25 Oktyabr 2011 03:10
479
Təhsil
A- A+

Həştərxanda əsaslı təmirdən sonra Heydər Əliyev adına məktəbin açılışı olmuşdur

 

AzərTAc-ın xüsusi müxbiri xəbər verir ki, oktyabrın 24-də Həştərxanda ulu öndər Heydər Əliyevin adını daşıyan 11 nömrəli məktəbin təntənəli açılış mərasimi olmuşdur. Bakı küçəsində yerləşən təhsil ocağı Heydər Əliyev Fondunun təşəbbüsü və Azərbaycan dövlətinin maliyyə dəstəyi ilə yenidən qurulmuşdur.

Məktəbin foyesində ulu öndər Heydər Əliyevin büstü, ümummilli liderin həyat və fəaliyyətini əks edən fotostendlər qoyulmuşdur.

Mərasimdə Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənovun başçılığı ilə Azərbaycan nümayəndə heyəti iştirak etmişdir.

Əvvəlcə Azərbaycan nümayəndə heyəti və Həştərxan vilayəti administrasiyasının nümayəndələri ümummilli lider Heydər Əliyevin Həştərxan şəhərinin mərkəzində ucaldılmış abidəsinin  qarşısına çiçəklər qoymuşlar.

Mərasimi açan Həştərxan vilayətinin qubernatoru Aleksandr Jilkin demişdir: "Tamamilə yenidən qurulmuş və müasir avadanlıqla təchiz olunmuş bu təhsil müəssisəsi Rusiya və Azərbaycan arasında əsil dostluğun rəmzidir. Bu məktəb dövlətlərimizin liderləri Dmitri Medvedev ilə İlham Əliyevin səmimi münasibətlərinin təcəssümüdür". Qubernator qeyd etmişdir ki, sovet dövründə təkcə Azərbaycanın deyil, həm də Rusiyanın inkişafında müstəsna rol oynamış böyük dövlət xadimi Heydər Əliyevin adını daşıyan  məktəbin açılması  çox əlamətdar hadisədir. Ümummilli liderin xidmətlərindən danışan qubernator vurğulamışdır ki, Heydər Əliyev Azərbaycanın Həştərxan vilayəti ilə münasibətlərinə həmişə böyük önəm vermişdir. O demişdir: "Həştərxan çoxlu etnosun, xalqın yaşadığı məkanın bir hissəsidir. Həştərxan lap qədimlərdən burada yaşayan azərbaycanlılar üçün xüsusi ərazidir".

Məktəb binasının Azərbaycan Prezidenti İlham Əliyevin şəxsi təşəbbüsü ilə yenidən qurulduğunu vurğulayan A.Jilkin  demişdir: "Biz həştərxanlıların Azərbaycan dövlətinə hörmətinin əlaməti olaraq, habelə ölkələrimiz arasındakı münasibətlərin dəstəklənməsi üçün  məktəbə Heydər Əliyevin adının verilməsini təklif etdik".

Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov bildirmişdir ki, bu məktəbin açılması Azərbaycan-Rusiya humanitar əlaqələrini möhkəmləndirən  mühüm hadisədir. O, ümummilli lider Heydər Əliyevin adını daşıyan, Heydər Əliyev Fondunun təşəbbüsü və Azərbaycan dövlətinin dəstəyi ilə tamamilə yenidən qurulmuş təhsil müəssisəsinin açılması münasibətilə müəllim və şagirdləri təbrik etmişdir.

Ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətindən söz açan Əli Həsənov bildirmişdir ki, o, dünya miqyaslı dövlət xadimi olmuşdur. O, ümummilli liderin təhsilin inkişafına həmişə böyük əhəmiyyət verdiyini vurğulamışdır. Azərbaycan müstəqilliyini bərpa etdikdən  sonra Rusiya ilə dostluq münasibətlərinin qurulmasında məhz Heydər Əliyev mühüm rol oynamış, ölkələrimiz arasında strateji tərəfdaşlığın əsasını qoymuşdur. Heydər Əliyevin xatirəsinin Rusiyanın bir çox şəhərlərində əbədiləşdirildiyini diqqətə çatdıran Ə.Həsənov demişdir: "Onun səyləri ilə Azərbaycan-Rusiya münasibətlərini əsaslı surətdə yaxşılaşdırmaq və fəallaşdırmaq, ona yeni təkan vermək mümkün olmuşdur".

