26 Fevral 2012 01:02
325
SİYASƏT
A- A+

Fransa mətbuatında Azərbaycandan bəhs edən məqalələr dərc olunmuşdur

 

Fransanın Alzas bölgəsinin paytaxtı Strasburqda böyük tirajla nəşr olunan gündəlik "Les dernieres nouvelles d' Alzace" ("Alzasın son xəbərləri") qəzetinin 24 fevral tarixli nömrəsinin iki səhifəsində qəzetin əməkdaşı Paskal Kokinin  Azərbaycanla bağlı müxtəlif mövzulardan bəhs edən yazıları ayrı-ayrı başlıqlar altında verilmişdir.

 

Nüfuzlu qadın

 

Bu sərlövhəli yazıda Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın Prezidentin xanımı kimi rəsmi protokol qaydaları ilə bərabər, siyasət aləmindəki rolu və fəaliyyətindən bəhs olunmuşdur.

Məqalədə Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu tərəfindən Azərbaycan mədəniyyətinin, musiqisinin və incəsənətinin dünyada, o cümlədən Fransada tanıdılması ilə bağlı təşkil edilən müxtəlif sərgilər, konsertlər və digər tədbirlər diqqətə çatdırılmış, 2009-cu ildə Strasburqdakı kafedral kilsənin bir hissəsinin təmirinə fondun yardım etdiyi vurğulanmışdır. Müəllif Mehriban xanım Əliyevanın Azərbaycandakı fəaliyyətinə toxunmuş,  prezidenti olduğu fondun məktəb binalarının tikintisi və təmiri, yeni səhiyyə və mədəniyyət ocaqlarının inşası ilə bağlı böyük layihələri həyata keçirdiyini qeyd etmişdir.

Məqalədə humanist dəyərlərə malik Mehriban Əliyevanın yalnız Azərbaycanda deyil, xarici ölkələrdə də böyük nüfuz sahibi olduğu xüsusi vurğulanmışdır.

 

Fransız senatorlarının Azərbaycana səfəri

 

Bu yazıda Fransanın Orn departamentindən senator seçilmiş Natali Qulenin rəhbərlik etdiyi bir qrup senatordan ibarət nümayəndə heyətinin Azərbaycana səfərindən, dövlət başçısı İlham Əliyev və digər rəsmi şəxslərlə keçirdikləri görüşlərdən, qaçqın və məcburi köçkünlərə baş çəkmələrindən bəhs olunmuşdur.

Müxbir Alzas bölgəsinin Bas-Reyn və Ot-Reyn departamentlərindən senator seçilmiş Andre Reşard və Jan-Mari Bokelin fikirlərinə istinad edərək bu səfərin iki ölkə arasında əlaqələrin, xüsusilə iqtisadi sahədə əməkdaşlığın inkişafına kömək edəcəyini bildirmişdir.

 

Xocalı faciəsinin 20 illiyi

 

Bu başlıqlı məqalədə XX əsrin ən qanlı faciəsi olan Xocalı soyqırımından söz açılmışdır. Bildirilmişdir ki, Dağlıq Qarabağın mərkəzində yerləşən və əhalisi bütünlükdə azərbaycanlılardan ibarət olan Xocalı şəhərinə fevralın 25-dən 26-na keçən gecə soxulmuş erməni və rus hərbçilərinin silahsız və köməksiz dinc əhalini vəhşiliklə qətlə yetirmələrinin 20 illiyinin fevralın 26-da Azərbaycan xalqı tərəfindən geniş qeyd olunacağını xatırlatmış, ölkəmizin Avropa Şurası yanındakı daimi  nümayəndəliyinin Xocalı soyqırımını "Qafqazın Srebrenitsa" soyqırımı kimi tanıtmaq istiqamətində apardığı işi təqdir etmişdir.

Məqalədə müdhiş gecədə dinc insanların qətlə yetirilməsi, yaralanması, itkin düşməsi və girov götürülməsi barədə ətraflı məlumat verilmiş, bu soyqırımına indiyə qədər siyasi qiymət verilmədiyi qeyd edilmişdir.

 

Yeni qəsəbələr

 

Müəllif Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Dağlıq Qarabağ bölgəsinin və ona bitişik 7 rayonun ermənilər tərəfindən işğalı nəticəsində bir milyondan artıq azərbaycanlının öz doğma yurdlarından silah gücünə zorla çıxarıldığını, qaçqın və məcburi köçkün kimi öz vətənlərində məskunlaşdıqlarını, onların şəraitlərinin yaxşılaşdırılması istiqamətində görülən işləri diqqətə çəkmiş, dövlət tərəfindən onlara göstərilən qayğının təzahürü kimi müasir üslubda 72 qəsəbənin salındığını, bunun üçün dövlətin külli məbləğdə vəsait sərf etdiyini, Prezidentin fərmanına əsasən qaçqın və məcburi köçkünlərin vergidən, qaz, işıq və su pulu ödənişlərindən azad edildiyi qeyd olunmuşdur.

