25 Fevral 2012 01:02
361
SİYASƏT
A- A+

Əsrin faciəsi

 

Tarixinin müxtəlif dönəmlərində ermənilər tərəfindən soyqırımına məruz qalan Azərbaycan xalqı növbəti belə faciə ilə 1992-ci ilin qarlı qışında Xocalıda üzləşdi. Sovetlər imperiyasının süqutu ilə yaranan mürəkkəb tarixi və ictimai-siyasi şəraitdə dövlət müstəqilliyini yenicə qazanan Azərbaycanın üzləşdiyi ərazi itkisi ilə yanaşı, əsrin ən dəhşətli faciələrindən birini yaşaması ölkənin yeni tarixinə qara hərflərlə yazıldı.

 

Faciəyə gedən yolun başlanğıcı

 

Xocalı, eləcə də ondan əvvəl xalqımıza qarşı dəfələrlə törədilən soyqırımların ötən əsrin sonlarına qədər öz hüquqi-siyasi qiymətini almaması illər boyu Azərbaycanın üzləşdiyi ən böyük ədalətsizliklərdən biri olub. Bu ədalətsizliyin aradan qaldırılması üçün illər uzunu heç bir addım atılmayıb. Yalnız ümummilli lider Heydər Əliyevin xalqın istəyi və təkidli tələbi ilə yenidən hakimiyyətə qayıdışından sonra yaşanan faciələr, o cümlədən Xocalı soyqırımı haqda daha təfsilatlı araşdırmalar aparılıb. Eyni zamanda bu hadisələrə hüquqi-siyasi qiymətin verilməsi prosesi başlanıb. Dünyaya xalqımızın üzləşdiyi fəlakətlər barədə ətraflı, fakt və sübutlarla zəngin olan məlumatlar çatdırılıb. Elə XX əsrin ən dəhşətli hadisələrindən olan Xocalı faciəsinin də həm bir soyqırımı olaraq təsbit edilməsi, həm də bu barədə həqiqətlərin dünyaya çatdırılması məhz ulu öndər Heydər Əliyevin sayəsində mümkün olub.

Tarixin ironiyası isə ondan ibarətdir ki, ötən əsrin sonlarında Dağlıq Qarabağ münaqişəsinin başlanması ilə Azərbaycan xalqının üzləşdiyi yeni faciələr, yaşadığı soyqırımıları elə Heydər Əliyevin hakimiyyətdən uzaqlaşdırılmasından sonra baş verdi. Həmin vaxta qədər keçmiş SSRİ rəhbərliyinin hərtərəfli dəstəyini alan ermənilərin Azərbaycana qarşı məkrli planlarının reallaşmasının qarşısını məhz ulu öndər Heydər Əliyev alırdı. Ermənilər və onların himayədarları yaxşı başa düşürdülər ki, Heydər Əliyev hakimiyyətdə olduğu müddətdə Azərbaycana qarşı heç bir iddialarını reallaşdıra bilməyəcəklər.

Artıq sübut olunmuşdur ki, ölkəmizin ermənilər tərəfindən ərazi bütövlüyünə qəsd planı əvvəlcədən hazırlanmışdı. SSRİ-yə rəhbərlik edən M.Qorbaçovun yanında və Kremldə mərkəzi rəhbərlikdə yer alan ermənilər tərəfindən müdafiə olunan planın reallaşması üçün ciddi işlər görülürdü. Lakin planın praktik mərhələyə keçməsi Azərbaycan xalqının böyük oğlunun SSRİ-də mühüm rəhbər postlardan birində yer aldığı müddət ərzində mümkünsüz idi və bu həqiqətlə ermənilər, onların himayədarları da birmənalı şəkildə barışırdı. Bu səbəbdən ermənilərin təhriki və diktəsi ilə hərəkət edən M.Qorbaçov ilk növbədə Heydər Əliyevin tutduğu vəzifədən uzaqlaşdırılmasına çalışırdı və təəssüf ki, istəyinə də nail oldu. Heydər Əliyevin hakimiyyətdən uzaqlaşdırılmasının əsas səbəblərindən biri SSRİ siyasi rəhbərliyini ələ almış erməni lobbisinin təsir və təzyiqləri idisə, digər önəmli səbəb Qorbaçovun subyektiv hisslərin əsiri olması, ondan daha yaxşı idarəçilik qabiliyyətinə, səriştəyə malik bir şəxsin Kremldə işləməsini həzm edə bilməməsi idi.

