06:36 17 Oktyabr 2021
ONLINE XƏBƏR LENTİ
00:24 17.10.2021

17-18 oktyabr


Tarix Muzeyi: Azərbaycanda neft sənayesi fotolarda
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Haqqın Zəfər yürüşü

ANA SƏHİFƏ / SİYASƏT
01:15 29.09.2021

 

“...Biz haqq yolundayıq. Bizim işimiz haqq işidir. Biz zəfər çalacağıq! Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!”

Ötən ilin 27 sentyabrında Azərbaycan Respublikasının Prezidenti,  Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanı İlham Əliyev cəbhədə yaranmış vəziyyətlə bağlı xalqa ilk müraciətini məhz bu ifadələrlə bitirmişdi...

Və Azərbaycanın haqq yoluna qalxdığı və qalib gəldiyi savaşın başlandığı  günün üzərindən düz bir il keçdikdən sonra, 27 sentyabr 2021-ci ildə, şəhidlərimizin Anım günündə Prezident İlham Əliyev xalqa müraciətini də məhz Qələbəmizin ayrılmaz hissəsi olan bu sözlərlə tamamladı: “Qarabağ bizimdir! Qarabağ Azərbaycandır!”

 

Hərb tariximizin parlaq 27 sentyabr səhifəsi

 

Bəli, ötən ilin 27 sentyabr günü Azərbaycanın 30 illik Qarabağ dağını üzərindən götürmək üçün haqq yolunda səfərə çıxdığı, haqq uğrunda ayağa qalxdığı gün kimi tarix salnaməmizə silinməz izlərlə həkk olundu.

O gün Ermənistanın növbəti hərbi təxribatı, bütün cəbhəboyu ağır artilleriyadan istifadə etməklə hücuma keçməsi və birbaşa mülki əhalini hədəfə alması, səbrimizi daşıran son damla oldu və müharibəni qaçılmaz etdi.

Hələ buna qədərki dövrdə də Ermənistanın Azərbaycana qarşı hərbi təxribatları müntəzəm xarakter almışdı. İyul ayında Ermənistan-Azərbaycan dövlət sərhədinin Tovuz istiqamətində artilleriya atəşi nəticəsində hərbçilərimiz və bir mülki şəxs həlak olmuşdu. Həmin vaxt Azərbaycan Ordusu düşmənə layiqli cavab verərək sarsıdıcı zərbələrlə öz yerlərinə otuzdurmuşdu. Amma görünür, o zaman Ermənistan bu acı məğlubiyyətini düzgün dəyərləndirməmişdi ki, sentyabrın 27-də bir daha sərhədlərimizə təcavüz etmək qərarına gəlmişdi.

Lakin daha Ermənistanın illər ərzində nümayiş etdirdiyi işğalçılıq siyasətinə dözüm yox idi və həmin andan etibarən Azərbaycan Silahlı Qüvvələri Vətən uğrunda ölüm-dirim savaşına qalxdı.

Şanlı ordumuz bütün dünyanın müstəqil Azərbaycanın ayrılmaz tərkib hissəsi kimi tanıdığı Qarabağı və ətraf rayonları düşmən işğalından azad etmək üçün haqq mübarizəsinə atıldı, hünər meydanında düşmənin dərsini verməyə şığıdı.

 

Qətiyyətli bəyanat: “Ermənistan işğalçı dövlətdir, bu işğala son qoyulmalıdır və son qoyulacaqdır”

 

Prezident İlham Əliyev 27 sentyabr 2020-ci ildə başlayan Vətən müharibəsinin elə ilk saatlarında Azərbaycan xalqına müraciət edərək cəbhədə yaranmış vəziyyətlə bağlı birbaşa məlumat verdi, Ermənistanın növbəti dəfə Azərbaycana hərbi təcavüz aktına əl atdığını rəsmən bəyan etdi: “Bu gün səhər Ermənistan silahlı qüvvələri bir neçə istiqamətdən müxtəlif növ silahlardan, o cümlədən ağır artilleriyadan istifadə edərək bizim yaşayış məntəqələrimizi, eyni zamanda, hərbi mövqelərimizi atəşə tutmuşdur.

Düşmən atəşi nəticəsində mülki əhali və hərbçilərimiz arasında itkilər, yaralananlar var. Allah şəhidlərimizə rəhmət eləsin! Onların qanı yerdə qalmayacaqdır. Azərbaycan Ordusu hazırda düşmənin hərbi mövqelərinə atəşlər, zərbələr endirir və bu zərbələr nəticəsində düşmənin bir çox hərbi texnikaları sıradan çıxıb. Bu, erməni faşizminin növbəti təzahürüdür”.

