17 Sentyabr 2021 00:46
1674
İQTİSADİYYAT
A- A+

Hər iş ASAN, hər kəs məmnun

 

Prezident İlham Əliyevin 5 il öncə açılışını etdiyi Qəbələ “ASAN xidmət” mərkəzinə indiyədək  700 mindən artıq müraciət daxil olub

 

Azərbaycanın dilbər güşələrindən biri, Bakıdan sonra ikinci ən böyük turizm mərkəzi, əsrarəngiz gözəlliklərə sahib olan Qəbələdəyik...

Gəlişimizin səbəbi həm 5 il öncə Prezident İlham Əliyevin açılışını etdiyi “ASAN xidmət” mərkəzinin fəaliyyəti ilə tanış olmaq, həm də “YAŞAT” Fondunun burada təşkil etdiyi “Birlikdə yaşadaq” layihəsi çərçivəsində keçirilən mərasimə qatılmaq idi.

 

Azərbaycanın 10-cu “ASAN”ı

 

“ASAN xidmət” Mərkəzinin müasir dizayn üslublu binası həm şəhərin maraqlı memarlıq nümunələrinə əlavə yaraşıq verir, həm də burada operativ və şəffaf xidmət missiyası davam etdirilir. 2016-cı ilin avqust ayının 20-dən fəaliyyətə başlayan mərkəzdə vətəndaşlara müxtəlif dövlət orqanları tərəfindən, ümumilikdə 320-dən çox xidmət göstərilir.

Mərkəzə daxil olarkən diqqətçəkən ilk məqam dezinfeksiya qaydalarına ciddi əməl edilməsi oldu. Əvvəlcə xüsusi aparatla hərarət yoxlanılır, sonra əllər spirtlənir. Bundan sonra kompüter arxasında əyləşən mərkəzin əməkdaşları tibbi maskadan istifadə etməklə, ara məsafəsini qorumaqla vətəndaşlara operativ xidmət göstərirlər.

Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elnur Niftəliyevlə mərkəzin fəaliyyəti ilə bağlı söhbətimizdən bəlli oldu ki, buranın tikintisinə 2014-cü ildə başlanılıb və 2016-cı ildə tikinti başa çatıb. Bu, Azərbaycanın sayca 10-cu “ASAN xidmət” mərkəzidir. Mərkəz fəaliyyətə başladığı gündən Qəbələ, İsmayıllı, Oğuz, Şamaxı, Zaqatala, Balakən, Zərdab, Ucar, Şəki və Qax rayonlarının əhalisinə xidmət göstərib. Şəki, Şamaxı və Balakən rayonlarında “ASAN xidmət” mərkəzlərinin açılışından sonra Qəbələ regional mərkəzin, belə demək mümkündürsə, yükü bir qədər azalıb.

5 illik fəaliyyəti dövründə mərkəzə ümumilikdə 700 minə yaxın vətəndaş müraciəti daxil olub. Eyni zamanda səyyar “ASAN xidmət” avtobusu vasitəsilə Qəbələ, İsmayıllı, Oğuz, Şamaxı, Zaqatala, Balakən, Zərdab, Ucar, Şəki və Qax rayonlarının kənd və qəsəbələrində 220 minə yaxın müraciətə baxılıb.

Binanın birinci mərtəbəsində ana və uşaq otağı, könüllülərin masası, kommunal xidmətlər, hüquqi yardım, laboratoriya, tibb məntəqəsi, gözləmə zalı, saxlama kamerası, uşaq əyləncə mərkəzi, hüquqi yardım və yardımçı funksional xidmətlər mövcuddur. İkinci-üçüncü mərtəbələrdə bank, sürücülük vəsiqəsinin dəyişdirilməsi, şəxsiyyət vəsiqəsi və ümumvətəndaşlıq pasportunun verilməsi və dəyişdirilməsi, hərbi səfərbərlik, qida təhlükəsizliyi, miqrasiya xidməti, lisenziyaların alınması, vergi xidmətləri, əmək pensiyalarının təyin olunması, arxiv arayışlarının verilməsi, daşınmaz əmlakın qeydiyyatı, notariat, gömrük bəyannamələrinin hazırlanması xidmətləri həyata keçirilir. Dördüncü mərtəbədə isə əməkdaşlar üçün kitabxana, konfrans zalı, xidməti istirahət otaqları var.