Azərbaycanın böyük oğlunun Siyasi Bürodan uzaqlaşdırılmasından cəmi 15 gün sonra M.Qorbaçovun xeyir-duası ilə ermənilər Azərbaycana qarşı qəsd planlarının icrasına başladılar. 1987-ci ilin noyabrında M.Qorbaçovun məsləhətçisi olan qatı şovinist A.Aqanbekyanın Parisdə "Humanite" qəzetindəki bəyanatında bildirilirdi ki, Dağlıq Qarabağın Azərbaycanın tərkibindən çıxarılıb Ermənistana verilməsinə dair artıq Moskvanın razılığı var. Bütün bunları xatırlayan Heydər Əliyev qeyd edirdi: "Siyasi Bürodan istefa verdikdən 15 gün sonra Qarabağ məsələsi ortaya çıxdı. Qorbaçovun ən yaxın adamı, iqtisadi məsələlər üzrə müşaviri, milliyyətcə erməni olan professor Aqanbekyan Parisdə keçirdiyi bir mətbuat konfransında "Dağlıq Qarabağ Ermənistana verilməlidir" - demiş, bu məsələ ilə əlaqədar Qorbaçovu da qızışdırmışdır. Moskvanın Qarabağ əməliyyatı mənim Siyasi Bürodan getməyimdən 15 gün sonra həyata keçirilməyə başladı. Deməli, bu plan hələ əvvəlcədən hazırlanmış, lakin tətbiq olunmasına mən ciddi maneə imişəm".

SSRİ rəhbərliyinin Dağlıq Qarabağın Ermənistana verilməsinə dair razılığının olduğu 1988-ci ilin əvvəllərində M.Qorbaçovun Silva Kaputikyan başda olmaqla bir qrup şovinist erməni ilə görüşü zamanı da üzə çıxdı. Bunun ardınca Xankəndidə, Yerevanda antiazərbaycan və antitürk ruhlu mitinqlər genişləndi. Bundan sonra erməni "Qarabağ Komitəsi", onun Dağlıq Qarabağ Muxtar Vilayətindəki separatçı-terrorçu təşkilatı "Krunk" gizli fəaliyyətlərinə son qoyaraq açıq şəkildə niyyətlərini bəyan etməyə, Azərbaycana qarşı ərazi iddiaları səsləndirməyə başladı. Bunun nəticəsi olaraq ermənilər tərəfindən "Miatsum" adlanan hərəkat da formalaşdırıldı.

O dövrdə Azərbaycana rəhbərlik edən şəxslər artıq özünü qabarıq formada və aydın şəkildə büruzə verən Dağlıq Qarabağ münaqişəsinin çözümü istiqamətində hansısa praktik addımların atılmasında acizlik nümayiş etdirirdi. Yalnız Kremlin göstərişləri əsasında atılan addımlar Azərbaycan ərazilərinin qəsb olunması prosesini sürətləndirirdi. Qarabağ məsələsinin ortaya çıxması isə elə ilk dövrlərdə Moskvada olan Heydər Əliyevi ciddi narahat edirdi. Bu səbəbdən Qorbaçovla, onunla mümkün olmadıqda Siyasi Büronun digər üzvləri Liqaçovla, Çebrikovla, Kryuçkovla görüşüb problemin həllinə çalışırdı. Qarabağın əzəli Azərbaycan torpağı olmasına dair əlindəki sənəd və sübutları da Kreml rəhbərliyinə təqdim etmək istəyən Heydər Əliyevə rəsmi Kremlin cavabı belə oldu: "Biz Qarabağda erməni-azərbaycanlı münaqişəsi ilə bağlı problemi özümüz həll edəcəyik".

Belə vəziyyət Azərbaycan rəhbərliyinin fəaliyyətsizliyi, təslimçilik mövqeyi ölkəmizin əzəli və tarixi ərazisi olan Dağlıq Qarabağda Ermənistanın mövqeyinin daha da güclənməsinə gətirib çıxarırdı. Erməni separatçılarının bu yerlərdə mövqelərinin güclənməsi və ona qarşı rəhbərlik səviyyəsində ciddi tədbirlərin görülməməsi isə ölkə ərazilərinin itirilməsinə, yaşanacaq faciələrə, o cümlədən Xocalı soyqırımına gedən yolun başlanğıcını qoyurdu.

