29 Aprel 2021 00:33
2258
SİYASƏT
A- A+

İlham Əliyev “Böyük Qayıdış”ın təməlini qoydu

 

Qarabağın dirçəlişi prosesi sürətlə davam edir

 

44 günlük Vətən müharibəsində işğaldan azad olunmuş torpaqlarımızda yenidənqurma prosesi sürətlə davam edir. İlkin olaraq yol-nəqliyyat və enerji infrastrukturun bərpası ilə bağlı layihələr həyata keçirilir.  Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın aprelin 26-da Cəbrayıl və Zəngilan rayonlarına səfərləri də göstərdi ki, işğaldan azad olunmuş ərazilərimiz ən qısa müddətdə yenidən qurulacaq.

 

7-ci səfər

 

Bu, Prezident İlham Əliyevin müharibənin bitməsindən sonra Qarabağa etdiyi yeddinci səfər idi. Dövlət başçısının işğaldan azad olunmuş ərazilərə 6 ayda 7 dəfə səfər etməsi, ilk növbədə, onu göstərir ki, Qarabağın bərpası İlham Əliyevin qarşıya qoyduğu milli prioritetdir. Bu səfəri əvvəlkilərdən fərqləndirən məqam isə azad olunmuş ərazilərdə artıq yaşayış məntəqələrinin bərpası layihəsinə start verilməsidir.

Əvvəlcə Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Cəbrayıl rayonunun girişində bərpa edilmiş “Xoş gəlmişsiniz” lövhəsinin qarşısında dayandılar. Lövhə 28 il əvvəl olduğu dizaynda bərpa edilib. Yəni sovet dönəmində necə qoyulmuşdursa, o formada da yenisi ilə əvəz edilib. Köhnə lövhə müharibə görmüşdü, dəlmədeşik və paslı idi. Yenisi isə Cəbrayılda görüləcək işlərin, aparılacaq bərpa prosesinin müjdəçisi, rayonun yenidən qurulmasının rəmzidir.

Prezidentin səfərini izləyərkən yolboyu yaşayış yerlərinin, kəndlərin artıq yenilənmiş lövhələri gözə dəyir. Prezident İlham Əliyevin lövhələr, yaşayış məntəqələri və ərazinin təbiəti barədə verdiyi şərhlərdən bu yerlərin artıq bərpadan sonrakı mənzərəsi göz önündə canlanır.

 

Prezident revanşistlərə xəbərdarlıq etdi

 

Vətən müharibəsinin hələ davam etdiyi günlərdə Azərbaycan Ordusunun mühüm hərbi nailiyyətlərindən biri İranla dövlət sərhədinə nəzarətin təmin edilməsi olmuşdu. Müharibədən sonra sərhəd boyunca bütün lazımi istehkam, mühafizə işlərinin qurulmasına başlanılıb. Cəbrayıl rayonunda Dövlət Sərhəd Xidmətinin hərbi hissəsinin yaradılması da görülən işlərin bir nümunəsidir.

“Azərbaycan-İran sərhədi dostluq sərhədidir. Bu sərhədin qorunması Azərbaycan-İran əlaqələrinin inkişafı üçün də çox böyük önəm daşıyır. Bizim İran İslam Respublikası ilə digər istiqamətlərdə sərhədimiz var və bu, sözün əsl mənasında, dostluq, əməkdaşlıq sərhədidir. Sərhəddən keçən hər iki ölkənin vətəndaşları bundan faydalanırlar. Eyni zamanda ildən-ilə artan yüklərin həcmi Azərbaycan-İran əlaqələrinin inkişafından xəbər verir”, - deyə dövlət başçısı hərbi hissənin açılışı zamanı sərhədçilərlə görüşündə qeyd etdi.

İranla sərhəddə, Araz çayı üzərində birgə su bəndinin şimal hissəsinin mühafizəsi Azərbaycanın səlahiyyətindədir. Bundan sonra həmin ərazi Azərbaycan sərhədçiləri tərəfindən mühafizə ediləcək.

