24 Sentyabr 2021 16:30
988
Mədəniyyət
A- A+

Fərhad Bədəlbəyli: Şuşanın musiqi ənənələri

 

Artıq bir ilə yaxındır ki, biz həyatımızın bəlkə də ən işıqlı ağ zolağını yaşayırıq. Qarabağdakı möhtəşəm Qələbəmiz, uzun illərdən sonra Qarabağın işğalına son qoyulması, mədəniyyətimizin incisi Şuşanın azad edilməsi Zəfər tariximizin şərəfli səhifələrinə yazılmışdır. Möhtərəm Prezidentimiz, Ali Baş Komandanımız İlham Əliyevin başçılığı altında şanlı ordumuzun, eləcə də bütün Azərbaycan xalqının bu tarixi hadisələrdəki rolu hələ bundan sonra neçə-neçə kitabların, sənət əsərlərinin mövzusu olacaq. Biz mədəniyyət xadimləri hər zaman Prezidentimizin yanında olaraq, bu Qələbədən ruhlanıb, öz yaradıcılığımızda bunu tərənnüm edirik, bütün fəaliyyətimizi Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasına həsr edirik. Mədəniyyət, xüsusilə də musiqi bunun üçün ən gözəl vasitədir.

Bu fikirlər Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının rektoru, Azərbaycan və SSRİ xalq artisti, professor Fərhad Bədəlbəylinin AZƏRTAC təqdim etdiyi “Şuşanın musiqi ənənələri” sərlövhəli yazısında yer alıb. Yazını təqdim edirik.

Qədim dövrlərdən bu günə kimi mədəniyyətimizin beşiyi sayılan Qarabağ torpağı xüsusilə poeziyamıza və musiqimizə neçə-neçə görkəmli sənətkarlar bəxş etmişdir. Onların yaratdıqları sənət əsərləri dünya mədəniyyət xəzinəsinə daxil olmuş, millətindən, dinindən, dilindən asılı olmayaraq, dünyanın bir çox xalqları üçün zövq və maraq mənbəyinə çevrilmişdir. Bu mədəniyyət üzərində yetişmiş azərbaycanlılar sənət dünyasını öz töhfələri ilə zənginləşdirirlər.

Azadlıq rəmzimiz olan Şuşanın Azərbaycanın mədəniyyət paytaxtı elan olunması xüsusilə önəmlidir. Möhtərəm Prezidentimizin dediyi: “Əziz Şuşa, sən azadsan! Biz qayıtmışıq. Biz səni dirçəldəcəyik” sözləri dilimizin əzbərinə çevrilərək, reallaşır. Bu istiqamətdə görülən böyük quruculuq və bərpa işləri göz qabağındadır. Vaxtilə yalnız arzu etdiyimiz Şuşada festivalların, konsertlərin, sərgilərin, görüşlərin keçirilməsi indi həyatımızın gerçəkliyinə çevrilib. Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyevanın rəhbərliyi ilə həyata keçirilən Şuşadakı böyük layihələrdə biz ruh yüksəkliyi ilə yaxından iştirak edirik. Şuşaya hər səfərimiz isə olduqca zəngin təəssüratlar doğurur. Mən Şuşaya hər getdiyimdə tədricən bərpa olunan, dirçələn, yenilənən Şuşanı görürəm.

Şuşa – Üzeyir Hacıbəylinin, Mir Möhsün Nəvvabın, Cabbar Qaryağdıoğlunun, Bülbülün, Rəşid Behbudovun, Niyazinin, Soltan Hacıbəyovun, Əfrasiyab Bədəlbəylinin, Süleyman Ələsgərovun, Əşrəf Abbasovun, Nazim Əliverdibəyovun, Vasif Adıgözəlovun və neçə-neçə musiqiçi nəsillərinin vətənidir. Bu adlar, soyadlar musiqi tariximizə qızıl hərflərlə yazılıb. Şuşada boya-başa çatmış çox sayda musiqiçilər – bəstəkarlar, müğənnilər, dirijorlar, musiqi ifaçıları Azərbaycan musiqisinin şöhrətini dünyaya yayırlar, Bu gün də onların əsərləri səslənir və insanlara zövq aşılayır. Müasir dövrdə də musiqiçi nəsillərinin davam etməsi Şuşanın canlı musiqi ənənələrinin yaşadılması deməkdir.

