11 Dekabr 2019 01:24
1942
SİYASƏT
A- A+

Heydər Əliyevin idarəçilik məktəbi Azərbaycanın davamlı inkişafının təməli və qarantıdır


Ümummilli Lider Heydər Əliyev müasir Azərbaycan Respublikasının qurucusudur və bu gün ölkə beynəlxalq təşkilatların qiymətləndirilmələrinə əsasən innovativ idarəçilik texnologiyalarının işlənilməsi və tətbiqinə görə dünya liderləri sırasındadır.

Belə yüksək dəyərləndirmə ölkənin tarixi baxımdan qısa müddət ərzində iqtisadi, sosial, humanitar sahələrdə yüksək nəticələr qazanması ilə əlaqədardır. Bu gün BMT, Dünya Bankı, Davos Dünya İqtisadi Forumu, Avropa Yenidənqurma və İnkişaf Bankı, Beynəlxalq Valyuta Fondu, dünyanın beynəlxalq inkişafı təhlil edən digər təşkilatlarının rəsmi hesabatlarında daim Azərbaycanın innovativ inkişaf sahəsində qazandığı yüksək nailiyyətlər barədə məlumatlar tirajlanır. Ölkənin iqtisadi, sosial və humanitar sahələrdə qazandığı nailiyyətlərinə işıq salan beynəlxalq təhlillərin sayı gündən-günə artmaqdadır.

Bu uğurların daha çox və əsasən son illərdə qazanılmasına baxmayaraq, onların əsasında Ümummilli Lider Heydər Əliyevin dövlət idarəçiliyi sahəsində fenomenal istedadı və yorulmaz fəaliyyəti durur.

Dərin və hərtərəfli bilik, yüksək iradə, qətiyyətlilik, ölkə və ətrafında baş verən mürəkkəb prosesləri hər zaman təhlil etmə və düzgün qiymətləndirmə bacarığı, gələcəyi aydın görə bilmək qabiliyyəti Ümummilli Lider Heydər Əliyevin fəaliyyətinin uğurlarını şərtləndirən başlıca amillərdir. O həm sovet dövründə, həm müstəqillik ərəfəsində, həm də müstəqillik illərində xalq və dövlət qarşısında misilsiz xidmətlər göstərmişdir. Sovet dövründə Heydər Əliyev ölkə rəhbərliyini qəbul etdiyi zaman Azərbaycan Respublikası keçmiş SSRİ-nin müttəfiq respublikaları arasında ən geridə qalanlar sırasında idi. Qısa müddət ərzində Ümummilli Lider Heydər Əliyevin uğurlu fəaliyyəti nəticəsində Azərbaycan Respublikası öz iqtisadiyyatının, sosial göstəricilərinin ən yüksək səviyyəyə qalxmasına nail oldu. Məhz onun müdrik siyasəti sayəsində Azərbaycan keçmiş SSRİ-nin öncül respublikasına çevrildi. Həmin illərdə Azərbaycan iqtisadiyyatı elə bir səviyyəyə qalxmışdır ki, ölkə nəinki öz tələbatlarını təmin edirdi, eyni zamanda donor kimi çıxış edirdi. Keçmiş SSRİ-nin tərkibinə daxil olan 15 ölkə arasında ancaq 2 respublikada iqtisadiyyat belə yüksək səviyyədə idi. Qısa müddətdə bu irəliləyiş Ümummilli Lider Heydər Əliyevin dövlət idarəçiliyi sahəsində fenomenal bilik və bacarığının nəticəsi idi.