Dövlət başçısının Azərbaycan xalqına ilk müraciəti həm informasiya xarakterli bir çox məqamlarla zəngin idi, həm də Vətənin müdafiəsinə qalxdığımız, ərazi bütövlüyümüzü bərpa etmək üçün çıxdığımız bu savaşda hər bir ölkə vətəndaşının nə etməli olduğunu göstərmək üçün yol xəritəsi idi. Bu, dövlət, xalq, ordu birliyinin “dəmir yumruğa” çevrilib düşmənin başını əzməsinə çağırış idi...

İlham Əliyev qətiyyətlə bildirirdi ki, Azərbaycan heç bir təxribata əl atmamışdır. Azərbaycan sadəcə olaraq öz maraqlarını müdafiə edir, öz mövqeyini dəstəkləyir və öz siyasətini alnıaçıq aparır.

Eyni zamanda Ali Baş Komandan bəyan edirdi ki, biz öz torpağımızda vuruşuruq: “Erməni əsgərinin bizim torpağımızda nə işi var?! Ermənistan ordusunun bizim torpağımızda nə işi var?! Heç kəs üçün sirr deyil ki, “Dağlıq Qarabağ ordusu”nun tərkibində olan şəxsi heyətin 90 faizi Ermənistan vətəndaşlarından ibarətdir. Ermənistan işğalçı dövlətdir, bu işğala son qoyulmalıdır və son qoyulacaqdır”.

 

“Dəmir yumruq” Ermənistanı təslimçilik bəyanatına imza atmağa məcbur etdi

 

Prezident İlham Əliyevin ötən ilin 27 sentyabrında xalqa etdiyi o tarixi müraciətin üzərindən heç iki ay keçməmiş, biz artıq bir qərinəyə yaxın idi ki, davam edən Qarabağ münaqişəsinin bitməsindən qürurla bəhs edirdik. Cəmi 44 gün çəkən haqq müharibəmizin, ədalət mübarizəmizin Qələbə ilə başa çatmasını coşqu ilə qeyd edirdik.

Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun düşmən tapdağında qalan doğma torpaqlarımızı işğaldan azad etməsinin, “dəmir yumruq” sayəsində Ermənistanı təslimçilik bəyanatına, kapitulyasiya aktına imza atmağa məcbur etməsinin qürurunu yaşayırdıq.

Müzəffər Ali Baş Komandan İlham Əliyev eyni ilə bir il əvvəlin 27 sentyabrında olduğu kimi,  bu ilin 27 sentyabrında da xalqa müraciət etdi...

Amma builki müraciəti ötənilki müraciətdən fərqləndirən xeyli məqamlar var idi...

44 günlük Vətən müharibəsində torpaqlarımızın bütövlüyü uğrunda canlarından keçən müqəddəs şəhidlərimizin anımı münasibətilə Prezident tərəfindən edilən bu müraciət, Müzəffər Ali Baş Komandanın, xalqa ötənilki müraciət zamanı səsləndirilən və qarşıya qoyulan məqsədlərin fəxarətlə yerinə yetirilməsi ilə bağlı sanki bir qürur hesabatı idi...

Vətən uğrunda canından keçən əziz şəhidlərimizin qisasının alınması, onların ruhu qarşısında müqəddəs borcumuzun ödənilməsinin fəxarətli bəyanı idi...

 

“Müharibənin və Qələbənin rəmzi olan “dəmir yumruq” yerindədir”

 

“Mən dəfələrlə demişdim ki, Azərbaycan xalqı heç vaxt işğalla barışmayacaq. Dəfələrlə demişdim ki, nəyin bahasına olursa-olsun biz öz torpaqlarımızı geri qaytaracağıq. Dəfələrlə demişdim ki, düşmən öz xoşu ilə torpaqlarımızdan çıxmasa, biz onu torpaqlarımızdan qovacağıq və belə də oldu”, - deyə 2021-ci ilin 27 sentyabrında İlham Əliyev səsləndirdi.

Ölkə rəhbəri xüsusilə vurğuladı ki, müharibə dövründə hamımız bir şüarla yaşayırdıq - “öldü var, döndü yoxdur”. Azərbaycan xalqı Silahlı Qüvvələrimizin arxasında möhkəm dayanaraq ordumuza əlavə güc verirdi: “Biz hər gün irəli gedirdik, hər gün qələbə qazanırdıq, hər gün yeni uğurlar haqqında məlumatlar daxil olurdu. 44 gün ərzində bir gün də olmayıb ki, biz geriyə addım ataq”.

Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı qətiyyətli şəkildə qondarma “Dağlıq Qarabağ” məsələsinə də son nidasını qoydu: “Azərbaycanda “Dağlıq Qarabağ” adlı inzibati ərazi mövcud deyil və əgər kimsə “Dağlıq Qarabağ” adlı ölünü diriltmək istəyirsə, onu öz ərazisində diriltsin, öz ərazisində “Dağlıq Qarabağ” adlı qurum yaratsın, respublika yaratsın, cəmiyyət yaratsın. Biz də onu tanıyarıq, ancaq Azərbaycanda yox!”

Ali Baş Komandan qeyd etdi ki, erməni faşizmi məhv edilib, ancaq onun təzahürləri görünməkdədir. Bu, çox təhlükəli tendensiyadır, ilk növbədə, Ermənistan dövləti üçün: “Mən bunu demişəm, bu gün Anım Günündə şəhidlərimizin əziz xatirəsi önündə bir daha deyirəm, əgər biz görsək ki, erməni faşizmi baş qaldırır, əgər biz görsək ki, xalqımıza, dövlətimizə yeni təhlükə mənbəyi yaranır, heç tərəddüd etmədən erməni faşizminin başını bir daha əzəcəyik. Bunu hər kəs bilsin! Müharibənin və Qələbənin rəmzi olan “dəmir yumruq” yerindədir, bunu heç kim unutmasın!”

 

Xalqın sarsılmaz birliyi, Vətənə sevgi, şəhidlərimizə əbədi ehtiramın nümayişi

 

Şanlı qələbənin qazanılmasında canlarını bu torpağa qurban verən müqəddəs şəhidlərimizin payı böyükdür.

“İkinci Qarabağ müharibəsində həlak olmuş qəhrəman şəhidlərimizin əziz xatirəsi qarşısında bu gün bir daha baş əyir, onlara Allahdan rəhmət diləyirik”, - söyləyən Prezident İlham Əliyev anım günü ilə bağlı müraciətində söylədi ki, biz şəhidlərimizi öz qəlbimizdə əbədi saxlayacağıq.

Anım Günündə Vətən müharibəsi zamanı Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüşlərdə həlak olmuş əsgər və zabitlərimizə, qətlə yetirilən mülki vətəndaşlara və itkin düşmüş soydaşlarımıza ehtiram əlaməti olaraq Bakı şəhərində yürüş təşkil edildi. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev, birinci xanım Mehriban Əliyeva, gənc kursantlar və hərbçilər Vətən müharibəsi zamanı Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olan igidlərimiz, itkin düşən hərbçilərimiz və Ermənistan dövləti tərəfindən törədilən insanlıq əleyhinə və müharibə cinayətləri nəticəsində qətlə yetirilən mülki əhalimizin hər birinin fotolarından ibarət plakatlarla yürüş edərək xalqın birliyinin daimi və sarsılmaz olduğunu, Vətənə sevgini, şəhidlərimizə ehtiramın əbədiliyini bir daha nümayiş etdirdilər.

Dövlət başçısı yürüşdə şəhid Adil Asəm oğlu İbrahimlinin fotosu əks olunmuş plakatı ilə, Birinci xanım Mehriban Əliyeva isə yürüşdə şəhid Narin Teymur qızı Xalıqovanın fotosu əks olunmuş plakatla irəliləyirdi.

27 sentyabr Anım Günündə Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Bakı şəhəri, 8 Noyabr prospektində Vətən Müharibəsi Memorial Kompleksi və Zəfər Muzeyinin təməlqoyma mərasimində də iştirak etdilər.

Yaxın gələcəkdə isə Bakıda, paytaxtımızın ən gözəl yerlərinin birində İkinci Qarabağ müharibəsinin qəhrəmanlarının şərəfinə möhtəşəm abidə ucaldılacaq.

Qanları yerdə qalmadığı, qisasları alındığı üçün indi bütün şəhidlərimizin ruhu şaddır. Eyni zamanda Azərbaycan xalqı çox qürurludur ki, qəhrəman oğulları, qızları var və məhz bu şanlı qələbəni həmin igidlərin şücaəti, fədakarlığı sayəsində qazanmışıq.

Prezident İlham Əliyevin də söylədiyi kimi, bundan sonra dünya durduqca qalib ölkə, müzəffər xalq kimi yaşayacağıq.

Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyətli, prinsipial və uzaqgörən siyasəti, dövlət və xalqın sarsılmaz birliyi, qəhrəman ordumuzun gücü sayəsində  Qələbə coşqusu yaşayan Azərbaycanın azad edilmiş torpaqlarında indi sürətli quruculuq, bərpa işləri aparılır. Artıq o torpaqlara həyat qayıdır, illər əvvəl dədə-baba yurdlarından didərgin salınan insanlar öz yurdlarına qayıdır.

Bəli, Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!!!

 

Yasəmən MUSAYEVA,

“Azərbaycan”



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM