10:57 18 Oktyabr 2021
ONLINE XƏBƏR LENTİ
Tarix Muzeyi: Azərbaycanda neft sənayesi fotolarda
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

«Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında» Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə
ANA SƏHİFƏ / QANUNLAR
02:01 25.01.2012

 

Azərbaycan Respublikasının Qanunu

 

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 10-cu bəndini rəhbər tutaraq qərara alır:

"Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında" Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004, ¹ 1, maddə 8; 2005, ¹ 1, maddə 1, ¹ 8, maddə 700; 2006, ¹ 2, maddə 70; 2008, ¹ 2, maddə 49; 2010, ¹ 4, maddə 265) aşağıdakı dəyişikliklər edilsin:

1. 2.0.9-cu maddənin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və aşağıdakı məzmunda 2.0.10-cu, 2.0.11-ci, 2.0.12-ci və 2.0.13-cü maddələr əlavə edilsin:

"2.0.10. yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyət - Azərbaycan Respublikasının vətəndaşları və (və ya) Azərbaycan Respublikasında dövlət qeydiyyatına alınmış hüquqi şəxs tərəfindən təsis edilən məhdud məsuliyyətli cəmiyyətdir;

2.0.11. yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətin elektron dövlət qeydiyyatı - təkmil sertifikata malik gücləndirilmiş elektron imza ilə təsdiq edilən və müvafiq icra hakimiyyəti orqanına elektron qaydada təqdim edilən ərizə və ona əlavə edilən sənədlər əsasında yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətin dövlət qeydiyyatıdır;

2.0.12. yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətin sürətli elektron dövlət qeydiyyatı - hüquqi ünvanı yeganə təsisçisi kimi çıxış edən fiziki şəxsin yaşayış yeri üzrə qeydiyyat ünvanı ilə eyni olan yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətin bu qanunun 5-1.3-cü və 5-1.7-ci maddələrinə uyğun olaraq real vaxt rejimində aparılan elektron dövlət qeydiyyatıdır;

2.0.13. elektron ünvan - bu qanunun məqsədləri üçün müvafiq icra hakimiyyəti orqanının informasiya sistemində məlumat və sənəd mübadiləsi üçün elektron dövlət qeydiyyatına alındığı andan hüquqi şəxsə verilən ünvandır.";

2. 4.3-cü maddədə "qurumların" sözündən sonra "(yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətin elektron dövlət qeydiyyatı istisna olmaqla)" sözləri əlavə edilsin;

3. aşağıdakı məzmunda 4.6-cı maddə əlavə edilsin:

"4.6. Hüquqi şəxs statusu almaq istəyən qurumun, xarici hüquqi şəxsin nümayəndəlik və ya filialının dövlət qeydiyyatına alınması, habelə Azərbaycan Respublikasında dövlət qeydiyyatına alınmış hüquqi şəxsin nümayəndəliyinin və ya filialının və digər qurumlarının dövlət reyestrinə daxil edilməsi, eləcə də təsis sənədlərində edilmiş dəyişikliklərin və reyestrdə qeydə alınmış faktların sonrakı dəyişikliyinin dövlət qeydiyyatına alınması zamanı Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına yanlış məlumatların təqdim edilməsinə yol verilmir.";

4. 5.4.1-ci maddə aşağıdakı redaksiyada verilsin:

"5.4.1. təsis sənədləri - hüquqi şəxs statusu almaq istəyən qurumun təsisçisi (təsisçiləri) və ya onun (onların) səlahiyyətli nümayəndəsi tərəfindən təsdiq edilmiş nizamnaməsi, habelə bu qanunun məqsədləri üçün, həmin qurumun təsis edilməsi, nizamnaməsinin təsdiq edilməsi və idarəetmə orqanlarının formalaşdırılması barədə qərarlar (təsis sənədləri Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş, habelə təsisçilər tərəfindən zəruri hesab edilən digər məsələləri əks etdirməli və bütün təsisçilər (və ya onların səlahiyyətli nümayəndələri) tərəfindən imzalanmalıdır);";

5.  Aşağıdakı məzmunda 5-1-ci maddə əlavə edilsin:

"Maddə 5-1. Yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətin elektron dövlət qeydiyyatı

5-1.1. Təsisçinin (təsisçilərin) istəyi ilə yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətin dövlət qeydiyyatı (yenidən təşkil nəticəsində yaranma halları istisna olmaqla) elektron qaydada həyata keçirilir. Elektron dövlət qeydiyyatı adi (yəni, bu qanunun 7-1-ci maddəsi ilə müəyyən edilmiş müddətdə) və ya sürətli qaydada həyata keçirilir. Həmin cəmiyyətin elektron dövlət qeydiyyatının həyata keçirilməsi üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının internet informasiya ehtiyatında yerləşdirilmiş elektron ərizə forması doldurularaq gücləndirilmiş elektron imza ilə təsdiq edilməlidir.

