13 Avqust 2021 00:36
833
İQTİSADİYYAT
A- A+

Goranboyda bol tütün yetişdirilib

 

Fermerlər 15 ton məhsul təhvil verməyi hədəfləyiblər

 

Fermerlərin bütün növ vergi ödənişlərindən azad olunması, satılan texnikanın dəyərinin 40 faizinin dövlət büdcəsi hesabına kompensasiyası, mineral gübrələrin satış qiymətinə edilən 70 faiz güzəşt, istehsal olunan kənd təsərrüfatı məhsullarının həcminə və işlədilən motor yağlarına görə ödənilən subsidiyalar kəndlini torpağa daha sıx bağlamışdır.

Üstəlik aqrar sektora aid infrastruktur layihələrinin maliyyə təminatını öz üzərinə götürən dövlət genişmiqyaslı tədbirlər həyata keçirməklə aqrar sektorda çalışanlara da geniş meydan açmışdır. Bütün bunlar söz yox ki, ölkədə ənənəvi kənd təsərrüfatı sahələrinin inkişafına stimul vermişdir. Belə sahələrdən biri də tütünçülükdür.

İqtisadi əhəmiyyətinə görə kənd təsərrüfatında xüsusi çəkisi olan tütünçülük Azərbaycanda hələ keçən əsrin 70-ci illərində inkişaf etmişdir. Lakin 90-cı illərin əvvəllərində digər sahələr kimi, tütünçülük də tənəzzülə uğramış, bu sahədə zəngin təcrübə qazanmış insanların əli işdən soyumuş, tütünçülüyə maraq azalmışdır. Yalnız 2016-cı ildə Prezidentin şəxsi təşəbbüsü ilə bu gəlirli sahə yenidən dirçəlməyə başlamış, bunun üçün konkret tədbirlər həyata keçirilmişdir. Nəticədə əkin sahələri genişləndirilmiş, torpaq sahibləri arasında bu gəlirli sahəyə maraq artmışdır.

Tütünçülük üçün əlverişli mühitə malik olan Goranboyda bu sahə ilə əsasən Zeyvə, Yenikənd, Şəfəq, Qarbucaq, Todan və Qaraçanaq kəndlərinin sakinləri məşğul olurlar. 2016-cı ildə ilk dəfə rayon üzrə 6 hektar sahədə tütün əkən fermerlər hər hektardan 32,5 sentner məhsul götürmüşlər. Əldə etdikləri qazancdan razı qalan torpaq sahibləri əkin sahələrini ildən-ilə genişləndirərək 8 hektara çatdırmışlar. İstehsal olunan məhsulun satışında da problem olmamışdır. Onlar yığılmış tütünü yüksək keyfiyyətlə Şəkidəki “İntertabakko” MMC-yə təhvil vermişlər.

Əvvəlki illərdə olduğu kimi, goranboylu tütünçülər keçən ili də uğurla yola salmışlar. Onlar 8 hektar sahədən 14,7 ton məhsul yığaraq əvvəlki ilin göstəricilərini üstələmişlər. Hər hektardan 1,5 ton olmaqla, ümumilikdə, 14,7 ton quru tütün təhvil verən fermerlər cari ildə əkin sahələrinə yüksək aqrotexniki qulluq göstərərək daha çox məhsul yetişdirmişlər. 

Zeyvə kəndinin 6 ildir tütün əkən və hər il bol məhsul əldə edən sakini Pərviz Nəsirov deyir ki, tütündən yaxşı qazanc götürür: “Lakin onun mütərəqqi üsullarla becərilməsi və qurudulması üçün lazımi şərait olmalıdır. Artıq qazandığımız təcrübə bizə imkan verir ki, bu işin öhdəsindən vaxtında gələk. Məsələn, qeyd etdiyim çətinliyi aradan qaldırmaq üçün həyətimdə tütünqurutma talvarı düzəltmişəm. İndi hər gün topladığım tütünü bu talvarda qurudur və təhvil verirəm. Bu işdə kənd sakinləri də gündəlik əməkhaqqı almaqla mənə kömək göstərirlər”.

Şəfəq kəndinin sakini Şəmməd Yaqubov isə deyir ki, tütünçülüyə 2016-cı ildən başlayıb. Birinci il o qədər də yüksək göstəriciyə nail olmayıb. Hər hektardan cəmi 800 kiloqram məhsul götürüb. Sonrakı illərdə təcrübəsini daha da artıraraq, həmin rəqəmi xeyli üstələyib. Hazırda 1,5 hektarda tütün yetişdirir. Ən çox diqqəti məhsuldar şitil sortlarına verir. Türkiyədən gətirdiyi “Trabzon” sortu əkən fermer bu günlərdə birinci yığıma başlayıb. Yığılmış tütünü öz ərazisində düzəltdiyi meydançada qurudur. Hətta məhsulu saxlamaq üçün anbar da inşa etdirmişdir.

Yenikənd kəndinin sakini Zahid İsmayılov da 6-cı ildir tütünçülüklə məşğul olur. O da etiraf edir ki, tütünçülük zəhmət tələb etsə də, gəlirli sahədir. Məhz buna görə əkin sahələrini artırıb hektar yarıma çatdırıb. Təcrübəsi artdıqca, əkin sahələrini də genişləndirir. Keçən il əkin sahələrindən 2 ton məhsul götürən Zahid bu il 2,5 ton tütün təhvil verməyi qarşısına məqsəd qoyub.

Hazırda Goranboyda tütün yığımı davam edir. Fermerlər cari il 15 tona yaxın tütün təhvil verməyi hədəfləyiblər.

 

Sabir ƏLİYEV,

“Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video