Vaqonlarda və çadırlarda məskunlaşmış qaçqın və məcburi köçkünlərin dövlətin qayğısı sayəsində sayı 74 faizdən azalaraq 18 faiz təşkil etdiyi və onların da yaşayış şəraitlərinin yaxşılaşdırılması istiqamətində işlər görüldüyü vurğulanmışdır.

 

Geri dönmək həsrəti

 

Ermənilərin Azərbaycan ərazilərinin 20 faizini işğal etməsi səbəbindən 20 ildən artıq öz ata-baba ocaqlarından uzaq düşmüş minlərlə azərbaycanlı ailəsinin öz doğma torpaqlarına geri dönməyin həsrətini çəkmələri, uşaqlıqdan göz açıb böyüdüyü o yerlərə qayıtmağın arzusu ilə yaşamaları "Geri dönmək həsrəti" başlıqlı məqalənin əvvəlində yer almışdır.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə qədər bu bölgədə yaşayan və erməni işğalı nəticəsində isti ocaqlarından məhrum olan ailələrin müharibə zamanı bir  və ya bir neçə üzvünü itirdiyi qeyd olunmuşdur.

Fransız jurnalisti qaçqın və məcburi köçkün həyatı yaşayan bəzi ailələrlə görüşmüş, onların acı talelərindən ətraflı bəhs etmiş, doğma torpaqlarına qayıtmaq ümidini itirmədikləri haqda oxuculara məlumat vermişdir. 

 

İrəliyə doğru böyük sıçrayış

 

Bu sərlövhəli məqalədə yeraltı sərvətlərlə zəngin olan Azərbaycanın son illər bütün sahələrdə irəliyə doğru böyük sıçrayışlar etdiyi, Cənubi Qafqaz ölkələri arasında lider dövlətə çevrildiyi, Qərblə müsəlman dünyası arasında körpü rolu oynadığı, Avropa dəyərlərinə inteqrasiyada maraqlı olduğu və bu istiqamətdə mühüm addımlar atdığı, ərazisinin 20 faizinin ermənilər tərəfindən işğal edilməsinə və bir milyondan artıq qaçqın və məcburi köçkün problemi ilə üzləşməsinə baxmayaraq, iqtisadi inkişafa görə Avropanın bəzi ölkələrini arxada qoyduğu, öz neftini  Bakı-Tbilisi-Ceyhan kəməri ilə Avropaya nəql etdiyi, dövlətin qeyri-neft sektorlarını inkişaf etdirmək məqsədilə müxtəlif layihələri həyata keçirdiyi yer almışdır.

Yazıda ölkəmizin paytaxtı Bakıdan geniş bəhs olunmuş, şəhərin simasını gündən-günə dəyişdiyi, nəhəng tikinti meydançasını xatırlatdığı qeyd olunmuşdur. P.Koki müasir layihələr əsasında Bakıda gözoxşayan binalar ucaldıldığını, Azərbaycanın zəngin tarixi abidələri, gözəl təbiəti ilə get-gedə daha çox turistləri cəlb etdiyini vurğulamışdır.

Dünyəvi müsəlman ölkəsi Azərbaycanın paytaxtı Bakının tezliklə Dubayı arxada qoyacağı diqqətə çəkilmişdir.

 

Müharibə təhlükəsi

 

SSRİ-nin süqutundan sonra onun ərazisində münaqişələr yarandığı və onların hələlik dondurulduğu, öz xarakterinə görə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin digərlərindən fərqləndiyi, münaqişə zamanı 30 mindən artıq insanın həlak olduğu və onun Avropada unudulduğu bu yazıda öz əksini tapmışdır.

Müəllif 1994-cü ildə Azərbaycan ilə Ermənistan arasında atəşkəsə dair razılıq əldə edildiyini, hökm sürən sakitliyin müvəqqəti xarakter daşıdığını göstərmişdir. O, müharibə təhlükəsinin daim hiss olunduğunu qeyd etmişdir. Azərbaycanın hərbi büdcəsinin daim artdığını yazan jurnalist ölkəmizin münaqişənin sülh yolu ilə həllinə önəm verdiyini, konstruktiv danışıqlar barədə çağırışlardan erməni tərəfinin boyun qaçırdığını bildirmiş, Prezident İlham Əliyevin Azərbaycanın öz ərazisinin işğalı ilə heç vaxt barışmayacağı haqda söylədiyi fikri  fransız oxucularının diqqətinə çatdırmışdır.

 

Əsgər ƏLİYEV,

AzərTAc-ın xüsusi müxbiri

 

Paris

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video