13 Dekabr 2011 03:12
439
SİYASƏT
A- A+

Heydər Əliyev və Azərbaycanın milli inkişaf siyasəti: xarakteristikası, əsas vəzifələri və tələbləri

 

Hər bir dövlətin daxili və xarici vəziyyətini, milli maraq dairələrini və onların təminatını, beynəlxalq aləm və region ölkələri ilə münasibətlərinin taktikasını, vəzifələrini,  yollarını, vasitələrini və ehtiyatlarını, onu əhatə edən geosiyasi subyektlərin  hərəkətlərini və buna müvafiq olaraq geosiyasi davranışını  müəyyən edən  Milli İnkişaf  Strategiyası olur. Bu strategiya ölkənin həyata keçirdiyi praktiki daxili və xarici siyasətin, ölkədaxili ictimai-siyasi, milli-etnik, sosial-dini sabitliyin, yaxın və uzaq ölkələrlə geosiyasi münasibətlərin davamlı, təhlükəsiz inkişafını təmin edən əsas vasitədir.

Milli İnkişaf  Strategiyası bir-biri ilə eyni statusda və dəyərdə olan milli inkişaf və milli təhlükəsizliyin (daxili və xarici) əsas ölçüləri və tələblərini əks etdirir, hər iki sahə üzrə ayrıca  konsepsiyanın yaradılması və həyata keçirilməsini bir vəzifə kimi qarşıya qoyur.

Milli İnkişaf Strategiyası ölkənin  xarici  aləmdən qaynaqlanan geosiyasi, geoiqtisadi və hərbi-geostrateji vəziyyətini, daxili iqtisadi, ictimai-siyasi və mənəvi inkişafını, spesifik xüsusiyyətlərini və s. məsələləri nəzərə almaqla,  ümumən:

milli inkişafın və digər strateji vəzifələrin hərtərəfli elmi tədqiqini, əsaslandırılmasını,  onların təmin olunması yollarının, vasitə və ehtiyatlarının tapılmasını;

ölkənin milli inkişaf və təhlükəsizlik konsepsiyasının hazırlanması və bu əsasda praktiki siyasətinin formalaşdırılmasını, onun əsas vəzifə və tələblərinin  müəyyən edilməsini;

ölkənin milli inkişafı və təhlükəsizlik mühitinin - müstəqillik, ərazi bütövlüyü, suveren idarəçilik, hərbi-strateji və sərhəd təhlükəsizliyinin, iqtisadi, siyasi, sosial-mədəni, informasiya, ekoloji inkişafın vacib tələblərinin öyrənilməsi və təmin edilməsi taktikasının hazırlanmasını;

daxili və xarici siyasətin əsas tələblərinin, daxili miqrasiya, təbii ehtiyat, əmək  insan və s. resurslarının səmərəli istifadəsi, qorunması, tənzimlənməsi və idarə edilməsi kimi vacib geosiyasi vəzifələrin əsaslandırılması və təminatı yollarının təklif edilməsini;

ölkənin milli inkişafının və milli təhlükəsizlik mühitinin davamlı sabitliyinin, bu sahədə yürüdülən dövlət siyasətinin səmərəliliyinin, dayanıqlığının və müvəffəqiyyətinin təmin edilməsini;

dövlətin və ictimai həyatın milli, hərbi, sərhəd, iqtisadi, sosial, informasiya,  ekoloji, ərzaq, enerji, nəqliyyat-kommunikasiya kimi həyati əhəmiyyət kəsb edən strateji  sahələrində praqmatik milli inkişaf və təhlükəsizlik maraqlarının əsaslandırılması və təmin edilməsini;

hərbi və sərhəd təhlükəsizliyi Doktrinasının hazırlanmasını;

milli maraq ölçülərinin, milli təhlükəsizlik siyasətinin, onun əsas vəzifələrinin müəyyən olunması və mexanizmlərinin  yaradılmasını;

iqtisadi, enerji, resurs, ərzaq, nəqliyyat, infrastruktur, ekologiya, informasiya kimi sahələrin milli strategiyasının, təhlükəsizlik konsepsiyasının hazırlanması və həyata keçirilməsini;

ölkənin geosiyasi kodunun, beynəlxalq və regional təhlükəsizlik sahəsində müvafiq  xarici siyasət konsepsiyasının yaradılmasını və s. ehtiva edir.

***

Azərbaycan  xalqının müstəqillik yolu, milli inkişafı və dövlət quruculuğu prosesi bir sıra mühüm daxili və xarici amillərlə şərtlənir. Azərbaycan xalqı özünün siyasi, iqtisadi, mədəni-intellektual potensialından və SSRİ-nin dağılması ilə əlaqədar yaranan əlverişli tarixi şəraitdən istifadə edərək 1991-ci ildə öz milli iradəsini ortaya qoydu, yenidən istiqlal haqqına qovuşaraq müstəqil dövlətini bərpa etdi və BMT üzvü olan müstəqil dövlətlər sırasına qoşuldu. Bu hadisə Azərbaycan xalqının indiyə qədər malik olduğu ən böyük tarixi nailiyyət hesab olunur. Müasir dünyada 5000-dən artıq xalq və millət mövcud olsa da, BMT iqamətgahında bayrağı dalğalanan müstəqil dövlətlərin sayı 200 dən çox deyil.

