17 Iyul 2012 12:07
514
Səhiyyə
A- A+

Günvurmadan özünüzü qoruyun

 

Yay fəsli istirahət etmək, gərgin iş rejimindən azad olub yorğunluğu aradan qaldırmaq, stresdən uzaqlaşmaq üçün ən yaxşı mövsümdür. Ancaq yaddan çıxarmaq olmaz ki, bu fəsil sağlamlıq üçün təhlükə də törədə bilər. Həmin təhlükələrdən biri günvurma halları ilə bağlıdır.

Bakı şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının (TTTYS) baş həkiminin müalicə işləri üzrə müavini Suğra Bəşirova ilə əlaqə yaratdıq və mövsümün başlanmasından bəri günvurma diaqnozu ilə müraciət edənlər barədə məlumat aldıq. O bildirdi ki, günvurma hadisəsi havanın hərarətinin insanın bədən temperaturundan yüksək olduğu hallarda, 15 dəqiqədən artıq birbaşa Günəş şüalarının altında qaldıqda baş verir. Əsasən yaşlıların, uşaqların, bir sıra xroniki xəstəliklərdən əziyyət çəkən, düzgün qidalanmayan, artıq çəkili, immun sistemi zəif olanların, açıq havada ticarət, tikinti və s. işlərlə məşğul olan insanların, hamilə qadınların günvurmaya məruz qalma ehtimalı daha çoxdur.

İnsan orqanizminin müəyyən özünümüdafiə funksiyaları var ki, bunlar uşaqlarda tam formalaşmadığı, yaşlılarda isə artıq zəiflədiyi üçün onlar daha tez günvurmaya məruz qalırlar. S.Bəşirova bildirdi ki, bu il yay mövsümü başlayandan, yəni iyunun 1-dən indiyədək Bakı şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına günvurma ilə əlaqədar müraciət edənlərin sayı artıb. Onlardan bir neçəsi hospitalizə olunub, ölüm halı isə qeydə alınmayıb.

S.Bəşirova xüsusi olaraq vurğuladı ki, günvurma ilə əlaqədar səhhətində baş verən narahatlıqlarla bağlı hər bir kəs ilk növbədə həkimlərə müraciət etməlidir. Günvurmanın üç forması var - yüngül, orta və ağır. Yüngül formada xəstənin vəziyyəti kafi olur. Onda baş ağrıları, gicəllənmələr, ürəkbulanma, təngnəfəslik, bəbəyin genişlənməsi müşahidə edilir. Yüngül günvurmada xəstəyə ilkin yardım göstərildikdən, sərin yerə aparılaraq su verildikdən sonra o, özünə gəlir.

Orta dərəcəli günvurma zamanı baş ağrıları daha kəskin şəkildə olur. Başgicəllənmə, huşun müvəqqəti itməsi, qusma, təzyiqin yüksəlməsi, temperaturun 39-40 dərəcəyə çatması, hətta qulaq batması halları da baş verir. Ağır formalı günvurma zamanı isə, əksinə, təzyiq aşağı düşür, bədənin hərarəti 40 dərəcədən yuxarı qalxır. Tənəffüs sisteminin, mərkəzi sinir sisteminin fəaliyyəti pozulur və nəticədə xəstə ya komaya düşür, ya dünyasını dəyişir.

Orta və ağır dərəcəli günvurma zamanı ilk növbədə mütləq təcili tibbi yardıma müraciət etmək lazımdır. Həkim briqadası gələnə qədər isə zərərçəkənə ilkin yardım göstərilməlidir. Bunun üçün həmin şəxsi sərin, kölgəli yerə aparmaq, arxası üstə uzatmaq, boyun, alın, döş, qoltuqaltı nahiyəsinə, əl və ayaq hissələrinə soyuq kompres qoymaq, sərin su vermək lazımdır.