Ə.Həsənov xüsusi vurğulamışdır ki, Azərbaycan-Rusiya münasibətləri ölkələrimizin prezidentləri - İlham Əliyevin və Dmitri Medvedevin sayəsində son vaxtlar daha yüksək səviyyəyə çatmışdır. O demişdir: "Bu gün əlaqələrimiz çoxşaxəlidir və həyatın bütün sahələrini əhatə edir". Ə.Həsənov Azərbaycan diasporunun Həştərxan vilayətinin sosial-iqtisadi, mədəni həyatında fəal iştirak etməsini, xalqlarımız arasında dostluğun və mehriban qonşuluğun möhkəmlənməsinə töhfəsini  diqqətəlayiq hal adlandırmışdır.

Tədbir iştirakçılarına müraciət edən Ə.Həsənov vurğulamışdır ki, məktəbə Heydər Əliyevin adının verilməsi onların üzərinə həmişə və hər yerdə birinci olmaq, Vətəni Heydər Əliyev kimi sevmək  kimi böyük məsuliyyət qoyur.

Həştərxan Vilayət Dumasının sədri Aleksandr Klıkanov demişdir ki, Həştərxan Şəhər Duması Azərbaycan Prezidenti İlham Əliyevi "Həştərxan şəhərinin fəxri vətəndaşı" yüksək adına layiq görmüşdür.

Tədbirdə Həştərxan vilayəti qubernatorunun qərarı ilə Ümumrusiya Azərbaycan Konqresinin Həştərxan regional bölməsinin sədri Ədalət Hüseynov Azərbaycan və Həştərxan vilayəti arasında əlaqələrin inkişafına və möhkəmlənməsinə böyük töhfəsinə görə "Həştərxan vilayəti qarşısında xidmətlərinə görə" medalı ilə təltif edilmişdir. Həmçinin Bakının Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev Həştərxanın sosial-iqtisadi inkişafına sanballı töhfəsinə görə "Vətəndaşlıq xidmətlərinə görə" fəxri nişanına layiq görülmüşdür. Nərimanov Rayon İcra Hakimiyyətinin əməkdaşları Rəşid Ağayev və Elmar Əlizadəyə, Həştərxandakı Azərbaycan diasporunun təmsilçisi İrahid Mirişova fəxri fərmanlar təqdim olunmuşdur.

Ə.Həsənov rəmzi açarı məktəbin direktoru Tatyana Tixomirovaya təqdim etdikdən sonra məktəbin rəsmi açılış mərasimi olmuşdur. Qonaqlar bina, o cümlədən  sinif otaqları və idman zalı ilə  tanış olmuşlar.

Qeyd edək ki, əsaslı təmirdən sonra məktəbin siması büsbütün dəyişmişdir. 1937-ci ildə inşa edilmiş binanın özülü möhkəmləndirilmiş, iki yeni korpus tikilmişdir. Korpuslarda müasir idman kompleksi, iclas salonu və yeməkxana yerləşmişdir. İstilik sistemi və elektrik xətləri təzələnmişdir. Elektrik təchizatını daha etibarlı etmək üçün dörd transformator qoyulmuşdur. Məktəbdə dərnək fəaliyyəti üçün kabinet də açılmışdır. Pilləkənlər mərmərlə bəzədilmiş, duş kabinələri qurulmuş, ərazi yenidən hasarlanmış, ağaclar əkilmişdir. Təhsil müəssisəsi yeni kompyuterlər, mebel, yeməkxana avadanlığı ilə təchiz edilmişdir. Məktəbin həyətində xüsusi örtüklü idman meydançası inşa edilmişdir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video