Müstəqillik tarixinin araşdırılması ümummilli lider Heydər Əliyevin belə bir əsaslı fikrini təsdiq edir ki, müstəqilliyin əldə olunması nə qədər çətindirsə, onun qorunub saxlanılması, yaşadılması, daimi və əbədi edilməsi  bundan da çətindir.  O, 1993-cü ildəki müraciətlərindən birində qeyd edirdi ki, "Azərbaycan xalqının əsrlər boyu qəlbində yaşatdığı, həsrətini çəkdiyi  günlər gəlib çatmışdır. Müstəqilliyi qazanmaq, dövlətin tam müstəqil olmasına nail olmaq üçün xalqımız çətin yollardan keçmişdir. Ancaq müstəqilliyi qorumaq, əldə saxlamaq, möhkəmləndirmək, dövlətin tam müstəqilliyinə nail olmaq, vətəndaşlara müstəqil dövlət şəraitində layiqli həyat şəraiti təmin etmək daha çətindir". (Əliyev H.Ə. Müstəqilliyimiz əbədidir. Elektron külliyyat,  httr://heydaraliyev.rreslib.az).

Dünya təcrübəsi və Azərbaycanın  dövlətçilik tarixinin qısa təhlili  göstərir ki, müstəqilliyə qovuşmaq, milli dövlət yaratmaq və onu yaşatmaq üçün üç əsas şərtin olması vacibdir. Bunlar:

- müstəqillik üçün mövcud daxili və xarici şəraitin yetişməsi;

- müstəqillik qazanmaq, onu qorumaq və yaşatmaq üçün xalqın milli iradəsinin ortaya qoyulması və vahid milli məqsəd  ətrafında birləşməsi;

-  həmin dövr üçün millətin vahid milli ideyasının və iradəsinin daşıyıcısı rolunu oynayan, insanları səfərbər edərək öz arxasınca aparmaq gücünə və qabiliyyətinə malik,  cəmiyyətin əksər təbəqələrinin qəbul etdiyi milli liderin olmasından ibarətdir.

Bəşər tarixində bu və ya digər xalqın və ölkənin müstəqilliyi üçün lazımi  tarixi şəraitin yetişməsi ayrı-ayrı dövrlərdə müxtəlif forma və məzmunda özünü büruzə vermiş və bəhs olunan mövcud zaman və məkanın spesifik ölçüləri, əlverişli daxili və xarici amilləri və s. ilə ölçülmüşdür.

Milli iradə ortaya qoymaq və milli məqsəd uğrunda birləşmək bütün zaman və  məkanlarda, bir qayda olaraq, ölkə əhalisinin tam əksəriyyətinin "birlik, vahidlik və qətiyyətlilik"  əmsalı hesab olunmuşdur.

O ki qaldı tarixdə, millətlərin və dövlətlərin həyatında vahid, birləşdirici liderin, şəxsiyyətin oynadığı rola, bununla bağlı dünya siyasətşünaslığında  fərqli yanaşmalar mövcuddur. Bu məsələdə ən inandırıcı siyasi yanaşma metodunu  geosiyasi ədəbiyyatda "Biheviorist metod" tərəfdarları irəli sürür və əsaslandırırlar. Bu metoddan geosiyasətdə ilk dəfə ABŞ siyasətçisi, sonralar  isə prezident seçilmiş Vudro Vilson 1880-ci ildə istifadə etmişdir. Həmin geosiyasi metoda görə,  bu və ya digər hadisəni qiymətləndirərkən "tam aydın, dəqiq və birmənalı bilik və təcrübəyə əsaslanaraq qərar vermək lazımdır".  V.Vilson hesab edirdi ki, həm daxili siyasətdə, həm də geosiyasətdə bütün hadisələrin əsasında lider (şəxsiyyət) dayanır və əsas rolu da məhz o oynayır. V.Vilson konkret zaman və məkan çərçivəsində xalqların, millətlərin və digər insan birliklərinin əsas maraq və mənafe dairəsinin,  fəaliyyət və istəklərinin ifadə və təmin olunması yolları və vasitələrinin tapılmasını da məhz onların "liderlərinin dünyagörüşü və qabiliyyəti" ilə əlaqələndirirdi.

Şiyasətşünaslar şəxsiyyətin (liderin) xalqların və toplumların milli "özünü müəyyənetməsi" və ya milli kimliyi, milli dövlət quruculuğu və milli inkişafındakı tarixi rolunun ölçü meyarlarını onun mövcud zaman və məkan çərçivəsindəki milli ideya və milli iradə daşıyıcısı kimi çıxış etməsi, bu missiyanı icra etmək gücünə və keyfiyyətinə, geniş və hərtərəfli qlobal dünyagörüşə malik olması, yerli, regional və beynəlxalq geosiyasi mühitdən yetərincə baş çıxarması və nəhayət,  cəmiyyətin ictimai dəstəyini qazanması ilə müəyyənləşdirirlər.

Müstəqilliyə qovuşması ilə Azərbaycanın milli inkişaf və təhlükəsizlik siyasəti birdən-birə yaranmamış və bir neçə mərhələdən keçərək tədricən formalaşmışdır. Siyasi ədəbiyyatda bəzi xarakterik xüsusiyyətlərinə görə Azərbaycanın müstəqil dövlət quruculuğu və milli inkişafını bir neçə mərhələyə bölürlər.

Birinci mərhələyə Azərbaycanın müstəqillik haqqında Konstitusiya Aktını qəbul etməsindən 1993-cü ilə - Heydər Əliyevin hakimiyyətə gəlməsinə qədər dövrü aid edirlər.