Mərkəzin fəaliyyəti ilə tanışlığa ilk olaraq Məlumat xidmətindən başlayırıq. İçəri daxil olan vətəndaşlar öncə burada çalışan əməkdaşlara yaxınlaşıb istəkləri ilə bağlı müraciət edirlər. Əməkdaşlar vətəndaşların sənədlərini yoxladıqdan sonra onlara hansı xidmət üçün müraciət etməli olduqlarını aydınlaşdırırlar. Beləcə, hər kəs asanlıqla istənilən xidmətdən yararlana bilir.

Məlumat xidmətinin əməkdaşı Lalə Şərifzadə 3 ildir burada çalışır. O deyir ki, əvvəlcə mərkəzdə könüllü kimi çalışıb. “ASAN Könüllülük” Məktəbinin “Master-1” və “Master-2” pillələrini başa vurub: “Könüllülük fəaliyyətinin təkmilləşdirilməsi məqsədi ilə təşkil olunan bu pillələr üzrə geniş təcrübə topladım. Sonra mənə böyük etimad göstərildi və məlumat mərkəzində çalışmağa başladım. Fəaliyyət göstərdiyim müddətdə qüsursuz çalışmaq üçün bütün gücümü səfərbər etdim. Çox şadam ki, bu gün burada vətəndaşlarımıza nəzakətli və asan xidmət göstərirəm”.

Lalə deyir ki, əvvəllər mərkəz 10 rayonun əhalisinə xidmət etdiyi üçün müraciətlər çox olurdu. Ancaq buna baxmayaraq, onlar hər zaman vətəndaşları gülərüzlə qarşılayıb, təmkinlə dinləyib, nəzakətlə xidmət ediblər.

Mərkəzin digər əməkdaşı Yeganə Nəzirli isə 2 ildir burada vətəndaşların xidmətindədir. Yeganə deyir ki, istər işlərində, istərsə də vətəndaşlarla ünsiyyətdə heç bir çətinlik olmur. Karantin rejiminin tələblərinə ciddi əməl etməklə fəaliyyətlərini davam etdirirlər: “Vətəndaşlar da başa düşürlər ki, məsafə saxlamaq mütləqdir və hər kəs bir-birini anlayışla qarşılayır. Bu, əlbəttə ki, ilk növbədə, hər birimizin sağlamlığının qorunmasına xidmət edir. Çalışırıq ki, vətəndaşlar işimizdən məmnun qalsınlar. Bir sözlə, operativlik, şəffaflıq, nəzakətlilik prinsipləri əsasında fəaliyyətimizi uğurla davam etdiririk”.

 

“ASAN” könüllülərinin prinsipi - mehriban münasibət, mərhəmət, xeyirxahlıq

 

Könüllülər “ASAN xidmət”in fəaliyyətə başladığı ilk gündən etibarən bu konsepsiyanın bir komponentidirlər. Bu prosesə ümumilikdə 27000-dən çox könüllü gənc qoşulub. Bu günə kimi könüllülər tərəfindən 3000-dən çox təlim, 650-dən çox layihə həyata keçirilib və 2700-dən çox könüllü “ASAN Kadr” portalı vasitəsilə işlə təmin olunub.

Qəbələ regional “ASAN xidmət” mərkəzində isə indiyədək 800 nəfərə yaxın könüllü məzun olub. Hazırda isə burada 30 könüllü çalışır. Bu dövr ərzində könüllülərin iştirakı ilə müxtəlif sosial layihələr, teatr tamaşaları, idman yarışları, intellektual oyunlar, xeyriyyə aksiyaları keçirilir, tarix və mədəniyyət abidələrinə ekskursiyalar təşkil olunub.

Hər mərkəzdə olduğu kimi, buradakı könüllülər arasında da səmimi, mehriban münasibət var. Ümumiyyətlə, könüllülük mərhəmət, xeyirxahlıq, ədalət hissi deməkdir. Könüllülər ümid yeri olmaq, savab qazanmaq, xalqına, vətəninə xidmət etmək prinsipi ilə fəaliyyət göstərirlər.

Gənclərlə söhbət zamanı bəlli oldu ki, onların əksəriyyəti burada təcrübə toplayıb “ASAN xidmət” mərkəzlərində çalışmaq niyyətindədirlər.

