00:47 12 May 2021
ONLINE XƏBƏR LENTİ
Zəfər qoxulu payızım...
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Heyvandarlığın inkişafı elmi əsaslara söykənir

ANA SƏHİFƏ / İQTİSADİYYAT
00:25 16.04.2021

 

Alimlərlə fermerlərin əməkdaşlığı faydasız qalmır

 

Etibarlı ərzaq təminatı hər bir ölkənin iqtisadi sabitliyinin və sosial dayanıqlığının başlıca şərtidir. Azərbaycanda da əhalinin ərzaqla etibarlı təminatı məqsədilə bir çox tədbirlər həyata keçirilir. Ölkədə ərzaq təhlükəsizliyinin birbaşa asılı olduğu aqrar sahənin inkişafına yönələn irimiqyaslı dövlət proqramlarının icrası ilə iqtisadiyyatın əsas sahəsi olan kənd təsərrüfatının sürətli inkişafı təmin edilir.

Qeyd etmək lazımdır ki, aqrar sahənin sürətli inkişafının təmin edilməsində əsas prioritetlərdən biri də onun elmə əsaslandırılmasıdır. Bu baxımdan Heyvandarlıq Elmi Tədqiqat İnstitutunun üzərinə böyük vəzifələr düşür. Lakin uzun illər institutda durğunluq hökm sürmüş, bu elmi müəssisə ölkənin aqrar sektorunda gedən proseslərdən geridə qalmışdı. Bununla bağlı 2018-ci ildə “Azərbaycan” qəzetində geniş məqalə də dərc olunmuşdu. Qəzetin tənqidi çıxışından sonra institutda kadr dəyişikliyi aparılmış, onun maddi-texniki bazasının möhkəmləndirilməsi üçün bir sıra məqsədyönlü işlər həyata keçirimişdir.

Mövcud vəziyyətlə maraqlanmaq üçün bu günlərdə yenidən institutda olduq. İnstitutun direktoru Mahir Hacıyev bildirdi ki, qəzetin tənqidi çıxışından sonra “Heyvandarlıq Elmi Tədqiqat İnstitutunun 2018-2020-ci illər üçün strateji inkişaf planı” təsdiq edilmiş, həmin plana uyğun işlər tamamilə yenidən qurulmuşdur.

Hazırda institutda 4 şöbə və 6 laboratoriya fəaliyyət göstərir. Bütün laboratoriyalar müasir avadanlıqlarla təchiz olunmuşdur. M.Hacıyev dedi ki, qarşıda duran vacib məsələlərdən biri institutun genetik mərkəzə çevrilməsinə nail olmaqdır. Bunun üçün hazırda seleksiya-damazlıq işlərində elmi tədqiqatların səviyyəsinin yüksəldilməsinə və səmərəliliyinin artırılmasına nail olmaq, eləcə də elmi tədqiqatların aparılmasında müasir biotexnoloji üsullardan (süni mayalanma, gen mühəndisliyi və embrion köçürmə) istifadə etməklə yüksək məhsuldar damazlıq heyvanların yaradılması istiqamətində işlər aparılır.

Həmçinin öyrəndik ki, institutun nəzdində qaramal, qoyun və quş cinslərinin saxlanması üçün genetik kolleksiya fermalarının yaradılması davam edir. Bu isə elmi tədqiqat işlərinin aparılması üçün geniş imkanlar açır. Artıq Kənd Təsərrüfatı Nazirliyi tərəfindən ölkəyə gətirilən yüksək məhsuldar qoyun cinsləri ilə yanaşı, yerli cinslərdən olan “Qaradolaq”, “Qala”, “Bozax” və “Avasi  Bozağ”ın mələzlərindən ibarət seleksiya ferması yaradılmışdır. Bundan əlavə, qaramalın cins tərkibinin yaxşılaşdırılması üçün  institutun yardımçı təsərrüfatında olan “Holşten Friz”, “Şvis Braun”, “Aberdin Anqus”, “Vagyu” və “Simmental” cinslərinin kompleks bioloji  xüsusiyyətləri öyrənilmişdir.

İnstitutun qarşısında duran əsas vəzifələrdən biri də yeni ətlik və ətlik-südlük qaramal hibridlərinin yaradılmasıdır. Artıq bu istiqamətdə də işlərə başlanılmışdır. Yüksək nəticələr də var. Belə ki, Süni Mayalanma Mərkəzinin əldə etdiyi toxumlar institutun yardımçı təcrübə təsərrüfatında yüksək məhsuldar cinslərin yetişdirilməsinə imkan vermişdir. Ümumiyyətlə, aparılan elmi araşdırmalar nəticəsində son 3 ildə ətlik və südlük istiqamətli iribuynuzlu mal-qara mələzləri alınmışdır. Bütün bu işlərin daha səmərəli həyata keçirilməsi üçün Kənd Təsərrüfatı Nazirliyinin təşəbbüsü ilə  institutun yardımçı təcrübə təsərrüfatının ərazisində 100 başlıq müasir maldarlıq kompleksi tikilir.

