09 Aprel 2021 19:04
689
CƏMİYYƏT
A- A+

Gömrük Komitəsi ölkədən nağd xarici valyutanın çıxarılması ilə bağlı məlumat yayıb

 

Dövlət Gömrük Komitəsi ölkədən nağd xarici valyutanın çıxarılması ilə bağlı məlumat yayıb.

Komitənin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən AZƏRTAC-a bildirilib ki, ötən gün bəzi kütləvi informasiya vasitələrində Hesablama Palatasının 2020-ci il üzrə fəaliyyətinə dair hesabatına istinadən 7 bank vasitəsilə ölkədən nağd xarici valyutanın çıxarılması prosesində Hava Nəqliyyatında Baş Gömrük İdarəsində aparılmış yoxlamalar çərçivəsində gömrük inzibatçılığı sahəsində natamamlıqların olduğu barədə məlumatlar yayımlanıb. Dövlət Gömrük Komitəsi bildirir ki, bu iddialar tamamilə əsassızdır və gömrük orqanları qanunvericiliyə uyğun olaraq üzərilərinə düşən vəzifələri tam yerinə yetiriblər.

Hüquqi şəxs olan rezidentlər tərəfindən valyuta sərvətlərinin Azərbaycan Respublikasına köçürülməsi və nağd şəkildə gətirilməsi, habelə Azərbaycan Respublikasından köçürülməsi və nağd şəkildə çıxarılması Azərbaycan Respublikasının “Valyuta tənzimi haqqında” Qanununun 8.3 maddəsinə uyğun olaraq həyata keçirilir.

Azərbaycan Respublikasında fəaliyyət göstərən kommersiya bankları tərəfindən təqribən 1,1 milyard manat ekvivalentində nağd xarici valyuta vəsaitlərinin ölkədən kənara çıxarılması rəsmi qaydada və qanunvericiliyin tələblərinə müvafiq olaraq həyata keçirilib, bütün ixrac faktları üzrə gömrük bəyannamələri mövcuddur.

Mərkəzi Bankın da təsdiq etdiyi kimi bu növ əməliyyatlar bankların xarici banklardakı müxbir hesablarına mədaxil edilməsi (müxbir hesabın möhkəmləndirilməsi) məqsədini daşıyıb. Belə ki, yerli kommersiya bankları xarici müxbir banklardakı hesablarının tələb olunan qalıq həcmini (cash collateral) təmin etməsə, öz müştərilərinin idxal əməliyyatları üzrə ödəniş tapşırıqlarını, o cümlədən sənədli əməliyyatlar üzrə tranzaksiyalarını yerinə yetirə bilməzlər. Yəni, kommersiya banklarının xarici müxbir banklardakı öz hesablarına nağd vəsait aparması normal bank fəaliyyəti praktikasına və milli qanunvericiliyə tamamilə uyğundur.

Aparılan nağd vəsaitin xaricdəki müxbir hesaba mədaxil olunmasına “gömrük nəzarəti” barədə kütləvi informasiya vasitələrində yayılan fikrə dair bildirilir ki, Dövlət Gömrük Komitəsinin ölkəmizdən ixrac edilən hər hansı malın, o cümlədən nağd valyuta vəsaitin təyinat ünvanına çatıb-çatmamasına nəzarət etmək kimi funksiyası və öhdəliyi yoxdur.

Nağd vəsaitin xaricə göndərilməsi halında isə kommersiya banklarının bu ixrac əməliyyatları onların balansında mütləq əks olunur və nağd vəsaitlərin balans hərəkətinə nəzarət aidiyyəti qurumun funksiyalarına aiddir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video