19 Yanvar 2012 12:01
560
Mədəniyyət
A- A+

Gülhanə parkının ceviz ağacı

 

"Sovetlər Birliyində hər şeyin yasaq edildiyi bir zamanda Nazim Hikmət Türkiyə üçün kommunizmin, Azərbaycan üçün isə türklüyün simvolu idi" (Anar). Bir vaxtlar Nazim Hikməti qəbul etməyənlər də bu gün onun şeirlərini əzbər söyləyir və sevirlər. Çünki Nazim Hikmət ötən əsrin ədəbi zirvələrindən biri idi.

Nazim Hikmət 1902-ci ilin yanvarında Osmanlı imperatorluğuna daxil olan Saloniki şəhərində (indiki Yunanıstanın ərazisi - red.) anadan olub. Atası Hikmət diplomat, anası Ayişə Cəlilə incəsənətlə, xüsusilə rəssamlıqla bağlı, elmli, müasir bir qadın imiş. Nazim Hikmət ilk təhsilini İstanbulda, davamını isə Moskvada alıb. Ziddiyyətli fikirlərlə dolu qaranlıq zamanın özündə Nazim Hikmət, əslində, bir şimşək idi. Sadəcə, qamaşan gözlər onu olduğu kimi görə bilmirdi. Cəmi 61 il yaşamış bu böyük insan dərdlə, həsrətlə naxışlanan bir ömrün sahibi olub. Ona 28 il həbs cəzası kəsilib. Ömrünün qızıl çağlarının 13 ilini həbsxanada yatıb. İnandığı ideyaların ucbatından sevgili Münəvvərindən, ciyərparəsi Mehmetindən, bütövlükdə Türkiyəsindən ayrı düşüb. Əgər buna yaşamaq demək mümkünsə, bu illərdə həmişə təqib və təzyiqlərə məruz qalıb. Ölkəsinə və millətinə bütün varlığı ilə bağlı olan bu böyük insan, əsl vətəndaş idi. Bir övlad kimi həsrətini ürəyində daşıdığı İstanbulu şeirləri ilə oxşaya-oxşaya qalmışdı. O, elə bir qatarın sərnişini idi ki, geriyə yolu yox idi. Olumla ölüm arasında çırpına-çırpına qalan Nazim Hikmət faciəsini özü daha yaxşı bilirdi. Demək olar ki, bütün şeirlərində bu çətin yolların yolçusu olduğunu, nigarançılığını elə qəribə bildirirdi ki...

 

Qovaqlarını öyməkdən,

quru-quruya sevməkdən

nə çıxar, ey məmləkətim?!

 

Bu qəm dolu sualların qılınc tiyəsinin önündə bir nida gəlirdi: "Bu kədər öldürəcək məni!" Çünki Nazim apardığı dialoqun hər iki tərəfində özü tək dayanmışdı:

 

Nədir bu cəza-qədər?!

Belə bir kədər, beləsi gülüm,

bir mənə məlum...

 

Nazimin şeirlərində narahat döyüntülü ürəyinin səsi illərin bu başında da apaydın eşidilir. "Ölmək istəmirəm, Şimala aparmayın məni!" Nə idi bu? Peşmançılıq, yoxsa ünvanına yetişməyən, odlara, ahlara tuş olub pörşələnən haray? "Mən məni bir daha ələ keçirsəm" - deyən Nazim Hikmət yəqin röyalarının ən gözəlini gerçəkləşdirmək istəyirdi. Çünki o, əsl xoşbəxtliyi doğma torpaqda, vətəndə olmaqda görürdü. Bəzən bunun üçün o, ruhuna şeirləri ilə bir layla çalırdı:

 

Qara dəniz axır durmadan,

dəli həsrət. Dəli həsrət.

Oğlum, səni istəyirəm,

eşidirsənmi,

Mehmet, Mehmet?

 

Sağlığında da, ölümündən sonra da Nazimə münasibət ziddiyyətli olub. Amma onu duyanlar yaxşı bilirlər ki, kommunist ideyalarına inanan Nazim aldanıldığını sonradan gözəlcə anlamışdı. Görün, o nə yazırdı:

 

Üflənən bir şam kimi söndü,

yepyekə işıqlar...

Buzlu Baltik dənizinin kənarında

bir pəncərə örtüldü.

Açıldı bir pəncərə...

Petronun pəncərəsiydi

örtülən,

açılan Leninin pəncərəsi.

 

Əlavə şərhə ehtiyac yoxdur. Çünki bu pəncərələr eyni evə məxsusdur. Yəni, imperiya dəyişmədi.

