09:17 17 Iyun 2021
ONLINE XƏBƏR LENTİ
02:31 17.06.2021

BİLDİRİŞ


02:29 17.06.2021

BİLDİRİŞ


02:28 17.06.2021

BİLDİRİŞ


23:15 16.06.2021 Səfər başa çatdı
Zəfər qoxulu payızım...
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Heydər Əliyev yolu

ANA SƏHİFƏ / SİYASƏT
01:55 09.05.2021

 

Xarizmatik şəxsiyyət dedikdə öncə xalqların və bəşəriyyətin həyatında xüsusi rol oynayan, tarixin axarını dəyişən, milyonları xilas edən, cəmiyyətə xoşbəxtlik və rifah bəxş edən Tanrı tərəfindən seçilmiş peyğəmbərlər, sərkərdələr, dövlət xadimləri, dahilər, müdriklər göz önünə gəlir. 

Xarizmatik liderə xas olan bütün xüsusiyyətlər Azərbaycanın dövlətçilik tarixinin ən böyük şəxsiyyətlərindən biri olan, xalqı qarşısında misilsiz xidmətlər göstərən, bütün ictimai-siyasi fəaliyyətini doğma xalqının yüksəlişinə və tərəqqisinə, ana vətəninin çiçəklənməsinə və qüdrətlənməsinə həsr edən, bu yolda böyük qələbələr qazanan Ümummilli Lider Heydər Əliyevin uğur fenomenində özünü parlaq şəkildə təzahür edir.

Dünya siyasət tarixində öz xalqının və ölkəsinin, eləcə də regionun və hətta dünyanın taleyini dəyişmək qüdrətinə malik hökmdarlar, dövlət xadimləri çox olmuşdur.

Lakin bu xadimlərin, demək olar ki, hamısı güclü dövlətə, hərbi gücə və müasir silaha malik böyük ölkələrin və xalqların nümayəndələri olmuşlar. Bütün bu şəxsiyyətlərdən fərqli olaraq Heydər Əliyev iki bir-birinə zidd ictimai-iqtisadi formasiyada - sosializm və bazar iqtisadiyyatı zamanında, iki bir-birinə antaqonist məkanda - SSRİ kimi nəhəng  diktaturanın bətnindən çıxmış birpartiyalı sistemin idarə etdiyi hökmran dövlətin tərkib hissəsi olan Sovet Azərbaycanında və müstəqilliyini elan etmiş, lakin onu qura bilməmiş, siyasi-iqtisadi, hərbi xaos içərisində olan Azərbaycan Respublikasında rəhbər kimi uğurlar qazanmışdı, bütün daxili və xarici basqıları dəf edərək dünyanın qəbul etdiyi dövlət xadiminə və milli liderə çevrilə bilmişdi.

1969-cu ildə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi seçilən və 1982-ci ilə kimi - 13 il bu vəzifədə çalışan Heydər Əliyev Azərbaycanı SSRİ məkanında 1920-ci ildən bu yana nail olmadığı ən yüksək mərtəbəyə qaldırdı. SSRİ-nin aqrar xammal bazası olan, geridə qalmış, kasıb, mədəniyyəti və elmi tənəzzül edən, bütün göstəricilərinə görə 15 respublika arasında 13-cü yerdə gedən bir ölkəni inkişaf etmiş sənaye mərkəzinə, müasir texnologiyanı tətbiq edərək yüksək göstəricilər əldə edən aqrosənaye kompleksinə malik kənd təsərrüfatı respublikasına, yüksək mədəniyyəti və biliyi ilə seçilən tanınmış ziyalıları olan xalqın yaşadığı ölkəyə çevirdi.

Eyni zamanda müasir Azərbaycan dövlətinin qurulmasında və inkişafında da Ümummilli Lider Heydər Əliyevin tarixi rolu və xidmətləri misilsizdir. 1991-ci ilin payızında yaranmış tarixi şəraitdən istifadə edərək Azərbaycan xalqı öz dövlət müstəqilliyini elan etsə də, 1993-cü ilə qədər dövlət qura bilmədi, siyasi və iqtisadi xaos, dövlət rəhbərliyində olanların və iddiaçıların səriştəsizliyi, siyasi iradə və konkret siyasi proqramın olmaması Qarabağda separatçılığın alovlanması nəinki torpaqlarımızın işğalı ilə nəticələndi, hətta müstəqilliyimizin itirilməsi və respublikanın parçalanması təhlükəsi ilə üz-üzə qaldıq.

