20 Mart 2021 00:30
894
Mədəniyyət
A- A+

Görkəmli rəssam Tahir Salahov haqda yeni kitab - “Dialoq”

 

Tahir Salahovun həyat və yaradıcılığına işıq salan kitab Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə nəşr edilib

 

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü və “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin dəstəyi ilə görkəmli rəssam Tahir Salahov haqqında “Dialoq” adlı kitab işıq üzü görüb.

AZƏRTAC xəbər verir ki, rus dilində nəfis tərtibatla nəşr edilmiş kitab Azərbaycanın, SSRİ-nin, habelə Rusiyanın Xalq rəssamı, iki dəfə Azərbaycan Dövlət mükafatı laureatı, SSRİ və Rusiya Dövlət mükafatları laureatı, Rusiya Rəssamlıq Akademiyasının vitse-prezidenti, UNESCO-nun Beynəlxalq Plastik Sənətlər Assosiasiyasının vitse-prezidenti Tahir Salahovla dialoq janrında yazılıb. Kitabın müəllifi musiqişünas, pedaqoq, və publisist Raya Abbasovadır. Müəlliflə “Dialoq”da Tahir Salahov yaşadığı çətin və şərəfli ömür, həmçinin həyatının fərqli dövrləri ilə bağlı səmimi etiraflar edir, fikirlər səsləndirir.

Kitab Prezident İlham Əliyevin, birinci xanım Mehriban Əliyevanın böyük sənətkar Tahir Salahova 90 illik yubileyi münasibətilə ünvanladıqları məktublarla açılır.

Heydər Əliyev Fondunun vitse-prezidenti, “Baku” jurnalının baş redaktoru Leyla Əliyeva “Böyük sənətkarın dünyası” sərlövhəli məqaləsində rəssam Tahir Salahovun yaradıcılığının özəlliyindən, əsərlərinin qəhrəmanlarına məxsusi yanaşmasından bəhs edilir. Leyla xanım yazır ki, rəssamın qəhrəmanlarını - neftçiləri, fəhlələri, həkimləri, yazıçıları, bəstəkarları, musiqiçiləri, artistləri, din nümayəndələrini, doğmalarını və yaxınlarını peşələrinə məhəbbət və sadiqlik birləşdirir. Ən əsası isə onların heç biri xəyali personaj deyil, hamısı rəssamın həyatında iz qoymuş insanlardır. 

“Dialoq” kitabı rəssamın həyat və yaradıcılığının önəmli məqamlarını əks etdirən fotoşəkillərlə, fırçasının məhsulu olan əsərlərlə müşayiət olunur. Dünya şöhrətli sənətkar Azərbaycan mədəniyyətinə böyük töhfələr verib. Onun əsərləri mötəbər muzey və qalereyalarda, eləcə də şəxsi kolleksiyalarda saxlanılır. Tahir Salahov məşhur insanların, məsələn, Üzeyir bəy Hacıbəyli, Qara Qarayev, Dmitri Şostakoviç, Mstislav Rostropoviç, Səttar Bəhlulzadə, Fikrət Əmirov, Rəsul Rza, Aleksandr Soljenitsın və başqalarının portretlərini çəkib. Bu əsərlərin sırasında Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin portreti xüsusi yer tutur. Rəssam Ulu Öndərin portretini böyük sevgi və xüsusi məharətlə işləyib.

Tahir Salahov realist rəssam kimi tanınır. Onun rəssamlıqda “sərt üslub”un banilərindən biri kimi yaratdığı sənət nümunələrində insan taleyi vasitəsilə dünyaya, həyata baxışı və fəlsəfi düşüncələri rənglərin ən incə çalarları ilə dolğun ifadəsini tapıb. O, fikir və düşüncələrini fırça ilə çox aydın və anlaşıqlı, obrazlı şəkildə çatdıran qüdrətli sənətkardır.

Dahi sənətkarın tabloları təkcə Azərbaycan incəsənətinin deyil, həm də dünya təsviri sənətinin inciləri sırasındadır. Onun yaratdığı hər bir portret, peyzaj fəlsəfi əsər təsiri bağışlayır.

Tahir Salahov mahir rəssam olmaqla yanaşı, həm də görkəmli ictimai xadim, pedaqoqdur. Onun çoxşaxəli fəaliyyəti dövlət tərəfindən yüksək qiymətləndirilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə Tahir Salahov ölkəmizin ən ali mükafatı olan “Heydər Əliyev” ordeninə layiq görülüb. O, həmçinin Azərbaycan Respublikasının və Naxçıvan Muxtar Respublikasının Əməkdar incəsənət xadimidir.

Prezident İlham Əliyevin Sərəncamına əsasən, 2012-ci ildə İçərişəhərdə ustad sənətkarın ev-muzeyi yaradılıb. “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin İdarə Heyətinin sədri Əsgər Ələkbərov qeyd edir ki, bu gün muzey qədim şəhərdə ən çox ziyarət olunan məkanlardan, əsas incəsənət və mədəniyyət mərkəzlərindən biridir. Ekspozisiyada nümayiş etdirilən 700-dən çox eksponat rəssam tərəfindən muzeyə hədiyyə olunub.

Maraqla oxunan “Dialoq” kitabı Tahir Salahov yaradıcılığına göstərilən diqqətin daha bir təzahürü olmaqla yanaşı, onun bənzərsiz irsinin gələcək nəsillərə çatdırılması baxımından müstəsna əhəmiyyət kəsb edir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video