17 Oktyabr 2021 00:35
2141
SİYASƏT
A- A+

Güclü dövlət - müstəqil siyasət

 

Dövlət müstəqilliyi uğrunda mübarizə bütün dövrlərdə Azərbaycan xalqının ən ali məqsədi və şərəf işi olub. Bu, öz varlığını, vətənini, milli kimliyini göz bəbəyi kimi qorumağın tarixi timsalıdır.

Müstəqil bir dövlətə sahiblik eyni bayraq altında birləşən, Vətənin azadlığı, bütövlüyü uğrunda vuruşub qurbanlar verən bütün insanlar üçün ən böyük dəyərdir. Xalq bu dəyər sayəsində öz haqlarını təmin edir, milli mövcudluğunu qoruyur, yaradıcılıq əzmi, nəsillərdən-nəsillərə ötürülən dövlətçilik irsi ilə tarixdə yeni səhifələr yaradır. Dövlət müstəqilliyi xalqların istiqlal mübarizəsinin, əsrlər boyu formalaşdırdığı mənəvi potensialın, maarifçilik ənənələrinin, milli-mənəvi dəyərlərə bağlılığının, eyni zamanda milli vəhdətinin bariz təcəssümüdür.

Ötən 30 ildə müstəqilliyimiz möhtəşəm sınaqlardan çıxdı və Ümummilli Lider Heydər Əliyevin sözləri tariximizə qızıl hərflərlə yazıldı: “Müstəqilliyimiz daimidir, əbədidir, dönməzdir!” Bu sözlərin əbədiyyətinə təminat verən odur ki, hər bir ifadədə əzmkarlıq, milli ruh, vətənin müstəqilliyinə və xalqın qüdrətinə inam əks olunub. Xalqımız bir millət kimi mövcudluğunu təsdiq edə bilib.

 

Ən böyük tarixi nailiyyət

 

Müstəqil Azərbaycan dövləti xalqımızın tarixdəki ən böyük nailiyyətidir. Düz otuz ildir ki, bu xoşbəxtlik hər birimizin həyatındadır. Otuz ildir ki, Azərbaycan ailələrində körpələr müstəqil dövlətin vətəndaşları kimi doğulub böyüyür. Dünyanın harasında oluruqsa-olaq gözlərimiz üçrəngli bayrağımızı axtarır. Görəndə bütün ruhumuz sevinir. Dünya bizi öz adımızla tanıyır. Dövlətimiz öz taleyinin sahibi kimi yeni inkişaf mərhələlərinə qədəm qoyur.

Müstəqillik dövründə dünyaya gəlmiş gənc vətəndaşlarımıza bu dəyərin xalqımızın, ölkəmizin həyatında nə qədər böyük dəyişikliklərə səbəb olduğunu tam təsvir etmək bəlkə də indi bir qədər çətindir. Çünki onlar göz açandan Azərbaycanı müstəqil, heç kimdən asılı olmayan, tərəqqi yolunda irəliləyən, abad, nizamlı, güclü bir dövlət kimi görüblər. Müstəqil olmadığımız vaxtlar haqqında ancaq tarix kitablarından oxuyublar. Amma yaşlı nəslin hər bir nümayəndəsi bu iki dövrün fərqini çox aydın görür.

Azərbaycanın son 30 il ərzində əldə etdiyi bütün tarixi uğurlar məhz müstəqilliklə bağlıdır və bu dövrdən başlanır. Sovetlər İttifaqı hər nə qədər özünü bu təsisatda bir araya gəlmiş milli respublikaların bərabərhüquqlu birliyi kimi təqdim etməyə çalışsa da, aparılan siyasət əslində imperiya maraqlarına xidmət edir, sovet totalitar rejiminə uyğun hesablanırdı. Hər hansı bir işin həyata keçirilməsindən ötrü mərkəzdən saysız-hesabsız icazə prosedurları tələb olunurdu. Hətta sənədləşmə işləri, rəsmi protokollar, əmr və qərarlar, fərmanlar rus dilində aparılır, ana dilinin əhatə dairəsi getdikcə kiçilirdi. Belə bir mühitdə milli inkişafdan necə danışmaq olardı?..

“Tarix təkrar olunur” deyimində böyük həqiqət var. 1918-ci ildə Şərqdə ilk demokratik respublika - Azərbaycan Xalq Cümhuriyyəti yarandı. Milli Şura İstiqlal Bəyannaməsini imzalamaqla Azərbaycanın müstəqilliyini dünyaya bəyan etdi. Qısa dövr ərzində Azərbaycanın ilk parlamenti, hökuməti yaradıldı, dövlət atributları təsis olundu, sərhədləri müəyyən edildi, dövlət quruculuğu sahəsində mühüm tədbirlər həyata keçirildi. Cümhuriyyətin beynəlxalq münasibətlər sisteminin subyekti kimi tanınması, diplomatik müstəvidə milli maraqların qorunması istiqamətində mühüm addımlar atıldı.

Yeni fəaliyyətə başlamış parlamentin qəbul etdiyi qanunlar milli müstəqilliyin möhkəmləndirilməsində, ölkədə siyasi, iqtisadi və mədəni inkişafın təmin olunmasında, demokratik prinsiplərin təsbit edilməsində əsaslı rol oynadı. Azərbaycan Xalq Cümhuriyyəti müsəlman Şərqində demokratiya ənənələrinin formalaşmasına əhəmiyyətli təsir göstərdi. 1918-ci il 28 may Azərbaycan tarixinə müstəqillik günü, milli qürur və şərəf günü kimi yazıldı. Haqlı olaraq biz müsəlman aləmində ilk demokratik respublikanın yaradıcıları kimi bu tarixlə fəxr edirik. Amma bu şərəfli tarix uzun sürmədi, bolşevik-daşnak quldurların və onların rəhbərlərinin cinayəti nəticəsində 23 aydan sonra süqut etdi. Bolşevizmin istiqlal üzərində 70 illik hakimiyyəti başlandı. Düz 70 ildən sonra - 1990-cı il yanvarın 20-də sovet tankları müstəqillik uğrunda mücadiləyə qalxmış vətəndaşlarımızın üzərinə yeridi. Şəhidlər verdik, böyük itkilərə məruz qaldıq, amma bu qanlar bahasına itirilmiş azadlığımızı, müstəqilliyimizi bərpa etməyə nail olduq. 1991-ci ilin 18 oktyabrı tariximizə Dövlət Müstəqilliyinin bərpası günü kimi həkk olundu. 30 il əvvəl Azərbaycan Ali Soveti Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktını qəbul etdi. Bu akt cümhuriyyətin süqutu və bolşevik işğalı nəticəsində yarıda qırılmış müstəqil dövlətçilik ənənələrinin bərpası demək idi. Beləliklə, Azərbaycan XX əsrdə ikinci dəfə müstəqilliyini bütün dünyaya bəyan etmiş oldu. 30 ilin böyük bir dövrü isə azadlığımızı, suverenliyimizi qorumağa əzmlə nail olan Ulu Öndər Heydər Əliyevin müstəqil Azərbaycan yaratmaq uğrunda titanik fəaliyyət illəridir.

Həmin ağır, təlatümlü və gərgin vaxtlarda ölkəmizin əldə etdiyi bütün inkişaf göstəriciləri, Azərbaycanda aparılan tikinti-quruculuq tədbirləri, ölkənin simasında müsbətə doğru baş verən dəyişikliklər, milli mədəniyyətimizin inkişafı yönündə atılan ardıcıl addımlar, ana dilimizin, milli ruhumuzun mühafizəsi məhz Ulu Öndərin iradəsinin, məqsədyönlü fəaliyyətinin, hətta ən çətin şəraitlərdə belə Azərbaycanı qoruyaraq irəli aparmaq əzminin nəticəsi idi. 