Belə bir çətin zamanda da Ümummilli Lider Heydər Əliyevin güclü iradəsi, şəxsi fədakarlığı, böyük siyasi təcrübəsi milləti və dövləti xilas etdi. O zaman Naxçıvanda yaşayan, blokada şəraitində və erməni təcavüzü ilə üzləşmiş muxtar respublikaya rəhbərlik edən Heydər Əliyev xalqın çağırışı ilə 1993-cü ilin iyununda Bakıya gələrək xilaskarlıq missiyasını öz üzərinə götürdü, dövlət böhranını, hərbi qarşıdurmanı, vətəndaş müharibəsi təhlükəsini, bir-birinin ardınca baş verən dövlət çevrilişləri cəhdlərini böyük siyasi ustalıq və cəsarətlə aradan qaldıraraq müasir Azərbaycan dövlətçiliyinin təməlini qoymuş oldu.

 Yuxarıda qeyd etdiyim kimi, Ümummilli Lider Heydər Əliyevin xalqımız və ölkəmiz qarşısında ən böyük və təkrarsız xidməti müstəqil Azərbaycan dövlətini qurmasıdır. Məhz Heydər Əliyevin siyasi dühası, iradəsi, enerjisi, ağlı, təcrübəsi, xarizması və s. mühüm dövlət xadimi keyfiyyətləri, yorulmaz fəaliyyəti, xalqına və vətəninə sevgisi sayəsində müstəqil Azərbaycan dövləti quruldu, möhkəmləndi, əbədi yaşarlılıq qazandı.

 Müstəqil dövlətimizin qurulmasına və möhkəmlənməsinə ciddi önəm verən və özünün şah əsəri olan müasir Azərbaycan dövləti ilə qürur duyan böyük dövlət xadimi fəxarət hissi ilə deyirdi: “Biz müstəqil Azərbaycan kimi əzəmətli bir abidənin təməlini qoyuruq, onu qururuq, yaradırıq. Onu indiki nəsillər üçün yaradırıq, gələcək nəsillər üçün yaradırıq. Bizim üzərimizə şərəfli vəzifə düşübdür və bunu layiqincə yerinə yetirməliyik. Güman edirəm ki, hər bir vətəndaş bu vəzifənin yerinə yetirilməsində öz yerini tapacaqdır”.

Məhz Ümummilli Lider Heydər Əliyevin parlaq siyasi zəkası və iradəsi sayəsində müasir Azərbaycan dövləti quruldu, möhkəmləndi, regionun güc və nüfuz mərkəzinə çevrildi. Dünya şöhrətli böyük qırğız yazıçısı və diplomat Çingiz Aytmatov çox haqlı olaraq qeyd edirdi: “Heydər Əlirza oğlu XX əsrin ən böyük liderlərindəndir. O, müasir demokratik Avrasiyanın yeni tarixinin bugünkü yaradıcılarından biridir”.

Azərbaycan dövlətinin möhkəmlənməsində və inkişafında Ulu Öndər Heydər Əliyev milli birliyə çox ciddi önəm verir, onu bir nömrəli vəzifə kimi diqqətdə saxlamağı tövsiyə edirdi: “İndi Azərbaycan Respublikası, Azərbaycanın dövlətçiliyi üçün birlik, milli həmrəylik, milli birlik, vətəndaş birliyi hava, su kimi lazımdır. Biz gərək torpaqlarımızı müdafiə edək, işğal olunmuş torpaqlarımızı geri qaytaraq, Azərbaycanın ərazi bütövlüyünü təmin edək. Azərbaycanın müstəqilliyini qoruyub saxlayaq”.

Dövlət quruculuğu sayəsində Heydər Əliyevin ən böyük xidmətlərindən biri müstəqil Azərbaycan dövlətinin inkişaf konsepsiyasını yaratmasıdır. Bu konsepsiyanın

- iqtisadi əsaslarının - bazar iqtisadiyyatı;

- siyasi əsaslarının - demokratik idarəetmə və vətəndaş cəmiyyətinin qurulması;

- hüquqi əsaslarının - hüquqi dövlət quruculuğu, hakimiyyətin 3 müstəqil və eyni zamanda qarşılıqlı əlaqədə fəaliyyət göstərən qollarının - qanunverici, icra edici və məhkəmə hakimiyyətinin müəyyən edilməsidir.

Heydər Əliyevin görkəmli dövlət xadimi kimi müdrikliyi həm də onda idi ki, o, hər kəsdən öncə milli ideologiyanın müstəqil dövlətin inkişafı üçün çox vacib amil olduğunu qəbul etmiş və konsepsiyanın yaranması, təkmilləşməsi üçün uzun illər fəaliyyət göstərmişdir.

