09 Iyun 2021 22:39
1378
Elm və texnika
A- A+

“Həqiqətin onomastikası” kitabının təqdimat mərasimi keçirilib  

 

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi (BBMM) “Həqiqətin onomastikası” kitabının onlayn təqdimat mərasimini keçirib.

Mərkəzin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, kitab indiki Ermənistan Respublikası ərazisində tarixi-coğrafi adların dəyişdirilməsi və saxtalaşdırılması faktlarına həsr edilib.

Təqdimat mərasimində ölkəmizdəki milli və dini icmaların rəhbərləri, deputatlar, alimlər və ziyalılar iştirak ediblər.

Tədbirin moderatoru, BBMM-in icraçı direktoru Rəvan Həsənov əsərin yaranma ideyası və hazırlanma prosesi haqqında geniş məlumat verib. Bildirib ki, Prezident İlham Əliyevin 2020-ci il iyunun 3-də Tərtər Olimpiya İdman Kompleksinin açılışı zamanı etdiyi çıxışında indiki Ermənistan Respublikası ərazisindəki coğrafi adların mütləq əksəriyyətinin Azərbaycan mənşəli olması vurğulanmışdı. Bu çıxışdan sonra mövzunun tədqiq və təbliğinə dair Azərbaycanın alim və mütəxəssislərinə verdiyi tövsiyəyə əsasən, Multikulturalizm Mərkəzinin təşkilatçılığı və Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Prezident Kitabxanasının, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, Azərbaycan Dillər Universitetinin tarixçi alimləri, tarixi toponimlər, dilçilik və xəritəçəkmə üzrə təcrübəli mütəxəssislərinin cəlb olunması ilə “Həqiqətin onomastikası” adlı kitabı hazırlanaraq nəşr edilib.

Tədbirdə çıxış edən BBMM-in Himayəçilik Şurasının sədri, akademik Kamal Abdullayev Azərbaycan həqiqətlərinin üzə çıxarılmasında bu kitabın ciddi bir addım olduğunu vurğulayıb. O qeyd edib ki, kitabı vərəqlədikcə bu dərəcədə aparılan saxtalaşdırmaya insan heyrətlənməyə bilmir. Tarixin saxtalaşdırılması isə dünya tarixində qəbuledilməz siyasi akt kimi qiymətləndirilir. K.Abdullayev çıxışını “Həqiqətin onomastikası” kitabı vicdanımızın, əxlaqımızın kitabıdır” fikri ilə yekunlaşdırıb.

Milli Məclisin deputatı Ceyhun Məmmədov bildirib ki, yalanların ifşasına həmişə ehtiyac var. Bizim müharibəmiz bitsə də, mübarizəmiz hələ davam edir. Mübarizədə isə bu kimi ciddi faktlara əsaslanan ədəbiyyatların böyük rolu əvəzsizdir. O, Azərbaycanın işğaldan azad olunmuş ərazilərində, eləcə də vaxtilə azərbaycanlıların yaşadığı Ermənistan Respublikası ərazisində dağıdılmış dini və mədəni abidələr mövzusuna da toxunub.

M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasının direktoru, professor Kərim Tahirov təqdim edilən kitabı yüksək qiymətləndirərək, beynəlxalq aləmdə bu kimi nəşrlərlə həqiqəti yaymağın əhəmiyyətini vurğulayıb.

Kitabın həmmüəllifləri - Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Prezident Kitabxanasının əməkdaşı, tarix üzrə fəlsəfə doktoru Nazim Mustafa, eləcə də filologiya üzrə elmlər doktoru, professor İbrahim Bayramov kitabın ərsəyə gəlməsində çəkilən fəaliyyətdən, görülən işlərdən söz açıblar. Qeyd edilib ki, erməni dilində mənbələrdən də geniş istifadə olunan bu kitab 20 illik tədqiqatların nəticəsi kimi ortaya çıxarılıb.

Çıxış edən Dağ Yəhudiləri Dini İcmasının sədri Melih Yevdayev, Azərbaycan Ukrayna Konqresi İctimai Birliyinin sədri Yuriy Osadçenko və digərləri Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin nəşri olan “Həqiqətin onomastikası” kitabını erməni vandalizminin və erməni saxtakarlığının ən bariz nümunələrindən biri kimi qiymətləndirdilər.

Qeyd edək ki, tarixi Azərbaycan torpaqlarında, indiki Ermənistan Respublikası ərazisində əsrlər boyu yaşamış azərbaycanlıların izlərinin silinməsi üçün bizə məxsus 1600-ə yaxın toponim, hidronim, oronimlərin kütləvi şəkildə dəyişdirilməsi və saxtalaşdırılması, bir çox yaşayış məntəqələrinin isə məqsədli şəkildə yer üzündən tamamilə silinməsi faktlarına həsr olunan kitabın yaxın zamanda ingilis və rus dillərində nəşri də nəzərdə tutulur. “Həqiqətin onomastikası” kitabında 737 yaşayış məntəqəsinin, ləğv edilmiş 499 kənd və qəsəbənin, adları dəyişdirilmiş 704 inzibati vahidin, 231 oronimin, 116 hidronimin, 137 yaylaq və qışlağın toponimlərinin tarixi və izahı verilib.

Nəşrin ideya müəllifi BBMM-in Himayəçilik Şurasının sədri, akademik Kamal Abdulla, müəllifləri - filologiya üzrə elmlər doktoru, professor İbrahim Bayramov və tarix üzrə fəlsəfə doktoru Nazim Mustafadır..

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video