Gülçin Qəribova, Fidan Vəlixanlı, Aysel Abduləzimova, Gülay Mikayılova iki aydır ki, könüllü kimi fəaliyyətə başlayıblar. Onlar, ilk növbədə, burada çalışmaqla təcrübə toplamaq istəyirlər. Fikirlərinə görə, könüllü olmaq dünyagörüşün artırılması üçün çox mühümdür. Burada könüllü kimi işləməklə həm də səbirli davranmağı, daha nəzakətli, diqqətli olmağı da öyrənirsən. Həmsöhbətlərimiz bu qənaətdədirlər ki, insanlara təmənnasız xidmət, kömək etmək, əl tutmaq, onun sevincinə şərik olmaq həm savabdır, həm də xoş bir duyğudur. Gənclər könüllülük fəaliyyəti nəticəsində əldə etdikləri təcrübə, bilik və bacarıqların gələcəkdə onların peşəkar kimi formalaşmalarına kömək edəcəyini də bildirdilər.

 

5 yaşlı Sevginin sevinci, 10 dəqiqəyə dəyişdirilən sürücülük vəsiqəsi

 

Gənclərə uğurlar arzulayıb müxtəlif məsələlər üzrə mərkəzdəki xidmətlərdən yararlanmaq üçün buraya təşrif buyuran vətəndaşlarla söhbətləşirik.

Şəxsiyyət vəsiqəsinin verilməsi xidməti bölməsindəki masada əyləşib önündəki aparata maraqla tamaşa edən balaca qızcığaz diqqətimizi çəkir. Gah xidmətin xanım əməkdaşına, gah da çönüb kənarda dayanan valideynlərinə baxır. Atası Valeh Nəsrullayev deyir ki, qızı Sevginin 5 yaşı tamam olduğu üçün məktəbəqədər hazırlığa getməlidir. Bunun üçün isə məktəbdən şəxsiyyət vəsiqəsi tələb olunur. Gəlişlərinin də məqsədi 5 yaşlı Sevgiyə yeni şəxsiyyət vəsiqəsi almaqdır: “Bura elə bir məkandır ki, uşaq da özünü rahat hiss edir. Əməkdaşlar elə rəftar edirlər ki, uşaq nə desə, ona da əməl edirlər. Başqa vaxtı şəkil də çəkdirməkdən çəkinən uşaq burada yeni aparatın qarşısında elə oturur ki, elə bil böyük adamdır. Həqiqətən də, buraya işə qəbul edərkən çox təmkinli, gülərüz, mehriban gəncləri seçirlər. Onlar təmkinlə hamını dinləyir, çox yaxşı xidmət göstərirlər. Ona görə də “ASAN xidmət”dən çox razıyıq. Tək biz yox, hamı razılıq edir. Hələ bir adam görməmişəm ki, buradan narazı qayıtsın”.

İsmayıllı rayon sakini, 54 yaşlı Xalid Cəlilov isə sürücülük vəsiqəsinin vaxtının bitməsinə az qaldığı üçün onu dəyişdirmək məqsədi ilə xidmətə gəlib. Onun müraciəti ilə yeni sürücülük vəsiqəsinin dəyişdirilməsi cəmi bir neçə dəqiqə çəkib. İşinin necə asan həll olunmasının sevincini isə belə bölüşdü: “Vallah, belə xidmət heç bir yerdə yoxdur. Yeni vəsiqənin alınması cəmi 10 dəqiqə çəkdi. Sənədi xanıma təqdim etdim. Sonra banka yaxınlaşıb 25 manat 40 qəpik dövlət rüsumunu ödəyib qəbzi gətirdiyim an sürücülük vəsiqəmin hazır olduğunu gördüm. Belə rahat, asan iş hər bir vətəndaşı məmnun edir. Başqa vaxtı günlərlə qapılarda qalırdıq, bəzən rüşvət istəyirdilər, süründürürdülər. İndi hər iş şəffafdır. Dövlət vətəndaşın rahatlığı üçün nə lazımdırsa edir”.