Dövlətçilik Heydər Əliyevin milli ideologiya konsepsiyasının 2 qanadından biridir. Ulu Öndər YAP-ın yaradılmasının 6-cı ildönümü münasibəti ilə keçirilən təntənəli yığıncaqda milli ideologiya ilə bağlı konseptual fikirlərini belə ifadə etmişdir: “Bizim həm xarici siyasətdə, həm daxili siyasətdə, həm ictimai-siyasi sahədə, həm sosial-iqtisadi sahədə gördüyümüz işlər milli ideologiyanın üzərində qurulur. Bu milli ideologiya nədən ibarətdir? 1-si, dövlətçilik. Dövlətçilik bu gün və gələcəkdə bizim hər bir vətəndaşımızın, cəmiyyətin, dövlətin əsas vəzifəsidir. Dövlətçilik Azərbaycanın müstəqilliyini, ərazi bütövlüyünü qoruyub saxlamaqdır. Azərbaycanın müstəqilliyini möhkəmlətməkdir. Dövlətçilik hər bir vətəndaşın qəlbində olmalıdır. Ona görə də hər bir vətəndaş vətənpərvərlik hissləri ilə yaşamalıdır və bizim partiyamız, bütün dövlət orqanları, bütün təbliğatımız Azərbaycanda dövlətçiliyi inkişaf etdirmək üçün hər bir vətəndaşda milli vətənpərvərlik hisslərini yaratmalıdır. Milli vətənpərvərlik hissləri hər bir vətəndaşda o qədər güclü olmalıdır ki, hər bir vətəndaş milli mənafeyi öz şəxsi mənafeyindən, öz şəxsi həyatından - hər şeydən üstün tutsun”.

Heydər Əliyevin milli ideologiya konsepsiyasının 2-ci qanadı milli mənəvi dəyərlərə sadiqlikdir. Ulu Öndər milli mənəvi dəyərlərimizin  öyrənilməsini, qorunub saxlanılmasını, gələcək nəsillərə çatdırılmasını azərbaycançılığın əsas elementləri kimi görür və bir vəzifə olaraq qarşıya qoyurdu.

Heydər Əliyevə görə xalq öz müstəqilliyini qorumaq, gələcəyini qurmaq istəyirsə, milli-mənəvi dəyərlərinə söykənməlidir. Milli-mənəvi dəyərlərinə hörmət etməyən, bir millət olaraq öz varlığını ifadə edə bilməyən xalqın müstəqil dövləti uzun zaman yaşaya bilməz. Milli dövlət ölkənin ərazi bütövlüyünü, konstitusiya quruluşunu, təbii sərvətlərini, vətəndaşların təhlükəsizliyini təmin etməklə bərabər, milli-mənəvi dəyərləri də qorumalı və inkişaf etdirməlidir.

Bizim milli mənəvi dəyərlərimizin əsasını 3 komponent təşkil edir: dilimiz, dinimiz, adət-ənənəmiz. Bu 3 komponentin hər birinin inkişafı üçün Heydər Əliyev dəyərli nəzəri fikirlər söyləmiş, fərman və sərəncamlar vermiş, əməli işlər görmüşdür. Heydər Əliyevin milli ideologiyasının 3 mühüm tərkib hissəsi var ki, bunların da hər biri milliliklə ümumbəşəriliyin, tarixlə müasirliyin sıx şəkildə vəhdətini özündə ehtiva edir:

- Azərbaycançılıq və dünyəvilik

- Tarixə hörmət və müasirlik

- Milli-mənəvi dəyərlərin qorunması və ümumbəşəri dəyərlərə inteqrasiya.

Milli ideologiyamızın tərkib hissəsini təşkil edən bu 3 istiqamətin hər biri qısa zaman kəsiyində həyatda öz təsdiqini tapmış, doğru nəzəriyyə olduğunu sübut etmiş və bu gün də uğurla inkişaf etməkdədir.

 

Xalqı birləşdirən əsas dəyər - sosial ədalət

 

Müstəqil Azərbaycanın dövlət quruculuğu və inkişafı strategiyasını müəyyən edərkən Ümummilli Lider Heydər Əliyev sosial siyasəti prioritet istiqamətlərdən biri olaraq müəyyən etmiş, milli sərvətlərin xalqın bütün təbəqələrinə mənsub olması, sosial ədalət prinsipinin qorunması, əhalinin aztəminatlı hissəsinə dövlət qayğısının artırılması məsələlərini həmişə diqqət mərkəzində saxlamışdır.

Sosial siyasətin təminatlı və əhatəli olması üçün möhkəm iqtisadi təməl və hüquqi bazanın olması mühüm şərtdir. Məhz buna görə də müstəqil  Azərbaycanın sosial siyasət strategiyasını müəyyənləşdirən zaman Ümummilli Lider Heydər Əliyev bir tərəfdən sosial siyasətin ölkənin real iqtisadi imkanlarına uyğunlaşdırılmasına, digər tərəfdən isə müvafiq normativ - hüquqi bazanın yaradılmasına ciddi önəm verirdi.