Müharibədən sonra Ermənistanda bəzi qüvvələr hələ də məğlubiyyətlə barışmaq istəmir, Azərbaycana qarşı təhdidlərlə çıxış edirlər. Azərbaycan Prezidenti sərhədçilərlə görüşündə Ermənistanda baş qaldıran revanşist qüvvələrə xəbərdarlıq mesajı göndərərək dedi: “Bu yaxınlarda Azərbaycan-Ermənistan sərhədinin Zəngilan istiqamətində bizim sərhədçilərimizə qarşı edilən hərbi təxribat sonuncu belə cəhd olmalıdır. Əgər bir daha buna oxşar cəhd göstərilərsə, düşmən yerindəcə məhv ediləcək”.

 

“Böyük Qayıdış”ın birinci addımı

 

Bu səfərin ən mühüm məqamlarından biri işğal dövründə ermənilərin dağıtdığı yurd yerlərimizin bərpası istiqamətində ilk layihənin icrasının başlanılması oldu. İlk bərpa edilən kəndlər isə  Zəngilanın 1-ci, 2-ci, 3-cü Ağalı kəndləri olacaq. Bu kəndlər “ağıllı” kənd pilot layihəsi çərçivəsində yenidən qurulacaq.

1-ci, 2-ci, 3-cü Ağalı kəndlərini əhatə edən birinci “ağıllı” kənd layihəsinin təməlini qoyan Prezident İlham Əliyev “Böyük qayıdış bu gün başlayır”, - deyə bildirdi. Ərazidə ilk olaraq tam izolyasiya olunmuş və innovativ tikinti materiallarından istifadə olunmaqla 200 fərdi ev tikiləcək. Evdaxili mühəndis kommunikasiya, isitmə sistemi də ağıllı texnalogiyalar əsasında qurulacaq.

Bu kəndlərdə müasir məktəb, uşaq bağçası, poliklinika tikiləcək, iş yerləri yaradılacaq. Elektron idarəetmə olacaq. Turizm infrastrukturu formalaşdırılacaq. Bütün yaşayış və inzibati binalar, kənd təsərrüfatı obyektləri alternativ enerji mənbəyi ilə təmin ediləcək. Layihənin icrasında Türkiyə, Çin, İtaliya və İsrail şirkətlərinin mütəxəssisləri də iştirak edəcəklər. Ümumiyyətlə, Qarabağda “ağıllı” kənd layihəsi üzrə təhlükəsiz yaşayış mühiti yaradılaraq, “ağıllı” tədris, “ağıllı” səhiyyə və “ağıllı” kənd təsərrüfatı sistemləri həyata keçiriləcək.

Prezident İlham Əliyev bu barədə dedi: “ Zəngilanda bu gün birinci kənd layihəsi artıq icra edilməyə başlamışdır. Ağalı kəndinin təməl daşı qoyulmuşdur. Bu, böyük qayıdışın birinci addımıdır. Biz müharibədən bir neçə ay keçəndən sonra artıq bu işlərə də start verdik. İnfrastruktur işləri öz qaydasında davam edir. İndi birinci “ağıllı” kənd layihəsi olan Ağalı kəndinin bərpasına start verilib. Ağalı kəndi, əslində, üç kənd - Birinci, İkinci, Üçüncü Ağalı kəndləri oktyabrın 28-də işğalçılardan azad edilmişdir. Altı aydan sonra Ağalıda yeni kəndin təməl daşı qoyuldu və bu nümunəvi kənd olacaq. Çünki bu kənddə tətbiq olunacaq texnologiyalar ən müasir standartlara cavab verir. Həm tikiləcək evlər, ictimai binalar, sosial obyektlər, həm də iş yerləri, əkin sahələri müəyyən edilibdir. Zəngilanın bütövlükdə təbiəti və təbii sərvətləri bu rayonu Azərbaycanın ən qabaqcıl rayonlarının birinə çevirmək üçün imkanlar verəcəkdir.”

 

Azad olunmuş ərazilərdə ikinci hava limanının inşasına başlandı

 

İndiyədək işğaldan azad olunmuş rayonlarda yol infrastrukturunun qurulması ilə bağlı bir neçə layihənin icrasına başlanılıb. Bu layihələr işğaldan azad edilmiş rayon və kəndlərin sosial-iqtisadi inkişafında çox mühüm rol oynayacaqdır.