Heydər Əliyevin rəhbərliyi ilə ölkədə qazanılmış yüksək nailiyyətlərin əsasında Ümummilli Liderin fərdi liderlik istedadı ilə yanaşı, onun kadr potensialının formalaşdırılması və bu əvəzsiz sərvətin səfərbər edilməsi sahəsində xüsusi bilik və bacarığı, uzaqgörənliyi durur. Hələ Sovet dövründə Ümummilli Liderin təşəbbüsü ilə ölkənin minlərlə gənci keçmiş SSRİ-nin aparıcı ali məktəblərinə müasir biliklərin alınması və bacarıqların formalaşdırılması üçün göndərilirdi. Gənclərin təhsili həm mülki, həm də hərbi ali məktəblərdə həyata keçirilirdi. Prosesin iştirakçısı kimi, Ulu Öndər Heydər Əliyev bu prosesi daim diqqət mərkəzində saxlayırdı və səfərləri zamanı ölkədən kənarda təhsil alan tələbə və aspirantlarla şəxsən görüşürdü. O, bu görüşlər zamanı tələbələrin qayğıları ilə maraqlanır, onların problemlərinin həlli üçün müvafiq göstərişlər verirdi. Bu gün artıq müstəqil Azərbaycan Respublikasının inkişafında o zaman bu proqram çərçivəsində təhsil almış mütəxəssislərin rolu olduqca əhəmiyyətlidir. Eyni zamanda, bu proses xarici ölkələrdə Azərbaycan diasporunun formalaşması və güclənməsi baxımından böyük önəm daşımışdır.

Qeyd etmək lazımdır ki, ölkə gənclərinin hərbi məktəblərdə təhsil alması da vacib məqamlardandır. Ümummilli Lider Heydər Əliyevin hələ SSRİ dönəmində bu vacib istiqaməti diqqət mərkəzində saxlaması onun uzaqgörənliyinin təzahürüdür. Müstəqil Azərbaycanın hazırkı hərbi qüdrəti o zaman bu sahə üçün kadr hazırlığından qaynaqlanır. Bu kontekstdə eyni zamanda ölkədə C. Naxçıvanski adına hərbi liseyin açılmasını və fəaliyyətini də qeyd etmək yerinə düşər.

Əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulmuş kadr potensialının formalaşdırılması siyasəti ölkə Prezidenti İlham Əliyev tərəfindən uğurla inkişaf etdirilir. Prezident İlham Əliyev tərəfindən 2003-cü ildə irəli sürülmüş "qara qızılın insan qızılına çevrilməsi” konsepsiyası ölkə gəncləri üçün aparıcı xarici dövlətlərdə təhsil almaq imkanı yaratmışdır. Ölkənin Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın ölkənin kadr potensialının formalaşdırılması və təkmilləşdirilməsi sahəsində fəaliyyəti də olduqca əhəmiyyətli və məhsuldardır. Onun təşəbbüsü ilə həyata keçirilən yeni məktəblərin inşası, tədris proqramlarının muasirləşdirilməsi, təhsilin inklüzivliyinə yönəldilmiş fəaliyyət, rəhbərlik etdiyi qurumlarda müasir kadrların hazırlanması və imkanlarının genişləndirilməsi yeni nəsil peşəkarlar ordusunun formalaşmasına xidmət edir. Müstəqil Azərbaycanda müasir tələblərə cavab verən kadr potensialının formalaşması sahəsində qazanılan nailiyyətlər Ümummilli Lider Heydər Əliyevin vaxtilə bu prosesi düzgün təməllər əsasında qurmasının nəticəsidir.

