30 Dekabr 2019 01:40
4169
SİYASƏT
A- A+

Gələcəyə aparan aydın yol


Biz olduqca böyük tarixi sərvətin varisləriyik. Zəngin mədəniyyət incilərimizlə yanaşı, əsrlərdir bu torpaqlarda mövcud olan yüksək tolerantlıq, dini və etnik dözümlülük şəraiti, fərqli mədəniyyətlərə hörmət ruhu, bütün bunları qoruyub saxlamış və indiki günlərə qədər gətirib çıxarmış ulularımızın yaratdıqları dəyərlər misilsiz mənəvi xəzinədir.

Belə bir xəzinənin mövcud olmasına görə milli dövlətçilik tariximizdə müstəsna yer tutan görkəmli şəxsiyyətlərimizə, xüsusilə Ümummilli Lider Heydər Əliyevə borcluyuq. Məhz belə şəxsiyyətlərimiz sayəsində xalqımız milli özünəməxsusluğunu itirməmiş, ən çətin şərtlər daxilində belə onu mühafizə edərək ölkənin daha böyük inkişafına nail olmuşdur.


Sağlam təməl, təminatlı gələcək


Ulu Öndər Heydər Əliyevin milli dövlətçilik kursunu əzmlə davam etdirən, müstəqil Azərbaycanı tarixinin ən böyük uğurlarına yetirən Prezident İlham Əliyevin ölkəmizə 16 illik rəhbərliyi dövründə qazanılan nailiyyətlərin hər biri inkişaf salnaməsinə çevrilmişdir. Bu nailiyyətlərin sırası isə kifayət qədər genişdir. Uğurların mühüm bir qismi təhsil, elm, mədəniyyət, eləcə də humanitar sahəyə aid məsələləri əhatə edir.

Təkcə bugünü deyil, uzaq gələcəyi də görə bilən, dövlətin, xalqın sabahı üçün strateji hədəflər müəyyənləşdirməyi bacaran bütün böyük dövlət adamları kimi Azərbaycan Prezidenti üçün də keyfiyyətli təhsil həm fərdlərin, həm də vətənin, cəmiyyətin təminatlı gələcəyi deməkdir. O, insanlarımızın, xüsusilə, hələ yolun başlanğıcında olan gənclərimizin savadlanmasını, dövrün tələblərinə uyğun bilik və bacarıqlara yiyələnmələrini inkişaf proseslərinin əsas amili hesab edir. Əldə olunmuş inkişafın davamlılığı, dayanıqlılığı üçün vətəndaşlarımızı hazırlıqlı olmağa çağırır. Həqiqətən, əgər ən yüksək inkişaf səviyyəsinə çatmış ölkələrin tarixinə və bugününə baxsaq, görərik ki, o ölkələrin hamısı yalnız təhsil, texnologiya, elm sayəsində irəli gediblər. Biz də bu yolla irəliləyirik. Azərbaycanda insanların bilikli, savadlı olması ölkəmizi gücləndirir. Cəmiyyətimizi gələcəyə hazırlayır. Başqa cür də mümkün deyil. Getdikcə tərəqqi edən, qlobal inkişaf meyillərinə qucaq açan ölkə üçün həyatın bütün sahələrinə peşəkar mütəxəssislər lazımdır.

Keyfiyyətli kadr hazırlığı, öz işində yüksək səriştəyə malik mütəxəssislərin olması Azərbaycanın inkişaf dinamikasına güc verir. Ona görə də bu gün respublikada təhsilin keyfiyyətinin yüksəldilməsi üçün önəmli addımlar atılır, davamlı islahatlar aparılır.

Xarici dövlətlərin mütərəqqi təcrübəsi ölkəmizə gətirilir. Azərbaycanda təhsil hansısa sənətə yiyələnməkdən də çox ictimai bir hərəkata çevrilir. İnsanlar üçün ən mühüm dəyər kimi qiymətləndirilir. Təkcə konkret dövr ərzində deyil, ömür boyu savadlanmanın, daimi fərdi inkişafın zəruri olduğu hər kəs tərəfindən dərk edilir.