Modern dövlət quruculuğu yoluna qədəm qoymuş müstəqil Azərbaycanın sosial siyasətinin təməlində iki klassik prinsip dayanırdı - sosial ədalət və sosial rifah. Heydər Əliyev sosial sahədə dövlətin vəzifəsini bunda görürdü: “Bir dövlət olaraq, hökumət olaraq biz xalqımızın, millətimizin, vətəndaşlarımızın sosial tələblərini təmin etməliyik”...

1995-ci ildən başlayaraq ölkədə iqtisadi tənəzzül dayandı və bu sosial sahədə siyasətin konkret istiqamətlərinin müəyyənləşməsinə, islahatlar aparılmasına və sosial siyasətin geniş hüquqi bazasının yaranmasına təkan verdi.

Müstəqil dövlətçiliyimizin memarı və qurucusu Ümummilli Lider Heydər Əliyevin siyasi idarəçilik məktəbinin  layiqli  davamçısı olan İlham Əliyev 2003-cü ilin oktyabrında keçirilən ilk prezidentlik inauqurasiyasında “Mən hər bir azərbaycanlının prezidenti olacağam” söylədi və arxasında böyük məna və məsuliyyət yükü olan bu fikirləri öz prezidentlik fəaliyyətində daim təsdiq etdi, əmələ çevirdi və dövlət idarəçiliyində bir meyar səviyyəsinə yüksəltdi.

Təbii ki, hər bir yaxşı rəhbər kimi, cənab İlham Əliyev də prezidenti olduğu hər bir vətəndaşın və bütövlükdə Azərbaycan xalqının əmin-amanlıq şəraitində, güvənli maddi təminat və sosial rifah içərisində yaşamağını istəyir və bu istəyi reallığa çevirmək üçün  ən mütərəqqi proqramlar qəbul etmiş, ən mütərəqqi qərarlar, fərman və sərəncamlar vermiş, qanunlar imzalamışdır.

Sosial ədalət hər bir cəmiyyətin demokratikliyinin lakmus kağızıdır, sosial ədalət pozulan cəmiyyətin digər dəyərləri də deformasiya olunur, fərdlər və qruplar arası gərginlik daim münaqişə ocağına çevrilir. Sosial ədalətin çərçivəsi cəmiyyətin tələblərinə uyğun dəyişir və təkcə qanunlar və proqramlarla deyil, eyni zamanda mənəvi dəyərlər, ənənələr, liderin humanizmi və şəxsi nümunəsi ilə təmin olunur. Təsadüfi deyil ki, sosial ədalət müəllifi Ümummilli Lider Heydər Əliyev olan Konstitusiyamızda da əsas prinsiplərdən biri kimi  təsbit edilmişdir.

Sosial dövlət vətəndaşlara uyğun şərtlərlə sağlamlıq, təhsil, məşğulluq imkanları yaratmaqla, müəyyən proqramlarla ehtiyacı daha çox olan təbəqənin bu imkanlara əlçatanlığını dəstəkləməklə sosial ədaləti təmin etmiş olur.

Prezident İlham Əliyev  2003-cü ildə öz seçki proqramında qarşıdakı beş il ərzində 600 min yeni iş yeri açılmasını təmin edəcəyini söyləyəndə bu cəsarətli çağırış çoxları üçün fantastik bir arzu kimi görünürdü. Çünki o zaman ölkədə işsizlik 50, yoxsulluq 49 faiz idi.

Ən ədalətli hakim olan zaman göstərdi ki, İlham Əliyev nəinki uzaqgörən və praqmatik bir siyasətçidir, o, eyni zamanda müdrik və realist bir dövlət xadimidir. İlham Əliyev “600 min yeni iş yeri açacağıq” söyləyəndə həm də 600 min ailənin həyat səviyyəsinin yüksələcəyini düşünürdü. Beş il ərzində ölkədə vəd olunan 600 min iş yeri əvəzində 900 min yeni iş yeri açıldı ki, bunun da 700 mini daimi iş yerləri idi.

Əhalinin məşğulluğunun təminatı sonrakı illərdə də dövlət başçısının diqqət mərkəzində oldu və bu illər ərzində ölkədə 1 milyon 800 mini daimi olmaqla 2 milyon yeni iş yeri açıldı. İşsizlik on dəfə aşağı düşdü. İndi Azərbaycanda işsizlik 2003-cü illə müqayisədə 10 dəfə azalaraq, 4,9 faiz təşkil edir və ölkəmiz işsizlik göstəricisinə görə dünyada ən öndə gedən ölkələrdən biridir. İndi Azərbaycan vətəndaşları iş yeri axtararkən daha geniş seçim imkanları əldə etmişlər, 90-cı illərin əvvəllərində metro girəcəyində “bakuş”, yaşayış binalarının həyətlərində “xlor” qışqıran insanlar indi daha layiqli, rahat və daha çox əməkhaqqı təminatı verən iş tələbi irəli sürürlər.