Ümummilli Lider Heydər Əliyev fenomeninin bir təqdirəlayiq cəhəti də gələcək perspektivləri düzgün müəyyənləşdirməsi və hərtərəfli inkişaf, o cümlədən insan potensialının inkişafına yönəlik yeni istiqamətlərdə qabaqlayıcı tədbirlərin reallaşdırılması ilə bağlı idi. Məsələn, hazırkı nəsillərin rifahını təmin edən və gələcək nəsillərin inkişaf imkanlarını məhdudlaşdırmayan davamlı inkişaf XXI əsrdə dünya üçün qlobal prioritetdir. 2015-ci ilin sentyabr ayında ABŞ-ın Nyu York şəhərində keçirilmiş dünya sammiti və BMT-nin 70-ci yubiley sessiyası davamlı inkişafın təmininin Yer kürəsində həyatın qorunması baxımından həlledici önəmini elan etmiş və bu sahədə 2030-cu ilə qədər bəşəriyyət qarşısında duran məqsədləri müəyyənləşdirmişdir. Həmin məqsədlərə nail olmaq üçün dünya əhalisi davamlı və insan potensialına əsaslanan inkişaf sahəsində müvafiq bilik və bacarıqlara malik olmalı idi. Göstərilən sahədə bilik və bacarıqların formalaşması üçün BMT və UNESKO 2005-2014-cü illəri dünya üzrə davamlı inkişaf sahəsində tədris onilliyi elan etmişdir. Sözügedən beynəlxalq təşkilatlar tərəfindən belə bir qərarın verilməsi məntiqi çox anlaşılan idi: 2005-2014-ci illərdə dünya əhalisi davamlı insan potensialına əsaslanan inkişaf, onun mahiyyəti və metodları barədə bilikləndirilir və 2015-ci ildən başlayaraq, göstərilən sahədə praktiki fəaliyyətə start verilir. Bu barədə sənəd 2005-ci il martın 1-də Nyu Yorkda, BMT-nin ozamankı baş katibi Koffi Annan və UNESKO-nun baş direktoru Koichiro Matsuura tərəfindən imzalanmışdır.

Davamlı inkişafın bəşəriyyət üçün prioritet əhəmiyyətini Ümummilli Lider Heydər Əliyev daha tez müəyyən edə bilmişdir. Onun təsdiq etdiyi Milli Təhsil Strategiyası artıq 2000-ci ildə orta ümumtəhsil məktəbləri və ali məktəblərdə davamlı insan inkişafının tədrisini nəzərdə tuturdu (şəkil 1).

Təqdim olunmuş məlumatlardan aydın olur ki, Ümummilli Lider Heydər Əliyevin uzaqgörənliyi nəticəsində Azərbaycan Respublikasında davamlı inkişaf sahəsində biliklərin tədris prosesinə daxil edilməsi və bu sahədə kadr potensialının formalaşdırılmasına BMT və UNESKO tərəfindən qəbul olunmuş qərardan 4 il qabaq başlanılmışdı. Azərbaycanın bu qabaqlayıcı fəaliyyəti barədə məlumatı BMT Baş Qərargahı (Nyu York) 19 dekabr 2005-ci ildə "İdeyalar, innovasiyalar və təsirlər” başlığı altında dünyaya yayılmışdır. Azərbaycanın bugünkü uğurları məhz kadr potensialının hazırlanması və daimi təkmilləşdirilməsi ilə əlaqədardır. Bu prosesin əsası isə Ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuşdur.

Ümummilli lider Heydər Əliyevin uzaqgörənliyi və bu unikal xüsusiyyətin inkişaf prosesinə təsirinə dair çox misallar gətirilə bilər. Bu misallardan biri Azərbaycan üçün önəmli sayılan neft sahəsi ilə bağlıdır. Ulu Öndər Heydər Əliyevin neft strategiyasının bünövrəsinin əsasən 1994-ci ildə imzalanmış "Əsrin müqaviləsi” kimi tanınan, dünyanın aparıcı neft şirkətləri ilə bağlanmış müştərək fəaliyyətə dair müqavilələrlə qoyulduğunu vurğulayırlar. Lakin bu strategiyanın formalaşma tarixini Bakıda dərin özüllər zavodunun inşası dövrü ilə əlaqələndirmək daha doğru olar. Hazırda Ulu Öndər Heydər Əliyevin adını daşıyan bu müəssisənin təməli 1978-ci ildə qoyulmuş və zavod istismara 1984-ci ildə verilmişdir. Bakıda qurulmuş dərin özüllər zavodu o zaman keçmiş SSRİ-də bu tipli avadanlığı istehsal edən yeganə müəssisə idi. Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü və səyi nəticəsində bu müəssisənin Sovet dönəmində Bakıda qurulması müstəqillik dövründə ölkədə həyata keçirilən neft və qaz layihələrini sürətləndirdi və onların iqtisadi səmərəliliyini əhəmiyyətli dərəcədə yüksəltdi. Şübhəsiz ki, bu, Ulu Öndər Heydər Əliyevin eyni zamanda bu sahədə də dərin biliklərə malik olmasından xəbər verir.

Ulu Öndər Heydər Əliyev ömrü boyu ölkənin inkişafı üçün çalışmışdır. Onun bilik və bacarığı, cəsarəti, qətiyyətli və prinsipial fəaliyyəti ölkənin müstəqillik qazanmasının vacib şərtidir. Bakıda baş vermiş 20 Yanvar faciəsi zamanı Moskvada böyük təzyiqlər altında olan Ulu Öndər Azərbaycan Respublikasının daimi nümayəndəliyinə gəlmiş və bu cinayətlə bağlı prinsipial mövqeyini ortaya qoymuşdur. Belə qətiyyətli hərəkət eyni zamanda özü, onunla birgə həmin tədbirdə iştirak edən ailə üzvü, hazırda ölkə Prezidenti İlham Əliyev üçün olduqca böyük risk idi. Ümumiyyətlə, qeyd edilməlidir ki, ölkənin ən çətin anlarında Ümummilli Lider misilsiz cəsarət örnəyi nümayiş etdirmişdir. Bu, özünü həm Xalq Cəbhəsinin ölkədə yarıtmaz fəaliyyəti dövründə, həmçinin bu yarıtmaz fəaliyyətin ağır fəsadlarının aradan qaldırılması zamanı da biruzə vermişdir. Dövlət idarəçiliyindən xəbəri olmayan, tutduqları vəzifələrin məsuliyyətlərini dərk etməyən həmin dövrdəki hakimiyyət təmsilçiləri ara-sıra işlərini qoyub paytaxtdan köç edir, vəzifələrini dondurur və digər yolverilməz məsuliyyətsizlik nümunələri ortaya qoyurdular. Bu ona bənzəyirdi ki, gəmini idarə edə bilməyən kapitan öz bacarıqsızlığı nəticəsində gəmini çox mürəkkəb, praktiki olaraq çıxılmaz vəziyyətə salır, sonra isə çarəsiz sərnişinləri idarə olunmayan gəmidə qoyub sahilə çıxır və elan edir ki, mən bu gəmini sahildən idarə edəcəyəm. Belə bir şəraitdə xalq yalnız Heydər Əliyevi xilaskar simasında görürdü. Xalq anlayırdı ki, Ümummilli Liderin Naxçıvan Respublikasında həyata keçirdiyi dərin düşünülmüş strateji dövlət idarəçilik təcrübəsi Azərbaycanın müstəqilliyini qorumaq baxımından həlledici əhəmiyyətə malikdir. O dönəmdə Naxçıvan MSSR-in adından "Sovet Sosialist” sözlərinin çıxarılması, respublikamızın SSRİ-nin tərkibində qalmasına dair referendumda iştiraka qarşı çıxması, dövlət simvollarının qəbulu və digər xidmətlər tarixi önəm daşıyırdı. Xalqın təkidli tələbləri ilə rəhbərliyə gəlmiş Ümummilli Lider ölkəni parçalanma, suverenliyin itirilməsi riskindən xilas etdi. Onun cəsarəti və müdrikliyi ölkədə vətəndaş müharibəsinin qarşısını aldı. Silahlı separatçılarla silahsız Ümummilli Liderin görüşləri respublikada vətəndaş qarşıdurmasının aradan qalxmasını təmin etdi.