Gəncliyə tövsiyə


Bakı Dövlət Universitetinin yaradılmasının 100-cü ildönümünə həsr olunmuş təntənəli mərasim zamanı Azərbaycan Prezidenti ölkə gəncliyinə üz tutaraq dedi: "Tələbələrə də sözüm odur ki, bilikli olsunlar. Bugünkü dünyada tanışlıqla, tapşırıqla oxumaq mümkün deyil... Əvvəllər sovet dövründə əsas məqsəd diplom almaq idi... Diplom heç nədir, bilin. Əgər bilik olmasa, savad olmasa müasir dünyada bu, əhəmiyyətsiz bir şeydir. Bilik olmalıdır. Çünki indi yeni peşələr açılır. Əvvəlki peşələrin bir çoxu sıradan çıxır. Artıq 20 il bundan əvvəl olan bəzi peşələr yoxdur və olmayacaq da. Bu proses getdikcə gedəcək, biz 4-cü industrial inqilab içərisindəyik. Artıq bilinir ki, hansı peşələr 5 ildən sonra olmayacaq. Amma biz əhalisi artan ölkəyik. Sovet dövründəki 7 milyondan 10 milyona çatıb bizim əhalimiz. Ona görə biz o yeni peşələri gərək mənimsəyək. Gərək imkan yaradaq bizim vətəndaşlara ki, o peşələrə onlar yiyələnsinlər. Ona görə bu sahədə həm müəllimlərin üzərinə böyük vəzifə düşür, həm də tələbələr daim çalışmalıdırlar. Bilik, savad - onların yaxşı gələcəyini, təminatlı gələcəyini müəyyən edən budur”.

Prezident İlham Əliyev bununla cəmiyyətimizə belə bir həqiqəti çatdırır ki, müasir qloballaşma əsrində Azərbaycanda milli tərəqqinin yeganə yolu elm və təhsilin, yeni biliklərin, intellektual əməyin inkişafından, habelə kompüter və informasiya texnologiyalarının bütün idarəetmə səviyyələrində geniş tətbiqindən keçir. Bu reallıq nəzərə alınaraq dövlət rəhbərimizin həyata keçirdiyi uğurlu elm və təhsil siyasəti, bu sahədə özünü göstərən bir sıra problemlərin həlli mühüm əhəmiyyət kəsb edir.


Elm, təhsil: mütərəqqi ənənələr


Ötən 16 ildə Azərbaycanda tariximizin heç bir dövründə olmadığı qədər məktəblər, məktəbəqədər təhsil müəssisələri tikilib, mövcud təhsil ocaqları müasirləşdirilib. Bu proses Azərbaycanın mərkəzi qədər ən ucqar bölgələrimizi də əhatə edib.

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə Heydər Əliyev Fondunun təhsilin inkişafı yönündə gördüyü işlər isə xüsusilə böyük tarixi əhəmiyyət daşıyır. Təhsilin cəmiyyətimiz üçün bir dəyər kimi yeni məzmun qazanmasında, bu dəyərin hər kəsə əlçatan olmasında, təhsil sahəsindəki qlobal inkişaf meyillərinin ölkəmizə gətirilməsində Mehriban xanım Əliyevanın gördüyü işlər müstəsnadır.

Ölkə Prezidenti bu gün də təhsil sahəsində davamlı islahatlar həyata keçirir. Müasir Azərbaycan təhsilini özünün zəngin mütərəqqi ənənələri, milli-mənəvi və ümumbəşəri dəyərləri ilə beynəlxalq təcrübə üzərində daha da inkişaf etdirir. Müəllim nüfuzu yüksəlir, onların peşəkarlıq səviyyəsi artırılır, istedadlı insanların bu sahəyə cəlb edilməsi istiqamətində ciddi addımlar atılır. Nəticədə sağlam rəqabət və motivasiya güclənir, müəllimlik rəqabətli bir peşəyə çevrilir. Bununla da təhsilin keyfiyyət göstəriciləri durmadan yüksəlir.

Hazırda yeni qiymətləndirmə modelləri tətbiq olunur. Təmayülləşmənin müsbət nəticələri özünü göstərir. Tədrisdə İKT-dən istifadə imkanları genişləndirilir. Bu da ölkənin rəqabətqabiliyyətliliyinin, intellektual və elmi potensialının vacib göstəricilərindən birinə çevrilir. Şagirdlərdə məntiqi, tənqidi, yaradıcı təfəkkürü inkişaf etdirmək, tədqiqatçılıq bacarıqları formalaşdırmaq, innovasiyaları mənimsəmək və tətbiq etmək, onların yüksək texnoloji ixtisaslara marağını artırmaq məqsədilə Bakıda və region məktəblərində "Rəqəmsal bacarıqlar” layihəsi həyata keçirilir.