SSRİ rəhbərliyi Dağlıq Qarabağın tədricən Azərbaycandan ayrılması üçün müvafiq addımlar atmağa başladı. 1988-ci ilin fevralında Dağlıq Qarabağ Muxtar Vilayətinin yalnız erməni deputatlarının iştirakı ilə keçirilən növbədənkənar sessiyası vilayətin Azərbaycanın tərkibindən çıxarılaraq Ermənistanın inzibati-ərazi bölgüsünə daxil edilməsi barədə qərar qəbul etdi. Azərbaycan SSR Ali Soveti Konstitusiyaya zidd olan qərarı rədd etdikdən sonra Ermənistanın millətçi rəhbərləri "Daşnaksütyun" partiyasının "Türksüz Ermənistan" proqramını həyata keçirməyə başladılar. Bu isə tarixi Azərbaycan torpaqlarında yaranan indiki Ermənistan ərazisində olan on minlərlə azərbaycanlıya qarşı böyük qəddarlıqlarla müşayiət olunan etnik təmizləməyə rəvac verilməsi demək idi.

Elə həmin dövrdə ermənilərin Dağlıq Qarabağda da separatçı fəaliyyəti genişlənirdi. Ölkə rəhbərliyindən heç bir kömək görməyən azərbaycanlılar isə yaşadıqları ərazilərin müdafiəsi məqsədilə özləri fəaliyyətə başladılar. Ermənilərin qəsbkarlıq niyyəti bir çox yaşayış məntəqələri kimi, Xocalını da özünümüdafiəsini gücləndirməyə vadar etdi. 1988-ci il fevralın 12-də Xocalı rəhbərliyi Əsgəranda keçirilən yığıncağa dəvət olundu. Yığıncaqda Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin ikinci katibi V.Konovalovun, şöbə müdiri M.Əsədovun iştirakına baxmayaraq, ermənilər Ermənistana birləşmək istədiklərini açıq şəkildə bəyan etdilər. Xocalının sabiq icra başçısı Elman Məmmədov bildirir ki, həmin yığıncaqdan çıxıb Xocalıya gəldikdən sonra ağsaqqallar və ziyalılarla təcili görüş keçirərək vəziyyəti müzakirə etdik. Elə həmin gündən Xocalının və ətraf kəndlərin müdafiəsi üçün Müdafiə Komitəsi yaradıldı. Xocalının müdafiəsi məqsədilə müdafiə postları formalaşdırıldı. Bu postlara çıxan dəstələrin isə silahları yalnız ov tüfənglərindən ibarət idi. Ermənilərin Xocalı və bütövlükdə Dağlıq Qarabağ üçün yaratdığı təhlükə ilə bağlı Bakıya, Moskvaya saysız-hesabsız teleqramlar vurulsa da, nəticə görünmürdü.

Belə bir vaxtda Ermənistanda yaşayan azərbaycanlıların vəziyyəti getdikcə ağırlaşırdı. Ermənistanda repressiyaya məruz qalan və tarixi ata-baba yurdlarndan qovulan soydaşlarımız Azərbaycana pənah gətirərək ölkənin müxtəlif yerlərində, o cümlədən Xocalıda məskunlaşdılar. Onlara Xocalı rəhbərliyi tərəfindən torpaq sahəsinin ayrılmasını isə nə Əsgəran, nə də Xankəndi qəbul edir və bu qərarı özbaşınalıq kimi qiymətləndirirdilər.

Dağlıq Qarabağ münaqişəsinin ilk günlərindən etibarən Xocalı bu problemin ağırlıqlarını öz üzərində hiss edirdi. Ermənistandan qovulmuş soydaşlarımızın və Fərqanədən olan Ahıska türklərinin böyük bir dəstəsi məhz Xocalıya pənah gətirmişdi. 1500 Ermənistan qaçqını və 495 Ahıska türkü Xocalıda məskunlaşmış, onlara torpaq sahəsi ayrılmış, evlər tikilmişdi. Bu dövrdə, ümumiyyətlə, Xocalıda tikinti-quruculuq işləri geniş vüsət alırdı. Belə ki, 1988-ci ilin oktyabrında Azərbaycan hökuməti tərəfindən Xocalının sosial inkişafına dair xüsusi qərar qəbul edilmişdi. Bu qərarla əlaqədar ölkənin müxtəlif rayonları Xocalıya və bütövlükdə Qarabağa kömək göstərirdi. Azərbaycanın rayonlarından Xocalıya tikinti materialı daşınır, işçi qüvvəsi gəlirdi. Xocalı sürətlə tikilir, genişlənir və gözəl bir şəhərə çevrilirdi.

