25 Dekabr 2019 02:29
1889
SİYASƏT
A- A+

İdarəetmədə yeni meyarların tətbiqi sürətli müasirləşməni təmin edir


Dünya reallıqları lider missiyasını üzərinə götürmüş şəxslərin xalq və dövlət qarşısındakı məsuliyyətini qabarıq şəkildə önə çıxararaq idarəçilikdə yeni meyarlar diktə edir.

Dövlətə rəhbərlik edən şəxsin siyasi peşəkarlığı, idarəetmə təcrübəsi, uzaqgörənliyi, qlobal müstəvidəki inkişaf proseslərini ölkəsinin milli tərəqqisinə istiqamətləndirmək əzmi, xalqına və vətəninə bağlılığı bu meyarlar sırasında mühüm yer tutur.

Ümummilli Lider Heydər Əliyevin böyük müdrikliklə müəyyən etdiyi inkişaf strategiyasını son 16 ildə uğurla davam etdirən Azərbaycan Prezidenti cənab İlham Əliyevin ölkəyə rəhbərlik fəaliyyətini diqqətlə nəzərdən keçirsək, onun fəaliyyətində bu şərtlərin özünü necə dəqiqliklə doğrultduğunu əyani şəkildə görərik.

Bu şərtlərdən, ən mühümü, heç şübhəsiz, uzun illər boyu zərrə-zərrə formalaşaraq sabitləşmiş milli dövlətçilik ənənələrinə sadiqlik nümayişidir. Cənab İlham Əliyev siyasətini bu ənənələr çərçivəsində quraraq dövlətçilik konsepsiyasını Ulu Öndər Heydər Əliyevin müəllifi olduğu ideoloji kurs üzərində formalaşdırmış, xalqı dahi rəhbərin ölməz ideyaları ətrafında toparlaya bilmişdir.

İdarəetmə və liderlik bacarığı ilə Prezident cənab İlham Əliyevin Azərbaycan və dünya siyasətində bütün siyasi qütblərin hesablaşdığı qüdrətli liderə çevrildiyi danılmaz gerçəklikdir. Onun siyasi və dövlətçilik fəaliyyəti, daxili və xarici siyasət sahəsində atdığı addımlar məntiqi ardıcıllıqla bir-birini tamamlayır. Azərbaycan Prezidentinin istər ölkədə, istərsə də respublikamızın hüdudlarından kənarda baş verən hadisə və proseslərə münasibəti birmənalı və dəqiqdir. Cənab İlham Əliyev dövlət adamı olaraq nəzəriyyəçidən daha çox praktikdir və dərin məzmunlu nitqlərini reallıqda təsdiqini tapmış müddəalar üzərində qurur. Auditoriyanın xarakterindən asılı olmayaraq, insanlarla ünsiyyət zamanı müstəqil dövlətimizin qarşısında dayanan yeni planlar, perspektivlər, həlli vacib problemlər haqqında fikirlərini aydın şəkildə çatdırır. Dövlət rəhbərinin hər bir nitqi onun cəmiyyət həyatının bütün əhəmiyyətli sahələri üzrə yüksək bilik və məlumata malik olduğunu göstərir. Bütün məsələlərə ölçülüb-biçilmiş yanaşma tərzi Azərbaycan Prezidentinin çıxışlarının nəzəri-təcrübi bilik, yüksək səriştə və dünyagörüşü üzərində kökləndiyini təsdiqləyir. Bütün bu keyfiyyətləri həm də onun malik olduğu yüksək qətiyyət, intellekt, enerji, potensial və işgüzarlıq tamamlayır.

Azərbaycan Prezidenti xarakter etibarilə çox səmimidir. Bu keyfiyyət xüsusilə onun sıravi vətəndaşlarla təmaslarında daha qabarıq üzə çıxır. Cənab İlham Əliyev müdrik dövlət adamlarına xas olan qabiliyyətlə hər kəslə dil tapmağı, hər kəsin probleminə həssaslıqla yanaşmağı, Prezidentlə vətəndaş arasındakı psixoloji sədləri götürməyi bacarır. Dövlət başçısının son vaxtlar insanlarla birbaşa və planlaşdırılmayan təmaslara daha çox üstünlük verməsi, reallıqları onların öz dilindən eşitmək və insanlarla səmimi söhbətləşmək istəyi mərkəzi və yerli icra hakimiyyəti orqanlarının rəhbərlərinin məsuliyyətini daha da artırır, onları səylə işləməyə, xalqa daha yaxın olmağa sövq edir.