Xüsusi qayğıya ehtiyacı olan şəxslərin təhsil hüququ təmin olunur. Həmin kateqoriyadan olan uşaqların təhsil hüququnun təmin edilməsi və cəmiyyətə inteqrasiyası məqsədilə Heydər Əliyev Fondunun və UNICEF-in dəstəyi ilə "2018-2024-cü illərdə Azərbaycan Respublikasında əlilliyi olan şəxslər üçün inklüziv təhsilin inkişafı üzrə Dövlət Proqramı” həyata keçirilir. Fond tərəfindən ölkənin bütün internat və xüsusi məktəbləri əsaslı təmir edilmiş və ya yenidən qurulmuş, ən müasir avadanlıqlarla təchiz edilmiş, əlverişli təhsil mühiti yaradılmışdır. Hazırda 10 minədək belə uşaq xüsusi təhsil müəssisələrində, inteqrasiya təlimli və ümumi təhsil ocaqlarının nəzdindəki xüsusi siniflərdə oxuyurlar.

Hazırda dövlət siyasətində təhsil sisteminin maddi-texniki bazasının müasirləşdirilməsinə və yeni şəraitin yaradılmasına xüsusi diqqət yetirilir. Bu məqsədlə Prezident İlham Əliyev tərəfindən çoxsaylı proqramlar, sərəncamlar imzalanıb. 2019-cu ildə 84 yeni təhsil müəssisəsinin tikintisi və əsaslı təmiri həyata keçirilib. Onlardan 50-si modul tipli məktəblərdir. Heydər Əliyev Fondunun dəstəyi ilə 2003-2019-cu illər ərzində 3300-ə yaxın məktəb binası tikilib və ya əsaslı təmir edilib. Bu da bütün məktəblərin 74 faizini təşkil edir. Prezidentin sərəncamına əsasən, müəllimlərin aylıq vəzifə maaşı sentyabrın 1-dən orta hesabla daha 20 faiz artırılıb. Beləliklə, orta aylıq əməkhaqqı 600 manata çatıb. Bu artımlardan sonra aylıq əməkhaqqı 1000 manatdan çox olan müəllimlərin sayı təxminən 5 min nəfər təşkil edib.

Son illərdə ali təhsilin keyfiyyətinin yüksəldilməsi və bu sahənin təkmilləşdirilməsi istiqamətində ciddi islahatlar aparılıb. Yeni inkişaf trendləri əsas götürülməklə universitetlərin kadr potensialı və maddi-texniki bazası gücləndirilib, ali təhsilin əlçatanlığı istiqamətində mühüm addımlar atılıb.

Cənab İlham Əliyevin rəhbərliyi ilə ötən 16 il ərzində ölkəmizdə elm, təhsil, innovasiyaların tətbiqi sahəsində həyata keçirilən layihələr Azərbaycanın iqtisadi nailiyyətlərinə, geniş maliyyə imkanlarına əsaslanır. Bütün dünyada elm, təhsil, innovasiyalar çox böyük sərmayələr tələb edən sahələrdir. Əgər ölkəmiz lazımi maliyyə imkanlarına malik olmasaydı, bu layihələr yerinə yetirilə və uğur qazana bilməzdi.

Sevindirici haldır ki, Azərbaycan bu gün belə imkanlara sahibdir və elm-təhsil sahəsində həyata keçirilən davamlı islahatlar, baş verən dəyişikliklər vətənin xoşbəxt gələcəyini aydınladır.


Dəyərlərimizə sevgi


Müasir dünyada təkcə yüksək təhsil almaq, elmi biliklərə yiyələnmək, innovativ texnologiyaları mənimsəməklə iş bitmir. Milli-mənəvi dəyərlərin qorunması, xalqın öz tarixi keçmişinə, dilinə, inancına, mədəni sərvətlərinə sahib çıxmağı bacarması da çox böyük zərurətdir. Çünki qloballaşma seli bütün bu dəyərləri öz ağuşuna alıb aparır. İnsanları tədricən öz milli kimliklərindən uzaqlaşdırıb vahid qəlibə salır, bir-birinə bənzətməyə başlayır. Milli dövlətlər isə tarix boyu ənənəvi dəyərlər üzərində bərqərar olub. Bu dəyərlərin göz bəbəyi kimi qorunaraq gələcək nəsillərə ötürülməsi dövlətimizin əbədiliyi, istiqlalımızın möhkəmliyi üçün çox mühümdür. Ona görə də ötən illər ərzində milli-mənəvi dəyərlərimizə xüsusi diqqət ölkə rəhbərinin fəaliyyətində xüsusi yer tutub.