Söhbət zamanı Suğra Bəşirova günvurmadan qorunmağın yolları barədə də danışdı. O bildirdi ki, havanın hərarətinin yüksək olduğu günlərdə insanlar səhər saat 11:00-dan axşam 17:00-dək açıq havada gəzməməli, fiziki işlə məşğul olmamalıdırlar. Bol maye (gün ərzində dörd litrdən artıq) qəbul etməli, evdən çıxarkən mütləq açıq rəngli baş örtüyü örtməli, gözə eynək taxmalı, yüngül, əsasən pambıq və kətan parçadan tikilmiş geyimlərə üstünlük verməlidirlər. Həm baş örtüyü, həm də geyimlərin əsasən ağ rəngli olması zəruridir. Çünki açıq rəngli paltarlar Günəş şüalarını əks etdirir, tünd rəngli geyimlər isə şüaları udaraq bədənin hərarətinin artmasına səbəb olur. Bədənə sıx oturan paltarlardan, sintetik parçadan tikilmiş geyimlərdən uzaq olmaq lazımdır. Yay fəslində ayaqqabı seçiminə də fikir vermək zəruridir. Ayağı sıxmayan, tərlətməyən, mövsümə uyğun ayaqqabılar geyilməlidir.

Həkim S. Bəşirova yay fəslində düzgün qidalanma ilə bağlı da öz fikirlərini söylədi. O, bütün mövsümlərdə, xüsusən də isti yay günlərində düzgün qidalanmanın sağlamlığa təsirinin önəmli olduğunu bildirdi. Belə ki, həmin dövrdə yüngül qidalar qəbul edilməli, göyərti və meyvə-tərəvəzə, quş ətindən hazırlanmış yeməklərə, müxtəlif növ salatlara üstünlük verilməlidir. Vitamin mənbəyi sayılan çiyələk, qarpız, gilas, ərik, şaftalı kimi meyvələr çox yeyilməlidir. Orqanizmdə ağırlıq yaradan heyvani mənşəli ərzaqlardan, yağdan, ət məhsullarından mümkün qədər uzaq olmaq lazımdır. Qazlı içkilərlə müqayisədə təzə sıxılmış meyvə şirələrinə üstünlük vermək, süd, ayran, bitki və meyvə çayları içmək məqsədəuyğundur. Açıq satılan qidalardan və sulardan uzaq durmaq məsləhətdir.

Yay fəsli həm də çimərlik mövsümüdür. S.Bəşirovadan bu il çimərliklərdən günvurma hadisəsi ilə əlaqədar müraciətlərin olub-olmaması ilə bağlı soruşduq. O dedi ki, bu il çimərliklərdən hələ ki müraciət olmayıb. Ümumiyyətlə, günün qızmar vaxtı çimərliyə getmək düzgün deyil. Günəşin ultrabənövşəyi şüalarının mənfi təsirindən qorunmaq üçün yay aylarında çimərliklərə səhər saat 11:00-a qədər və axşam saat 17:00-dan sonra getmək məsləhətdir. Əvvəlki illərdə TTTYS-nin briqadaları səhər saat 09:00-dan 21:00-dək çimərliklərdə növbə çəkirdilər. Ancaq bu il çimərliklərdə  hələlik növbə çəkilmir. Çünki artıq həmin çimərliklərin əksəriyyəti özəlləşdirildiyindən və pullu fəaliyyət göstərildiyindən, TTTYS-nin briqadalarının bu ərazilərdə növbə çəkməsi üçün müvafiq müqavilə bağlanmalıdır. Lakin bütün bunlara baxmayaraq günvurma və ya digər bir hadisənin baş verdiyi istənilən çimərliyə təcili yardım briqadaları beş dəqiqə ərzində çata bilir. Çünki Bakı şəhəri üzrə hazırda 20 köməkçi stansiya fəaliyyət göstərir, tibbi briqadanı əhaliyə daha da yaxınlaşdırmaq məqsədilə onların 19 filialı da yaradılıb.

Həkim S.Bəşirova bir problemi də qeyd etdi ki, hər il qəbul imtahanları zamanı günvurma və sağlamlıqla bağlı narahatlıqların başvermə ehtimalı böyükdür. Problemin qarşısını vaxtında almaq məqsədilə imtahan keçirilən bütün təhsil müəssisələrinin qarşısında səhər saat 08:30-dan etibarən təcili yardım maşınları dayanır. Ötən illərdə olduğu kimi, bu ildə də həmin sahədə həkimlərin və tibbi personalın üzərinə düşən vəzifələr yüksək səviyyədə yerinə yetirilir. Ötən illərdən fərqli olaraq bu il orta məktəblərin buraxılış imtahanları da mərkəzləşdirilmiş şəkildə Tələbə Qəbulu üzrə Dövlət Komissiyası tərəfindən həyata keçirilmişdi. Bununla əlaqədar 56 yerdə təcili yardım briqadaları növbədə olmuşlar.

Günvurmadan özünüzü qoruyun!

 

İradə ƏLİYEVA,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video