2003-cü ildən bu yana ölkədə minimum əməkhaqqı 10 dəfədən çox artmış, 2019-cu ildən isə minimum əməkhaqqı 250 manat olmaqla yaşayış minimumunu (190 manat) 31.5 faiz üstələmişdir.

Prezident İlham Əliyevin sosial siyasət kursunun çox mühüm istiqamətlərindən biri aztəminatlı insanların sosial müdafiəsinin daim diqqət mərkəzində saxlanılmasıdır. Pensiyalar, müavinətlər, təqaüdlər və digər sosial ödənişlər ilbəil artırılır, ünvanlı sosial yardım və özünü-məşğulluq proqramları daha çox ehtiyacı olan ailələri əhatə edir, sosial evlər tikilir, ipoteka kreditləri verilir, şəhid ailələri, Qarabağ müharibəsi əlilləri, məcburi köçkünlər daha geniş şəkildə dövlətin qayğısı ilə əhatə olunurlar.

Neft gəlirlərini insan kapitalına çevirmək! Bu da İlham Əliyevin irəli sürdüyü və uğurla həyata keçirdiyi onlarca tarixi ideyalardan biridir. Alimlər ölkələrin inkişafının əsasında digər faktorlarla yanaşı, 3 mənbənin olmasını vacib hesab edirlər: zəngin təbii sərvətlər, o cümlədən karbohidrogen  ehtiyatlarının olması, müasir texnologiyalara malik olmaq və onların istehsalında öncüllük, dərin elmi potensiala malik insan kapitalının olması. Bunlardan biri gec-tez tükənən, digəri isə köhnələn sərvətdir. İnsan kapitalı isə tükənmir, köhnəlmir, əksinə, münbit şəraitdə daha da inkişaf edir. İkinci Dünya müharibəsindən sonra Yaponiyanın, iyirminci əsrin sonlarından isə Cənubi Koreyanın, Sinqapurun inkişafı məhz insan kapitalı, süni intellektlə bağlıdır.

Müstəqilliyinin ilk illərində torpaqları işğal olunan, iqtisadiyyatı çökən, bir milyona yaxın qaçqın və məcburi köçkünü olan, sovetdən qalma təhsil sistemi süqut edən,  onsuz da zəif olan maddi-texniki bazası köhnələn təhsil və elm sahəsini gücləndirmək, köhnəlmiş zərərli stereotipləri qırmaq, yeni kadrlar hazırlamaq milyardlarla manat vəsait, gərgin əmək, güclü siyasi iradə tələb edirdi, lakin Prezident qısa vaxt ərzində bunu da bacardı. Təhsil sisteminin modernləşdirilməsi siyasəti ilə yanaşı olaraq təhsilin maddi-texniki  bazası demək olar ki, yenidən quruldu, 3500-dən çox məktəb və uşaq bağçası yenidən tikildi, müasir avadanlıqla təchiz edildi, yeni kolleclər, universitetlər yaradıldı, xaricdə təhsil proqramı qəbul edildi, 5 mindən çox azərbaycanlı gənc bu proqram vasitəsi ilə dövlət vəsaiti hesabına dünyanın tanınmış universitetlərində təhsil aldılar. İndi o gənclərin bir qismi Vətənə dönərək Azərbaycan dövlətinin idarə olunmasında yaxından iştirak edir, xaricdə qalanlar isə diaspor təşkilatımızı gücləndirərək Azərbaycanı dünyada ləyaqətlə təmsil edirlər.

İnsan həyatının keyfiyyətli və faydalı olması üçün vacib şərtlərdən biri, bəlkə də birincisi sağlamlıqdır. Heç təsadüfi deyildir ki, bütün dünyada sağlam yaşamaq hüququ insanın ən fundamental hüquqlarından biri kimi tanınır. Azərbaycan vətəndaşının sağlam və xoşbəxt yaşamasının təmin olunması, tibbi xidmətin keyfiyyəti və bu xidmətlərə pasiyentlərin əlçatanlığı Prezident İlham Əliyevin daim diqqətdə saxladığı məsələlərdən biridir.

Tibbi xidmətlərə əlçatanlığın təmin olunması, tibbi xidmətlərin vaxtında və keyfiyyətli göstərilməsi üçün səhiyyə idarəçiliyinin ən optimal forması sayılan icbari tibbi sığorta sisteminə keçid Prezident İlham Əliyevin sosial sahədə apardığı ən fundamental islahatlardan biridir. İcbari tibbi sığorta səhiyyə xidmətlərinin keyfiyyətini artırmaq, sağlam rəqabət mühiti yaratmaqla yanaşı, maliyyələşdirmə xərclərini də dövlət, işəgötürən və işləyən arasında paylaşmaqla daha mütənasib ödəmə sistemi təklif edir.