Ana dilimiz, təbii ki, bu dəyərlərin önündə gəlir. Qloballaşma şəraitində Azərbaycan dilinin qorunması və inkişafı məqsədilə dövlət rəhbərimiz ardıcıl addımlar atır. Prezident İlham Əliyev ana dilimizə adi bir ünsiyyət vasitəsi kimi deyil, qədim tarixi, zəngin mədəniyyəti, müasir dünyada ictimai mövqeyi ilə tanınan bir xalqın milli sərvəti kimi yanaşır. Həyata keçirdiyi dil siyasəti ilə ana dilimizin inkişafına, onun dövlət statusunu daha da möhkəmləndirməyə, dünya dilləri sırasında nüfuzunu artırmağa çalışır.

Azərbaycan Prezidenti xalqımızın başqalarına da örnək olan mütərəqqi adət-ənənələrinə böyük sayğı ilə yanaşır və gənc nəsli də buna çağırır. "Biz ənənəvi dəyərlər üzərində dövlət qururuq, böyük-kiçik var. Bunu biz qorumalıyıq, gənclər də məni eşitsinlər, daim böyük-kiçik məsələsinə fikir versinlər” deyir dövlət rəhbərimiz və artıq bəzi ölkələrdə buna fikir verilməməsini təəssüflə diqqətə çatdırır: "...Biz ənənəvi düşüncədən kənarda yaşaya bilmərik və gənc nəsil də bunu bilsin. Yaşlılara hörmət olunmalıdır, yaşına görə. İndi bəziləri istəyirlər ki, bizim lüğətimizdən "ağsaqqal”, "ağbirçək” sözləri çıxsın, necə ki, bəzi ölkələrdə”.

Azərbaycan Prezidenti gəncliyimizi ziyanlı ideologiyaların təsirindən qorumağa çalışır. Cəmiyyətə fitnə-fəsad salmaq istəyənlərin əməllərindən kənar tutmaq üçün onlara inkişafın, tərəqqinin, aydın gələcəyin ən düzgün yollarını göstərir. Prezident İlham Əliyev müqəddəs inancımızı da bütün dünyada hücumlardan, böhtanlardan, qara təbliğatdan mühafizə edir. Dünyaya islamın yanlış yozumlarını, məkrli məqsədlərlə qəsdən təhrif olunaraq qabardılan məqamlarını deyil, ən gözəl sifətlərini təqdim edir. İslamın sülh, inkişaf, elm-təhsil, mənəvi tərbiyə dini olduğunu bütün aləmə çatdırır. Bu yöndə sistemli iş aparır. Şərq və islam mədəniyyətinin qədim mərkəzlərindən biri kimi, Azərbaycanın yaratdığı mükəmməl inkişaf örnəyinə, dövlət-din münasibətlərinə diqqəti çəkir.


Azərbaycan dünya üçün bir örnəkdir


Şərqlə Qərbin qovuşuğunda, fərqli mədəniyyətlərin təmas nöqtəsində qərar tutan, özünün tolerantlıq ənənələrini daha da inkişaf etdirən, multikulturalizm ideyalarının bütün ölkələrə yayılmasına çalışan Azərbaycan bu gün dünya üçün bir örnəkdir.

Prezident İlham Əliyev yerli jurnalistlərə ilin yekunları ilə bağlı verdiyi müsahibəsində bu məsələyə xüsusi toxunaraq demişdir: "Azərbaycan çoxmillətli, çoxkonfessiyalı bir ölkədir. Azərbaycanda bütün xalqların, dinlərin nümayəndələri bir ailə kimi yaşayır. Bu unikal təcrübə artıq bir çox ölkələr tərəfindən öyrənilir. Bu, həqiqətən belədir. Bu həm dövlət siyasətidir, həm də cəmiyyətdən gələn sifarişdir. Biz əsrlər boyu bu ab-havada yaşamışıq və Azərbaycanda yaşayan bütün dinlərin nümayəndələri heç vaxt heç bir ayrı-seçkilik hiss etməmişlər, heç vaxt tarixdə dini-milli zəmində Azərbaycanda qarşıdurma, yaxud da hansısa bir anlaşılmazlıq olmamışdır. Ona görə də biz bu siyasəti apararkən hesab etdik ki, əgər geniş beynəlxalq əməkdaşlıq bu istiqamətdə qurularsa, bu həm bizim üçün daha yaxşı olacaq, həm də biz regionda mövcud olan vəziyyətə də müsbət təsir göstərəcəyik”.