Dövlətimizin rəhbəri nitqlərində hadisələrə, mövcud problem və nöqsanlara münasibət bildirməklə kifayətlənmir, həm də proseslərin gələcək dinamikasını, həlli yollarını göstərir. Həm də o qədər yüksək peşəkarlıqla ki, bunun üçün ən müxtəlif sahələr üzrə yaxşı mütəxəssis olmaq lazımdır. Nitqlərində yer alan ayrı-ayrı məqamlar göstərir ki, cəmiyyət həyatına aid xırda detal belə dövlət başçısının diqqətindən kənarda deyil. Cənab İlham Əliyev təkcə müxtəlif mənbələrdən aldığı məlumatlarla kifayətlənmir, eyni zamanda bu məlumatları fərdi müşahidələri ilə birgə nəzərdən keçirərək ümumi qənaətə gəlir.

Son illərin təhlili bir daha təqdiqləyir ki, cənab İlham Əliyev xalqın arzu və istəyini müxtəlif mənbələr, sosial şəbəkələr, eləcə də yeni yaradılmış Sosial Tədqiqatlar Mərkəzi vasitəsilə dərindən öyrənir, təxirəsalınmaz qərarlar qəbul edir və məmurlar qarşısında ciddi tələblər qoyur. "Mənim işim ondan ibarətdir ki, xalqa xidmət etməliyəm. Onu da edirəm və bundan sonra da edəcəyəm. Bütün işlərimdə mən xalqa arxalanıram. Əgər təşəbbüslərimiz xalq tərəfindən dəstəklənməsəydi, bütün bu işləri görmək mümkün olmazdı” deyən ölkə başçısı idarəçilikdə, fəaliyyətdə və düşüncədə yeniləşməni və sivil dəyərlərin tətbiqini zəruri sayır.

2018-ci ilin 11 aprel seçkilərindən sonra ölkəmizdə qlobal miqyası ilə sistem xarakteri almış, uzaq hədəflərə hesablanmış islahatların sosial sifariş amilinə söykəndiyi, xalqın arzu və istəklərini tam ifadə etdiyi göz önündədir. İki ilə yaxın müddətdə ictimai həyatın bütün sahələrində aparılan kadr dəyişikliklərinin, şəffaflığa, bürokratik amillərin aradan qaldırılmasına xidmət edən struktur islahatlarının, tətbiq olunan innovativ idarəetmə texnologiyalarının başlıca mahiyyəti insanları önə, diqqət mərkəzinə çəkməkdir: idarəetmənin şəffaflaşdırılması, bir çoxlarına həlli müşkül görünən neqativ amillərin aradan qaldırılması üçün ciddi siyasi iradənin ortaya qoyulması, icra hakimiyyəti orqanlarında əsaslı kadr dəyişikliklərinin aparılması, yeniliklərlə ayaqlaşa bilməyən kadrların vəzifələrindən uzaqlaşdırılması sistemli islahatların mühüm tərkib hissəsidir.

Xatırladaq ki, dövlət başçısı hələ 2013-cü ildə Kürdəmir rayonuna səfəri zamanı sistemli islahatların aparılması zəruriliyini qeyd etmişdir: "Biz həm iqtisadi sahədə, sosial məsələlərin həllində bundan sonra da islahatlar aparacağıq. İslahatlara böyük ehtiyac vardır. Çünki burada söhbət təkcə investisiyalardan getmir, investisiya qoyuluşu Azərbaycanda yüksək səviyyədə həll olunur, eyni zamanda, sistem xarakterli islahatlar aparılmalıdır”.

Ötən dövrdə idarəçiliyin asanlaşdırılması zəminində vətəndaş məmnunluğunun təmin edilməsi də strateji xətt olaraq diqqət mərkəzindədir. Dövlət başçısı 2018-ci ilin avqust ayında əhalinin məşğulluğu, əmək və sosial müdafiəsi ilə bağlı çevik və innovativ xidmətlərin göstərilməsi üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nəzdində Dayanıqlı və Operativ Sosial Təminat Agentliyini (DOST) yaratmışdır. Ümumilikdə, "ASAN xidmət”, "ASAN kommunal” və "DOST” kimi modern xidmət mərkəzlərinin yaradılması Azərbaycanda tətbiq olunan müasir idarəetmə sisteminin mahiyyətini, fəlsəfəsini açır. Bu cür unikal xidmət mərkəzlərinin yaradılması və fəaliyyəti hökumətin xalq qarşısında bürokratik amillər olmadan, şəffaf və layiqli xidmət etmək niyyətinin ali təcəssümü olaraq Azərbaycan milli brendinə çevrilmişdir. Bu innovasiyalar dövlət idarəçiliyində "müştəri məmnunluğu” ideyasının tətbiqinə, dövlət qulluqçusu-vətəndaş münasibətlərinin keyfiyyətcə yeni müstəviyə keçməsinə xidmət edir. Təsadüfi deyil ki, BMT və digər nüfuzlu təşkilatlar Azərbaycanın elmi innovasiyalar sahəsində qazandığı uğurları yüksək dəyərləndirmiş, "ASAN xidmət”i dünyada yeni və unikal model kimi səciyyələndirmişlər.