Şuşanın hər bir guşəsi, hər bir məhəlləsi müəyyən bir musiqiçi nəslinin adı ilə, onların xatirəsi ilə bağlıdır. Onların ruhu bəlkə də vaxtilə yaşadıqları evlərdə dolaşır. Yəqin ki, bu evlər də digər mədəniyyət abidələri kimi tədricən bərpa olunaraq, yenidən böyük sənətkarlarımızın ruhunu, xatirəsini yaşadacaq və dünyaya bəyan edəcək, musiqi məbədinə çevriləcək. Artıq burada Üzeyir Hacıbəylinin, Xurşidbanu Natəvanın, Vaqifin heykəllərinin, Bülbülün ev-muzeyinin bərpa olunması, bu işlərin davamlı olmasına zəmin yaradır.

Şuşa azad olunandan sonra bu şəhərə ilk səfərim və daha sonrakı səfərlərim arasında bunun şahidi oluram ki, şəhər gün-gündən dirçəlir, səması aydınlaşır, havası belə təmizlənir. Şuşa sanki yaradıcı insanların gəlişinə sevinir.

Hamımızın böyük sevinclə iştirak etdiyimiz “Xarıbülbül” festivalını xüsusi qeyd etmək istəyirəm. Heydər Əliyev Fondunun təşkilatçılığı ilə keçirilən bu möhtəşəm festival Azərbaycanın mədəniyyət ənənələrinin ölməzliyinin dünyaya nümayişi idi. Xüsusilə dünya ulduzuna çevrilmiş azərbaycanlı musiqiçilərin, görkəmli musiqi xadimlərinin və musiqi kollektivlərinin, ölkəmizdə yaşayan azsaylı xalqların nümayəndələrinin bu konsertlərdə iştirakı azərbaycançılıq ideyalarının, respublikamızda hökm sürən tolerantlıq mühitinin tərənnümü ilə bağlı idi. Mən bu festival haqqında təəssüratlarımı bölüşərək, demək istəyirəm ki, biz həqiqətən də ürəkdən sevinirdik. Sanki Şuşa təbiəti özü bizə dəstək olurdu. Hətta Cıdır düzündəki açıq səhnədə Murad Adıgözəlzadə ilə birlikdə çıxışımız zamanı göydə qartalın süzməsi elə bir əsrarəngiz hiss yaratdı ki, bu bizi çox təsirləndirdi. Musiqi Şuşanın şüşə kimi saf havasında cingildəyərək əks-səda verirdi. İnsanlar çox səmimiyyətlə öz hissələrini, təəssüratlarını bir-birilə bölüşür, səhnədən kənarda da çalıb-oynayırdılar, Şuşaya qayıdış sevincini qəlbən yaşayırdılar.

Şuşanın rəmzinə çevrilmiş “Xarıbülbül” – həm də mədəniyyətimizdə möhtəşəm Beynəlxalq Musiqi Festivalı kimi əbədiləşdi və əminik, bu festival davamlı olacaq, yeni ənənələr yaradacaq. Bu festival, eyni zamanda, digər mədəniyyət tədbirlərinin keçirilməsinə də yol açdı. Vaqif Poeziya Günləri, Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi Festivalı bunun bariz sübutudur. Bunlar hamısı bizim mədəniyyətimizin böyüklüyünü nümayiş etdirir.

Bu il bizim üçün daha bir hadisə ilə əlamətdardır. Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasınnın 100 illik yubileyinin keçirilməsi həm respublikamızın, həm də beynəlxalq musiqi ictimaiyyəti tərəfindən yüksək səviyyədə qeyd olunur. Möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən bununla bağlı sərəncamların imzalanması, bu günlərdə akademiyanın əməkdaşlarının fəxri adlarla, orden və medallarla, prezident təqaüdləri ilə təltif olunması, həmçinin, Qəbələ Beynəlxalq Musiqi Festivalının bu yubileyə həsr olunması olduqca önəmlidir. Eyni zamanda, Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi Festivalının proqramında bizim məzunlarımızın, müəllim-tələbə heyətinin iştirakı Bakı Musiqi Akademiyasının respublikanın musiqi həyatındakı aparıcı rolunu bir daha sübut edir.

Və bir daha Üzeyir bəyin ənənələrinin yaşarılığını nümayiş etdirir. Azərbaycanın milli bəstəkarlıq məktəbinin, müasir musiqi mədəniyyətinin və musiqi təhsilinin qurucusu olmuş Üzeyir Hacıbəylinin Şuşalı ruhu bu gün bizimlə bərabərdir. Mən hər zaman deyirəm ki, Üzeyir bəy olmasaydı, bəlkə biz də olmazdıq. Azərbaycan musiqisinin tərəqqisinə çalışmaq, onu yeni adlarla, ifalarla zənginləşdirmək, dünyaya tanıtmaq bu gün bizim amalımızdır.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video