Müasir dünyamızın güclü liderlərindən olan Prezident İlham Əliyev bu gün təkcə Azərbaycanı inkişaf etdirmir, ölkəmizin sosial-iqtisadi yüksəlişi, abadlığı, xalqın rifahı qeydinə qalmır, eyni zamanda bəşəri problemlərə diqqət ayırır, bu problemlərin həlli naminə dövlətlərin, dünyanın nüfuzlu insanlarının bir araya gəlməsinə çalışır. Çünki hazırda xalqların, dövlətlərin tərəqqisi, qazanılmış sosial-iqtisadi nailiyyətlərin qorunması və inkişafı ümumən qlobal əməkdaşlıqdan, müasir dünyamızın terrorizm, dini, milli-irqi ayrı-seçkilik, müxtəlif toplumların həyat səviyyələri arasındakı qeyri-bərabərlik kimi problemlərinin aradan qaldırılmasından keçir.

Son illər Azərbaycanın evsahibliyi etdiyi beynəlxalq humanitar forumların, hazırda dünyada humanitar əməkdaşlıq sahəsində ən nüfuzlu platformalardan birinə çevrilmiş "Bakı prosesi”nin məramı da budur. Hər il Azərbaycanda keçirilən beynəlxalq tədbirlər dünyanın tanınmış siyasət, elm, mədəniyyət xadimlərini bir araya gətirir. Bəşəriyyətin bugünü və gələcəyi ilə bağlı məsələlər müzakirəyə çıxarılır. Dünyada sülhün, davamlı inkişaf mühitinin, insanların rifahının təmin olunması, multikulturalizm ideyalarının yayılması yönündə qazanılmış nailiyyətlər qiymətləndirilir, yeni imkanlar nəzərdən keçirilir, mövcud problemlərin həlli üçün birlikdə yollar axtarılır. Bu tədbirlərin təşkilində, Azərbaycandan bəşəriyyətə ünvanlanan çağırışların yerlərə çatmasında ölkəmizin Birinci vitse-prezidenti, UNESKO və ISESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın xidmətləri böyükdür. Eyni vaxtda bu iki təşkilatın sülhməramlı səfiri ali titulunu daşıyan Mehriban xanım Əliyeva öz ictimai obrazında həm Şərqə, həm də Qərbə xas mütərəqqi ideyaları bir araya gətirir. Azərbaycan özü də bu gün həm Şərq, həm də Qərb dünyasının düşünən insanlarını, mütərəqqi ideyalarını orta məxrəcə gətirməklə hazırda iki sivilizasiya, iki dünyagörüş arasında təmas məkanı rolunu oynayır. Və hər iki mədəniyyətə verdiyi zəngin töhfələrlə tarixinin yeni, parlaq səhifələrini yaradır.


Keçmiş, bu gün, gələcək


Xalqın tarixi keçmişi Azərbaycan Prezidenti üçün gələcəyə işıq salan, bir çox məsələlər haqqında düzgün nəticə çıxarmağa, doğrunu yanlışdan ayırmağa kömək göstərən aynadır. Ona görə də dövlət başçısı xüsusilə gəncləri tarixi yaxşı öyrənməyə çağırır: "Əgər tarixi yaxşı bilsələr, görərlər ki, tariximizdə heç vaxt heç bir kənar qüvvə, heç bir yad dairə bizim xoşbəxtliyimizi istəməyib, əksinə, bizi əzmək istəyib, özünə ram etmək istəyib, sərvətlərimizi talamaq istəyib, bizi alçaltmaq istəyib. Əgər belə olmasaydı, bizim çoxəsrlik tariximizin böyük hissəsi müstəmləkəçilik tarixi olmazdı. Bir daha demək istəyirəm ki, bizim müstəqillik dövrlərimiz Azərbaycan xalqının tarixində çox məhduddur. Məhz ona görə ki, aldanmışıq, əzilmişik. Buna imkan vermək olmaz və verməyəcəyik, biz möhkəm dayanmışıq. Heç kim bizim işimizə müdaxilə edə bilməz, heç bir kənar qüvvə bizim iradəmizə təsir edə bilməz. Qoy ləkələsinlər, qoy yalan-uydurma yaysınlar, bizə yapışmır. Əsas odur ki, biz öz həyatımızı ləyaqətlə yaşayaq. Ləyaqətli insanlar kimi, vətənə bağlı olan insanlar kimi, mərd insanlar kimi yaşayaq, quraq, yaradaq, bütün yad qüvvələrə cavabımızı verək və öz inkişaf yolumuzu davam etdirək”.