Dövlət başçısı əldə olunan iqtisadi nailiyyətlərin tempini, insanların yeniləşən həyat tərzi və təfəkkürünü nəzərə alaraq müasir tələblərlə uzlaşmayan idarəetmə tərzini dəyişməyə, ziyanlı vərdişlərin, bürokratik amillərin aradan qaldırılmasına çalışır. Son ayların kadr islahatları - novatorluğu ilə fərqlənən gənclərin irəli çəkilməsi, idarəetmə aparatının strukturunun təkmilləşdirilməsi, icra hakimiyyəti orqanları qarşısında sərt tələblərin qoyulması dəyişikliklərin miqyasını və tempini sürətləndirmək, vətəndaş məmnunluğunu, şəffaflığı təmin etmək niyyətindən irəli gəlir.

Hakimiyyətin ölkə Konstitusiyası ilə təsbitlənmiş hər üç qolunda - icraedici, qanunverici və məhkəmə hakimiyyətində islahatların paralel şəkildə aparılması onun sistem xarakter daşımasını bir daha təsdiqləyir. İnkişaf etmiş ölkələrin təcrübəsi göstərir ki, demokratikləşmə prosesində hər üç hakimiyyət qolunun şəffaf, çevik işləməsi, müasir cağırışlara hazır olması başlıca şərtlərdəndir. Azərbaycanda da hər üç hakimiyyət qolunda reallaşdırılan islahatlar fundamental xarakter daşıyaraq insanların arzu və istəklərini tam ifadə edir.

Xüsusilə vurğulamaq lazımdır ki, hakimiyyətin icraedici qolunun müasirləşdirilməsi istiqamətində ilk mühüm addım 2016-cı il sentyabrın 26-da keçirilmiş ümumxalq referendumu ilə Azərbaycan Respublikasında vitse-prezidentlik institutunun yaradılması olmuşdur. Sonrakı mərhələdə - 2017-ci il fevralın 21-də Heydər Əliyev Fondunun prezidenti, UNESKO-nun və ISESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın Azərbaycan Respublikasının Birinci vitse-prezidenti təyin edilməsi idarəçiliyin müasirləşdirilməsi, hakimiyyətə ictimai inamın daha da gücləndirilməsi baxımından əhəmiyyətli addım olmuşdur. Birinci vitse-prezident vəzifəsinə çoxşaxəli fəaliyyəti ilə milyonların rəğbətini qazanmış layiqli bir şəxsiyyətin təyin olunması Azərbaycanın müasir dövlət idarəetməsi sistemində keyfiyyətcə yeni mərhələnin başlanğıcı olmuşdur.

Azərbaycanın birinci xanımının bu strateji posta ən layiqli namizəd olduğu onun son iki il yarımdakı fəaliyyətinə nəzərən tam təsdiqini tapmışdır. İctimaiyyət də haqlı olaraq bu təyinatı ölkənin hazırkı və gələcək inkişaf perspektivləri baxımından yüksək dəyərləndirir. Yalnız bu səbəbdən ki, Mehriban xanım Əliyeva Heydər Əliyev Fondunun prezidenti kimi fəaliyyətində insan amilini daim uca tutmuş, cəmiyyətdə insanpərvərlik, humanizm kimi dəyərlərin möhkəmlənməsinə, eləcə də Heydər Əliyev irsinin təbliğinə çalışmışdır. Mehriban xanım Əliyevanın əzmkarlığı, təşəbbüskarlığı, həyata keçirilən proqram və layihələrə yaradıcı münasibəti, ölkə Prezidentinə yaxından dəstəyi islahatların son illərdə kifayət qədər geniş spektri əhatə etməsini və uğurlu olmasını şərtləndirən vacib amillərdəndir. Onun müasir idarəetmə səriştəsi, yeniliklərə meyilliliyi, ölkə qarşısındakı strateji hədəfləri aydın təsəvvür etməsi ümumən hökumətin fəaliyyətinin səmərəliliyini yüksəltmişdir. Mehriban xanım Əliyevanın yaxından iştirakı ilə inkişafın əsasını müəyyən edən idarəetmənin modern əsaslarla aparılması, situasiyaların səmərəli idarə olunması qarşıya qoyulan vəzifələrin uğurlu icrasını təmin edir.

Azərbaycanın Birinci vitse-prezidentinin fəaliyyətində cəmiyyətin sosial sahələrinə həssas münasibət yenə ön plandadır və bu, 2004-cü ildən həyata keçirilən layihələrin uğurlu davamıdır. Məlumdur ki, Heydər Əliyev Fondu humanitar və sosialyönümlü fəaliyyətində daim cəmiyyətin mənəvi, mədəni-intellektual yüksəlişini təmin etmək, habelə Azərbaycanın zəngin mədəni irsini - tarixi abidələrini, musiqisini, incəsənətini, ümumən isə ölkə həqiqətlərini dolğunluğu ilə dünya ictimaiyyətinə çatdırmaq məramını qarşıya qoymuşdur. Azərbaycanın Birinci vitse-prezidenti bütün bu məqsədlərin həyata keçirilməsi, eləcə də ölkənin hərtərəfli inkişafı, cəmiyyətin mənəvi-intellektual yüksəlişi baxımından təhsilin, səhiyyənin, sosial xidmət sektorunun problemlərinin həllini xüsusilə vacib sayır. Aztəminatlı insanların, qaçqın və məcburi kökünlərin, şəhid ailələrinin problemlərinin həllində dövlət başçısı ilə yanaşı, Birinci vitse-prezidentin də xidmətləri müstəsnalıq təşkil edir.

İslahatların ikinci mühüm istiqaməti məhkəmə hakimiyyətini əhatə edir. 2019-cu il 20 mart tarixində xalqa ənənəvi müraciətində cənab İlham Əliyev cəmiyyətin digər sahələri ilə yanaşı, məhkəmə-hüquq sistemində də islahatların davam etdiriləcəyini bildirmişdir: "İslahatlar dərinləşəcək. İslahatlara alternativ yoxdur. Siyasi islahatlar, iqtisadi islahatlar, sosial sahədə islahatlar, məhkəmə-hüquq sistemində islahatlar - artıq müvafiq göstərişlər verilib və sənədlər paketi hazırlanır - təhsil, səhiyyə sahələrində, hər bir sahədə, Azərbaycan yeni dövrə qədəm qoyub. Azərbaycan yeniləşir, Azərbaycan güclənir və müasirləşir”.

Prezident cənab İlham Əliyevin 3 aprel 2019-cu il tarixli "Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” fərmanı keyfiyyətcə yeni mərhələdə məhkəmə-hüquq islahatlarının dərinləşməsinə geniş imkanlar açmışdır. Fərmana əsasən, Azərbaycan Respublikasının bütün məhkəmə sədrlərinə və hakimlərinə məhkəmə hakimiyyətinin nüfuzunun artırılması və cəmiyyətdə məhkəmələrə etimadın möhkəmlənməsi üçün fəaliyyətlərində ədalət, qanunçuluq, qərəzsizlik, aşkarlıq, hər kəsin qanun və məhkəmə qarşısında bərabərliyi kimi prinsiplərə dönmədən riayət etmək tövsiyə edilmişdir.

Fərmanla Ali Məhkəməyə, Məhkəmə-Hüquq Şurasına və Ədliyyə Nazirliyinə sahibkarlıqla bağlı mübahisələrə müvafiq sahədə daha dərin hüquqi bilik və təcrübəsi olan hakimlər tərəfindən baxılmasını təmin etmək məqsədilə vergi və gömrük ödənişləri, məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi ilə bağlı yaranan mübahisələrə, habelə sahibkarlıq fəaliyyəti ilə əlaqədar digər məsələlərə dair işlər üzrə ixtisaslaşmış məhkəmənin yaradılması tapşırılmışdır. Bununla əlaqədar hazırda hazırda Məhkəmə-Hüquq Şurası tərəfindən inzibati və kommersiya məhkəmələrinin formalaşdırılması istiqamətində ciddi iş aparılır. Xüsusi vurğulamaq istərdik ki, iqtisadi mübahisələrə, eləcə də sahibkarlıq fəaliyyəti ilə bağlı iddialara ixtisaslaşmış məhkəmələrdə baxılması iş adamlarının hüquqlarının qorunması baxımından da əhəmiyyətli olacaqdır. Ümumilikdə məhkəmələrə ictimai inamın yüksəldilməsi, ədalət mühakiməsinin səmərəliliyinin artırılması, bu sahədə xoşagəlməz halların tamamilə aradan qaldırılması Prezident cənab İlham Əliyevin əsas tələblərindəndir.

