20 Mart 2021 00:19
1050
Mədəniyyət
A- A+

Görkəmli yazıçı-jurnalist

 

Orta nəslin nümayəndələri dövrünün tanınmış yazarı Nurəddin Babayevi, yaxşı xatırlayırlar. Çünki o, ötən əsrin 60-80-ci illərində Azərbaycanda ən çox oxunan yazıçılardan idi. Nurəddin müəllim ədəbi aləmdə həm də gözəl publisist kimi tanınırdı.

N.Babayev Azərbaycan Yazıçilar İttifaqının üzvü, 1954-cü ildən SSRİ Yazıçılar İttifaqının üzvü, Azərbaycan Jurnalistlər İttifaqının (indi AJB) üzvü və idarə heyətinin katibi olmuş, Əməkdar incəsənət xadimi, Əmək və müharibə veteranı, habelə digər fəxri adlara və yüksək mükafatlara layiq görülmüşdür.

Anadan olmasının 100 illik yubileyini qürur hissi ilə qeyd etdiyimiz Nurəddin Həsən oğlu Babayev 1921-ci il martın 23-də Nizami yurdu qədim Gəncə şəhərində, ziyalı ailəsində anadan olmuşdur. Uşaq yaşlarında ailəsi ilə birlikdə Bakı şəhərinə köçən Nurəddin məktəb illərində mütaliəyə böyük həvəsi, güclü yaddaşı ilə müəllimlərinin və yaşıdlarının diqqətini çəkmişdi. Məktəb divar qəzetinin yazarı, sonra redaktoru kimi ictimai işlərdə fəallıq göstərmiş, məqalə və bədii yazıları ilə seçilmişdir. Ümumiyyətlə, Nurəddin Babayev ədəbi fəaliyyətə 17-18 yaşlarında başlamış, bundan sonra müxtəlif mətbu orqanlarda tez-tez məqalə, oçerk və hekayələri dərc edilmişdir.

N.Babayev 1941-1945-ci illərdə Böyük Vətən müharibəsinin iştirakçısı olub. Elə bu mövzuda “Əbədi qəhrəmanlıq” adlı ilk kitabı 1945-ci ildə çap olunmuşdur. O, Böyük Vətən müharibəsində ön cəbhədə vuruşmuş, ağır yaralanmış və baş leytenant rütbəsi ilə Bakıya qayıtmışdır. Bakıya döndükdən sonra gənc yazar ADU-nun (indi BDU) Filologiya fakültəsinə daxil olmuşdur. Nurəddin Babayevin bu uğuru onun taleyində və ədəbi yaradıcılığında xüsusi rol oynamışdır. Tələbə-gəncin yazıçı kimi formalaşmasında o dövrün məşhur ədib və mütəfəkkirləri olan  müəllimlərindən Cəfər Xəndanın, Mir Cəlal Paşayevin, Həmid Araslının, Muxtar Hüseynzadənin, Abbas Zamanovun və başqalarının böyük təsiri olmuşdur.

ADU-nu bitirdikdən sonra elmi-pedaqoji fəaliyyətə başlayan yazıçı 1953-cü ildən Jurnalistika kafedrasında baş müəllim işləmişdir. O, 1958-ci ildə “Azərbaycanda bədii oçerkin inkişafı” mövzusunda namizədlik dissertasiyasını müdafiə edərək filologiya elmləri namizədi, daha sonra filologiya elmləri doktoru alimlik dərəcəsi almışdır. O, Azərbaycan ədəbiyyatında oçerk janrının nəzəri əsaslarını yaratmış və bu yolda novator kimi tanınmışdır. Təsadüfi deyil ki, zəngin elmi-nəzəri biliyə və təcrübəyə malik olan N.Babayev Moskva Dövlət Universitetinin Jurnalistika fakültəsində dəfələrlə mühazirə oxumuşdur.

O dövrdə Azərbaycanda Jurnalistika fakültəsi yox idi, yalnız 1928-ci ildən Filologiya fakültəsinin nəzdində jurnalistika şöbəsi fəaliyyət göstərirdi. Bu da gənc nəsil jurnalistləri üçün müəyyən çətinliklər yaradırdı. Odur ki, 1969-cu ildə tanınmış alim və yazıçılarımızın, o cümlədən Nurəddin Babayevin səyi ilə universitetdə Jurnalistika fakültəsi təşkil olunmuş və bu fakültəyə ilk dekan professor Nurəddin Babayev təyin edilmişdir.

Çox məmnunam ki, bu gün Azərbaycan mətbuatında çalışan yüzlərlə jurnalist kimi,  mən də Nurəddin müəllimin tələbəsi olmuşam. O, mühazirə və seminarlarında tələbələrə obyektiv və milli ruhlu yaxşı jurnalist olmağı, dövlətə, xalqa, millətə sədaqətlə xidmət etməyi, jurnalist adına, peşəsinə həmişə böyük hörmət və ehtiramla yanaşmağı tövsiyə edərdi.

İkinci kursu bitirəndə biz, tələbələri yaşadığımız rayonların qəzetlərində istehsalat təcrübəsinə göndərirdilər. Bu zaman təcrübə rəhbəri kimi Nurəddin müəllim necə çalışacağımız, özümüzü necə aparacağımız və yazacağımız mövzularla bağlı   tövsiyələrini verirdi. Sonda məni yanına çağırıb dedi:

- Şəmkirdənsən, rayonun kəndlərinə yaxşı bələd olansan, de görüm, Təzəkənd kəndini tanıyırsan? Dedim, bəli, həmin kənddənəm. - Hə, onda davamiyyətinizlə tanış olmaq üçün rayona gələndə həmin kəndə gedəcəyimə bələdçilik edə bilərsən?

- Əlbəttə, çox xoş olar, - dedim. Amma ani olaraq içimdən keçən narahatçılığı hiss edən Nurəddin müəllim sözünə davam edərək dedi ki, eşitmişəm, repressiya qurbanı Əhməd Cavadın yaradıcılığı ilə maraqlanırsan, arxivini əldə eləmisən, çox xeyirxah işin qulpundan yapışmısan... Əhməd Cavadın oğlu Aydın Axundzadə rayon Kooperativlər İttifaqının sizin kənddəki İstehlak Cəmiyyətinin sədridir. Bilirsənmi, onlarla ailəvi dost olmuşuq, Aydın həm də mənim süd qardaşımdır. Onlar Gəncədə və Bakıda yaşayanda bir evli kimi idik. Mənim jurnalistikaya gəlişimə, ədəbi aləmdə yaradıcılığıma dəstək verən şəxslər arasında ailəmizin yaxın dostu Əhməd Cavadın da qayğısı çox olub.

Bu xatırlamada diqqətinizə çatdırmaq istəyirik ki, Nurəddin müəllim tək mənə yox, bütün tələbələrinə ziyalı qayğıkeşliyi ilə yanaşır, haradasa, nədəsə bizlərə dəstək olmağa, kömək göstərməyə çalışırdı.

Müəllimimin səmimi söhbətindən onu da əxz etdim ki, ədəbi aləmə  gəlişinin ilk günlərindən Mir Cəlal Paşayev, Aslan Aslanov, Nəsir İmanquliyev, Şıxəli Qurbanov, Bəxtiyar Vahabzadə, Qulu Xəlilov, Famil Mehdi və digər görkəmli ziyalılar Nurəddin Babayevin yaxın dostu və məsləkdaşı olublar.

N.Babayev Azərbaycan jurnalistikası tarixində ilk dərs vəsaiti olan ikicildlik “Jurnalistika məsələləri” kitabının elmi redaktoru və əsas müəlliflərindən biridir. Gələcək üçün böyük elmi xəzinə hesab edilən bu kitaba görə Nurəddin Babayev 1966-cı ildə “Qızıl qələm” mükafatına layiq görülmüşdür.

Nurəddin Babayevin bir sıra əsərləri rus, alman, ingilis, fransız, ispan, polyak, bolqar, macar və s. dillərə tərcümə olunmuşdur. Yazıçının “Biz Azərbaycandanıq” (1965), “Ürəyimdə sözüm var” (1980), “İzləri itirmirik” (1978)  kimi kitabları da öz məzmun və dəyəri ilə o dövrün gəncliyinin mənəvi tərbiyəsində böyük rol oynamışdır. Nurəddin Babayevin yaradıcılığı çoxşaxəlidir. Onun oxucu rəğbəti qazanan bir sıra əsərləri, o cümlədən “Bahar övladları” (1959), “Zərif duyğular” (1963), “Manolis Qlezos” (1966), “Qəhrəmanların izi ilə” (1968), “Zvezdı ne qasnut” (Moskva, “Sovetski pisatel”, 1969), “Ulduzlar sönmür” (1975), “Ürəyimdə sözüm var” (1980), “Açıq söhbət” (1982), “Na doroqax jizni” (Moskva, “Sovetski pisatel”, (1984), “Elə yaz ki...” (1985), “Gəlin kişilikdən danışaq” (1986), “Babam-nənəm, atam-anam və biz” (1988) kitabları müəllifin sağlığında, “Adamın özü və sözü” (1992) əsəri isə vəfatından sonra işıq üzü görmüşdür.

N.Babayev 1943-1945-ci illərdə “Kommunist” qəzeti redaksiyasında şöbə müdiri, “Azərbaycan müəllimi” qəzetində redaktor müavini, 1953-cü ildən isə “Uşaqgəncnəşr”də baş redaktor işləmişdir. Yazıçı, publisist, naşir dəfələrlə müxtəlif elmi, mədəni layihələr və görüşlər ilə əlaqədar Fransa, Kuba, Bolqarıstan, Finlandiya kimi ölkələrdə, həmçinin keçmiş SSRİ respublikalarının hamısında olmuşdur. Yazıçının bu ölkələrdə də bir çox məqalə və əsərləri çap edilmişdir.

Nurəddin Babayevin yaradıcılığı rəngarəngdir. Onun ədəbi yaradıcılığında gənclərin təlim-tərbiyəsinə həsr edilmiş əsərləri xüsusi diqqət çəkir. Görkəmli yazıçının bu əsərləri gənclər üçün stolüstü kitab olmaqla yanaşı, hər zaman tərbiyəvi, əxlaqi nəsihətlərlə zəngin xəzinədir. “Oğluma məktublar” (1966), “Qızlar söz istəyir” (1977), “Qızlar, sözüm sizədir”(1972), “İşıq və məhəbbət” (1977),  “Ürəklər bir olanda” (1991) əsərləri buna bariz nümunədir. Təsadüfi deyil ki, yazıçının “Oğluma məktublar” əsəri mükafata layiq görülmüşdür. Hətta bu əsər Bolqarıstanda “Ədəbiyyat” dərsliyinə daxil edilmişdir. Görkəmli yazıçı-jurnalist bir müddət Cəfər Cabbarlı adına Bakı kinostudiyasında baş redaktor işləmişdir. Bu zaman yazıçı xüsusən sənədli-xronikal filmlərin, milli mentalitetə söykənən kinooçerklərin, insanları mənəvi kamilliyə səsləyən kino-jurnalların məzmunlu, yüksək  səviyyədə ekranlara buraxılmasında əlindən gələni əsirgəməmişdir. Bununla yanaşı,  “Azərbaycan elmi” (1969), “Bacarıqlı əllər” (1963), “Nizami yurdu” (1968), “Həyatın mənası” (1979), “Axtaran tapar” və başqa elmi-sənədli filmlərin ssenari müəllifi olmuşdur.

Azərbaycanda jurnalistika ixtisasının nəzəri əsaslarını yaradan yazıçı-jurnalist Azərbaycan Jurnalistlər İttifaqının (indi AJB), həmçinin Respublika Ədəbiyyat və İncəsənət Arxivinin təşkilində də çox böyük rol oynamış, arxiv xəzinəsinə özünün və qələm yoldaşlarının yaradıcılığı ilə əlaqədar qiymətli materiallar vermişdir. Salman Mümtaz adına Ədəbiyyat və İncəsənət Arxivinin direktor müavini Şəlalə Baxşəliyeva  bildirir ki, bu arxivdə Nurəddin müəllimin 31 saylı fondu ilk və ən zəngin fondlarındandır. 1944-1969-cu illəri əhatə edən birinci siyahıda ədibin povestləri, hekayələri, çıxışları, rəyləri, fota-sənədləri, 1943-1984-cü illərə aid ikinci siyahıda ədibin əlyazmaları, oçerkləri, ssenariləri, məqalələri, tədqiqatları, haqqında sənədləri və s. toplanıb.  Üçüncü siyahıda isə yazıçının 1938-1998-ci illərdə yazılmış müxtəlif janrlı əsərləri, oxucu məktubları, əlyazmaları, bir sözlə, 118 iş qorunub saxlanılır.

Böyük Şərq mütəfəkkiri Əbu Turxan yazır ki, hər insan bir ulduzu xatırladır. Lakin həyatda ulduz olmaq, insanlığa işıq saçmaq hər kəsə nəsib olmur. 1991-ci il sentyabrın 25-də əbədiyyətə qovuşmuş Nurəddin Babayev ötən əsrin 60-80-cı illərində Azərbaycan jurnalistikasında və ədəbi aləmdə ulduz kimi parladı... İllər ötdükcə bu işıq daha parlaq görünür.

 

Rəhman SALMANLI,

“Azərbaycan”

 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video