Ona görə də Prezident İlham Əliyev Ulu Öndər Heydər Əliyev kimi Azərbaycan tarixinin qədim qatlarını üzə çıxarır, möhkəm tarixi təməllər üzərində bizə gələcəyə doğru aydın yol göstərən şəxsiyyətlərimizi, düşüncə adamlarımızı daim gündəmdə saxlamağa çalışır. Azərbaycan xalqının əsrlər ərzində formalaşdırdığı zəngin tarixi irsə yeni həyat verir. Bu irsi bütün dünyada təbliğ edir. Azərbaycan xalqının belə bir irsi formalaşdırmaqla, bu qədər şəxsiyyətləri yetirməklə böyük xalq olduğunu bəşəriyyətə göstərir. Məsələn, bu il, ölkəmizdə "Nəsimi ili”nin elan olunması, müxtəlif illərdə görkəmli şəxsiyyətlərimizin yubileylərinin təntənəli şəkildə keçirilməsi, onların həyat və yaradıcılıqlarının təbliği buna bir nümunədir.

Belə genişmiqyaslı tədbirlər, layihələr Azərbaycanın görkəmli nümayəndələrinin xalqın taleyüklü problemləri, keçmişi və gələcəyi ilə bağlı olan mühüm konseptual fikirlərinin bu və ya digər formada şərhinə, müasir dünyagörüşü işığında araşdırılmasına, sistem halına salınmasına imkan verir. Nəticə etibarilə bütün bunlar böyüməkdə olan nəslin sərvətinə çevrilir. İctimai fikir tariximizin zənginliyi işığında onların dünyagörüşünün əsasını formalaşdırır. Beləliklə, irs və varislik arasında qırılmaz rabitə, vəhdət təmin edilir.

Prezident İlham Əliyev yerli jurnalistlərə ilin yekunları ilə bağlı verdiyi müsahibəsində xüsusi vurğulamışdı ki, bizim siyasətimiz konseptual xarakter daşıyır: "Əgər son 16 ilin tarixinə geniş nəzər salsanız, görərsiniz ki, heç bir addım təsadüfi olmayıb. Hər bir addımın arxasında çox böyük təhlil və böyük məqsədlər dayanır. Beləliklə, kadr islahatları zamanında aparılır. Bəlkə beş il bundan əvvəl bu cür kadr islahatları aparmaq düzgün olmazdı, amma iki il bundan sonra da artıq gec olardı. Ona görə hesab edirəm ki, kadr islahatları, struktur islahatları zamanında aparılır. Ümumiyyətlə, işə yanaşma tərzi dəyişir. Azərbaycan yeniləşir, Azərbaycanın yeni siması ortalığa çıxır, iqtidarın yeni siması ortalığa çıxır - müasir dövrə uyğun, cəmiyyətimizin gözləntilərinə uyğun və bizim inkişaf strategiyamıza uyğun. Hər şey buna bağlıdır. İlk növbədə, bizim milli maraqlarımız, dövlətçiliyimiz, vətəndaşların rahat yaşaması, sosial rifah və kadrlar bu məqsədlərə qulluq etməlidirlər”.

Azərbaycan Prezidenti hər zaman insanlarımızı vətənpərvər olmağa, gəncləri də bu ruhda tərbiyələndirməyə səsləyir. Bildirir ki, əgər vətənpərvərlik ruhu olmasa, ölkəmizin gələcəyi də olmaz: "Bu olmasa, nə vaxtsa yenə də kiminsə təsiri altına düşüb, yenə də müstəqillik arzuları ilə yaşayacağıq. Ona görə gənclərdə vətənpərvərlik çox güclü olmalıdır. Gənclər milli ruhda, vətənpərvərlik ruhunda, ənənəvi dəyərlər əsasında tərbiyə almalıdırlar. Bax, belə gənclər ölkəmizi gələcəyə inamla aparacaq. Hesab edirəm ki, bugünkü gənclərin mütləq əksəriyyəti bu meyarlara cavab verir - bilikli, savadlı, vətənə bağlı, vətənpərvər və dünyaya açıq. Elə olmalıdır ki, Azərbaycanın dövlət müstəqilliyi güclənsin”.

Bu, sabaha doğru göstərilən aydın istiqamətdir. Və Azərbaycan xalqı bu istiqamətlə, bu kursla gələcəyə doğru irəliləyərək milli dövlətçilik tarixinin yeni zirvələrini fəth edəcəkdir.

İradə ƏLİYEVA,

"Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video