Bir müddət əvvəl Yeni Azərbaycan Partiyasının təşəbbüsü, ölkə rəhbərinin fərmanı əsasında Milli Məclisin buraxılması ilə bağlı hüquqi prosedurların başa çatdırılması, 2020-ci il fevralın 9-na parlament seçkilərinin təyin olunması ilə islahatlar prosesi hakimiyyətin qanunverici qolunu da əhatə etmişdir. Əminliklə demək olar ki, YAP-ın parlament seçkilərindəki namizədlərinin şəxsi keyfiyyətləri, bilik və bacarığı, vətənpərvərliyi Milli Məclisin cəmiyyətdəki nüfuzunun yüksəlməsinə və mütərəqqi qanun yaradıcılığı prosesinə töhfə olacaqdır.

Bütün bunlarla yanaşı, dövlət başçısı son aylarda şəhər və rayonların icra hakimiyyəti rəhbərlərinin də fəaliyyətinin müasirləşməsinə, icra strukturlarında neqativ amillərin aradan qaldırılmasına çalışır. Yeni təyin etdiyi icra hakimiyyəti başçılarını qəbul edərək xalqa layiqli, vicdanlı, şəffaf xidməti onların qarşısında ciddi tələb kimi qoyur, etimadı doğrultmayanları, korrupsiya və rüşvətxorluqla məşğul olanları sərt şəkildə cəzalandıracağı barədə əvvəlcədən xəbərdar edir. Bir müddət əvvəl Hacıqabul və Naftalan rayonlarının yeni icra hakimiyyəti başçılarını qəbul edən dövlət başçısı demişdir: "Kadrlar qarşısında çox ciddi vəzifələr qoyulur, xüsusilə pozuntularla bağlı, rüşvətxorluq, korrupsiya sıfır dərəcəsində olmalıdır. İnvestorları incitməməlisiniz, əksinə, onlara kömək göstərməlisiniz, onları cəlb etməlisiniz ki, vətəndaşlar sizin işinizdən razı qalsınlar. Əgər vətəndaşlar razı olsalar, - atalar sözü var, "Xalqın gözü tərəzidir”, - mən də razı olacağam və sizin fəaliyyətinizə yüksək qiymət verəcəyəm. Yox, əgər mənim etimadımı doğrultmasanız, onda sizi çox ciddi cəza gözləyir”.

Son günlər Ağstafa və Yevlax rayonlarında aşkar olunan ciddi qanun pozuntuları - korrupsiya faktları ilə bağlı yüksək vəzifəli şəxslərin tutulması və barələrində həbs-qətimkan tədbirlərinin seçilməsi dövlət başçısının tələblərinin çox ciddi olduğunu sübut edir. Bu bir daha cənab Prezidentin yeniləşmə və müasirləşmə, habelə Azərbaycanı sivil, müasir, qüdrətli dövlətə çevirmə yolunda möhkəm siyasi iradə nümayişinin təcəssümüdür. Bu və digər addımlar həm də təfəkkürün və zərərli vərdişlərin dəyişdirilməsi zəruriliyi ilə bağlı cəmiyyətə, o cümlədən məmurlara ciddi siqnaldır.

İş adamı olaraq böyük razılıq hissi ilə qeyd etmək istərdim ki, son vaxtlar icra strukturlarına təyin olunan şəxslərin qarşısında həm də investisiya qoyuluşlarına, sahibkarlığın inkişafına imkan yaratmaq, bürokratik amilləri aradan qaldırmaq kimi ciddi tələblər qoyulur. Bu, dövlət başçısının cəmiyyətdə sabitliyin və inkişafın təminatçısı olan sahibkarlar sinfinə necə böyük diqqət və qayğı ilə yanaşdığını bir daha təsdiqləyir. Şübhəsiz, Azərbaycanda hazırda başlanmış köklü islahatların uğurla reallaşdırılması, iqtisadi inkişafın davamlı olması, qeyri-neft sektorunun tərəqqisi, sosial islahatların genişləndirilməsi, ilk növbədə, özəl sektorun inkişafından keçir.