Təbii ki, səhiyyə sistemini uzun illər ərzində formalaşan sovet maliyyələşmə və idarəçilik üsulundan birdən qoparıb yeni sistemə keçirmək mümkün deyildi. İcbari tibbi sığortanın qüsursuz və mükəmməl çalışmasi üçün vacib olan şərtlər həll olunmasa, ən mükəmməl bir sistem də iflasa uğraya bilərdi. Məhz hər hansı qərara kompleks yanaşan və qərar qəbulu zamanı  bütün amilləri öncədən nəzərə alan Prezident İlham Əliyev ilkin olaraq icbari tibbi sığorta sistemində fəaliyyət göstərən klinikaların müasir tələblər səviyyəsində qurulması və təchiz edilməsini həyata keçirdi: həm dövlət, həm də özəl sektorda onlarca yüksək təchizatlı və tibbi-sanitar standartlara cavab verən klinikalar yaradıldı, müasir tibbi texnologiyanı yaxşı mənimsəyən həkim və orta tibb işçiləri yetişdi,  tibbi heyətlər formalaşdı, respublika üzrə minimum və orta əməkhaqqı yüksəldi, qeyri-leqal məşğulluğun aradan qaldırılması üçün iqtisadi və hüquqi nəzarət mexanizmləri formalaşdı. İcbari tibbi sığorta 3 il ərzində pilot şəklində Mingəçevir, Yevlax və Ağdaşda uğurla sınaqdan çıxandan sonra 2020-ci ildə ölkəmizin şimal bölgəsini əhatə edən 20 rayonda tətbiq olunmağa başladı. Hazırda isə koronavirus pandemiyasının törətdiyi çətinliklərə baxmayaraq, Azərbaycanın bütün ərazisində icbari tibbi sığorta vətəndaşlarımızın xidmətindədir.

 

Zəfər yolu, Şuşa zirvəsi

 

O siyasi lider xoşbəxtdir ki, davamçısı, ideyalarını daha irəli aparacaq varisi vardır. Siyasi liderin daha bir keyfiyyəti öz davamçıları (tərəfdarları) arasından ən qabiliyyətlisini seçib yeni mərhələdə ideya daşıyıcısına çevirə bilməsidir. Ümummilli Lider Heydər Əliyev bu baxımdan - siyasi varislik prinsipi baxımından da mükəmməldir, əbədiyaşardır.

 Bu gün Heydər Əliyevin siyasi kursu Prezident İlham Əliyev tərəfindən günün tələblərinə uyğun səviyyədə inkişaf etdirilir, Azərbaycan dünyanın mədəniyyət, tolerantlıq, iqtisadiyyat, idman mərkəzinə çevrilməkdədir. Bu gün Azərbaycan bölgədə söz sahibidir, bir çox beynəlxalq təşkilatlara sədrlik edən respublikamız dünyanın ən nüfuzlu dövlətlərindən birinə çevrilmişdir.

Bu gün Azərbaycan dünyanın az sayda ölkəsinin təmsil olunduğu “Kosmos klubu”nun üzvüdür.

Bu gün regionda dünya birliyinin bir çox transmilli layihələri Azərbaycanın adı ilə bağlıdır.

Bu gün Ümummilli Liderin böyük uzaqgörənliklə söylədiyi “Azərbaycan dünyaya Günəş kimi doğacaq”  fikri parlaq təsdiqini tapmaqdadır.

İndi Azərbaycan tarixinin ən şərəfli, ən sevincli günlərini yaşayır. Artıq “Qarabağ münaqişəsi” deyilən bir termin tarixə qovuşub. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında rəşadətli Azərbaycan Ordusu torpaqlarımızı işğaldan azad edib, ərazi bütövlüyümüz təmin olunub.

Doğru olan yolu isə  bizə 1993-cü il iyunun 15-də Azərbaycanın siyasi rəhbərliyinə qayıtmaqla dövlətçiliyimizi xilas edən  Ümummilli Lider Heydər Əliyev göstərdi - xalqı  inandırdı ki, uğurumuz bir yerdə yumruq kimi birləşərək güclü dövlət qurmaqdan, qüdrətli ordu yaratmaqdan keçir.

Qələbəmizə bir an da şübhə etməyən, Azərbaycanın ərazi bütövlüyünün təmin olunacağına öz varlığı qədər inanan Ulu Öndər deyirdi: “Əgər torpaqlarımız sülh yolu ilə azad olunmazsa, biz nəyin bahasına olursa-olsun torpaqlarımız azad edəcəyik. Dünya bilməlidir, hamı bilməlidir və o cümlədən Ermənistan tərəfi də bilməlidir ki, biz heç vaxt torpaqlarımızın bir metrəsini də, qarışını da heç kəsə verməyəcəyik”.

