28 Iyul 2021 00:21
938
Mədəniyyət
A- A+

İki ölkənin xalqlarının qürur duyduğu azərbaycanlı

 

Yaxın və uzaq xarici ölkələrdə dövlətə və xalqa xidmətləri ilə Azərbaycanın adını şərəfləndirən, hörmət və ehtiram qazandıran Fərman Qurban oğlu Salmanov dünya neft tarixinə Rusiyanın Tümen bölgəsinin zəngin təbii sərvətlərinin ilk kəşfiyyatçılarından biri kimi daxil olmuşdur. Bu dəyərli ziyalı hələ 21 əvvəl Ümummilli Lider Heydər Əliyevin 2001-ci il 26 iyul tarixli sərəncamı ilə Azərbaycan-Rusiya arasında iqtisadi və elmi əlaqələrin inkişafındakı böyük xidmətlərinə görə “Şöhrət” ordeninə layiq görülmüşdür.

Bundan sonra Azərbaycan Prezidenti İlham Əliyevin 9 iyul 2019-cu il tarixli sərəncamına əsasən, görkəmli şəxsiyyətin xatirəsinin əbədiləşdirilməsi məqsədilə Azərbaycan Dövlət Neft və Sənaye Universitetində təhsil alan, xüsusi istedadı ilə fərqlənən 2 nəfər tələbə üçün “Fərman Salmanov adına təqaüd”ün təsis edilməsi, Şəmkir şəhərində Fərman Salmanovun heykəlinin ucaldılması, habelə təhsil aldığı orta məktəbə onun adının verilməsi qərara alınmışdır.

Bu günlərdə Rusiya Federasiyası və Azərbaycanda 90 illiyi böyük rəğbətlə qeyd edilən Fərman Salmanov 1931-ci il iyulun 28-də Şəmkir rayonunun Morul kəndində anadan olub. Orta məktəbi 1947-ci ildə əla qiymətlərlə başa vuran Fərman bir müddət Şirvan Kompleks Ekspedisiyasında kollektor işləyib, sonra arzusunda olduğu Azərbaycan Sənaye İnstitutuna (indi Azərbaycan Dövlət Neft Akademiyası) qəbul olur.

Fərman 1954-cü ildə həmin institutun Geoloji kəşfiyyat fakültəsini uğurla bitirib. O, ixtisas seçimi barədə söhbət düşəndə həmişə deyərdi: “Mən 8-ci sinifdə oxuyanda SSRİ neft sənayesi naziri Nikolay Baybakov Şəmkirə gəlmişdi. Rusca yaşıdlarımdan bir qədər yaxşı danışdığımdan ali qonağa məktəbimiz barədə məlumat vermək mənə həvalə edilmişdi. Görüşün sonunda Baybakov hansı peşəni seçəcəyimi soruşdu. Cavab verdim ki, neftçi olmaq istəyirəm. O, seçimimi təriflədi və dedi ki, neft - ölkəmizin gələcəyidir. Bu görüş mənim ixtisas seçimimi və taleyimi müəyyən etdi. İnstitutu bitirdikdən sonra təyinatım Bakıya verildikdə mən Baybakova məktub yazdım, Sibirə köçürülməyimi xahiş etdim. Məni Moskvaya çağırdılar, oradan da Kuzbasa göndərdilər, hətta bilet pulunu da verdilər”.

Fərman Salmanovun Sibirə göndərilməsi üçün xahiş etməsinin özəl tarixçəsi var. Adını eşidib, üzünü görmədiyi Sibirə məhəbbəti onun qəlbində babası Süleyman kişi oyatmışdı. Çar rejiminin müstəmləkəçilik siyasətinə və yerli çinovniklərin kənd adamlarına zülmünə qarşı etiraz etdiyinə görə Süleyman kişi 1888-ci ildə Sibirə sürgün edilmişdir. O, 1904-1905-ci illərdə rus-yapon müharibəsinin iştirakçısı olarkən göstərdiyi şücaətlər müqabilində mükafat olaraq sürgündən azad edilmişdir. Burada sibirli qızı Olqa İosifovna ilə ailə qurmuş, xanımı Firuzə adını qəbul etmişdir. Az sonra Süleyman baba ailəsi ilə birlikdə vətənə qayıtmışdır. Süleyman baba nəvələrinə həmişə Sibir və Uzaq Şərq haqqında danışarmış. Hətta nəvələrindən birinə Amur çayının şərəfinə Amura adı vermişdi.