Sahibkarlığın inkişafı məqsədilə 2003-cü ildən bəri iqtisadiyyatın müxtəlif sahələrinin inkişafını özündə əks etdirən çoxsaylı dövlət proqramları qəbul olunmuş, paytaxt və regionların tərəqqisi təmin edilmişdir. Azad bazar münasibətləri şəraitində Azərbaycan iqtisadiyyatının inkişaf tempini daha da yüksəldən bu proqramlar paytaxt və regionların tarazlı tərəqqisini təmin etməklə bərabər, onların potensialının bir-birinə kömək mexanizmi üzərində qurulmasında da vacib rol oynamışdır. İnfrastruktur yenilənmiş, əhalinin məşğulluğu davamlı olaraq yüksəlmiş, yoxsulluğun səviyyəsi azalmışdır. Ölkənin təbii və iqtisadi potensialından səmərəli istifadə əmsalı davamlı olaraq artmış, insanların həyat şəraiti daha da yaxşılaşmışdır. Təsadüfi deyil ki, BMT İnkişaf Proqramının İnsan İnkişafı Hesabatında Azərbaycan son 10 ildə ən sürətli irəliləyən ölkələrdən biri kimi tanınır.

İqtisadiyyatın diversifikasiyası ilə bağlı nəzərdə tutulmuş tədbirlərin ardıcıl şəkildə reallaşdırılması üçün dövlət başçısının müvafiq fərman və sərəncamları ilə Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı (2004-2008-ci, 2009-2014, 2014-2018, 2019-2023-cü illər) dövlət proqramları, "Korrupsiyaya qarşı mübarizə üzrə Dövlət Proqramı” (2004-2006-cı illər), "Sahibkarlığa dövlət maliyyə dəstəyinin göstərilməsi sahəsində əlavə tədbirlər haqqında”, "Azərbaycan Respublikasında xüsusi iqtisadi zonaların yaradılması haqqında”, "Azərbaycan Respublikasında sahibkarlığın inkişafı ilə bağlı bəzi tədbirlər haqqında”, "Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında”, "Azərbaycan Respublikasının mərkəzi və yerli icra hakimiyyəti orqanlarında Apelyasiya Şuralarının yaradılması haqqında”, "İnvestisiyanın həyata keçirildiyi iqtisadi fəaliyyət sahələri, investisiya layihəsinin həcmi ilə bağlı minimal məbləğ və həyata keçiriləcəyi inzibati ərazi vahidləri”nin təsdiq edilməsi haqqında, "Bəzi tikinti obyektlərinin istismarına icazə verilməsinin sadələşdirilməsi haqqında” fərman və sərəncamları ölkədə sahibkarlığın inkişafına ciddi təkan verən sənədlər kimi yüksək dəyərləndirilir.

Dövlət başçısının siyasi iradəsilə həyata keçirilən sistemli islahatlar - imzalanan fərman və sərəncamlar respublikamızın postneft dövrünə uyğunlaşdırılmasını, sahibkarların hərtərəfli dəstəklənməsi yolu ilə regionlarda qeyri-neft sektorunun inkişafının sürətləndirilməsini önə çəkir. Bu məqsədlə son 4 ildə sahibkarlıq fəaliyyəti üçün lisenziya və icazələrin sayının, habelə ödənilən rüsumların məbləğlərinin dəfələrlə azaldılması; icazələrin verilməsi prosedurlarının sadələşdirilməsi, o cümlədən bu sahədə elektron portalın yaradılması; sahibkarların hüquqlarının qorunması məqsədilə Apelyasiya Şuralarının yaradılması; ölkə ərazisindən tranzit yüklərin daşınmasında "bir pəncərə” prinsipinin tətbiq olunması; ölkədə investisiyaların təşviqinin artırılması məqsədilə 7 il müddətində vergi və gömrük güzəştlərinin verilməsi; idxal-ixrac əməliyyatları zamanı gömrük prosedurlarının sadələşdirilməsi məqsədilə elektron gömrük xidmətlərinin genişləndirilməsi; sahibkarların müraciətlərinin birbaşa cavablandırılmasını həyata keçirən, məlumatlandırma və məsləhət xidmətləri göstərən çağrı mərkəzlərinin yaradılması reallaşdırılmışdır.