Ancaq təəssüf ki, bu dövrdə Kremlin xeyir-duası ilə Ermənistanda olduğu kimi, Dağlıq Qarabağdan da azərbaycanlıların sıxışdırılıb çıxarılması prosesinə start verilmişdi. Təkcə Xankəndidən 18 min azərbaycanlı qovuldu. Xankəndini tərk etməyə məcbur qalan azərbaycanlıların bir qismi yenə də pənah yeri kimi Xocalıya üz tutdu. Azərbaycanın o vaxtkı rəhbərliyi hadisələrə fəal müdaxilə etmək əvəzinə Kremldən gələn əmrlər əsasında hərəkət edir, xalqın taleyinə biganə yanaşmağa üstünlük verirdilər.

 

Xocalıya ilk böyük hücum

 

Belə bir vaxtda Dağlıq Qarabağda yaşanan qarşıdurmanın xarakterik xüsusiyyətlərindən biri də yollarda "daş müharibəsi"nin getməsi idi. Bu, əsas etibarı ilə Xankəndi-Xocalı-Əsgəran arasında özünü göstərirdi. Həmin istiqamətdə keçən yoldan azərbaycanlılara məxsus avtomobilləri ermənilər daşa tutur, onları əzir, sahiblərinə müxtəlif xəsarətlər yetirirdi. Bunun əvəzi isə daha çox Əsgərandan Xankəndiyə və ya əks istiqamətdə hərəkət edən və beləliklə Xocalıdan keçmək məcburiyyətində qalan ermənilərə məxsus avtomobillərdən çıxılırdı. Elə bu səbəbdən ermənilər Xocalı maneəsinin mümkün qədər tez neytrallaşdırılmasına çalışır və kiçik bir həmlə ilə Xocalını məhv edəcəklərinə inanırdılar. Elə bu fikirlə 1988-ci il sentyabrın 18-də Xankəndidə keçirilən nümayiş meydanından 12 minə qədər erməni 10 kilometrlik bir məsafəni piyada qət edərək Xocalıya tərəf üz tutdu. Ermənilərdən irəlidə isə 4 "Kraz" və "KaMAZ" markalı yük avtomobilləri gəlirdi. O da məlum oldu ki, ermənilərin arasında xüsusi təlim keçmiş döyüşçülər də var. Bundan başqa, ermənilər benzin doldurulmuş butulkalarla, ucu itilənmiş dəmirlərlə silahlanmışdılar. Lakin bunlar Xocalı sakinlərini qorxutmadı. Əksinə, Xocalıya iki kilometr qalmış ermənilərə qarşı az bir qüvvə ilə həmləyə keçən xocalılılar erməniləri geri oturtdular. Sonradan isə məlum oldu ki, həmin vaxt ermənilər arasında yaşanan qarmaqarışıqlıq nəticəsində onlardan 27-si ölmüş, 100-dən çoxu isə yaralanmışdı. Hadisənin səhərisi günü Zori Balayan "YAK-140" təyyarəsilə 12 nəfər həkimlə birlikdə Ermənistandan Xankəndiyə gəldi. Yalnız sentyabrın 21-də Bakıdan Azərbaycan KP Mərkəzi Komitəsi Xocalıya nümayəndə heyəti göndərdi. Lakin bu nümayəndələr daha çox ermənilərin əzişdirilməsinə görə öz iradlarını bildirirdi. Hadisədən az sonra mərkəzdən gələn istintaq qrupu baş verənlərə görə bir neçə Xocalı sakininin həbsinə dair qərar çıxardı. Elə bundan sonra yollarda və digər məntəqələrdə keşik çəkən sovet ordu qüvvələri erməniləri Xocalı sakinlərindən müdafiə etməyə daha çox diqqət yetirdi.