Ümummilli Lider Heydər Əliyevin fəaliyyətinin miqyası onun qurucusu olduğu Azərbaycan Respublikasının bugünkü nailiyyətlərində özünü biruzə verir. Beynəlxalq təşkilatların rəsmi hesabatlarına görə, bu gün Azərbaycan Respublikası iqtisadi imkanlarını ölkənin hərtərəfli inkişafı və insanların rifahının artırılması məqsədi ilə daha səmərəli istifadə edən dünya dövlətləri sırasındadır. Azərbaycan Respublikasının bu göstəricilərinin "böyük yeddilik” (G7) ölkələri ilə müqayisəsi şəkil 2-də nümayiş etdirilir.

Şəkil 2-dən aydın görünür ki, ölkənin hərtərəfli inkişafı və bu prosesin bütün əhalinin rifahının yüksəlməsinə xidmət edən inklüziv inkişafın məqsədlərinə nail olmaq üçün Azərbaycan G7 ölkələri ilə müqayisədə daha az vəsait sərf edir. Buna baxmayaraq, Davos Dünya Forumunun hesabatına əsasən, Azərbaycan Respublikasının inklüziv inkişaf indeksi 4,69 təşkil etdiyi halda, "böyük yeddiliyə” daxil olan ABŞ-da eyni göstərici 4,60, Yaponiyada 4,53, İtaliyada isə 4,31-dir. Az vəsait hesabına daha yüksək nəticələrin əldə edilməsi ilk növbədə dövlətin yüksək səviyyədə idarə edilməsi, yeni, daha optimal idarəetmə texnologiyalarının istifadəsindən xəbər verir. Bu idarəetmə texnologiyalarının işlənməsi isə Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır. Bu texnologiyaların ölkə Prezidenti İlham Əliyev tərəfindən zamanın tələblərinə uyğun inkişaf etdirilməsi və təkmilləşdirilməsi Azərbaycanı davamlı inklüziv inkişafın idarə edilməsində dünya liderləri səviyyəsinə yüksəltmişdir. Göründüyü kimi, Ulu Öndərin irsi bu gün də Azərbaycanın innovativ inkişafına xidmət edir.

Ümummilli Lider Heydər Əliyev Azərbaycanın dünyada tanıdılması üçün hər zaman böyük əzmlə çalışmışdır. Hazırda bu sahədə olduqca əhəmiyyətli fəaliyyəti onun adını daşıyan fond həyata keçirir. Ölkənin Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva Ümummilli Lider Heydər Əliyevin bu istiqamətdə fəaliyyətini inkişaf etdirərək, UNESKO-nun qeyri-maddi mədəni irs siyahısına 2003-2017-ci illərdə Azərbaycanın 13 milli nominasiyasının daxil edilməsinə nail olmuşdur. Bu nominasiyalar sırasında muğam, Novruz, aşıq sənəti, tar və tar ifaçılığı, kəlağayı, çovqan - atüstü ənənəvi Qarabağ oyunu və digərləri yer alıb. Təbliğ edilən mədəni irslə bağlı bilgilər yüz və minillərlə məlumdur. Lakin onların UNESKO-nun siyahısında populyarlaşdırılmasına 2003-cü ildən sonra ölkənin Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın səyi nəticəsində nail olunmuşdur. Bu fakt bir daha göstərir ki, Ümummilli Liderin kadr siyasəti bu gün də işləyir və Azərbaycanın inkişafına töhfələrini verməkdədir. Heç şübhəsiz ki, Ulu Öndər Heydər Əliyevin özünün təbirincə desək, zamanında düzgün müəyyənləşdirilən strategiyanın nəticəsi olaraq, "Azərbaycan Respublikası XXI əsrdə həyatın bütün sahələrində geniş inkişaf edən, çiçəklənən bir ölkə kimi böyük uğurlar qazanacaqdır”.

Urxan ƏLƏKBƏROV,

Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının rektoru, akademik

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video