28 Oktyabr 2021 02:43
960
CƏMİYYƏT
A- A+

İki müharibənin qəhrəmanı, inadından dönməyən qazi

 

Vətən  müharibəsi bizə kimin kim olduğunu yaxşı tanıtdı. Qazancımız şanlı qələbə, tanıdıqlarımız isə Vətən üçün candan keçməyi bacaranlar oldu. Belə igid oğullarımızla fəxr edirik. Çünki onlar canlarını vətənimizə, torpağımıza, bu günümüzə, sabahımıza - tariximizə, mədəniyyətimizə tuşlanan düşmən gülləsinə sipər edənlərdir, şəhidlik zirvəsinə ucalanlar, bədənində qəlpə və onun yarasını gəzdirən qazilərimizdir.

Belə vətənpərvər qazilərimizdən biri də 1972-ci ilin avqust ayında Zəngilan rayonunun cənub-qərbində yerləşən gözəl iqlim şəraitinə malik Bartaz kəndində anadan olan, 1990-cı ildə orta məktəbi bitirərək, həmin ilin dekabrından Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarında  qulluq edən Zülfü Həsənəliyevdir.  

 Ağdam, Şuşa, Laçın, Ağdərə, Xocalı, Füzuli, Naxçıvan, bir sözlə, Azərbaycanın ərazi bütövlüyünün qorunması uğrunda aparılan döyüşlərdə şücaəti ilə fərqlənən Zülfü Həsənəliyev Ağdam rayonunun Papravənd kəndində ağır yaralanıb. Müalicə olunduqdan sonra Daxili Qoşunların Komandiri, Milli Qəhrəman Sahil Məmmədovun və Rövşən Allahverdiyevin komandirliyi ilə 1992-ci ilin mart ayında Zəngilan rayonunun Qazançı, Ağkənd, Seyidlər kəndlərinin işğaldan azad olunmasında iştirak  edib.

Keçmiş döyüşçü-qazi o illəri xatırlayaraq deyir ki,1992-ci il iyunun 29-da Zakif Abbasov və iyulun 10-da Natiq İmanov yaralanıb: “O zaman hərbi sürücü Yanvar Şahməmmədovun köməyi ilə yaralılar Zəngilan Rayon Mərkəzi Xəstəxanasına gətirildi. Bu illərdə Yanvar Şahməmmədovun xidmətlərini qeyd etmək yerinə düşər.

Onu da deyim ki, heç bir texnika Qazançı kəndinə girə bilmədiyi vaxtlarda Şahməmmədov Yanvar Famil oğlu ölümlə üzbəüz olurdu. Mərmi partlayışı nəticəsində komandir Sahil Məmmədov yaralandı. Onu döyüş meydanından çıxarmaq müşkül işə çevrildi. Lakin döyüş dostları və Milli Ordunun cəsur sürücüsü Yanvar Şahməmmədovla ermənilərin güclü atəşi və nəzarətində olan sahədən komandiri çıxarıb Zəngilan Rayon Mərkəzi Xəstəxanasına, oradan isə Bakıya göndərdik...”

Sahil Məmmədovu xəstəxanada qoyub, döyüş mövqeyinə qayıdan Zülfü Həsənəliyev axşam saatlarında mərmi partlayışı nəticəsində başından və ayağından yaralanır. Yenə də köməyə cəsur, qoçaq, ölümün gözünə dik baxan sürücü Yanvar Şahməmmədov çatır. O, Zülfünü Zəngilana, üç gündən sonra isə Bakıya, DİN-in Mərkəzi Xəstəxanasına gətirir.

Müalicəni başa vuran Zülfü Həsənəliyev döyüşlərdə göstərdiyi yüksək peşəkarlığa görə, DİN-in Zəngilan Rayon Polis Şöbəsinin əməkdaşı kimi işə qəbul edilir.

Qarabağın, o cümlədən Zəngilanın da erməni qaniçənlərindən azad edilməsində rayonun polis əməkdaşları da yaxından iştirak ediblər. Kilsə kəndində vaxtilə Zülfü Həsənəliyevin hərbi hazırlıq müəllimi olmuş Bərxudar Şıxalıyev öz həyatını təhlükəyə ataraq düşmənin uzunmüddətli atəş nöqtəsini susdurmaqla Zəngilan Rayon Polis Şöbəsinin  bir qrup əməkdaşını, o cümlədən Zülfünü xilas etsə də, özü yaralanır.

Zülfü Həsənəliyev 44 günlük Vətən müharibəsində də Zəngilan rayonunun mənfur düşmənlərdən azad olunmasında iştirak edib, həmçinin Sərhəd Qoşunları Xidmətində bələdçi kimi sərhədçilərimizə dağlarda hərəkətlərinə yardımçı olub.

Hacı Zülfü Həsənəliyev bu günlərdə  doğma Zəngilanını ziyarət edənlərdən biri olub. O, məşhur və müqəddəs məkan sayılan Xanazir pirini ziyarət edib, orada azan verərək əhd etdiyi qurbanlığı kəsib. 

 

Məhəmməd NƏRİMANOĞLU,

“Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video