Bu dövrdə artıq "daş müharibəsi" intensivləşir və odlu silahlardan daha geniş istifadə olunurdu. Həmin dövrdə Yerevandan Xocalı aeroportuna edilən gündəlik reyslərin sayı 30-a çatırdı. Bu təyyarələr vasitəsilə ermənilər Xankəndiyə hərbi sursat daşıyırdılar. Ancaq sonradan Xocalı polisinin fədakar əməyi sayəsində Ermənistandan gələn reyslərin sayı 4-ə qədər azaldı. Hətta Moskvanın bu məsələyə qəti etirazını bildirməsinə baxmayaraq, Xocalı polisi inadından dönmədi və sərnişin reyslərindən başqa heç bir yük təyyarəsinin Xocalı aeroportuna enməsinə yol vermədi.

Beləliklə, Dağlıq Qarabağ münaqişəsi fonunda ermənilərin əsas hədəflərindən biri olaraq Xocalını seçməsi heç də təsadüfi deyildi. Ermənilərin Xocalı şəhərini hədəfə almaqda əsas məqsədi bir tərəfdən Qarabağın dağlıq hissəsində azərbaycanlılardan ibarət olan, strateji əhəmiyyətli maneəni aradan qaldırmaq idisə, digər tərəfdən ümumiyyətlə, Xocalını yer üzündən birdəfəlik silmək idi. Öz miqyasına və dəhşətlərinə görə dünya tarixində analoqu olmayan Xocalı soyqırımını törətməkdə erməni şovinistləri və ideoloqları həm də daha uzağa hesablanmış məqsəd güdürdülər. Onların əsas niyyəti Dağlıq Qarabağı və digər Azərbaycan torpaqlarını ələ keçirmək, xalqımızın müstəqillik və ərazi bütövlüyü uğrunda mübarizə əzmini qırmaq idi. Bununla da ermənilər sovet ordusunun 366-cı alayının köməyilə tarixdə ən qanlı səhifələrdən birinin yazılmasına nail ola bildilər. Beləliklə, ötən əsrdə Xocalı daha bir faciə yaşamış oldu. Həmin faciədən əvvəl də Xocalı öz tarixində bir neçə dəfə erməni təcavüzünə məruz qalmış, soyqırımılarına uğramışdı. Təkcə XX əsrin əvvəllərində 1905, 1906, 1917 və 1918-ci illərdə də Xocalı dörd dəfə erməni təcavüzünə məruz qalmış, yandırılmış, talan edilmiş, dağıdılmış, fəqət ayağa qalxaraq düşməndən qisasını almış, yenidən bərpa olunmuş və yaşamışdı. Amma tarix Xocalını daha bir qanlı faciə ilə sınağa çəkməyə hazırlaşırmış.

Ermənilərin niyyətini yaxşı bilən Xocalı sakinləri müəyyən müdafiə tədbirləri görürdülər. Düşmən isə yaxşı anlayırdı ki, Xocalının ələ keçirilməsi Qarabağ münaqişəsinin sonrakı taleyində həlledici rol oynayan əsas məqamlar sırasındadır.  Ermənilərin diqqətini Xocalıya cəlb edən önəmli səbəblərdən biri onun geostrateji mövqeyi idi. 7000 əhalisi olan Xocalı Xankəndidən 10 kilometr cənub-şərqdə, dağ silsiləsində, Ağdam-Şuşa, Əsgəran-Xankəndi yollarının üstündə yerləşir. Qarabağdakı yeganə hava limanı da məhz Xocalıda idi. Ermənilərin əsas istəklərindən biri məhz buradakı hava limanı vasitəsilə Ermənistanla daha rahat əlaqə yaradılmasına nail olmaq idi. Dağlıq Qarabağda hələ A.Volskinin hakimiyyəti dövründən Xocalı aeroportuna gündə 20-30 təyyarə enib-qalxırdı. Onların əsas yükü silah və xarici ölkələrdən köməyə gələn könüllü və muzdlu əsgərlər idi. Dünyanın hər yerindən Dağlıq Qarabağ ermənilərinə kömək etmək üçün erməni könüllüləri daşınırdı. 1990-cı ilin noyabrında Əlif Hacıyev Xocalı təyyarə limanında Xətt Daxili İşlər Bölməsinin rəisi və Xocalı aeroportunun komendantı təyin olundu. Bu, ermənilərin silah daşımasının qarşısını müəyyən qədər aldı. Lakin yollarda qətl və təxribat hadisələri davam edirdi.