1980-ci illərin sonu, 1990-cı illərin əvvəlində SSRİ-nin süqutunun qarşısıalınmaz prosesə çevrilməsi,  beynəlxalq aləmdə yaranan əlverişli tarixi şərait, bölgədə cərəyan edən mərkəzdənqaçma meyillərinin vüsət alması, Ermənistan-Azərbaycan münaqişəsi və Dağlıq Qarabağ probleminin həllində o zamankı sovet rəhbərliyinin ermənipərəst mövqeyi, ermənilərin yaranmış boşluqdan  bəhrələnərək Azərbaycan torpaqlarını bir-birinin ardınca işğal etməsi və s. hadisələr Azərbaycanda  əvvəlcə kortəbii xalq hərəkatına, 1990-cı ildən sonra isə artıq məqsədləri aydın olan milli-azadlıq hərəkatına rəvac verdi. Həmin vaxt  ölkənin müstəqilliyinin elan olunması və müstəqil dövlət qurulması üçün tələb olunan ilk iki şərt tam yetişmişdi.

Bəhs olunan dövrdə SSRİ-nin ali siyasi rəhbərliyində yaranan böhranlı vəziyyət və Moskvada yaşanan siyasi qarşıdurmadan istifadə edən bir çox keçmiş müttəfiq respublikalar, o cümlədən  Azərbaycan öz müstəqilliyini elan etdi. 1991-ci il oktyabrın 18-də respublikanın Ali Sovetində müstəqillik haqqında Konstitusiya Aktı qəbul edildi. Lakin həmin dövrdə həm ölkəni, həm də xalq hərəkatını idarə edənlərin, dövlət qurumlarının aydın milli inkişaf konsepsiyasının olmaması, respublikaya rəhbərlik edən şəxslərin müstəqillik və milli dövlət iradəsinin zəifliyi, qeyri-prinsipial və səriştəsiz iqtisadi, ictimai-siyasi və mənəvi siyasət yürütməsi, ölkədə sabitliyi və qanunçuluğu bərpa edə bilməməsi, siyasi mübarizənin milli-vətəndaş qarşıdurması müstəvisinə keçməsi, Ermənistanın təcavüzü nəticəsində Azərbaycan torpaqlarının işğal edilməsi və yerli əhalinin qaçqın-köçkünə çevrilməsi, iqtisadi, siyasi, sosial-mənəvi böhranın getdikcə dərinləşməsi və s. Azərbaycanı ciddi təhlükə ilə üz-üzə qoydu, əhalinin gələcəyə, müstəqil dövlətçiliyə inamını sarsıtdı.

Bu dövrdə Azərbaycanın milli azadlıq hərəkatı və müstəqil dövlət quruculuğu prosesinə rəhbərlik etmək iradəsinə, gücünə və qabiliyyətinə malik, əhalinin əksəriyyəti tərəfindən qəbul edilən və dəstəklənən milli liderə olan ehtiyac açıq-aşkar özünü göstərməyə başlayır. Belə lider 1990-cı ildən Naxçıvan əhalisinin iradəsi ilə Azərbaycan Ali Sovetinə deputat və 1991-ci ildən muxtar respublikanın  Ali Məclisinə sədr seçilən, faktiki olaraq Naxçıvan əhalisinin xilaskarına çevrilən Heydər Əliyev oldu. 1993-cü ildə xalqın tələbi ilə, o, hakimiyyət dairələri tərəfindən Bakıya dəvət olundu. İyunun 15-də Ali Sovetin sədri, oktyabrın 3-də isə ölkə Prezidenti seçilərək, yenidən Azərbaycanın siyasi sükanı arxasına keçən Heydər Əliyev ölkənin milli inkişafının üçüncü əsas şərtini - vahid lider tələbini təmin etdi.

Heydər Əliyevin hakimiyyətə gəlməsi ilə ölkənin milli inkişafının yeni - ikinci mərhələsi başlandı. Tədqiqatçıların fikrinə görə, bu mərhələdə Azərbaycanın milli inkişaf siyasətinin, gələcək ictimai-siyasi, sosial-iqtisadi və mədəni-mənəvi inkişafının  əsası qoyuldu, daxili və xarici siyasətinin məqsəd və vəzifələri, prinsip və xüsusiyyətləri, əsas istiqamətləri və  prioritetləri müəyyən edildi.

Mütəxəssislər hesab edir ki, Heydər Əliyevin Azərbaycanın gələcək müstəqil milli inkişafı ilə bağlı siyasi dünyagörüşü və konseptual yanaşması ilk dəfə hələ SSRİ dağılmamışdan qabaq - 1991-ci ilin əvvəllərində Azərbaycan parlamentinin tribunasından səsləndirdiyi fikirlərdə öz əksini tapmışdır. Azərbaycanın yeni şəraitdəki inkişafı ilə bağlı onun həmin dövrdə parlament müzakirələrində səsləndirdiyi fikirlər, təklif və mülahizələr müstəqilliyə doğru uzanan yolda rastlaşılan yeganə rasional, praqmatik və uzaqgörən fəaliyyət nümunəsi idi (Ramiz Mehdiyev. Yeni siyasət: İnkişafa doğru.  l kitab, Bakı, 2008. s.28-29).

Heydər Əliyevin müstəqil Azərbaycan dövlətinin milli inkişafı ilə bağlı praktiki addımları - ictimai-siyasi, sosial-iqtisadi, mədəni-mənəvi inkişafının məqsəd və vəzifələrinin müəyyən edilməsi, ölkə həyatının bütün sahələrində keçmiş sosialist normalarından imtina edilməsi və yeni prinsiplərə söykənən dövlət quruculuğu proseslərini həyata keçirməsi, milli dövlətin əsas atributlarının yaradılması və s. də SSRİ-nin dağılmasından bir qədər əvvəl, 1991-ci ilin sentyabr ayında Naxçıvan MR Ali Məclisinə sədr seçilməsi ilə başlamış və 1993-cü ildən isə Azərbaycan Respublikasının Prezidenti kimi davam etdirilmişdir.

