliyevin səylərini yüksək qiymətləndirdi.

Gələn il diplomatik münasibətlərin yaradılmasının 30 illiyinin qeyd ediləcəyini vurğulayan İlham Əliyev dedi ki, iki ölkə arasındakı iqtisadi əlaqələr çox inamla yüksəlir. İlin birinci yarısında əmtəə dövriyyəsi artıb. Eyni zamanda nəqliyyat-tranzit münasibətləri məsələsində də əməkdaşlıq fəal surətdə genişləndirilir. “Şimal-Cənub nəqliyyat dəhlizi” üzrə ötən illə müqayisədə təqribən 20 faiz çox yük daşınıb.

Rusiyanın Azərbaycan ərazisində birgə istehsalın genişləndirilməsi üzərində işlədiyini deyən Vladimir Putin bildirdi ki, ən mühüm məsələlərdən biri regionda vəziyyətin nizamlanmasıdır və bu prosesdə İlham Əliyev çox mühüm addımlar atır, bunun da nəticəsində kompromisli qərarlar tapılır. Məhz bu addımlara görə Vladimr Putin İlham Əliyevə təşşəkkür etdi: “Əlbəttə, bilirəm ki, Siz bu məsələyə çox böyük diqqət və əhəmiyyət verirsiniz. Buna görə Sizə təşəkkür etmək istəyirəm... Onlar həmişə ən mürəkkəb məsələlərdir, lakin əgər biz nizamlama istəyiriksə, - biz hamımız isə bunu istəyirik, - onda bu yolla getməliyik. İndiyə qədər biz bunu etməyə nail olmuşuq, buna görə Sizə təşəkkür etmək istəyirəm”.

Prezident İlham Əliyev isə öz növbəsində regionda münaqişədən sonrakı vəziyyətə aydınlıq gətirdi. Eyni zamanda proseslərin gedişatında Rusiya Prezidentinin ortaya qoyduğu mövqe, çox vacib və həssas məsələlərin həllindəki roluna görə təşəkkürünü bildirdi. Dövlət başçısı qeyd etdi ki, hərbi əməliyyatlar başa çatandan sonra ötən səkkiz ay ərzində, yanvar ayında Moskvadakı görüş və telefon söhbətləri vəziyyətin sabitləşdirilməsi işində çox mühüm rol oynayıb: “Biz qətiyyətlə münaqişədən sonrakı dövrün maksimum ağrısız keçməsi əzmindəyik. Düşünürəm ki, ümumi səylərimizlə buna nail olacağıq”.

Əlbəttə ki, Vladimir Putinin İlham Əliyevə təşəkkür etməsi, ilk növbədə, hər iki liderin mövqelərinin üst-üstə düşdüyünü və iki dövlət başçısı arasında münasibətlərin yüksək səviyyədə olduğunu təsdiqləyir.

Bu gün Azərbaycanın həm Avropa İttifaqı, həm də Rusiya ilə münasibətləri siyasi, iqtisadi, sosial, humanitar sferalar üzrə inkişaf etməkdədir. Bütün bunlar isə İlham Əliyevin yürütdüyü müstəqil xarici siyasətin təntənəsi, Azərbaycanın artan beynəlxalq nüfuzunun göstəricisidir.

 

Rəşad BAXŞƏLİYEV,

“Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video