1991-ci ilin sonlarında SSRİ-nin dağılması ilə keçmiş sovet məkanında yeni geosiyasi şərait yarandı. Ermənistan, faktiki olaraq, Azərbaycana qarşı açıq və ədalətsiz müharibəyə başladı. Ermənistanın hərbi birləşmələri Azərbaycanın sərhədlərini pozub Qarabağa daxil oldular və Dağlıq Qarabağın erməni separatçıları-terrorçuları ilə birləşərək Azərbaycan torpaqlarının işğalına başladılar. Moskvadan və xaricdəki erməni diasporundan verilən dəstək, o vaxtkı Azərbaycan rəhbərliyinin yarıtmaz siyasəti nəticəsində lazımi müqavimətlə üzləşməyən ermənilər 1991-ci ilin oktyabrında Tuğ və Səlakətin kəndlərini işğal etdi. Bunun ardınca Xocavənd kəndi də işğalçıların nəzarəti altına keçdi.

Bu dövrdə Xocalı yenə də ermənilərin işğal siyasətinin daha sürətlə genişlənməsinə mane olurdu. Belə ki, ermənilər azərbaycanlılar yaşayan kəndlərə hücum edəndə Xankəndinə və ermənilərin məskunlaşdığı digər yerlərə Xocalıdan müqavimət göstərilir və düşmənin öz niyyətini həyata keçirməsinə maneələr yaradılırdı. Lakin Xocalıya və Qarabağın düşmən hücumuna məruz qalan digər bölgələrinə o vaxtkı Azərbaycan iqtidarı tərəfindən lazımi yardımlar edilməməsi və hakimiyyət uğrunda gedən savaşlar ermənilərin öz niyyətini daha asan reallaşdırmağa imkan verirdi. Məhz bunun nəticəsində 1992-ci il yanvarın 10-da ermənilər Axullu kəndini zəbt edə bildilər. Elə həmin ilin fevralında Malıbəyli və Quşçular kəndləri hücuma məruz qaldı. Xankəndidə yerləşən 366-cı alayın bilavasitə iştirakı ilə bu kəndlər də ermənilər tərəfindən işğal olundu. Malıbəyli və Quşçular kəndlərinin işğalından bir neçə gün sonra Dağlıq Qarabağın ən iri yaşayış məskənlərindən olan Qaradağlı yenə də 366-cı motoatıcı alayın əsgər və zabit heyəti, eləcə də müxtəlif xarici ölkələrdən gətirilmiş muzdlu döyüşçülər hesabına ermənilərin əlinə keçdi.

Artıq 1992-ci il fevralın 18-də Xocalı istiqamətində olan yaşayış məntəqələri azərbaycanlılardan təmizlənmiş, yüksək mövqelər ermənilər tərəfindən tutulmuşdu. İndi ermənilər üçün əsas hədəf Xocalı idi. Xocalıda isə vəziyyət getdikcə ağırlaşırdı. Şəhər 1991-cı ilin oktyabrından blokadada idi. Oktyabrın 30-dan etibarən şəhərə gələn bütün avtomobil yolları bağlanmış, yeganə nəqliyyat vasitəsi vertolyot qalmışdı. Belə vəziyyət şəhərə özünümüdafiə üçün silah, ərzaq və digər zəruri məhsulların çatdırılmasında ciddi problemlər yaradırdı. Ermənilərin hücumları isə ara vermirdi. 1991-ci il sentyabr ayının 24-də Ağdamdan Xocalıya fəhlə gətirən avtobus Əsgəranda daşqalaq edildi, sürücü və sərnişinlər ağır yaralandılar. Bundan iki gün sonra isə Xocalı polis şöbəsinin iki əməkdaşı maşında atəşə tutulub qətlə yetirildi. Ətraf erməni kəndlərindən hər gecə Xocalı "Alazan" və "Kristall" raket qurğularından atəşə tutulurdu. Noyabr ayından isə Xocalının Ağdama və Şuşaya çıxış yolları tamamilə bağlandı.

 

(Ardı var)

 

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video