Babası Çar rusiyası tərəfindən sürgünə göndərilən, atası 1937-ci ildə repressiya tüğyanında sovet hökuməti tərəfindən həbs edilən gənc mühəndis-geoloq Fərman Salmanov neft axtarmaq üçün əvvəlcə Kuzbasa göndərilir. İki-üç il Novosibirsk və Kemerova vilayətlərində apardığı kəşfiyyat işləri heç bir nəticə vermir. Kuzbasın relyefini nəzərdən keçirərkən, bu ərazilərdə neft ola bilməyəcəyi qənaətini rəhbər şəxslərlə bölüşür. Fikrini də belə əsaslandırır ki, neft və qaz yataqları geniş ərazilərdə ola bilər. Kuzbasın relyefi bu standartlara cavab vermir.

Təklif və tələblərinə laqeyd yanaşıldığını görən Fərman Salmanov 1957-ci ilin avqustunda kəşfiyyat işləri aparmaq üçün rəhbərliyin razılığını almadan öz briqadası ilə Surquta yollanır. Onun bu məsləhətsiz addımı narahatçılığa səbəb olur. Onu işdən çıxarmaq, haqqında cinayət işi qaldırmaq istəyirlər. Bundan xəbər tutan işçiləri Fərman Salmanovun həbs olunacağı təqdirdə tətilə çıxmaq barədə qərar qəbul edirlər. Rəhbərlik kollektivin bu addımının SSRİ-nin beynəlxalq imicinə zərbə vuracağından ehtiyat edərək, köhnə tarixə əmr hazırlayır, onun Surquta gedişini rəsmləşdirir. Bununla da Fərman Salmanovun qarşısında öz neft möcüzəsini reallaşdırmaq üçün əlverişli fürsət yaranır. Xoşbəxtlikdən Magion kəndi yaxınlığında aylardan bəri qazıntısı davam etdirilən ilk kəşfiyyat quyusu - “Megiyon” yatağı 1961-ci il martın 21-də fantan vurur. Bu zaman Salmanov əleyhdarlarına belə bir məktub yazır: “Möhtərəm yoldaşlar, Megiyonda 2180 metr dərinlikdən neft fışqırır. Aydındırmı?”

Fərman Salmanovun SSRİ Geologiya Nazirliyindəki əleyhdarları onun bu uğuruna kölgə salmağa çalışaraq bu “fışqırığın” adi bir təsadüf olduğunu gündəmə gətirirlər. Əleyhdarlarının fikrincə, təbii anomaliya olan bu fantan tezliklə tükənəcək, çəkilən xərc, əziyyət heçə gedəcək. Halbuki Fərman Salmanovun o zaman qazdığı quyu indi də Rusiyanın ən böyük neft yatağı sayılır. Həmin quyudan gündə 200 min barel “qara qızıl” çıxarılır ki, bu da bəzi ölkələrin gündəlik neft hasilatının yarısına bərabərdir.

Dedi-qodulara, maneələrə baxmayaraq, həmyerlimiz öz elmi metodlarını istehsalata tətbiq etməkdən çəkinmir, qısa müddətdə növbəti uğuruna imza atır. O, Üst-Balıqda ikinci neft-qaz quyusunun kəşfindən sonra zəhmətinin bəhrəsini özünəməxsus qürur və qələbə sevinci ilə qeyd edir. Kremlə, Sov.İKP-nin XXII qurultayına və şəxsən sovet lideri Nikita Sergeyeviç Xruşşova ünvanlandığı: “Mən neft kəşf etmişəm. Bax belə!” iki cümləlik teleqramında həm sevincini, həm də rəhbərlik qarşısında əzəmətini ifadə edir.

Sovet geoloqları Fərman Salmanovun bu kəşfindən sonra onunla hesablaşmalı olurlar və Sibir qısa müddətdə Rusiya iqtisadiyyatının aparıcı qüvvəsinə çevrilir. Bütün bunlar barədə ötən əsrin 70-ci illərində ilk dəfə şair-publisist Səyavuş Sərxanlı “Ulduz” jurnalında dərc etdirdiyi “Sibir nağılı” sənədli povestində Sibir cəngavəri adlandırdığı Fərman Salmanovun keşməkeşli həyatı və fəaliyyəti barədə dolğun yazmışdı. Bundan sonra Sibir cəngavərinin adına şeir, hekayə, povest və romanlar yazılmış, haqqında film çəkilmişdir.

Barəsində müasir dövrümüzün ensiklopediyası sayılan Wikipediada yazılmış aşağıdakı sözlər də həmyerlimizin Rusiya iqtisadiyyatına verdiyi töhfənin yığcam ifadəsidir: “Fərman Salmanov ömrünün 50 ilini Sovet İttifaqı və Rusiya Federasiyasının neft-qaz sənayesinə həsr etmiş, 100-dən artıq nəhəng neft-qaz yatağını kəşf və ya onların kəşfində iştirak etmişdir. Belə nəhəng yataqlardan Mamontov, Megiyon, Pravdinsk, Üst-Balıq, Surqut, Urengoy, Yamburq və digərlərini misal göstərmək olar. 1978-ci ildən 1987-ci ilə qədər F.Salmanov Tümen vilayətinin neft-qaz kəşfiyyatı idarəsi “Qlavtumengeologiya”ya rəhbərlik etmişdir. 1987-1991-ci illərdə SSRİ Geologiya nazirinin birinci müavini işləmişdir. Ölümünə qədərki dövrdə isə Rusiyanın “İtera Qaz Şirkəti” prezidentinin məsləhətçisi kimi çalışmışdır.