Müstəqil Azərbaycan dövlətinin sükanı arxasına keçəndən sonra Heydər Əliyev ölkənin milli ruhlu, qlobal düşüncəli və dövlət təfəkkürlü vətəndaşlarını, bütün sağlam  qüvvələri öz ətrafına toplayaraq dövlətin gələcək iqtisadi, ictimai-siyasi və sosial-mənəvi inkişafının prinsiplərini, məqsəd və vəzifələrini müəyyənləşdirdi, onun keçmiş sosialist ictimai-siyasi və iqtisadi sistemindən yeni hüquqi dövlət quruluşuna, azad bazar iqtisadiyyatı və çoxmülkiyyətli iqtisadiyyata, demokratik normalara və siyasi plüralizmə əsaslanan vətəndaş cəmiyyəti modelinə keçidinin konseptual əsaslarını yaratdı və 1995-ci ildə qəbul olunmuş ölkə Konstitusiyasına daxil etdi.

Heydər Əliyevin milli inkişaf siyasətində bütün milli resursların, maddi və mənəvi sərvətlərin səfərbər edilməsi və ölkənin iqtisadi inkişafına yönəldilməsi taktikası mühüm yer tuturdu. Bu məqsədlə, o, 1994-cü ildə dünyanın aparıcı ölkələrini təmsil edən transmilli neft şirkətləri ilə Xəzər dənizinin Azərbaycan sektorundakı neft və qaz resurslarının birgə işlənməsi və sərbəst yollarla dünya bazarlarına ixrac edilməsini hədəfləyən "Əsrin müqaviləsi"ni imzalamağa nail oldu. Bu müqavilə Azərbaycanın yeni neft strategiyasının əsasında dayanaraq, bir tərəfdən, ölkənin milli inkişafı üçün lazımi maddi resursların əldə edilməsi və istifadəsi yollarını müəyyənləşdirdi, digər tərəfdənsə onun beynəlxalq aləm üçün geosiyasi və geoiqtisadi əhəmiyyətini artıraraq, dünyaya inteqrasiyasını şərtləndirdi. "Əsrin müqaviləsi"ndən başlayaraq, Azərbaycan transmilli dünyanın və qlobal dünya iqtisadiyyatının bir hissəsinə çevrildi, ölkənin inkişaf etdirilməsi, bazar iqtisadiyyatı mexanizmlərinin formalaşdırılması, sahibkarlığın və özəl sektorun yaranması, fəal sosial siyasətin yürüdülməsi üçün həm daxildə, həm də xaricdə əlverişli şərait yarandı. Azərbaycan dövləti və vətəndaşları, ictimai-siyasi və iqtisadi institutlar dünya ölkələrinin iqtisadi, maliyyə və texnoloji imkanlarından istifadə etmək imkanı qazandılar.

Heydər Əliyevin milli inkişaf siyasətinin əsasında hüquqi dövlət, demokratik inkişaf və siyasi plüralizmə əsaslanan cəmiyyətin yaradılması dayanırdı. Bu istiqamətdə 1993-cü ildən həyata keçirilən tədbirlər, atılan ən mühüm addımlar -  milli qanunvericiliyin Avropa standartlarına uyğunlaşdırılması, azad, plüralist cəmiyyət quruculuğu, qeyri-hökumət strukturlarının və müstəqil mətbuatın yaradılması ilə bağlı görülən çoxsaylı işlər, 1995-ci ildə demokratik normaları özündə əks etdirən yeni Konstitusiyanın qəbulu, çoxpartiyalı sistemin bərqərar olması, onun əsasında ilk parlament seçkilərinin keçirilməsi və demokratik parlamentin yaradılması, mətbuat və informasiya üzərindən bütün dövlət tənzimləyici mexanizmlərinin yığışdırılması və senzuranın ləğvi və s. həm milli inkişafı sürətləndirdi, həm də ölkənin  dünyadakı demokratik imicini formalaşdıraraq, beynəlxalq ictimaiyyəti onunla  daha geniş əməkdaşlığa ruhlandırdı.  Bir neçə il ərzində hüquqi dövlət quruculuğu istiqamətində reallaşdırılan məqsədyönlü siyasət ölkənin  ictimai-siyasi, iqtisadi, mənəvi-ideoloji və sosial həyatını kökündən dəyişdi, vətəndaş  cəmiyyəti institutlarının yaradılması və inkişafına təkan verdi, ölkədaxili münasibətləri Avropa standartlarına uyğunlaşdırdı  ki, bu da 2001-ci ildə Azərbaycanın Avropa Şurasına  daxil olması, Avropa Birliyi ilə tərəfdaşlıq münasibətləri yaratması, dünyanın demokratik təsisatlarına inteqrasiyası və s. ilə nəticələndi.

Heydər Əliyevin milli inkişaf siyasətində ədalətli cəmiyyət və sosialyönümlü dövlət, ölkə vətəndaşlarının sosial-iqtisadi və mənəvi tələblərinin dolğun təminatı,  sosial rifahının yaxşılaşdırılması, mövcud maddi resursların ölkə daxilində insan potensialının inkişafına yönəldilməsi vəzifəsi mühüm yer tuturdu. Sosialyönümlülük, ümumiyyətlə, onun həyatı boyu yürütdüyü siyasətdə daim prioritet vəzifə sayılmış,  rəhbərlik etdiyi dövlətin imkanları əhalinin rifah halının yaxşılaşdırılmasına xidmət etmişdir. Bununla bağlı, Heydər Əliyev daim vurğulayırdı ki, "xalq dövlət üçün yox, dövlət xalq üçün olmalıdır" (Əliyev H.Ə. Müstəqilliyimiz əbədidir. Elektron külliyyat http://heydaraliyev.preslib.az).  Məhz Heydər Əliyevin təməlini qoyduğu fəal sosial siyasətin nəticəsidir ki, 20 ildə ölkədə yoxsulluğun səviyyəsi dəfələrlə aşağı salınmış, əhalinin pul gəlirləri və həyat səviyyəsi dayanmadan yüksəlmiş, sosial-iqtisadi vəziyyəti yaxşılaşmışdır.

Heydər Əliyevin milli inkişaf siyasəti Azərbaycanın Cənubi Qafqaz və Xəzər hövzəsi, Avrasiya bölgəsi və dünyadakı regional və beynəlxalq addımlarını, mövqelərini, onun dünya birliyinə inteqrasiyasının prinsipial xəttini, əsas məqamlarını dəqiq müəyyən etmişdir. Onun beynəlxalq və regional xarici siyasət kursu Azərbaycanın geosiyasi maraqlarına müvafiq olaraq, həm region ölkələri ilə, həm də dünya dövlətləri ilə münasibətlərin praqmatik, ölçülüb-biçilmiş, düşünülmüş və balanslı siyasi strategiyasını formalaşdırmışdır. Xüsusən, Azərbaycanın malik olduğu enerji resurslarının, Qərblə Şərqi birləşdirən nəqliyyat-kommunikasiya imkanlarının və digər geosiyasi əhəmiyyətli üstünlüklərinin istifadəsində Heydər Əliyevin yürütdüyü prinsipial kurs, tətbiq etdiyi optimal yanaşma dünya dövlətləri içərisində Azərbaycanın güclü milli və regional faktora çevrilməsini, beynəlxalq aləmlə uğurlu inteqrasiyasını və əksər geosiyasi aktorlarla qarşılıqlı faydalı əməkdaşlığını şərtləndirmişdir. Heydər Əliyev tərəfindən düzgün təməli qoyulmuş xarici siyasət kursu 2011-ci il oktyabrın 24-də Azərbaycana dünyanın 150-dən çox ölkəsinin dəstəyini qazandırmış və BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvlüyünə seçilməsinə şərait yaratmışdır. Bu addım, həm də keçən müddətdə Heydər Əliyevin uzaqgörən siyasətinin ağıllı, səriştəli və dönmədən həyata keçirilməsinin nəticəsi idi.

Göründüyü kimi, Azərbaycan Prezidenti kimi Heydər Əliyevin 1993-2003-cü illərdə irəli sürdüyü ideya və fikirlər, iqtisadi, siyasi və sosial-mənəvi sahədə reallaşdırdığı kurs və  praktiki tədbirlər milli inkişaf siyasətinin formalaşması və həyata keçirilməsinin ikinci mərhələsində ölkədə bir ictimai-siyasi sistemdən digərinə keçidin, yeni demokratik  cəmiyyətin və ictimai həyat normalarının əsaslarını yaratmışdır. Bu siyasət bütün keçid dövrü ərzində imperiya və sosializm sistemindən azad olaraq müstəqillik yolu tutmuş, lakin region və dünya güclərinin üst-üstə düşməyən, kəsişən maraqları ilə üz-üzə qalmış, getdikcə qloballaşan dünyada öz yerini axtaran, milli maraqlarını və təhlükəsizliyini qorumağa çalışan gənc Azərbaycan dövləti üçün praktiki fəaliyyət proqramına çevrilmişdir.

Heydər Əliyevin milli inkişaf siyasəti həm də uzun illər öz dövlətçiliyindən və milli-mənəvi köklərindən ayrı salınmış, milli və dövlətçilik maraqları tapdanmış Azərbaycan xalqının özünəqayıdış və özünütəsdiqində mühüm, səfərbəredici funksiya yerinə yetirmiş, dövlət strukturlarının rəsmi və praktiki fəaliyyətinin,  həyata keçirilən  iqtisadi-siyasi, hüquqi və sosial-mənəvi proqramların əsasında dayanmışdır. Çünki Azərbaycana rəhbərlik etdiyi dövrdə, o, təkcə müstəqil Azərbaycan dövlətinin möhkəmləndirilməsi, onun müstəqilliyinin dönməzliyinin təmin olunması və dövlətçilik atributlarının formalaşdırılması ilə deyil, mütəxəssislərin fikrinə görə, həm də Azərbaycan xalqının dövlətçilik ənənələrinin qədim köklərinin üzə çıxarılması və müasir tarixi dəyərlərlə birləşdirilərək milli şüurun bərpa olunması sahəsində əvəzsiz rol oynamışdır (Səlahəddin Xəlilov. Heydər Əliyevin dövlət quruculuğu fəlsəfəsi Heydər Əliyev və Azərbaycan. Bakı, 2008.s.571).

Heydər Əliyev yeni şəraitdə birləşdirici azərbaycançılıq ideyasının - etnik mənsubiyyəti xüsusi qabartmadan Azərbaycana mənsubluq, Vətənə bağlılıq, ümumvətəndaşlıq, Azərbaycan dilinə və mədəniyyətinə sevgi, dövlətin sevinci və kədəri, dəyərləri və problemləri qarşısında ümumi və bərabər məsuliyyət hissi daşımaq kimi yeni konfiqurasiyanın -  Azərbaycanın müstəqil dövlətçiliyi üzərində qurulmuş  milli inkişaf siyasətinin ideoloji əsaslarını ortaya qoydu. Həm də xüsusi qeyd olunmalıdır ki, Heydər Əliyev daxili siyasətində vətəndaşların vahid amal və məqsəd ətrafında birləşdirilməsi istiqamətində addımlarını etnik-milli müstəvidən dövlətçilik və vətənpərvərlik müstəvisinə ustalıqla və  mükəmməl formada keçirərək, respublikanın əsas vətəndaşları olan türk kökənli çoxluqla digər milli azlıqların, etnik qrupların birliyinə nail ola bilmişdir. Bu baxımdan, tədqiqatçı alim Səlahəddin Xəlilovun fikri ilə razılaşmamaq mümkün deyil ki, Heydər Əliyev milli ideologiyamızın əsasını müəyyənləşdirməklə bərabər, bilavasitə onun həyata keçirilməsini də təmin edirdi ki, bu da onun dövlət başçısı olmasından əlavə, həm də  milli lider kimi üzərinə götürdüyü missiyaya necə böyük məsuliyyətlə yanaşmasına dəlalət edir  (Səlahəddin Xəlilov. Lider. Dövlət. Cəmiyyət.  Bakı, 2001,  s. 87).