Xalq ona inanırdı, çünki öz Liderini çox yaxşı tanıyırdı, ona görə də dara düşəndə Xilaskar kimi onu çağırdı, o, gəldi, dövləti dağılmaqdan, milləti məhv olmaqdan qorudu, məmləkətin özü kimi tikə-parça olmuş ümidlərimizi bir yerə yığdı, məlhəm qoydu, sarıdı, sağaltdı. Eynən mahir bağbanın qasırğadan qəddi sınmış fidan tingini sarıyıb təzədən bitişdirib böyüdən kimi böyütdü milləti Böyük Xilaskar. Sonra tamamlayıb başa çatdıra bilmədiyi işləri özü kimi inandığı varisinə - cənab İlham Əliyevə həvalə etdi.

Prezident İlham Əliyev 2003-cü ildə prezident kimi ilk andiçmə mərasimində bütün dünyaya bəyan etdi: bizim yolumuz Heydər Əliyev yoludur! Bu yol bizi işıqlı, xoşbəxt, firavan günlərə aparacaq.

18 ildir Prezidentin müəyyən etdiyi kursla uğura doğru, işığa doğru, haqqa doğru gedirik.

Bu yolda qarşımıza nələr çıxmadı, hansı maneələri dəf etmədik, hansı aysberqləri adlamadıq?

Biz bütün maneələri adlayaraq bir xalq kimi daha da mətinləşdik, bütövləşdik, bərkidik, böyüdük!

Biz bu illər ərzində başqa xalqların bəlkə də 100 illərlə keçə bilmədiyi yenilənmə, tərəqqi, özünüdərk, milli-psixoloji transformasiya yolu keçdik.

Bizi bu yolda qətiyyətlə, mətin addımlarla inamlı qələbələrə aparan Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında müasir dövlət qurduq, özümüzü dünyaya sübut etdik, güclü, modern  ordu yaratdıq, BMT Təhlükəsizlik Şurasının iclaslarına sədrlik elədik, “Kosmos klubu”nun üzvü olduq, Avroviziya mahnı müsabiqəsinin qalibi olduq, Avropa Oyunlarına, İslam Olimpiya Oyunlarına, onlarca beynəlxalq  iqtisadi, siyasi, humanitar tədbirlərə evsahibliyi etdik, uğur qazandıq, uğurumuzu bölüşdük.

Bu illər ərzində milli-psixoloji transformasiyamızda heç şübhəsiz ki, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın böyük xidmətləri mütləq qeyd olunmalıdır. Məhz Mehriban xanım müstəqil Azərbaycan dövlətində birinci xanım institutunu yaratdı, formalaşdırdı və mühüm dövlətçilik atributuna çevirdi.

Məhz Mehriban xanım Əliyevanın yaratdığı və rəhbərlik etdiyi Heydər Əliyev Fondu təkcə Azərbaycanda deyil, eləcə də ölkə hüdudlarından kənarda humanizm, xeyirxahlıq, şəfqət, sosial dəstək ünvanına çevrildi.

Ulu Öndər Heydər Əliyev böyük uzaq görənliklə deyirdi ki, mənim başa çatdırmadığım işləri Azərbaycan xalqının dəstəyi ilə İlham Əliyev başa çatdıracaq.

Ulu Öndərin arzusunda olduğu, lakin başa çatdıra bilmədiyi ən birinci vəzifə  isə Azərbaycanın ərazi bütövlüyünün təmin olunması, torpaqlarımızın işğaldan azad edilməsi idi.

Həmin dövrdə Ermənistan rəhbərliyinin təkəbbürlü nadanlığı, beynəlxalq güclərin ikiüzlülüyü, imperialist dövlətlərin Qafqazda maraqlarının toqquşması Qarabağ məsələsinin diplomatik yolla həllinə imkan vermədi. Müharibə yolu ilə məsələnin həlli üçün qüdrətli dövlət, güclü iqtisadiyyat və qalibiyyətli ordu yaratmaq, beynəlxalq ictimaiyyətin nüfuzunu və dəstəyini qazanmaq üçün uzun zaman, məqsədyönlü fəaliyyət, dəqiq proqram, böyük siyasi iradə, gərgin zəhmət lazım idi.

Tanrı bu şərəfli missiyanı Ali Baş Komandan İlham Əliyevin qismətinə yazmışdı. İlham Əliyev öz xalqı ilə birlikdə bu işi bacardı və müasir bütöv Azərbaycan dövlətinin qurucusu, torpaqları işğaldan azad edən və ərazi bütövlüyünü təmin edən sərkərdə kimi öz şərəfli adını qızıl hərflərlə tarixə yazdırdı.

