26 Oktyabr 2021 19:25
1159
Səfərlər
A- A+

Füzuli Beynəlxalq Hava Limanının açılış mərasimi olub  Prezidentlər İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan açılış mərasimində iştirak ediblər  YENİLƏNİB

 

Oktyabrın 26-da Füzuli Beynəlxalq Hava Limanının açılış mərasimi olub.

AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan açılış mərasimində iştirak ediblər.

Azərbaycan və Türkiyə prezidentləri hava limanının rəmzi açılışını bildirən lenti kəsdilər.

Füzuli Beynəlxalq Hava Limanının rəmzi açarları prezidentlərə təqdim edildi.

Dövlət başçıları hava limanında yaradılan şəraitlə tanış oldular.

AZAL-ın prezidenti Cahangir Əsgərov dövlət başçılarına görülən işlər barədə məlumat verdi.

Bildirildi ki, Qarabağın hava qapısı adlandırılan Füzuli Beynəlxalq Hava Limanı ən müasir səviyyədə inşa olunub. Hava limanının istənilən tip hava gəmisini qəbul etmək imkanları var. Uçuş-enmə zolağının uzunluğu 3000, eni isə 60 metrdir. Hava limanının müasir infrastrukturla təchiz olunan terminalı saatda ən azı 200 sərnişinin buraxılışına imkan verir. Burada görülən bütün işlər beynəlxalq norma və standartlara uyğun şəkildə həyata keçirilib. Hava limanının ətrafında geniş abadlıq-quruculuq işləri aparılıb. Burada avtomatlaşdırılmış sistemlərlə təchiz olunan Hava Hərəkətini İdarəetmə qülləsi tikilib. Bu isə Füzuli Beynəlxalq Hava Limanında ICAO və IATA standartlarına müvafiq qaydada uçuşların başlanmasını mümkün edir. Hava limanında baqaj konveyerləri, qeydiyyat sistemi, VIP zallar, mağazalar, restoranlar və digər zəruri məntəqələr yaradılıb. Burada sərnişinlərin rahatlığı üçün bütün meyarlar diqqət mərkəzində saxlanılıb.

O da qeyd olundu ki, hazırda Zəngilan və Laçında beynəlxalq hava limanları tikilir və onların inşası ilə regionun nəqliyyat imkanları daha da genişləndiriləcək.

Daha sonra dövlət başçılarına Cocuq Mərcanlıda açılacaq Suvenir İstehsalı Müəssisəsinin fəaliyyəti barədə məlumat verildi. “Cocuq Mərcanlının İnkişafı” Fondu, “TÜİB” və “TİKA”nın maliyyə dəstəyi ilə yaradılacaq müəssisədə Cocuq Mərcanlı kəndinin 25 sakini işlə təmin olunacaq. Burada hədiyyəlik saxsı qablar, kiçik ölçülü xalçalar, əl işləri və digər məhsullar istehsal ediləcək. Müəssisənin tikintisinə dövlət də öz dəstəyini verib. Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin operatorluğu ilə şirkət təsis olunub, istehsal avadanlıqları alınıb və istehsalın təşkili üçün Türkiyədən mütəxəssislər cəlb edilib. Bundan əlavə, “TİKA”nın dəstəyi ilə 15 istixana yaradılıb. 15 ailənin çalışdığı istixanalarda lavanda və bibəriyyə bitkiləri, tərəvəz yetişdiriləcək.

Beləliklə, ən müasir tələblərə cavab verən beynəlxalq hava limanının qısa müddətdə və yüksək keyfiyyətlə inşası Azərbaycan dövlətinin qüdrətini göstərməklə yanaşı, həm də işğaldan azad edilmiş rayonlarımızın tezliklə bərpa olunacağının və oraya yenidən həyatın qayıtmasının bariz nümunəsidir. Bu hava limanının istifadəyə verilməsi bölgəyə səfər edənlərin rahatlığını təmin edəcək, işğaldan azad olunmuş torpaqlarımızda aparılan quruculuq işlərinin daha da sürətlənməsinə töhfə verəcək, nəinki Füzulinin, ümumilikdə bölgənin sosial-iqtisadi inkişafında müstəsna rol oynayacaq.

Daha sonra dövlət başçıları söhbət etdilər.

Prezident İlham Əliyev: Təşəkkür edirəm. Yaxından çəkin. Əziz qardaşım mənə bu gözəl saatları hədiyyə edib. “Xarıbülbül” təsviri də üstündə.

Prezident Rəcəb Tayyib Ərdoğan: Şuşaya gəlmişdik. Buradan Şuşa yaxındır. “Xarıbülbül” də Şuşanın simvoludur.

Prezident İlham Əliyev: Bəli, çox sağ olun, təşəkkür edirəm.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video