 

Qətiyyətli lider amili

 

30 il əvvəlki məğlubiyyətlərimizin, üzləşdiyimiz faciələrin, verdiyimiz itkilərin əsas səbəbi isə o idi ki, həmin vaxtlarda güclü bir liderə malik deyildik. Azərbaycan 1991-ci il oktyabrın 18-də dövlət müstəqilliyini əldə etsə də, defakto bu niyyətini reallaşdıra bilməmiş, hakimiyyəti ələ keçirən naşı və səriştəsiz qüvvələr ölkənin keyfiyyətcə yeni mərhələdə üzləşdiyi problemlərin öhdəsindən gəlmək iqtidarında olmamışlar. Nəticədə ölkədə iqtisadi tənəzzül prosesi dərinləşmiş, xalqın yaşayış səviyyəsi pisləşmiş, qanunçuluğun, hüquq qaydalarının təminatında ciddi problemlər yaranmışdı. Həmin illərdə Azərbaycanda hakimiyyətdə xalqın etimad göstərdiyi siyasi qüvvənin olmaması dövlət idarəçiliyi mexanizmlərinin formalaşmasında ciddi maneəyə çevrilməklə yanaşı, daxili böhranın, vətəndaş itaətsizliyinin, xaos və anarxiyanın yaranmasına rəvac vermiş, qanunçuluğun və hüquq qaydalarının təminatı, vətəndaşların azad, təhlükəsiz yaşamaq hüququnun, ən nəhayət, ictimai asayişin qorunması sahəsində əsaslı problemlər meydana çıxarmışdı. Digər tərəfdən hakimiyyət hərisləri milli dövlətçiliyimizin sükanı arxasında güclü, qətiyyətli Liderin olmasını istəmirdilər.

Azərbaycan xalqı 1980-ci illərin sonlarından başlayaraq müstəqillik mübarizəsinə Heydər Əliyevin hələ sovet Azərbaycanına rəhbərliyi dövründə yaratdığı möhkəm təməllərdən güc alaraq başlamışdı. O illərdə azadlıq uğrunda mübarizlərin çoxu Heydər Əliyevin cəmiyyətdə görünməkdə olan milli oyanış ruhunun yetişdirdiyi gənclik idi. Həmin tarixi günlərdə xalqın önündə dayanan insanların çoxu Ulu Öndərin sovet dövründə təzyiqlərdən qoruduğu, yaradıcılığına istiqamət verdiyi ziyalılar idi.

Ona görə də ötən əsrin sonlarında dünyada böyük dəyişikliklər başlananda, SSRİ boyda nəhəng imperiya süqutuna doğru yaxınlaşanda milli azadlıq mübarizəsinə qalxan və imperiyanın çöküşünü sürətləndirən ilk respublikalardan biri məhz Azərbaycan oldu. Milli ruhda yetişən gənclik meydanlara atılaraq xalqın istiqlal haqqı uğrunda mübarizəyə qalxdı. Bununla da geniş vüsət alan azadlıq hərəkatı Azərbaycanın ötən əsrdə ikinci dəfə dövlət müstəqilliyinə qovuşması ilə nəticələndi.

Tarixə obyektiv münasibət naminə onu da qeyd edək ki, 1918-ci ildən fərqli olaraq 1991-ci ildə Azərbaycan öz dövlət müstəqilliyinin bərpasını elan edən müttəfiq respublikalar arasında birincilər sırasında olmadı. Həmin dövrdə ölkədə baş verən daxili çəkişmələr, xaos mühiti, məsələlərə fərqli baxışların olması, ən əsası isə Azərbaycanın işğalçı Ermənistan tərəfindən hərbi münaqişəyə cəlb edilməsi bu prosesi müəyyən qədər yubatdı. Azərbaycan öz dövlət müstəqilliyini elan edən müttəfiq respublikalar arasında sayca 13-cü oldu. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2016-cı ilin 17 oktyabrında Heydər Əliyev Mərkəzində Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının 25-ci ildönümünə həsr olunmuş rəsmi qəbuldakı çıxışı zamanı bu faktı bir daha yada saldı: “Bu, tarixdir. Biz tarixi bilməliyik, yaddan çıxarmamalıyıq. Hesab edirəm ki, Azərbaycan o vaxt öz dövlət müstəqilliyini daha əvvəl elan edə bilərdi. Bu qədər gözləmək lazım deyildi. Xüsusilə onu da yaddan çıxarmamalıyıq ki, Sovet İttifaqının özəyini təşkil edən Rusiya öz dövlət müstəqilliyini avqust ayında, bizdən iki ay əvvəl elan etmişdi”.