Fərman Salmanovun xidmətləri keçmiş SSRİ rəhbərliyi tərəfindən yüksək qiymətləndirilərək Sosialist Əməyi Qəhrəmanı fəxri adına, “Lenin” və “Qırmızı Əmək Bayrağı” ordenlərinə, Rusiya Federasiyasının Əməkdar geoloqu və digər fəxri adlara layiq görülmüşdür. Ulu Öndər Heydər Əliyevin sərəncamı ilə müstəqil Azərbaycanın ali mükafatı - “Şöhrət” ordeni ilə təltif edilmişdir. Şəmkirdə təhsil aldığı Morul kənd orta məktəbi və ən böyük küçələrdən biri onun adını daşıyır.

Dünya şöhrətli neftçi, mühəndis-geoloq, geologiya-minerologiya elmləri doktoru, Rusiya Elmlər Akademiyasının müxbir üzvü olmuş Fərman Salmanov böyük elmi kəşflərin, 160-dan artıq monoqrafiya və elmi əsərlərin müəllifidir. O, Xanti-Mansi və Yamalo-Nenets Muxtar dairələrinin, Surqut şəhəri və ABŞ-ın Texas ştatının fəxri vətəndaşı idi. 2015-ci ilin fevralında Rusiyanın Nijnevartovsk şəhərinin mərkəzi küçələrindən birinə Fərman Salmanovun adı verilmişdir. 2018-ci ilin dekabrından isə Rusiyanın Surqut şəhərinin hava limanı Salmanovun şərəfinə adlandırılmışdır. Surqut hava limanının, eləcə də Nijnevartovsk şəhəri mərkəzi küçələrindən birinin Fərman Salmanovun adını daşıması hansısa siyasi qərarın deyil, Rusiya xalqının ümumxalq səsverməsinin nəticəsidir. Bu faktın özü də həmyerlimizə Rusiyada bəslənən hörmətin, rəğbətin göstəricisidir. Moskva, Surqut, Salexard, Yamal və Xanti-Mansidə onun heykəl və büstləri ucaldılmış, hazırda Surqutda küçə, neftqazkondensat yatağı və gəmi onun adını daşıyır. Rusiyalı neftçi mütəxəssislər, xüsusən də Tümen vilayətinin gənc geoloqları Fərman Salmanovun ictimai-siyasi və əmək fəaliyyətini elmi-tədqiqata cəlb etməyə üstünlük verirlər. Onun rus xalqının tarixində və yaddaşında əbədiləşməsi, ölümündən sonra böyük ehtiramla yad edilməsi Fərman Salmanov şəxsiyyətinə və əməyinə verilən çox böyük dəyərdir.

Həmyerlimiz böyük uğurlara imza atdığı illərdə SSRİ-nin Baş naziri olmuş Aleksey Kosiginin Fərman Salmanov barədə dediyi bir cümlə onun Rusiya üçün nə dərəcədə qiymətli olduğunu bir daha təsdiqləyir: “Salmanov olmasaydı, Rusiya xalqı Böyük vətən müharibəsi illərindəki kimi indi də çörək talonları ilə yaşayacaqdı”.

Bu fikirlərdə böyük həqiqət var. Son zamanlar ABŞ-ın və digər dövlətlərin təzyiq və sanksiyalarına Rusiyanın duruş gətirə bilməsi, ilk növbədə, Fərman Salmanovun bu ölkəyə bəxş etdiyi neft və qaz yataqları ilə əlaqədardır. Rusiya həmin quyuların hesabına hazırda dünyanın ən böyük “qara qızıl” hasilatçısına çevrilib. Bu sərvətdən əldə edilən gəlirlərin hesabına Rusiya öz iqtisadiyyatını  gücləndirib.

Rusiya və Azərbaycan xalqına qürurlu duyğular yaşadan Fərman Salmanov iki ölkə arasında əlaqələrin möhkəmləndirilməsinə daim kömək göstərib. O, Rusiyada Azərbaycan diasporunun formalaşması və inkişafına böyük əmək sərf edib. Fərman Salmanov ölkəmizin neft və qaz sektorunun inkişafında da əlindən gələni əsirgəməyib.

 

Rəhman SALMANLI,

“Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video