Rayon sakini, 67 yaşlı Elşən Məmmədovla mərkəzin qarşısında söhbətləşərkən eyni sözlərin şahidi olduq. Ağsaqqal deyir ki, kənd camaatının hər zaman hansısa sənədi düzəltdirməyə vaxtı olmur. Ona görə əvvəllər çox çətinlik çəkmişik. İndi isə nə zaman “ASAN xidmət”ə gəlsələr, istənilən sənədi ala bilirlər. Yəni indi bir neçə dəqiqəni sərf etməklə işini həll edib geri qayıda bilərsən: “Çox rahat və asan iş gedir. Biz də xidmətdən məmnunuq. Belə işdən niyə razı qalmayasan? Çox rahatdı, biz buna görə dövlətimizdən, ölkə rəhbəri İlham Əliyevdən çox razıyıq. Hər dövlət başçısı xalq üçün bu cür rahat şərait yarada bilmir”.

 

99,5 faizlik məmnunluq əmsalı

 

Aydın göründü ki, vətəndaşlar hətta karantin dövründə də şəffaf və operativ xidmət göstərən “ASAN xidmət” mərkəzlərinin işindən böyük razılıq edirlər. Bu mərkəzlər illərdir fəaliyyət göstərir və xidmətlərinin səviyyəsi aşağı düşmür. Bu da onu göstərir ki, qlobal pandemiya ilə mübarizə şəraitində belə vətəndaşlara operativ xidmət göstərilməsi dövlətin vətəndaşa qayğısının real təzahürüdür.

Hazırda “ASAN xidmət” mərkəzlərində müxtəlif dövlət təşkilatları,  həmçinin özəl şirkət və müəssisələr tərəfindən ümumilikdə 320-dən çox xidmət göstərilir. “ASAN Kommunal” mərkəzlərində isə “Azərişıq” ASC, “Azərsu” ASC və “Azəriqaz” İB tərəfindən 55 növ xidmət göstərilir.

Bu gün ölkəmizdə 21 “ASAN xidmət” mərkəzi fəaliyyətdədir. Onlardan 6-sı Bakı şəhərində, digərləri isə Sumqayıt, Gəncə, Sabirabad, Bərdə, Qəbələ, Masallı, Quba, Mingəçevir, İmişli, Şəki, Şamaxı, Kürdəmir, Tovuz, Ağcabədi və Balakəndədir.

Elnur Niftəliyev deyir ki, Bakıda daha 1 “ASAN xidmət” və 1 “ASAN kommunal” mərkəzinin açılışı planlaşdırılır. Gəncə və Sumqayıtda növbəti, Lənkəran, Salyan və Naxçıvanda isə ilk “ASAN xidmət” mərkəzləri inşa olunur.

Bu günədək “ASAN xidmət” mərkəzlərinə 7 milyon 550 mindən çox  vətəndaşın 46 milyon 470 mindən artıq müraciəti daxil olub.

Regionlarda 10 səyyar “ASAN xidmət” avtobusu və səyyar “ASAN qatar” vasitəsilə vətəndaşlara xidmətlərin göstərilməsi davam etdirilir. 2013-cü ilin iyun ayından etibarən 2 milyon 411 mindən çox vətəndaşa səyyar formada xidmət göstərilib.

Keçirilən rəy sorğularına əsasən vətəndaşların xidmətlərdən məmnunluq əmsalı 99,5 faiz təşkil edir.

Elə Qəbələ “ASAN xidmət” mərkəzində apardığımız müşahidələrə, vətəndaşlarla etdiyimiz söhbətlərə əsaslanaraq deyə bilərik ki, hər kəs bu xidmətin fəaliyyətindən razılıq edir. “ASAN xidmət” mərkəzinə daxil olarkən insanlarda sanki bir özgüvənlik hiss olunur. İşlərini bitirib mərkəzdən ayrılarkən simalarındakı təbəssüm, xoş cizgilər  onların məmnunluğundan xəbər verir. Bu, İlham Əliyevin milli brend kimi yaratdığı “ASAN xidmət” mərkəzlərinin missiyalarına sadiqliyinin bariz təcəssümüdür.

 

Qələbəni bizə yaşadanları “Birlikdə yaşadaq”

 

İnsan üçün ən dəyərli nemət öz canıdır. Amma bu candan daha əziz bir şey də var ki, o da Vətəndir, onun uğrunda şəhid və qazi olmaq özü bir şərəfdir. Bu gün Azərbaycanın elə bir bölgəsi, elə bir kəndi tapılmaz ki, orada bir şəhid məzarı olmasın. Onları yaşatmaq, tanıtmaq, şəhid ailəsinə hörmətlə yanaşmaq, şəhidlik zirvəsinə ucalanların xatirəsini əbədiləşdirmək, onları gəncliyə nümunə göstərmək hər birimizin vətəndaşlıq borcudur.

Elə “ASAN xidmət” mərkəzində olduğumuz zaman “YAŞAT” Fondunun təşkilatçılığı ilə reallaşan “Birlikdə yaşadaq” tədbiri də bu məqsədlərə xidmət edən xeyriyyə marafonu idi.

Prezident İlham Əliyevin 8 dekabr 2020-ci il tarixli fərmanı ilə yaradılan “YAŞAT” Fondunun əsas məqsədi şəhid ailələrinin və hərbi əməliyyatlar nəticəsində əlilliyi müəyyən olunmuş şəxslərin sosial müdafiəsi sahəsində dövlət tərəfindən həyata keçirilən tədbirlərə əlavə dəstək verilməsi istiqamətində vətəndaş cəmiyyəti təşəbbüslərinin reallaşdırılması üçün müvafiq platformanın yaradılması, bu sahədə şəffaflığın, hesabatlılığın və ictimai nəzarətin təmin edilməsidir.

Qəbələdə keçirilən tədbirdə “YAŞAT” Fondunun rəhbəri, Qarabağ qazisi Elvin Hüseynov, Qəbələ Rayon İcra Hakimiyyətinin başçısı Səbuhi Abdullayev, idarə və müəssisələrin rəhbər şəxsləri, sahibkarlar və digər qonaqlar iştirak edirdilər.

Tədbirdə vurğulandı ki, bundan öncə “Birlikdə yaşadaq” tədbiri Tovuz, Şamaxı, İmişli və Şəki şəhərlərində keçirilib. Artıq bu tədbir silsilə xarakteri alıb və sayca 5-ci tədbir Qəbələdə reallaşıb. Tədbir çərçivəsində mərkəzdə “ASAN xidmət” könüllüləri tərəfindən hazırlanmış incəsənət nümunələrinin sərgisi və satışı təşkil olunub.

“Birlikdə yaşadaq” tədbirinin keçirilməsinin məqsədi sərgi-satışdan toplanmış məbləği “YAŞAT” Fonduna köçürməklə şəhid ailələrinə və yaralanan hərbçilərə dəstək olmaqdır.

Sərgidə rəsm əsərləri nümayiş olunan “ASAN” könüllüləri çox sevincli görünürdülər. Çünki onların çəkdikləri əsərlər çox yüksək dəyərləndirilirdi. Bəlkə də həyatlarında ilk dəfə öz zəhmətləri ilə əldə etdikləri vəsaitlər şəhid ailələri üçün ianə edilirdi. Bu da Azərbaycan gəncliyinin necə vətənpərvər ruhda böyüməsini göstərən mühüm amillərdən biridir.

Hər hansısa rəsm əsərini bəyənən şəxs onu götürüb üzərinə yazılan dəyəri elə oradaca “ASAN” ödəniş terminalı və “milliön” aparatları vasitəsi ilə “YAŞAT” Fondunun hesabına köçürürdü.

Bu mərasimdəki qələbəlik bir daha göstərdi ki, ölkə ictimaiyyəti şəhidlərimizi hər zaman ehtiramla anır, onların yadigarlarının xoşbəxt yaşaması üçün nə lazımdırsa edir.  Prezident İlham Əliyevin yaratdığı “YAŞAT” Fondunun fəaliyyət göstərdiyi müddətdə gördüyü işlər də təqdir edilir. Fonda toplanan ianələr tam şəffaf şəkildə şəhid ailələri və qazilərin ehtiyacları üzrə xərclənir və mütəmadi olaraq ictimaiyyətə məlumat verilir, qurumun saytında hesabatlılıq təqdim edilir.

Bütün bunlar bir daha təsdiq edir ki, dövlət şəhid ailələri, müharibə əlilləri, qazilərimizin sosial şəraitinin yaxşılaşdırılması, mənzil-məişət, avtomobil təminatını, onların müalicəsi üçün bütün lazımi tədbirləri həyata keçirir və hər zaman bu məsələləri diqqət mərkəzində saxlayır.

 

Rəşad CƏFƏRLİ,

Rəşad BAXŞƏLİYEV,

“Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video