Müstəqil Azərbaycan dövlətinin qurucusu kimi, Heydər Əliyevin indiyə qədər toplanmış nəzəri-siyasi irsi müstəqil Azərbaycan dövlətinin əsasları və milli inkişafı haqqında zəngin mənbəşünaslıq bazası, bitkin bir təlim hesab olunur. Bu təlimin bir çox tezisləri 1992-ci ildə Yeni Azərbaycan Partiyasının yaradılması ilə bağlı onun ölkə ziyalılarına ünvanlanmış müraciətində, həmin partiyanın yeni qəbul edilmiş məramnaməsində, digər hissəsi isə 1993-2003-cü illərdə onun prezidentlik  fəaliyyəti dövründə qəbul edilmiş ayrı-ayrı dövlət proqramlarında, səsləndirdiyi  fikir və mülahizələrdə, çıxışlarında, ortaya qoyduğu nəzəri-siyasi  ideyalarda öz əksini tapmışdır. Mütəxəssislərin fikrinə görə, Heydər Əliyevin dövlət həyatının müxtəlif sahələri və yürüdülən siyasətin ayrı-ayrı məqamları ilə bağlı söylədiyi fikirlər, səsləndirdiyi tezislər, əslində, Azərbaycanın vahid milli inkişaf konsepsiyası, milli ideologiyası, müasir Azərbaycanın sosial idealı, milli-fəlsəfi dünyagörüşüdür, ölkənin real gerçəkliyinin, ictimai-siyasi və mədəni-mənəvi həyatının bütün sahələrini əks etdirən mükəmməl elmi-nəzəri sistem və dövlət quruculuğu təlimidir (Səlahəddin Xəlilov. Heydər Əliyevin dövlət quruculuğu fəlsəfəsi...). Heydər Əliyevin ayrı-ayrı çıxışlarında dövrün ictimai-siyasi xarakteristikası, Azərbaycanda həyata keçirilən müstəqil dövlət quruculuğunun tələbləri, şərtləri və yolları,  regionumuzda və beynəlxalq aləmdə baş verən hadisələr və geosiyasi proseslərin xüsusiyyətləri və onların Azərbaycanın daxili, regional və beynəlxalq vəziyyətinə təsiri, 1990-cı ilin əvvəllərində  ölkənin düçar olduğu iqtisadi-siyasi böhranın təhlili,  mövcud vəziyyətdən çıxış yolları və s. kimi taleyüklü strateji məsələlər özünün həqiqi cavabını tapmışdır.

Heydər Əliyevin milli inkişaf siyasətinin əsas xarakterik xüsusiyyətlərindən biri   Azərbaycanda daxili inkişafın təkamül yolunun seçilməsi, bütün sahələrdə - hüquqi dövlət quruculuğu, bazar iqtisadiyyatına, çoxmülkiyyətçiliyə və azad rəqabətə keçid, demokratiya və siyasi plüralizmin yaradılmasında inqilabi yanaşmadan qaçması və təkamül prinsipini  tətbiq etməsi idi. O, öz çıxışlarında daim vurğulayırdı ki, dövlət həyatında heç nəyə birdən-birə nail olmaq mümkün deyil. Nə iqtisadi, siyasi, sosial-mədəni inkişafa, nə də ki, demokratiya, vətəndaş cəmiyyəti və siyasi plüralizmə bir-iki gündə çatmaq olmaz. Bunun üçün uzunmüddətli ciddi təşkilati işlər görülməlidir, milli inkişaf resursları səfərbər edilməlidir, daxili idarəçilikdə, insanların şüurunda dəyişiklik edilməlidir. Bütün bunları heç bir inqilabla etmək mümkün deyil, bunu yalnız təkamül yolu ilə, tədricən həyata keçirmək olar (Əliyev H.Ə. Müstəqilliyimiz əbədidir. Elektron külliyyat, http: heydaraliyev.preslib.az).

Göründüyü kimi, Heydər Əliyevə görə milli inkişafa təkamül yolu ilə, ciddi və uzunmüddətli praktiki işlərlə yanaşı, həm də milli şüurun formalaşması yolu ilə nail olmaq mümkündür. Heydər Əliyev qeyd edirdi ki, bir ölkədə hətta inqilabi dəyişikliklər belə köhnə sistemi dərhal dəyişdirmir, onu yeni bir sistemlə əvəz etmir, inqilab köhnəni vurub dağıdır, ancaq ondan fərqli sistem yaratmaq üçün müəyyən vaxt və illər lazımdır (Əliyev H.Ə. Müstəqilliyimiz əbədidir. Elektron külliyyat,  httr://heydaraliyev.rreslib.az).

Heydər Əliyevin milli inkişaf sahəsində atdığı addımların, həyata keçirdiyi tədbirlərin əvvəlcədən elmi-siyasi təhlili, onun müsbət və mənfi tərəflərinin ölçülüb-biçilməsi, nəticələrinin proqnozlaşdırılması, ardıcıl və məqsədyönlü olması da siyasətşünasların diqqətini cəlb etmişdir. Bu xüsusiyyət özünü, xüsusən, Azərbaycanın daxili və xarici siyasətinin, milli təhlükəsizliyinin, hərbi quruculuğunun proqramlaşdırılması və yerinə yetirilməsində, iqtisadi-siyasi və sosial proqramların qəbulunda  göstərmişdir.

Mütəxəssislər Heydər Əliyevin dövlətçilik və milli inkişaf nəzəriyyəsinin ən böyük yeniliklərdən biri kimi, onun sosial sistemləri dağıdıb yenidən vaxt və qüvvə sərf etmədən, öz daxili enerjisi hesabına dəyişdirərək, proseslərin təbii gedişini istiqamətləndirmək taktikasını xüsusi qeyd edirlər. Bu taktikanı reallaşdırarkən əsas məsələ mürəkkəb proseslərə müxtəlif rakurslardan yanaşmaq qabiliyyəti idi. Heydər Əliyevin milli inkişaf siyasətində  ictimai davranış və əxlaq normaları cəmiyyət üçün kənar təsirlər vasitəsilə deyil, məhz daxildən - ictimai şüurun həmahəng formada yetişməsi yolu ilə tətbiq olunurdu (Səlahəddin Xəlilov. Heydər Əliyevin dövlət quruculuğu fəlsəfəsi...).

Heydər Əliyev müstəqillik dövrünün 1993-2003-cü illəri əhatə edən keçid mərhələsində Azərbaycanın milli inkişaf siyasətinin həm nəzəri əsasını qoydu, həm də onu praktiki şəkildə reallaşdıraraq dövlət müstəqilliyinin dönməzliyini təmin etdi.

Heydər Əliyevin milli inkişaf təlimi Azərbaycandakı bütün sonrakı proseslərin  təməlində dayanır və bundan sonra da dayanacaqdır. Onun Azərbaycan xalqının dövlətçilik ənənələrinə söykənərək 1993-cü ildə müəyyənləşdirdiyi siyasi kurs, əsasını qoyduğu  demokratik və hüquqi dövlət idarəçiliyi forması 1995-ci ildə qəbul olunmuş yeni Konstitusiyaya daxil edilmiş və 2003-cü ilə qədər ulu öndərin özü  tərəfindən həyata keçirilmişdir. Təsadüfi deyil ki, 2003-cü ildə Azərbaycan Respublikasının Prezidenti seçilən İlham Əliyev Heydər Əliyevin müəyyənləşdirdiyi və 1993-2003-cü illərdə həyata keçirdiyi milli inkişaf siyasətinin heç bir alternativi olmadığını, bu strateji inkişaf kursunun bundan sonra da dönmədən davam etdiriləcəyini birmənalı şəkildə bəyan etmişdir (Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin nitqləri, çıxışları, müsahibələri və bəyanatları http://files.preslib.az/site/ialiyev/2003).

Göründüyü kimi, Heydər Əliyevin dövlətçilik kursu və milli inkişaf siyasəti, xüsusən onun təməl prinsipləri, nəzəri-siyasi məsələləri bütün keçid dövrü üçün Azərbaycanın əsas inkişaf strategiyası olmuş, 2003-2011-ci illərdə dövrün, zamanın və respublikanın müasir inkişafının yeni tələbləri də əlavə olunaraq, Prezident İlham Əliyev tərəfindən dönmədən həyata keçirilmişdir.

Hazırda Azərbaycan Respublikası bir çox sahələrdə, xüsusən  iqtisadi sferada keçid dövrünü başa vurmuşdur. Respublikanın sonrakı onilliyini hədəfə alan yeni inkişaf konsepsiyasının yaradılmasına ciddi ehtiyac yaranmışdır. Heç kimdə şübhə yoxdur ki, yeni inkişaf konsepsiyası da Azərbaycanın milli inkişafının Heydər Əliyev tərəfindən müəyyən olunmuş əsas təməl prinsiplərini mütləq şəkildə nəzərə alacaq və davam etdirəcəkdir.

Mütəxəssislər hesab edir ki,  Heydər Əliyev dühasının fövqəladəliyi həm də onda idi ki, o, təkcə öz dövrünün nəbzini tutmaqla məhdudlaşmadı, ölkəni ictimai-siyasi, sosial-iqtisadi inkişafının birinci fazasından uğurla çıxarmaq missiyasını başa vurdu və bununla  kifayətlənməyərək, vaxtında ikinci fazanın təməl daşını qoydu, bu mərhələdə ölkəyə rəhbərlik edə biləcək yeni siyasi güc mərkəzini yaratdı... Bəzi qonşu ölkələrdən fərqli olaraq Azərbaycan yeni iqtisadi sistemin üstqurumu kimi ortaya çıxan siyasi dünyagörüşü və yeni siyasi lideri müxalifətdə deyil, iqtidar partiyasının içərisində yetişdirdi. Bu gün Azərbaycan Prezidenti İlham Əliyev Heydər Əliyevin siyasi kursunu davam etdirməklə yanaşı, həm də onu yeni şəraitin tələblərinə uyğun surətdə, yaradıcılıqla inkişaf etdirir.