5-1.2. Adi elektron dövlət qeydiyyatı zamanı elektron ərizəyə yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətin təsisçisi (təsisçiləri) tərəfindən gücləndirilmiş elektron imza ilə təsdiq edilmiş bu qanunun 5.4.1-ci maddəsində nəzərdə tutulmuş təsis sənədləri əlavə edilir.

5-1.3. Sürətli elektron dövlət qeydiyyatı zamanı təsisçi fiziki şəxs elektron ərizə formasını doldurur, yalnız təkbaşına icra orqanının rəhbəri və fəaliyyət sahəsi barədə məlumatı bəyan edir. Bu halda təsisçi bu qanunun 5.4.1-ci maddəsində nəzərdə tutulmuş cəmiyyətin təsis sənədləri ilə real vaxt rejimində tanış olur və onları gücləndirilmiş elektron imza ilə təsdiq edir.

5-1.4. Elektron dövlət qeydiyyatı zamanı təsisçi hüquqi şəxs qismində yalnız vergi ödəyicisinin eyniləşdirmə nömrəsinə malik olan hüquqi şəxs çıxış edə bilər. Bu halda təsisçinin dövlət qeydiyyatı haqqında şəhadətnaməsinin (dövlət reyestrindən çıxarışın) və nizamnaməsinin surəti elektron ərizəyə müvafiq icra hakimiyyəti orqanı tərəfindən əlavə edilir və qeyd edilən sənədlərin notariat qaydasında təsdiqi tələb olunmur.

5-1.5. Elektron dövlət qeydiyyatı zamanı yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətin qanuni təmsilçisi, icra orqanının rəhbəri (üzvləri) və direktorlar şurasının (müşahidə şurasının) üzvləri yalnız Azərbaycan Respublikasının ərazisində yaşayış yeri üzrə qeydiyyatda olan fiziki şəxslərdən təyin edilir.

5-1.6. Adi elektron dövlət qeydiyyatı zamanı ərizənin qəbul edilməsi barədə forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən təsdiqetmə bildirişi müraciət edənin şəxsi elektron ünvanına göndərilir. Yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyət dövlət qeydiyyatına alındığı gün dövlət qeydiyyatı haqqında şəhadətnamə, dövlət reyestrindən çıxarış və nizamnamə elektron ünvanına göndərilir.

5-1.7. Sürətli elektron dövlət qeydiyyatı həyata keçirildiyi andan sonra dövlət qeydiyyatına alınmış yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətin dövlət qeydiyyatı haqqında şəhadətnaməsi, dövlət reyestrindən çıxarışı və nizamnaməsi elektron ünvanına real vaxt rejimində göndərilir.

5-1.8. Təsisçinin (təsisçilərin) və ya onun (onların) müvafiq qaydada vəkil etdiyi şəxsin müraciəti əsasında yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətin dövlət qeydiyyatı haqqında şəhadətnaməsi, dövlət reyestrindən çıxarışı və nizamnaməsi təsdiq olunaraq kağız daşıyıcılarında da verilir.";

6.  Aşağıdakı məzmunda 11.3.1-1-ci maddə əlavə edilsin:

"11.3.1-1. ərizədə göstərilən məlumatlar və (və ya) ona əlavə edilən sənədlər yanlış olduqda;";

7. 12.12-ci maddədə "ərizəsinin" sözündən sonra "(o cümlədən, elektron ərizənin)" sözləri əlavə edilsin;

8. 14.2.2-ci maddədə "müşahidə şurası" sözləri "direktorlar şurası (müşahidə şurası)" sözləri ilə əvəz edilsin.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 30 dekabr 2011-ci il



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM