19 Sentyabr 2021 00:58
1617
İQTİSADİYYAT
A- A+

“Əsrin müqaviləsi”ndən “Cənub qaz dəhlizi”nədək...

 

Heydər Əliyevin əsasını qoyduğu və İlham Əliyevin qlobal layihələrlə inkişaf etdirdiyi neft-qaz strategiyası Azərbaycana yeni uğurlar qazandırır

 

Azərbaycanın yeni neft strategiyasına start verən “Əsrin müqaviləsi”nin imzalanmasından 27 il keçir. Bu gün Azərbaycan neftçiləri həmçinin özlərinin peşə bayramını qeyd edirlər. Sentyabrın 20-si Azərbaycan üçün “Cənub qaz dəhlizi”nin təməlinin qoyulduğu gün kimi də əlamətdardır. Bu tarixi hadisə isə 7 il əvvəl - “Əsrin müqaviləsi”nin imzalanmasının 20-ci ildönümü günü Səngəçal terminalında baş vermişdir.

SOCAR (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) və dünyanın 11 aparıcı neft şirkəti arasında Xəzər dənizinin Azərbaycan sektorundakı “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlarının tammiqyaslı işlənməsi və Hasilatın Pay Bölgüsü Sazişinin (HPBS) imzalanması Ulu Öndər Heydər Əliyevin təşəbbüsü və gərgin səyi ilə gerçəkləşdi. Bu kontrakt miqyasına və əhəmiyyətinə görə “Əsrin müqaviləsi” adını aldı.

 Ulu Öndər Heydər Əliyev böyük uzaqgörənliklə “Əsrin müqaviləsi”nin qarşıdakı inkişaf yolunun, nəhəng işlərin başlanğıcı olduğunu demişdi. Zaman göstərdi ki, bu, həqiqətən də, gələcək əsrlərə hesablanmış bir sazişdir. “Əsrin müqaviləsi”ndən sonra Azərbaycan böyük inkişaf yoluna qədəm qoydu. Onun reallaşması təkcə Azərbaycan üçün deyil, Qərbin bir sıra aparıcı dövlətləri, habelə Cənubi Qafqaz və Orta Asiya regionu üçün də strateji əhəmiyyət kəsb etdi. Bu saziş regionda digər qlobal layihələrin gerçəkləşməsinə yol açdı, Qərb dövlətlərinin Azərbaycanla bütün sahələrdə genişmiqyaslı əməkdaşlığa marağını artırdı, beynəlxalq maliyyə qurumları ilə münasibətlərdə keyfiyyətcə yeni mərhələnin başlanğıcını qoydu.

Yeni neft strategiyası Azərbaycanın qədim neft-qaz ölkəsi kimi şöhrətini özünə qaytardı, dövlətimizin uzunmüddətli, davamlı inkişafına zəmin yaratdı. Azərbaycanın dinamik inkişaf edən, güclü və nüfuzlu ölkəyə çevrilməsində müstəsna rol oynayan bu strateji kurs həm də dövlətin iqtisadi-siyasi qüdrətinin və beynəlxalq birliyə inteqrasiyasının, xalqımızın durmadan yüksələn sosial rifahının təminatçısı oldu. Ölkədə aparılan genişmiqyaslı quruculuq işləri, respublikanın beynəlxalq aləmdə qazandığı uğurlar həmin uzaqgörən konsepsiyanın təntənəsinə aydın misaldır.

“Əsrin müqaviləsi” çərçivəsində artıq 24 ildir neft hasil olunur. Yəni 1997-ci ilin noyabrında “Çıraq” platformasından ilkin neft alınıb. Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) cari ilin yanvar-avqust aylarında AÇG-dən 3 milyard 488,5 milyon dollar gəlir əldə edib. Qeyd edək ki, 2001-ci ildən etibarən ARDNF-nin AÇG-dən gəliri 152 milyard 893 milyon dollar olub. 2020-ci ildə layihə üzrə gəlir 3 milyard 522,7 milyon dollar təşkil edib.

 Bu yataqlardan neftlə bərabər səmt qazı da hasil edilir ki, onun da bir hissəsi təzyiqi saxlamaq üçün yenidən laylara vurulur. Mavi yanacağın böyük hissəsi isə təmənnasız olaraq Azərbaycan dövlətinə təhvil verilir, yəni Səngəçaldan SOCAR-ın “Azəriqaz” sisteminə ötürülür.

 “Əsrin müqaviləsi”nin imzalandığı vaxtdan bəri Azərbaycanda ən müasir və zəngin neft-qaz infrastrukturu da yaradılıb. Çoxsaylı tikinti-quraşdırma sahələri, terminal və ixrac kəmərləri, digər obyektlər “Əsrin müqavilə”sinin və ondan sonrakı sazişlərin reallığa çevrilməsində mühüm rol oynayıb. Bu infrastruktur hələ uzun illər Azərbaycana xidmət edəcək. Mövcud layihələr bitəndən sonra isə həmin obyektlərin hamısı mülkiyyət kimi dövlətimizə, sərvət kimi xalqımıza qalacaq.

 Xatırladaq ki, Xəzərin ölkəmizə məxsus sektorunda, sahildən təxminən 120 kilometr şərqdə yerləşən AÇG dünyanın ən zəngin neft mənbələrindəndir. Prezident İlham Əliyev bu yataqların ölkəmizin əsas gəlir mənbəyi olduğunu dəfələrlə vurğulayıb.

 1994-cü ilin sentyabr ayında AÇG üzrə müqavilə imzalanarkən tərəfdaşlar bu yataqların təxmini ehtiyatlarının 511 milyon ton olduğunu bildirmişdilər. Hazırda mütəxəssislər burada sərvətin daha çox - ən azı 1 milyard ton olduğu fikrini söyləyirlər. 2017-ci il sentyabrın 14-də AÇG-nin birgə işlənməsi və hasilatın pay bölgüsü haqqında dəyişdirilmiş və yenidən işlənmiş sazişin imzalanması da bu amilə əsaslanır. Yeni müqavilə 2050-ci ilin əvvəlinədək davam edəcək və qarşıdakı illərdə AÇG-nin ölkəmizə gətirdiyi iqtisadi mənfəətləri maksimuma çatdıracaq.

 Avropanın enerji xəritəsini dəyişən “Cənub qaz dəhlizi”nin, “Yeni əsrin müqaviləsi”nin və neçə-neçə digər layihənin gerçəkləşməsi Azərbaycanın neft-qaz strategiyasının Prezident İlham Əliyev tərəfindən uğurla davam və getdikcə inkişaf etdirildiyinin aydın nümunəsidir. İlham Əliyev bu qlobal layihələrlə Azərbaycanın neft-qaz tarixində yeni mərhələnin əsasını qoydu. Bu, eyni zamanda ölkənin iqtisadi gücünün çoxalması, yeni investisiya qoyuluşları, ümumi daxili məhsulun artması, yeni iş yerlərinin açılması və əhalinin sosial rifahının daha da yaxşılaşdırılması deməkdir.

“Əsrin müqaviləsi”nin imzalanmasından keçən 27 il tarix üçün, əlbəttə, böyük zaman kəsiyi deyil. Həmin illər ərzində Azərbaycanın imza atdığı böyük uğurlar sırasında nəhəng neft-qaz və ixrac layihələri də dayanır. Bu dövrdə Bakıdan 55 kilometr cənubda dünyanın ən böyük neft-qaz terminallarından biri - Səngəçal terminalı tikilib. Bakıdan Supsaya uzanan Qərb İxrac Boru Kəməri, üç ölkənin ərazisindən keçən Bakı-Tbilisi-Ceyhan neft və Bakı-Tbilisi-Ərzurum qaz kəmərləri çəkilib. Azərbaycandan Avropayadək 3500 kilometr məsafə qət edən, Xəzərin sahilindən başlayıb Adriatik dənizinin altından keçən və İtaliya torpağında quruya çıxan “Cənub qaz dəhlizi” yaradılıb.

Sentyabrın 20-si həm də qurudakı mədənlərdə, dənizdəki estakada və meydançalarda, özül və platformalarda çalışan fədakar insanların bayramıdır. Həmin gün hər il ölkəmizdə neftçilərin peşə bayramı qeyd edilir. Azərbaycanda neftçi bütün zamanlarda hörmətli peşə sahibi kimi dəyərləndirilib.

Azərbaycan neftçisi “Azəri-Çıraq-Günəşli” platformalarına qədər uzun və şərəfli yol keçib. Axı Azərbaycan dünya neft sənayesinin beşiyidir. Bakıda sənaye üsulu ilə ilk neft quyusunun qazılmasından iki əsrə yaxın vaxt keçir. Hələ neftin kustar üsulla çıxarıldığı zamanlarda belə Azərbaycan neftçisi öz hünəri ilə tanınıb.

Bu gün təbiət ona daha bir şans verib, ehtiyatları onilliklərə hesablanmış təbii qaz da hasil edir. “Şahdəniz” bütün dünyaya səs salıb. Sırada isə növbəti neft-qaz yataqlarının kəşfi və işlənməsi dayanır.

Bununla yanaşı, dövlətimiz köhnə sahələrdə də hasilatın sabit saxlanılmasını, onilliklərdir istismar edilən karbohidrogen yataqlarının imkanlarından səmərəli istifadə olunmasını qarşıya məqsəd qoyub. Neftçilərimiz bu vəzifənin də öhdəsindən layiqincə gəlirlər.

Prezident İlham Əliyev neftin və qazın ölkə iqtisadiyyatının əsas potensialı olduğunu vurğulayır. Azərbaycan neftçisi də bu potensialı üzə çıxararaq gücümüzü, sərvətimizi artırır. Dövlət başçısı bu çətin və şərəfli peşə sahiblərinin əməyini həmişə yüksək qiymətləndirir: “Azərbaycan neftçilərinin əməyini qeyd etmək istərdim. Azərbaycanda neftçi peşəsi həmişə böyük hörmətə malik olub, bu gün də bu, belədir. Azərbaycan neftçiləri ölkəmizin uğurlu inkişafı üçün çox böyük işlər görürlər, qəhrəmanlıq göstərirlər”.

 

Flora SADIQLI,

“Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video