Nazim Hikmət komsomolun da şəninə şeir yazıb. Leninin ölümünə də inanmayıb. Bu, onun günahı deyildi. Sadəcə, quruluşları yerindən tərpədən, milyonları öz arxasınca aparan sovet ideologiyasının təsiri bu azman türk oğlunun da qollarında qandala dönmüşdü. Şair düşdüyü tilsimdən çıxa bilmirdi. Bircə köksündəki ürəyi əvvəlki kimi millət üçün döyünürdü. Ümid ağacının Leninin ölkəsində ucalacağına nə qədər inansa da, onun üçün məmləkətlər içində bir şirin məmləkət Türkiyə idi. "Qarşı sahil məmləkət..." deyərək bütün şeirlərində üzünü Vətəninə tutardı. Nazim Hikmətin müxtəlif ölkələrdə və nəşriyyatlarda çap olunmuş kitablarını oxuduqca onun duyumuna və addımına, həsrətinə və məhəbbətinə, tərənnümünə və xiffətinə, könüllü olaraq ömrünü alovlara tapşırmağına heyrətlənməyə bilmirsən. Bioqrafiyası ilə şeirləri arasındakı məsafənin oxşar və fərqli cəhətlərinin son anda bir axara yönəlməsi insanı dəhşətə gətirir. Bu səbəbdən də elə bilirsən ki, Nazim Hikmət bu yolu özü qəsdən seçib. Bilə-bilə. Hər şeyi gözləri ilə görmək, əsl həqiqətləri öyrənmək üçün dünyanı dolaşan Nazim görün nə yazırdı:

 

Yer üzünə toxum kimi

səpmişəm ölülərimi,

Kimi Odessada yatar, kimi

İstanbulda, Praqada.

Ən sevdiyim məmləkət

yer üzüdür,

sıram gəlincə yer üzüylə

örtün üzərimi.

 

Əslində, Nazim Hikmət günəş kimi zamanın və vaxtın fövqündə dayanaraq itkilərə, tapıntılara, sevgi və nifrətlərə, ən başlıcası, ayrılıqlara şeirləri ilə meydan oxuyurdu:

 

Mən bir ceviz ağacıyam,

Gülhanə parkında,

Nə sən bunun farkındasan,

nə də polis farkında.

 

Bu həm də Nazim Hikmətin sözlərlə, misralarla möhürlənmiş mənəvi pasportu idi. Yəni, cismim uzaqdadır, özüm, ruhum Türkiyədə, onun adi parklarındadır.

Nazim Hikmət Azərbaycanla, Azərbaycan poeziyası ilə bağlı sənətkar olub. Yurdumuzda onu dərin məhəbbətlə seviblər. Əsərləri əsasında Azərbaycanın tanınmış rejissorları "Bir məhəlləli iki nəfər", "Yaşamaq gözəldir, qardaşım" filmlərini çəkiblər. Dramları müxtəlif teatrlarda tamaşaya qoyulub. Kitabları çap edilib. Görkəmli bəstəkarımız Arif Məlikov Nazim Hikmətin sağlığında onun əsəri əsasında "Məhəbbət əfsanəsi" baletini yazıb, şeirlərinə neçə-neçə romans bəstələyib. Dünyanın bir çox opera və balet teatrlarında "Məhəbbət əfsanəsi" tamaşaçıların alqışlarını qazanıb.

Nazim Hikmət Azərbaycanın görkəmli şair-yazıçılarından Səməd Vurğun, Mehdi Hüseyn, Rəsul Rza, Abdulla Şaiq, Mirzə İbrahimov, Süleyman Rüstəm, Süleyman Rəhimov və başqaları ilə dostluq edib.

Şair Nəriman Həsənzadə söyləyir: "Onun mənim həyatımda rolu böyük olub. Bu səbəbdən də oğluma onun adını vermişəm. Nazim təkcə qüdrətli şair yox, həm də böyük ürək sahibi idi".

Səməd Vurğunun həyat yoldaşı Xavər xanım Nazimin Bakıya gəlməsini belə xatırlayırdı. Vurğunun ölümü ona bərk təsir etmişdi. Nazim Xavər xanıma deyib: "Qəmlənmə canım, Səməd xalqının içində öldü, mən kafirlərin içində öləcəyəm".

Bu sözləri məhz "mən məni bir daha ələ keçirsəm" söyləyən Nazim Hikmət deyirdi. O, təkcə özünün yox, çoxlarının tora düşdüyünü, aldadıldığını hayqırmağa məqam axtarırdı. Ən uca kürsü isə onun poeziya aləmi idi. Hər şey yazılırdı. Sonra zaman bütün müəmmalara güzgü tutacaq:

 

İnsanlarım, ah. Mənim

insanlarım,

yalanla bəsləyirlər sizi.

 

"Xəzər dənizi" adlı şeirində də Nazim Hikmət çox ustalıqla bəyan edirdi: "Ucsuz-bucaqsız, dəlisov, duzlu bir sudur Xəzər! Xəzərdə dost gəzər, e...y, düşmən gəzər!.."

Nazim Hikmət ruhən, qəlbən həmişə Azərbaycana yaxın olub. O, çəkdiyi yanğıları sanki Bakıya gəlişi ilə söndürməyə çalışırdı. Bu böyük şair haqqında maraqlı kitablar çap etdirən yazıçı-jurnalist Aqşin Babayev öz tədqiqatlarında Nazim Hikməti həmişə olduğu kimi oxuculara çatdırmağa çalışıb. O bildirir ki, Nazim Hikmətin Türkiyədən sonra ikinci sevdiyi ölkə Azərbaycan, xüsusilə də Bakı olub. Bu da səbəbsiz deyildi. Doğma məmləkəti zamanın hansı məqamındasa övladına laqeyd qaldığı illərdə məhz Azərbaycan, Bakı Nazim Hikməti öz doğması kimi bağrına basıb, onu sevib, qiymətləndirib. Nazimin Bakıya hər gəlişi böyük hadisəyə çevrilərmiş. Azərbaycanın görkəmli sənətkarları onunla bir yerdə olmaqdan, bir süfrə başında əyləşməkdən zövq alarmışlar. Məlumdur ki, çəkdiyi mənəvi əzablar, zindan həyatı, eləcə də bir çox dərdlər Nazimə ağır xəstəliklər gətirmişdi. O, zahirən boy-buxunlu və yaraşıqlı kişi olub. Üz-gözündə elə bir işıq var imiş ki, heç kəs onun xəstə olduğuna inanmazmış. Aybəniz Vəkilova danışırdı: "Mehdi əmimgildə (Mehdi Hüseyn nəzərdə tutulur - F.X.) qonaqlıq idi, süfrə açılmışdı. Nazim Hikmət birdən dilləndi: "Allah, Allah, yeyəcək var, yeyəməm, içəcək var, içəməm, gözəllər var, sevəməm. Al canımı, İlahi".

Bu söhbəti də mənə heykəltəraş Münəvvər Rzayeva danışıb. O, 1954-cü ildə Moskvada təhsil alanda Nazim Hikmət ona həqiqətən atalıq edib. Münəvvər xanım Nazim Hikmətin sağlığında onun portretini işləmək səadətinə nail olub. Bakıya sonuncu gəlişində şair Münəvvər xanıma bir xahişini yetirib: "Münəvvər, qızım, bilirəm, mən öləndən sonra abidəmi işləyəcəksən. İki arzum var. Onun birini sən yerinə yetir, abidəmin üstündə uzaqda qalmış bir qadın surəti, mənimsə gözlərimi işlə. Yalnız iki gözlərimi. Elə canlı, elə diri ki, bilinsin mənəm baxan. Ona görə ki, ölmək yox, yaşamaq istəyirəm. Mən vətənimdə ölməliyəm".

İçində bir yurd həsrəti püskürən bu böyük insan sanki əbədi gedişin qəfil olacağını duyubmuş. Bəlkə də gələcək onu qınamasın deyə, o dövr üçün çətin və ağlagəlməz olan vəsiyyətini edirdi: "Anadoluda bir kənd qəbiristanlığında basdırın məni". Ürəyi soyumurdu, yenə yazırdı: "Anadolu yaylasında basdırılmağımı istəyirəm". O ağır günə, o kəsiləcək nəfəsə isə hələ 7-8 illik bir məsafə var idi. Nazim Hikmət darıxırdı, sac üstünə düşmüş buğda kimi qovrulurdu. Özünə yeni-yeni adlar tapırdı: "Mən nəmli, ilıq bir cənub gecəsiyəm". Amma nə səhər açılırdı, nə Vətənə yollar görünürdü.

 

Saçlarımın ağında,

ürəyimin infarktında,

alnımın qırışlarındasan,

məmləkətim!

 

Elə bu sözlərlə də tamamlandı həyatı. 1963-cü il iyunun 3-də Moskvada dünyasını dəyişdi. Cismi yad ölkədə... "Ruhum bir irmakdır, gülüm, akar yukarıda, dağların arasında". Beləcə qurtuldu bu qəriblikdən. Nazim gedəli dünya da dəyişdi...

 

Flora XƏLİLZADƏ,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video