30 Iyul 2021 16:57
1030
CƏMİYYƏT
A- A+

Heydər Əliyev Mərkəzində “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüş keçirilib

 

İyulun 30-da Azərbaycan Respublikası Prezidentinin köməkçisi, “Yüksəliş” müsabiqəsinin təşkilat komitəsinin üzvü Anar Ələkbərov müsabiqənin qalibləri ilə görüşüb.

AZƏRTAC xəbər verir ki, müsabiqə qalibləri elan edildikdən sonra bu, onlarla keçirilən ilk görüşdür.

“Yüksəliş” müsabiqəsinin işçi qrupunun rəhbəri Fərhad Hacıyev bu görüşün Heydər Əliyev Mərkəzində təşkilinin rəmzi məna daşıdığını bildirib. Qeyd edib ki, müsabiqə ölkə həyatı üçün önəmli olacaq idarəçiləri seçir. Bu çətin müsabiqədə qalib gəlmək iştirakçıların böyük potensialından xəbər verir.

Anar Ələkbərov tədbir iştirakçılarına Azərbaycan Prezidenti İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın salamlarını çatdırıb. Vurğulayıb ki, Ulu Öndərin adını daşıyan bu Mərkəzdə “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüşmək qürurvericidir.

Müsabiqənin əhəmiyyətindən danışan A.Ələkbərov gələcəkdə Azərbaycanda kadr potensialının yaradılması üçün peşəkar mütəxəssislərdən ibarət komanda formalaşdırılmasına diqqət çəkib, finala çıxmış 112 nəfərdən 27-nin qalib gəlməsinin çox sevindirici hal olduğunu deyib.

Vurğulanıb ki, Azərbaycan hökuməti təhsilə, gənclərimizin formalaşmasına, ölkə həyatının bütün sahələrində, o cümlədən iqtisadiyyat, təhsil, yüksək texnologiya, hərbi sahədə peşəkar kadrların formalaşmasına böyük dəstək göstərir, müvafiq istiqamətdə proqramlar icra edilir. Bu proqramlar ümummilli lider Heydər Əliyev tərəfindən hər zaman dəstəklənib. Prezident İlham Əliyev də bu layihələrə çox böyük önəm verir. Eyni zamanda, Heydər Əliyev Fondu gənclərimizə dəstək olmaq istiqamətində böyük layihələr həyata keçirir.

Qeyd olunub ki, müsabiqə qaliblərinin potensialından gələcəkdə istifadə edilməsi dövlətimizin başçısının və birinci xanımın xüsusi diqqətindədir. Eyni zamanda, dövlətin bu qaliblərdən böyük gözləntiləri var. “Yüksəliş” müsabiqəsinin Təşkilat Komitəsində müvafiq məsələ ilə bağlı müzakirə aparılıb.

Ümummilli lider Heydər Əliyevin vaxtı ilə gənclərin hərbi sahədə təhsilinə, bu istiqamətdə kadrların yetişməsinə xüsusi önəm verdiyini, Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ordumuzun torpaqlarımızı işğaldan azad etdiyini diqqətə çatdıran Anar Ələkbərov, hazırda bu ərazilərdə genişmiqyaslı layihələrin icrasına başlanıldığını bildirib. Qeyd olunub ki, işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən layihələrdə, yaxud ölkəmizin digər bölgələrində müxtəlif proqramların reallaşdırılmasında “Yüksəliş” müsabiqəsinin qaliblərinin potensialından istifadə edilməsi nəzərdə tutulur. Bununla yanaşı, qaliblərin öz təklifləri də nəzərə alınacaq və mühüm təşəbbüslər hər zaman dəstəklənəcək. Həmçinin müsabiqə finalçılarının da potensialından istifadə olunacağı diqqətə çatdırılıb.

Fikir mübadiləsi formatında keçən tədbirdə müsabiqə qalibləri Orxan Xəlilov, Orxan Qaziyev, Leyla Xəlilova-Rzazadə, Semral Əliyev, Xamis Seyranov görüşün təşkilinə görə təşəkkürlərini bibildirblər.

Çıxışlarda bu müsabiqənin davamlı olmasına dair fikirlər səsləndirilib.

Qeyd edək ki, “Yüksəliş” müsabiqəsi Azərbaycan Respublikasının 21-51 yaşlı, ikiillik idarəçilik təcrübəsi olan ali təhsilli vətəndaşlarını əhatə edir. Müsabiqə beş mərhələdən - qeydiyyat, onlayn və əyani seçim, yarımfinal və finaldan ibarətdir.

Xatırladaq ki, “Yüksəliş” müsabiqəsi Prezident İlham Əliyevin 2019-cu il iyulun 26-da imzaladığı Sərəncamla intellektual səviyyəsi və idarəçilik bacarıqları yüksək olan perspektiv rəhbər şəxslərin müəyyənləşdirilməsini, dəstəklənməsini və ölkədə kadr ehtiyatı bankının yaradılmasını təmin etmək məqsədilə təsis olunub.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video