Bu faktın özü də onu göstərir ki, qətiyyətli lider amili, vəziyyəti aydın görüb prosesləri xalqın maraqlarına uyğun şəkildə düzgün yönəltməyi bacaran rəhbərin geniş xalq kütlələrinin önündə addımlaması, öz mövqeyi, iradəsi, məsuliyyəti üzərinə götürmək əzmi ilə tarixi qərarların verilməsinə kömək göstərməsi bu məqamlarda da çox həlledicidir. Ötən əsrin 90-cı illərinin əvvəllərində belə bir liderə ehtiyac vardı. Həmin lider ancaq Ulu Öndər Heydər Əliyev ola bilərdi. Amma Azərbaycanın öz dövlət müstəqilliyini elan etməsi ərəfəsində Heydər Əliyevin siyasi proseslərdə fəal iştirakına çox ciddi maneələr vardı. Bu maneəni həm imperiya rəhbərləri, həm də o dövrdə Azərbaycanın siyasi meydanında söz sahibi olmağa çalışan təsadüfi adamlar yaradırdılar. Çünki onlar Heydər Əliyevin gücünü də, xalqın ona sonsuz rəğbətini də yaxşı bilirdilər. Anlayırdılar ki, əgər Heydər Əliyev siyasi meydanda olsa, xalq dövlətçilik təcrübəsinə, dəmir iradəsinə, qətiyyətinə, Azərbaycan sevgisinə dərindən bələd olduğu Ulu Öndəri kənarda qoyub, siyasətdə, dövlət idarəçiliyində adı çəkilməyən naşı insanların ardınca düşməyəcək. Ona görə də hər vəhclə Heydər Əliyevə mane olmağa çalışırdılar. İmkanlarını məhdudlaşdırırdılar. Bununla belə, Ümummilli Lider ən çətin şəraitlərdə də cəsarətli addımları ilə maneələri yarır, xalqımıza öz mövqeyi ilə düzgün yol göstərirdi. Müstəqillik yolunu nişan verirdi.

 

Dövlət müstəqilliyinin banisi

 

1990-cı ilin 20 Yanvar günü imperiya ordusu Bakıda dinc azərbaycanlılara qarşı qətliam törədərkən Ulu Öndər Heydər Əliyev bu yolda çox önəmli, ciddi addımlar atmışdı. Faciədən dərhal sonra Azərbaycanın Moskvadakı nümayəndəliyinə gedərək mətbuat konfransı keçirmiş, xalqımıza qarşı bu cinayət əməlini pisləmiş, onu törədənləri bütün dünyada ifşa etmişdi. Onda Heydər Əliyev Moskvada yaşayırdı. Bütün repressiya mexanizmləri hələ də sərt şəkildə işləyən, 20 Yanvar kimi qanlı cinayətləri, kütləvi qırğınları törətməkdən belə çəkinməyən imperiya rəhbərliyinin ciddi təzyiqləri altında idi. Hətta həyatına belə ciddi təhlükə vardı. Buna baxmayaraq, Heydər Əliyev 20 Yanvar faciəsindən sonra xarici media qurumlarının təmsilçiləri qarşısında, kamera və mikrofonlar önündə Qanlı Yanvar faciəsini törədənlərə qarşı öz iradlarını irəli sürən, onları ittiham edən, sovet hökumətini, onun rəhbərinin fəaliyyətini öz adı ilə çağıran ilk şəxs oldu. Heydər Əliyev onu gözləyən təhlükələrdən qorxmadan bütün bunları etdi. Bununla həmin təlatümlü, ağır günlərdə onun sözünün, rəyinin intizarında olan Azərbaycan xalqına ən düzgün istiqaməti, müstəqillik haqqının olduğunu göstərdi. Xalqı o kövrək, dərdli, özünü kimsəsiz hiss etdiyi ağır günlərdə ruhdan düşməyə qoymadı.

Daha sonra Heydər Əliyev Sovet İttifaqı Kommunist Partiyasının sıralarını tərk etdi. Bu da müstəqillik uğrunda ilk addımlardan biri idi. Çünki ilk dəfə idi ki, keçmiş SSRİ-nin ali rəhbərliyində təmsil edilən, Sovet İttifaqı Kommunist Partiyasının Siyasi Bürosunun üzvü olan şəxs Kommunist Partiyası sıralarından istefa verirdi. Heydər Əliyev bu məsələdə də böyük qətiyyət göstərdi. Ondan sonra, artıq Naxçıvan Muxtar Respublikası Ali Məclisinin rəhbəri kimi 1990-cı ilin noyabr ayında Naxçıvan Muxtar Sovet Sosialist Respublikasının adını dəyişdirərək “Sovet Sosialist” sözlərini onun adından çıxartdı. Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağı da o vaxt məhz Heydər Əliyevin təşəbbüsü ilə ilk dəfə Naxçıvanın dövlət bayrağı kimi elan edildi. Eyni zamanda Azərbaycan Ali Soveti qarşısında da belə bir addımın atılması üçün vəsatət qaldırıldı.

Prezident İlham Əliyev o dövrdə ölkəyə rəhbərlik edənlərin eyni qətiyyəti göstərə bilməməsini təəssüflə xatırlayır: “Əfsuslar olsun ki, bunu etmədilər. 1991-ci ilin əvvəllərində Sovet İttifaqının saxlanılmasına dair Azərbaycanda referendum keçiriləndə Naxçıvanda Heydər Əliyevin təşəbbüsü ilə referendum keçirilməmişdir. Bütün bu addımlar müstəqillik yolunda atılan addımlardır. Digər tərəfdən bütün bu addımlar onu göstərir ki, Ulu Öndər Heydər Əliyev Azərbaycanın dövlət müstəqilliyinin təşəbbüskarıdır, onun banisidir”.

 

Müstəqillik tariximizin 3 dövrü

 

Müstəqilliyimizin ilk illərində Ulu Öndər Heydər Əliyevin Azərbaycana rəhbərlik etməməsi də xalq olaraq tarixi itkimizdir. Əgər o günlərdə Azərbaycanın rəhbəri Heydər Əliyev kimi qüdrətli dövlət xadimi olsaydı, biz böyük itkilərlə üzləşməz, ağır faciələr yaşamazdıq. Əfsus ki, müstəqilliyin ilk illərində Azərbaycanın taleyi nabələd adamların əlində oldu. Ona görə də ölkəmiz 1991-1993-cü illərdə çox böyük problemlərlə üzləşdi. “Bu dövrü iki mərhələyə bölmək olar. Birinci mərhələ 1991-ci ilin oktyabr ayından 1992-ci ilin yay aylarına qədər olan dövrdür. Bu dövr itirilmiş imkanlar,

itkilər dövrü idi. Ermənistan Azərbaycana qarşı təcavüzə başlamışdı, azərbaycanlılar Dağlıq Qarabağdan qovulurdular. 1992-ci ilin may ayında Şuşanın və Laçın rayonunun işğal altına düşməsi böyük itki, böyük faciə idi. O illərdə dövlətçiliyin əsasları qurulmamışdı, ekstremist elementlərə qarşı ciddi mübarizə aparılmamışdı, nizami ordu yaradılmamışdı, cəmiyyətdə milli həmrəylik, milli birlik yox idi” - deyə Azərbaycan Prezidenti o dövrü belə xatırlayır. Bu dövrün nəticəsini qısaca olaraq belə xarakterizə edə bilərik ki, Azərbaycan nəinki müstəqilliyini qorumaq, ümumiyyətlə, vətəndaş müharibəsinin, bir neçə yerə parçalanmaq, dövlət olaraq dünyanın siyasi xəritəsindən silinmək təhlükəsinin bir addımlığına gəlib çatmışdı.

Azərbaycan Prezidenti qeyd edir: “1918-ci ildə əldə edilmiş müstəqilliyi 1920-ci ildə itirdik - 2 il ərzində. Bu dəfə də 2 ildən sonra artıq buna çox yaxın idik. Əgər o vaxt xalqın tələbi ilə Heydər Əliyev hakimiyyətə gəlməsəydi, Azərbaycanın taleyi çox ağır, acınacaqlı ola bilərdi”.

Ümummilli Lider Heydər Əliyevin o illərdə xalqın təkidli tələbi ilə ölkə rəhbərliyinə qayıdışı dövlətimizin xilas anı idi. Bu qayıdışdan sonra müstəqilliyimizin ilk mərhələsindəki böhran tədricən aradan qalxmağa başladı. Ölkəni vətəndaş müharibəsi ilə təhdid edən qanunsuz silahlı birləşmələr tərk-silah olundu, ordu quruculuğunda ciddi addımlar atıldı, dövlətçiliyin əsasları qoyuldu, sabitlik təmin edildi. 1995-ci ildə müstəqil Azərbaycanın Konstitusiyası qəbul olundu. Çox ciddi siyasi islahatlara başlanıldı, sivil siyasi sistem, vətəndaş cəmiyyəti ənənələri formalaşdırıldı. Azərbaycan beynəlxalq təcriddən çıxa bildi. Qonşularla ən son həddə qədər pozulmuş münasibətlər nizama salındı. Azərbaycanda iqtisadi islahatlara start verildi, bazar iqtisadiyyatı prinsipləri bərqərar oldu. Xarici siyasət prioritetləri məhz həmin illərdə müəyyən edildi. Azərbaycan müasir dünyəvi dövlət kimi öz inkişafına başladı. Ölkəmiz tarixdə ilk dəfə olaraq Xəzər dənizində birgə işləməyi xarici investorlara təklif etdi. Azərbaycana milyardlarla dollar həcmində investisiya qoyuldu və respublikamız inkişaf etməyə başladı. Beləliklə, məhz o illərdə dövlətin gələcəyi ilə bağlı strateji addımlar atıldı və bu yolun nə qədər düzgün olduğunu indi tarix sübuta yetirir.

Ulu Öndər Heydər Əliyev müstəqil dövlətin milli ideologiyasını yaratdı - azərbaycançılıq təlimini dövlətçilik ideologiyasına çevirdi. Ümummilli Lider bütün mədəniyyətimizi, tariximizi, etnoqrafiyamızı, çoxəsrlik adət-ənənələrimizi, klassik yazılı və şifahi ədəbiyyatımızı, nəhayət, ana dilimizi azərbaycançılığın təməlinə gətirdi, onun izahına yönəltdi. Ulu Öndər ötən illər ərzində bu deyilənlərin hamısını əzmlə reallaşdırmağa nail oldu. Böyük rəhbər təkcə müstəqilliyi möhkəmləndirmədi, onu qorumağın yollarını öyrətdi, prioritetlərini göstərdi və ən əsası gələcəkdə müstəqilliyi tarixdə irəli apara biləcək lideri nişan verdi.

Azərbaycanın öz inkişaf və sabitlik dövrünü yaşadığı 1993-2003-cü illər müstəqilliyimizin ikinci dövrüdür. 2003-cü ildən sonra isə müstəqillik tariximizdə yeni bir səhifə açılır. 2003-cü ildə xalqımız ölkənin bundan sonra hansı yolla gedəcəyi barədə tarixi qərarını verdi, Ulu Öndərin “Mən ona özüm qədər inanıram” əminliyinə söykənərək Azərbaycanın gələcəyini dövlət başçımız İlham Əliyevə etibar etdi. Həmin vaxtdan başlanan möhtəşəm tarix dövlət müstəqilliyimizin üçüncü dövrüdür və bu, ikinci dövrün məntiqi davamıdır.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev əvvəlki illərin bütün nailiyyətlərini qoruyaraq Ulu Öndər Heydər Əliyevin formalaşdırdığı möhkəm təməllər üzərində ölkəmizi milli dövlətçilik tarixinin ən qüdrətli mərhələsinə yetirmişdir. 44 günlük Vətən müharibəsi ilə Azərbaycanın öz torpaqlarını düşməndən təmizləməsi, ərazi bütövlüyünü bərpa etməsi, işğalçı Ermənistanı kapitulyasiya aktına imza atmaq məcburiyyətində qoyması Ali Baş Komandan İlham Əliyevin adını milli dövlətçilik salnaməmizə Müzəffər Sərkərdə kimi əbədi yazması müstəqillik tariximizin ən möhtəşəm nailiyyətidir.

Dönməz siyasi iradə, intellektual düşüncə tərzi, yüksək nitq mədəniyyəti, ən çətin danışıqlarda müsahibini asanlıqla təslim edən diplomatik təfəkkür və məntiq Azərbaycan Prezidenti İlham Əliyevə böyük beynəlxalq nüfuz gətirən başlıca cəhətlərdir. Elə bu əzəmətli xüsusiyyətlərlə də o, Ulu Öndərin “Müstəqilliyimiz əbədidir, dönməzdir” deyərək müəyyən etdiyi yolla Azərbaycan xalqını tarixin çətinliklərindən çıxararaq istiqlal dolu sabahlara aparır.

 

1918-ci ildə elan edilən, 1991-ci ildə bərpa olunan müstəqilliyimiz

 

Bu gün Azərbaycan qlobal siyasətdə qətiyyətli mövqe sahibidir. Ölkəmizi, Prezident İlham Əliyevi Azərbaycanın milli maraqlarından bir addım da olsun geri çəkilməyə məcbur etməyin mümkünsüzlüyünü indi bütün dünyada hər kəs anlayır. Bu mövqeyi güclü edən Azərbaycanın 30 ildə müstəqil yaşamağı bacarmasıdır. Bunun üçün bütün sosial-iqtisadi, mənəvi-siyasi şərtləri təmin edə bilməsidir. Azərbaycan heç kimdən asılı olmadan uğurla müstəqil həyat yaşaya biləcəyini, bunun üçün bütün imkanlara sahib olduğunu hər kəsə sübut edib. Dövlətimizin müəllifi olduğu, ölkələrin üzünə yeni imkanlar açdığı qlobal layihələrlə indi dünyanın Azərbaycana daha çox ehtiyacı var. Ölkəmiz xalqın milli vəhdətinə, fərqli mədəniyyətlərə hörmət ruhuna, tolerantlıq ənənələrinə görə hazırda bütün dünyaya örnəkdir. Genişmiqyaslı infrastruktur layihələri ilə gözəlləşən şəhərlərimiz, abadlaşan regionlarımız, inkişaf axarına qovuşan ən ucqar kəndlərimizlə Azərbaycan bu gün nəhəng bir quruculuq meydanını xatırladır. Vətən övladlarının sorağı dünyanın ən mötəbər yerlərindən gəlir. Ölkənin Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın həyata keçirdiyi humanitar təşəbbüslərlə dünya bizi daha yaxından tanıyır, milli mədəniyyətimizə heyran olur, ölkəmiz mənəvi incilərimizlə, tolerantlıq, multikulturalizm ənənələrimizlə bəşəriyyətə fayda verir.

Bütün bunlar müstəqilliyimizin uğurlu nailiyyətləri, misilsiz töhfələridir. 1918-ci ildə elan edilən, 1991-ci ildə isə bərpa olunan müstəqilliyimizin tarixi nəticələridir. Azərbaycan xalqın iradəsi ilə gələcəkdə də bu alternativsiz yolla irəli gedəcək, yeni tarixi qələbələrə, uğurlara imza atacaq.

Xalqımız 30 ildən sonra ilk dəfə bu bayramı tam fərqli olaraq, öz ərazi bütövlüyünü bərpa etmiş qalib ölkə kimi qeyd edir. Bu baxımdan dövlətçilik tariximizdə müstəsna əhəmiyyətli mərhələlərin, xüsusən müstəqilliyin əldə edilməsi və bərpası kimi tarixi günlərin onların mahiyyəti və məzmununa uyğun daha dəqiq ifadə olunması böyük önəm daşıyir.

Azərbaycan xalqı ötən əsrin əvvəlində müstəqil respublika qurmuş, 1991-ci ildə isə Azərbaycan Respublikası Xalq Cümhuriyyətinin varisi kimi öz müstəqilliyini bərpa etmişdir. Milli Məclisdə bu məsələ ilə bağlı “Müstəqillik günü haqqında” qanun layihəsi müzakirə olunaraq qəbul edilib. Azərbaycanın Zəfəri və dövlətçilik tarixi baxımından həmin əlamətdar günlərin əhəmiyyəti, daşıdığı məna yükü xüsusi qeyd edilib. Beləliklə, 1918-ci ildə İstiqlal Bəyannaməsinin qəbul olunduğu 28 may Azərbaycan Respublikasında Müstəqillik günü, 1991-ci ildə “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktının qəbul olunduğu 18 oktyabr isə Müstəqilliyin bərpası günü kimi bəyan olunub.

 

İradə ƏLİYEVA,

“Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video