Sabit və sürətli inkişaf məntiqinə əsaslanan bu siyasət həm də ölkəmizdə makroiqtisadi sabitliyin qorunub saxlanılmasına xidmət edir. Eyni zamanda regionların sosial-iqtisadi inkişafi ilə bağlı proqramların icrası və nəticələrinin təhlili onu meydana çıxarır ki, ölkənin makroiqtisadi göstəricilərində bölgələrin xüsusi çəkisi əhəmiyyətli dərəcədə yüksəlməyə başlamışdır. 2020-ci ilin dövlət büdcəsindən dotasiya almayacaq şəhər və rayonların sayının 35-i ötməsi bunun əyani təcəssümüdür. Regionların sosial-iqtisadi inkişafının ən ciddi nailiyyətlərindən biri də qeyri-neft sektorunda artımın neft sektoru ilə müqayisədə əhəmiyyətli dərəcədə yüksək olmasıdır. Bu fakt göstərir ki, "Neft bizim üçün məqsəd deyil, iqtisadiyyatı inkişaf etdirmək üçün vasitədir” deyən dövlət başçısı İlham Əliyevin milli iqtisadiyyatın şaxələndirilməsi, neft amilindən asılılığın azaldılması istiqamətində həyata keçirdiyi siyasət real nəticələrini verməyə başlayır. Başqa sözlə, müstəqil respublikamız dünya iqtisadiyyatında neftin qiymətlərinin geosiyasi maraqlar çərçivəsində müəyyənləşdiyi hazırkı mərhələdə enerji resurslarından asılılığı tamamilə minimuma endirmək məramını açıq ifadə edir.

Bütün bunlar Ulu Öndər Heydər Əliyevin yeni neft strategiyasının təntənəsini göstərən daha bir önəmli amil kimi çıxış edir. Dövlət başçısının gerçəkləşdirdiyi uğurlu diplomatiya son 16 ildə Azərbaycanın bölgədə və dünyada layiqli yerini tapmasını, regional liderliyini təmin etmişdir. Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru və Bakı-Tbilisi-Ərzurum qaz kəmərlərinin istismara verilməsi, TAP, TANAP layihələrinin reallaşdırılması, 3 süni peykin orbitə buraxılması Azərbaycanın beynəlxalq münasibətlər sistemindəki mövqeyini daha da gücləndirmişdir. Dövlət başçısı cənab İlham Əliyevin diplomatik səyi nəticəsində Bakı-Tbilisi-Qars dəmir yolu layihəsi uğurla gerçəkləşmiş, respublikamızın Şərqlə Qərb arasında tranzit-kommunikasiya imkanları genişlənmişdir.

Xatırlatmaq yerinə düşər ki, 2018-ci il mayın 29-da "Cənub qaz dəhlizi”nin, iyunun 12-də isə onun tərkib hissəsi olan TANAP boru kəmərinin rəsmi açılış mərasimi olmuş, bu layihələrin icrası Azərbaycanın regionda və Avropada geoiqtisadi əhəmiyyətini artırmışdır. Eyni zamanda, 2018-ci il sentyabrın 18-də 204 kilometr uzunluğunda Ələt-Astara-İran İslam Respublikası magistral avtomobil yolunun istifadəyə verilməsi mühüm hadisələrdən olmuşdur.

Neft və qaz gəlirlərinin səmərəli istifadəsi, bölgələrə böyük həcmdə investisiyaların yatırılması nəticəsində regionlar sürətlə inkişaf edir. O da xüsusi vurğulanmalıdır ki, regionlarda özəl sektorun inkişafı üçün böyük həcmdə və əsas etibarı ilə güzəştli şərtlərlə kreditlər ayrılır. Kənd təsərrüfatı məhsulları istehsalçılarına yanacaq, mühərrik yağları, buğda, toxum və gübrəyə görə subsidiyaların verilməsi həyata keçirilir. Texnika, gübrə və toxum təchizatının yaxşılaşdırılması üçün dövlət büdcəsindən vəsaitin ayrılması və vergi güzəştlərinin tətbiqi nəticəsində regionlarda məhsul istehsalının nominal dəyəri bir neçə dəfə artmışdır.

Sahibkarlığın inkişafı sahəsində həyata keçirilən məqsədyönlü siyasət bu gün Azərbaycanın möhtəşəm nailiyyətlərə imza atmasına gətirib çıxarmışdır. Elə bunun nəticəsidir ki, iqtisadi inkişafdan danışarkən Azərbaycan modelindən də bəhs olunur. İnkişafın Azərbaycan modelinin xarakterik xüsusiyyətlərindən biri də yaşanan tərəqqinin bütün ölkə üzrə - proporsional qaydada paylanmasıdır. Yəni bu gün mövcud inkişaf təkcə mərkəzdə yox, siması günü-gündən dəyişən regionlarda da özünü qabarıq büruzə verir. Son 16 ildə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsi məqsədilə regionlarda minlərlə kilometr magistral yol çəkilmiş və ya əsaslı təmir edilmişdir. Bundan başqa, regionlarda səhiyyə xidmətinin keyfiyyətinin yüksəldilməsi və idmanın inkişafı məqsədilə onlarca yeni xəstəxana, digər tibb müəssisələri, diaqnostika mərkəzləri, olimpiya-idman kompleksləri tikilərək istifadəyə verilmişdir.

2020-ci ilin dövlət büdcəsinin sosialyönümlü xarakter daşıması da təsadüfi deyildir. Hökumətin müxtəlif kateqoriyaları əhatə edən vətəndaşların sosial ehtiyaclarının dolğun şəkildə ödənilməsinə xidmət edən iqtisadi siyasəti ümumən insan amilinin inkişafına təkan vermişdir. Respublikanın dövlət büdcəsinin strukturuna əsasən, obyektiv səbəblərdən çalışmaq və zəhmətdən gəlir əldə etmək imkanından məhrum olmuş vətəndaşların problemləri də xüsusi diqqət mərkəzində saxlanılır. Hökumət azad iqtisadi münasibətlərə, azad rəqabətə, özəl mülkiyyətçiliyə və sahibkarlığın inkişafına zəruri kömək göstərməklə yanaşı, cəmiyyətdə himayəyə, dəstəyə ehtiyacı olan təbəqəni də nəzərdən qaçırmır.

Büdcədə diqqəti çəkən mühüm məqamlardan biri investisiya xərclərinin prioritetliyinin qorunub saxlanılmasıdır. Gələn ilin dövlət büdcəsi xərclərinin strukturunda ilk yerlərdən birini ənənəvi olaraq dövlət əsaslı vəsait qoyuluşları tutur. Bu təsnifat üzrə dövlət büdcəsindən ayırmaların yüksək templə artması, ilk növbədə, hökumətin ictimai həyatın bütün sahələrində modernləşməyə nail olmaq istəyindən irəli gəlir. Sovet dövründən qalma infrastrukturla müasir Azərbaycanın artan ehtiyaclarını təmin etməyin, iqtisadi inkişafda davamlı və sabit inkişafa nail olmağın, sahibkarlığı inkişaf etdirməyin, əhalinin həyat keyfiyyətini yüksəltməyin qeyri-mümkünlüyü yaxşı məlumdur. 2020-ci il dövlət büdcəsində əsaslı xərclərin maliyyələşdirilməsi üçün 7809,6 milyon manat və ya xərclərin 29,0 faizi həcmində vəsait nəzərdə tutulmuşdur.

Bu faktlar bir daha təsdiqləyir ki, Azərbaycan Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında aparılan hüquqi-siyasi və iqtisadi islahatlar yeni mərhələdə modernləşmə xəttinin uğurla davam etdirilməsi üçün real zəmin yaratmışdır. Respublikamız qloballaşan dünyanın tərkib hissəsi kimi demokratik inkişaf yolunda inamla irəliləyir, yüksək iqtisadi inkişaf tempinə adekvat olaraq demokratik dəyərləri mənimsəyir. Ölkəmizin ildən-ilə artan sosial-iqtisadi imkanları deməyə əsas verir ki, Azərbaycan modernləşmə mərhələsini də tezliklə başa vuraraq dünyanın ən inkişaf etmiş dövlətləri ilə bir sırada dayanmaq imkanı əldə edəcəkdir.

İslahatlar prosesində Azərbaycan Prezidentinə ən böyük dəstək xalqdan, öz taleyini İlham Əliyevə etibar etmiş Azərbaycan vətəndaşlarından gəlir. Dövlət rəhbərinin müəyyən etdiyi prioritetlərin icrasına ümumxalq dəstəyini hər an görürük. Bu gün Azərbaycan xalqı İlham Əliyevi intibahın, siyasi sabitliyin, əmin-amanlığın və sülhün qarantı hesab edir, ona güvənir.

Azərbaycanın mənafelərinə xidmət göstərən amalların həyata keçirilməsində vətəndaşlar Prezidentə dəstəyini əsirgəmir. Çünki xalq həyatında, taleyində baş vermiş böyük dəyişikliklərin, bizi Azərbaycanımızın parlaq sabahına doğru yaxınlaşdıran siyasi kursun alternativsizliyini yaxşı dərk edir və bu siyasəti birmənalı müdafiə edir.

Qüdrət KƏRİMOV,

"Xəzər”QSC-nin sədri, iqtisad elmləri doktoru

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video