Hazırda respublika öz inkişafının keçid dövrünü başa vuraraq, sosial-iqtisadi,  mənəvi və s. sahədə yeni mərhələyə qədəm qoymaqdadır. Keçən illərdə Azərbaycan bütün sahələr üzrə  Heydər Əliyevin milli inkişaf siyasətini uğurla həyata keçirərək, nəzərəçarpacaq nailiyyətlər qazanmışdır. İctimai-siyasi həyatın demokratikləşməsi, vətəndaş cəmiyyəti quruculuğunun, siyasi plüralizmin getdikcə dərinləşməsi, iqtisadi həyatın liberallaşması, sahibkarlıq institutlarının yaradılması və sahibkar təşəbbüskarlığına söykənən iqtisadiyyat modelinin bərqərar olması, iqtisadi və sosial infrastrukturun təkmilləşdirilməsi və s. göstəricilər Azərbaycanın gələcək inkişafı üçün geniş imkanlar açmışdır. Müşahidə olunan dayanıqlı inkişaf həm də hakimiyyət qarşısında yeni, uzunmüddətli Milli İnkişaf Konsepsiyasının yaradılması və həyata keçirilməsi vəzifəsini  irəli sürmüşdür.

Azərbaycanın ictimai, siyasi, iqtisadi, mədəni həyatının bütün sahələrində əldə etdiyi uğurlar Prezident İlham Əliyevə qarşıdakı dövrdə Azərbaycanın ictimai-siyasi, sosial-iqtisadi və mənəvi-ideoloji transformasiyasının yeni mərhələsinin təməlini qoymaq və milli inkişafın növbəti on ilinin vəzifələrini müəyyənləşdirmək imkanı yaratmışdır. Azərbaycan dövləti  bütün sahələrdə nail olunan müvəffəqiyyətlərlə kifayətlənməyərək, Qərbin inkişaf etmiş ölkələrinin standartları səviyyəsinə yüksəlməyi və müasir bir ölkəyə çevrilməyi hədəfə almışdır.

Yeni mərhələnin əsas hədəfi, bir tərəfdən əldə olunmuş iqtisadi, siyasi, sosial və mədəni nailiyyətləri möhkəmləndirmək, ölkəni müasir tələblər səviyyəsinə qaldırmaq, digər tərəfdən isə gələcək liberal, çoxşaxəli, rəqabətədavamlı, dinamik və innovasiya yönümlü milli iqtisadiyyatın formalaşdırılması, iqtisadi və insan resurslarının düzgün istifadə edilməsi, ictimai və sahibkarlıq təşəbbüslərinin dəstəklənməsi, sosial sahədə optimal, səmərəli və ədalətli inkişaf modelinin yaradılması, əhalinin rifahının qabaqcıl beynəlxalq standartlara çatdırılması, habelə elmin, mədəniyyətin inkişafında tətbiqi istiqamətlərin inkişaf etdirilməsi, ictimai həyatın bütün sahələrində yeni nailiyyətlərin əldə olunması və s. ibarət olmalıdır.

Azərbaycanın gələcək milli inkişaf siyasətinin əsas və uzunmüddətli perspektivləri ilə bağlı vahid konsepsiyanın hazırlanması, strateji inkişafın gələcək istiqamətlərinin, prinsip və vəzifələrinin müəyyənləşdirilməsi müasir Azərbaycan dövlətinin qarşısında dayanan əsas vəzifələrdən biri hesab olunur. 29 noyabr 2011-ci ildə "Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyasının hazırlanması barədə Azərbaycan Respublikası Prezidentinin xüsusi sərəncamı məhz bu məsələni qarşıya vəzifə kimi qoyur. Sərəncamda qeyd olunur ki, son dövrdə Azərbaycan Respublikasında  milli  dövlət quruculuğu istiqamətində həyata keçirilən islahatlar, reallaşdırılan çoxsaylı xüsusi dövlət proqramları və s.  ölkə həyatının bütün sahələrində müsbət nəticələrin əldə olunmasına şərait yaratmışdır. Bu illər ərzində, xüsusilə son onillikdə Azərbaycanda makroiqtisadi sabitliyə, dinamik iqtisadi artıma nail olunmuş, yoxsulluğun azaldılmasında və əhalinin sosial rifahının yüksəldilməsində ciddi uğurlar qazanılmışdır.

Ölkə Prezidenti bu sərəncamda Azərbaycanın perspektiv inkişafının əsas hədəf və istiqamətlərinin müəyyən edilməsi məqsədi ilə müvafiq dövlət orqanlarının, elmi təşkilatların və yüksək ixtisaslı mütəxəssislərin iştirakı ilə,  2020-ci ilədək dövrü əhatə edən "Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyasının hazırlanmasını  Administrasiyası qarşısında mühüm bir vəzifə kimi qoymuşdur.

Sərəncamda həmçinin yeni İnkişaf Konsepsiyasının yaradılması sahəsində qabaqcıl dünya təcrübəsindən yararlanmaq, Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı və digər beynəlxalq təşkilatlarla səmərəli əməkdaşlıq etmək kimi tapşırıqlar verilmiş, bu işdə vətəndaş cəmiyyəti təsisatlarının iştirakının, habelə layihənin açıq müzakirəyə çıxarılması üçün müvafiq tədbirlərin görülməsinin vacibliyi qeyd edilmişdir ("Azərbaycan" qəzeti, 30 noyabr, 2011. N 264, s. 1).

 

Beləliklə, bu gün Azərbaycanda ümummilli lider Heydər Əliyevin irsi, müəyyən etdiyi milli inkişaf siyasəti yaşayır və ardıcıl olaraq, yaradıcı surətdə, müasir dövrün tələbləri, reallıqları nəzərə alınmaqla uğurla davam etdirilir.                                                                                      

 

Əli HƏSƏNOV,

Azərbaycan Respublikası Prezidenti Administrasiyası İctimai-siyasi məsələlər şöbəsinin müdiri

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video