Direktor onu da bildirdi ki, ölkəyə gətirilən yüksək məhsuldar qoyun və keçi cinslərinin yetişdirilməsi və onların yerli populyasiyalarla çarpazlaşdırılması nəticəsində alınan mələzlərin damazlıq və məhsuldarlıq keyfiyyətləri öyrənilir. Onu da nəzərə çatdıraq ki, gətirilən yüksək məhsuldar qoyun cinslərinin yetişdirilməsi, adaptasiyası, onların ana qoyunlarının yerli qoyun cinsləri ilə çarpazlaşdırılması nəticəsində alınan mələzlərin damazlıq və məhsuldarlıq keyfiyyətlərinin yüksəldilməsi ilk dəfə bu institutda aparılmışdır.

İnstitutda aparılan elmi-tədqiqat işlərində xarici alimlərin də təcrübəsindən geniş istifadə edilir. Əməkdaşlıq çərçivəsində bağlanmış müqaviləyə əsasən Türkiyənin Qars Qafqaz Universitetinin iki əməkdaşı - professor Yavuz Öztürklər və professor Cihan Kaçar, eləcə də Aksaray Universitetinin əməkdaşı, professor Tahir Karaşahin ekspert qismində bir il müddətində Azərbaycana ardıcıl səfərlər edərək yerli fermerlər üçün təlim və seminarlar keçirmişlər. Onlar həmçinin qoyunçuluqda süni mayalanmanın  Azərbaycanda tətbiqi, süngərləmə üsulu ilə bala alınması, damazlıq və seleksiya işinin təşkili və s. məsələlər ətrafında maarifləndirmə işləri aparmışlar.

İnstitutda quşçuluğun inkişafı istiqamətində də elmi-tədqiqat işləri aparılır. Hazırda bu məqsədlə ətlik-yumurtalıq istiqamətli damazlıq quşların yaradılması, onların baş sayının artırılması və digər istiqamətlərdə işlər davam edir.

İnstitutun fəaliyyətində baramaçılığın inkişaf perspektivləri də diqqət mərkəzindədir. Hazırda laboratoriyada yeni tut ipəkqurdu cins və hibridlərinin yaradılması istiqamətində elmi-tədqiqat işləri görülür. Uzun müddət  üzərində seleksiya işi aparılan AZŞ-1 və AZŞ-3 ipəkqurdları artıq cins kimi formalaşmış və özünü təsdiq etmişdir. Bundan başqa, 4 ildə aparılmış elmi-tədqiqat işləri nəticəsində yaradılmış hibridlərin rayonlaşdırılması da nəzərdə tutulmuşdur.

M.Hacıyevin sözlərinə görə, institutda dovşançılığın və arıçılığın inkişafı istiqamətində də elmi işlər aparılır: “Son 3 il ərzində təcrübə  təsərrüfatında çarpazlaşdırma tətbiq edilməklə yeni cins dovşanlar alınmış və ətlik-xəzlik dovşan cinsinin yaradılması üçün  müəyyən işlər görülmüşdür. İnstitutda həmçinin genofondun qorunması və Bozdağ Qafqaz arı cinsinin cins tərkibinin yaxşılaşdırılması üçün müxtəlif bölgələrə ekspedisiyalar təşkil edilmiş, anatomik quruluşuna görə saf cinsin əksər xüsusiyyətlərini özündə cəmləşdirən “Bozdağ Qafqaz” cinsinə aid 15 ana və 300 erkək arı toplanaraq instituta gətirilmiş və laboratoriyada elmi-tədqiqat işlərinə başlanılmışdır. Süni mayalandırma yolu ilə əldə edilən arılar ailələrə verilmişdir. Hazırda Azərbaycana gətirilən daha məhsuldar “Karnika” arı cinsi yerli Bozdağ Qafqaz erkək arıları ilə mayalandırılmaqla onların inkişaf dinamikasının öyrənilməsinə başlanılmışdır”.

Məlum olduğu kimi, heyvandarlıqda yemləmə əsas məsələlərdəndir. Xüsusilə qış aylarında yaşıl yemə olan tələbatın ödənilməsi məqsədilə institutun laboratoriyasında hidraponika sistemi ilə “Yaşıl yem” istehsal prosesi üzərində tədqiqatlar aparılaraq müxtəlif bölgələrdə fəaliyyət göstərən fermerlərə təqdim edilmişdir. Hazırda müxtəlif yemlərdən və alternativ yem əlavələrindən istifadə etməklə mövcud qaramalın süd məhsuldarlığının artırılması və keyfiyyətinin yaxşılaşdırılması istiqamətində elmi tədqiqat işləri davam etdirilir.

Sonda onu qeyd edək ki, institutun mütəxəssisləri tərəfindən son 3 ildə heyvandarlığın bütün sahələrini əhatə etməklə  fermerlər üçün 540 təlim keçirilmişdir. Təlimlər  10 mindən çox fermer və sahibkarı əhatə etmişdir.

 

Sabir ƏLİYEV,

“Azərbaycan”



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM