10 Aprel 2012 03:04
262
SİYASƏT
A- A+

Gennadi Şmal: «Prezident İlham Əliyevin üstünlüyü onun uzaqgörən olmasıdır»

 

Rusiya Neft-Qaz Sənayeçiləri İttifaqının prezidenti Gennadi Şmal AzərTAc-a məxsusi müsahibəsində demişdir: "Mən Azərbaycanın enerji siyasətini uğurlu və savadlı siyasət kimi qiymətləndirirəm və heç şübhəsiz, Azərbaycanın bu sahədə bugünkü uğurları ilk növbədə, onunla əlaqədardır ki, Prezident İlham Əliyev bu sahəni çox gözəl bilir və onun inkişafı üçün şərait yaradır".

G.Şmalın fikrincə, Azərbaycan öz dövlət müstəqilliyini bərpa edəndən sonrakı 20 il ərzində ölkədə neft-qaz sənayesi çox yaxşı inkişaf edir. O demişdir: "İllik neft hasilatının 50 milyon tona yaxın olması çox yaxşı göstəricidir. Mən Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin bir fikrini tez-tez sitat gətirirəm. O deyirdi ki, Azərbaycan nadir neft və qaz ehtiyatlarına malikdir. Həmin ehtiyatlar sayəsində bu gün Azərbaycan xalqı firavan yaşayır və yəqin ki, gələcəkdə də belə olacaqdır. Düzdür, bu sözlər Rusiyada verilən bəzi qiymətlərdən bir qədər fərqlənir. Şəxsən mən belə hesab edirəm ki, Azərbaycan hakimiyyətinin bu gün ölkədə neft-qaz kompleksinin inkişafı istiqamətində yeritdiyi fəaliyyət xətti olduqca qanunauyğundur və hər vasitə ilə dəstəklənməyə layiqdir".

Gennadi Şmal onu da qeyd etmişdir ki, sənaye üsulu ilə neft hasilatının 150 ilə yaxın tarixi vardır. O demişdir: "Buna görə də təsadüfi deyildir ki, Bakının adı çəkiləndə ilk növbədə, neft hasilatı yada düşür. Sovet illərində ikinci Bakı, daha sonra üçüncü Bakı-Tümen neft yataqları işlənildi. Lakin Bakı həmişə birinci olmuşdur. O, etalondur. Bu gün də Azərbaycanın neft-qaz sənayesi çox uğurla inkişaf edir və yeniliklər kifayət qədər çoxdur".

Rusiyanın görkəmli neftçisi xüsusi vurğulamışdır ki, Azərbaycanın bu sahədə siyasəti çox savadlı qurulmuşdur. Çünki Prezident İlham Əliyev bu sahəni gözəl bilir. O, Dövlət Neft Şirkətində işləmişdir. G.Şmal demişdir: "Dövlətə, yaxud nazirliyə və ya iri şirkətə əsl peşəkarın rəhbərlik etməsi çox yaxşı haldır. Onda inkişaf tamam başqa yolla gedir. Təəssüf ki, bu gün bizim nazirliklərdə və idarələrdə bu çatışmır. İlham Əliyev bu problemlərə həm daxildən bələddir, həm də bu sahəni dəstəkləyir, onun inkişafına şərait yaradır, çünki ölkə iqtisadiyyatının gələcəyi, yeni texnologiyalar yaradılması, yeni yataqların işlənməsi bundan asılı olacaqdır. Bu baxımdan Azərbaycan hökumətinin seçdiyi yol hər cür tərifə və dəstəklənməyə layiqdir".

Gennadi Şmal enerji sahəsində Rusiya-Azərbaycan əməkdaşlığının inkişaf perspektivlərini şərh edərək demişdir: "Bizim qarşılıqlı əməkdaşlıq potensialımız çox yüksəkdir, lakin bir sıra səbəblər üzündən bu gün həmin potensialdan tam istifadə edilmir".

Rusiya Neft-Qaz Sənayeçiləri İttifaqının prezidenti Gennadi Şmal sonda demişdir: "Əminəm ki, Azərbaycan və Rusiya Avropanı və digər ölkələri neft və qaz ilə təmin etmək üçün kifayət qədər ehtiyatlara malikdir. Mənim fikrimcə, neft-qaz layihələrini birgə inkişaf etdirmək üçün qüvvələri daha artıq birləşdirmək lazımdır".

 

Asya HACIZADƏ,

AzərTAc-ın xüsusi müxbiri

 

Moskva

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video