Prezidentin Cəbrayıl və Zəngilana səfəri də bu baxımdan əlamətdar oldu. Belə ki, səfər zamanı işğaldan azad olunmuş ərazilərdə ikinci hava limanının təməli qoyuldu. Zəngilanda təməli qoyulan hava limanı bu bölgəni beynəlxalq nəqliyyat-logistika mərkəzinə çevirmək üçün imkanlar yaradır. Buradan dəmir və avtomobil yolları da keçəcək və Naxçıvana yol açılacaq. Xatırladaq ki, birinci hava limanı Füzuli rayonunda inşa edilir.

Səfər zamanı təməli qoyulan Zəngilan-Horadiz avtomobil yolu strateji əhəmiyyəti ilə seçilir. Yolun ümumi uzunluğu 124 kilometrdir və 6 zolaqdan ibarət olacaq.

Onu da qeyd edək ki, Horadizdən Zəngilanın Ağbənd qəsəbəsinə qədər yeni dəmir yolu da çəkiləcək. Daha sonra  Zəngəzur dəhlizi ilə dəmir yolu Naxçıvan Muxtar Respublikasına qədər uzadılacaq. Göründüyü kimi bütün nəqliyyat layihələri Zəngəzur dəhlizinin yaradılması istiqamətində atılan mühüm addımlardır. “Zəngilan coğrafi nöqteyi-nəzərdən Şərqi Zəngəzur bölgəsinə aiddir və Şərqi Zəngəzurda yerləşir. Qərbi Zəngəzur da bizim tarixi torpaqlarımızdır və o torpaqlardan Zəngəzur dəhlizi keçəcəkdir. Beləliklə, Azərbaycanın əsas hissəsi Naxçıvan Muxtar Respublikası ilə dəmir yolu vasitəsilə birləşəcək”, - deyə Prezident İlham Əliyev bildirib.

 

Zəngilan məscidi Heydər Əliyev Fondu tərəfindən bərpa olunacaq

 

Zəngilanda həyata keçirilən başqa bir layihə Heydər Əliyev Fondu tərəfindən Zəngilan məscidinin bərpa olunmasıdır. İşğal dövründə ermənilər tərəfindən xalqımıza məxsus olan milli-mənəvi dəyərlərin erməniləşdirilməsinə cəhd göstərilib. Buna nail olmadıqda isə onları dağıdıb, təhqir ediblər. Bununla bütün müsəlman dünyasına qarşı cinayət törədiblər. Ermənilər tərəfindən dağıdılmış və təhqir edilmiş bütün dini məbədlərimizin əvvəlki görüntüləri və işğaldan sonrakı görüntüləri tərtib edilir və dünya birliyinin diqqətinə çatdırılır. “Zəngilan məscidi bərpa ediləcək. Bu məscid mənfur düşmən tərəfindən dağıdılmışdır. Müharibədən sonra Zəngilana səfər edərkən buraya da gəldim, mənzərə ilə tanış oldum və bildirdim ki, hər kəs bunu görməlidir. Bütün beynəlxalq təşkilatlar bunu görməlidir, erməni vəhşiliyini görməlidir. Bir daha demək istəyirəm ki, bu gün ermənilərə havadarlıq edənlər gəlsinlər, görsünlər, bizim məscidlərimizi nə günə qoyublar və təkcə bu məscidi deyil. Azad edilmiş bütün torpaqlarda bizim tarixi, mədəni, dini irsimiz ermənilər tərəfindən dağıdılıb, təhqir edilib, sökülüb”, - deyə Prezident İlham Əliyev bildirib.

Bütün bu səfərlər onu göstərir ki, Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi və nəzarəti altında işğaldan azad olunmuş ərazilərdə “Böyük Qayıdış” üçün bütün zəruri tədbirlər həyata keçirilir. Yaşayış evləri, sosial, yol-nəqliyyat, iqtisadi sahələr, infrastruktur sürətlə bərpa edilir. Sərhədlərimiz isə artıq ehtibarlı əllərdədir. Tezliklə işğaldan azad olunmuş bütün ərazilər yenidən qurulacaq, onların əhalisi öz doğma yurdlarına qayıdacaqlar.

 

Ramilə QURBANLI,

“Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video