Yəqin ki, tədqiqatçılar Azərbaycanın 44 günlük zəfər yürüşü fenomeninin müxtəlif aspektlərini araşdıracaq, nəticələr çıxaracaq, nümunə kimi göstərəcəklər. Lakin indidən bir həqiqət gün kimi aydındır: Qələbənin uğur formulu çox sadədir: müzəffər Komandan+müzəffər Ordu+müzəffər Xalq. Qələbənin uğur simvolu isə heç şübhəsiz ki, Dəmir Yumruqdur - xalq, ordu, rəhbər birliyini əks etdirən və düşmənin başını ilan başı kimi əzən dəmir yumruq!

Azərbaycanın tarixi qələbəsinin şəksiz və şəriksiz qəhrəmanı isə Ali Baş Komandandır!

Prezident bu 44 gündə həm hərbi, həm siyasi, həm diplomatik, həm informasiya, həm təbliğat cəbhəsində mübarizə apardı, öz dövlətinin və xalqının  maraqlarını ləyaqətlə qorudu və təmin etdi. Həmişə də inamlı danışdı, cəsarətli danışdı, bir dəfə də olsun təmkinini pozmadı, yüksək intellekt, dərin bilik və diplomatik peşəkarlıq nümayiş etdirdi. Azərbaycanı bir daha dünyaya tanıtdı, hər kəsə də öz yerini göstərdi.

Prezidentin qələbə müjdəli çıxışları xalqı və ordunu ruhlandırdı, inamını artırdı, birliyini möhkəmləndirdi.

Ali Baş Komandan oktyabrın 4-də Cəbrayılın işğaldan azad edilməsi müjdəsini böyük sevinc və qürur hissi ilə xalqına çatdırdı, bundan sonra isə Zəngilan, Qubadlı, Füzuli rayonları, Suqovuşan və Horadiz qəsəbələri və digər yurdlarımız işğaldan azad edildi.

 Heç şübhəsiz ki, Şuşanın işğaldan azad edilməsi düşmənin belini qırdı və məğlub ölkənin rəzil olmuş rəhbəri təslim aktını imzalamağa məcbur oldu.

Ən qiymətlisi isə odur ki, üç böyük rayonumuz - Ağdam, Kəlbəcər və Laçın bir güllə atılmadan işğaldan azad olundu. Bu, tarixdə nadir hallarda rast gəlinən hərbi-siyasi qələbədir! Beləliklə, “Qarabağ münaqişəsi” deyilən bir termin tarixə qovuşdu, regionda davamlı sülhün bərqərar olunması üçün münbit şərait yarandı.

İndi artıq bölgədə yeni dönəm başlamışdır. Bu reallığı Azərbaycan yaratdı - Prezident İlham Əliyev və onun Xalqı yaratdı.

Bu gün Ulu Öndər Heydər Əliyevin ruhu şaddlr. Onun canından artıq sevdiyi Azərbaycanın ərazi bütövlüyü təmin olunmuşdur. Qarabağ torpaqları işğaldan azad edilmişdir. Üçrəngli Azərbaycan bayrağı Şuşada, Ağdamda, Füzulidə, Kəlbəcərdə, Cəbrayılda, Zəngilanda, Laçında, bütün Qarabağda dalğalanır. Xalqın torpaq həsrətinə son qoyulmuşdur. Zamanında Ulu Öndər tərəfindən cənnətə çevrilən Qarabağın ikinci əbədi dirçəlişi və yüksəlişi başlayır.

İndi Ulu Öndər Heydər Əliyevin ruhu şaddır, çünki siyasi varisi Ali Baş Komandan İlham Əliyev onun bütün vəsiyyətlərini və arzularını Azərbaycan xalqının dəstəyi ilə, böyük fədakarlıq və qəhrəmanlıqla həyata keçirib.

Ümummilli Lider Heydər Əliyevin müqəddəs yolunu Şuşa ucalığınadək ləyaqət və hünərlə davam etdirən Ali Baş Komandan İlham Əliyev Şuşanın işğaldan azad olunması müjdəsini müqəddəs Şəhidlər xiyabanından xalqımıza çatdırarkən həm də tariximizin ən müqəddəs xəbərini dünyanın ən böyük azərbaycanlısına çatdırmış oldu: “ Mən bu gün eyni zamanda Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət etdim, onun ruhu qarşısında baş əydim. Ürəyimdə dedim, xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim. Şuşanı azad etdik! Bu böyük qələbədir! Şəhidlərimizin, Ulu Öndərin ruhu şaddır bu gün! Gözün aydın olsun, Azərbaycan! Gözünüz aydın olsun, dünya azərbaycanlıları!” 

 

Musa QULİYEV,

Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri,

YAP İdarə Heyətinin üzvü



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM