15:51 27 Noyabr 2021
ONLINE XƏBƏR LENTİ
01:31 27.11.2021

Arzusu general olmaq idi


01:30 27.11.2021

Babək hünərli igid


01:30 27.11.2021

Dünyanın yeni problemi


Qusarın payız etüdləri FOTOLENT
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Əskişəhərdə Xocalı faciəsi yad edildi
ANA SƏHİFƏ / SİYASƏT
12:02 28.02.2012

 

Əskişəhərdəki Osman Qazi Universitetinin tələbə gənclər təşkilatının və burada fəaliyyət göstərən Azərbaycanlılar Dərnəyinin təşəbbüsü ilə Xocalı faciəsinə həsr olunmuş yığıncaq keçirildi. Toplantıda Osman Qazi Universitetinin rektoru, professor Həsən Gönən, professorlar M.Şişman, İ.Ünlüoğlu, Adnan Konuk, rektorun təlim-tərbiyə işləri üzrə müavini dosent Ünal Özelmas, fənn ədəbiyyat fakültəsinin dekanı professor R.Kaya, professorlar Ə.Gültəkin, Əskişəhər Azərbaycanlılar Dərnəyinin sədri Cavid Aydın, Osman Qazi Universitetinin tələbə-gənclər təşkilatının sədri Cihan Takıcı, Əskişəhərin iş adamları, tanınmış ziyalılar, universitetin müəllim və tələbələri iştirak edirdilər.

Səhnəyə Qarabağ, Xocalı və ermənilərin Azərbaycanda törətdikləri digər terror aktları haqqında yazılmış "Erməni terroru", N.Yaqublunun "Xocalı qırğını", R.Göyüşovun "Qarabağın keçmişinə səyahət", N.Günün "Xocalı simfoniyası", N.Həsənzadənin "Nuru Paşa", F.Hicranın "Qarabağda talan var", "Ermənilər mütəfəkkirlərin gözü ilə" və s. kitabları düzülmüşdü. Azərbaycan və Türkiyə bayraqları ətrafında Xocalı faciəsini əks etdirən şəkillər düzülmüşdü. Səhnə başdan-başa qırmızı qərənfillərə bürünmüşdü. Bu çiçəkləri Azərbaycanı və türk dünyasını çox sevən "Ərcan Qardaşları" firması göndərmişdi.

Əvvəlcə Azərbaycan və Türkiyənin milli marşları səsləndirildi. Xocalı və ümumən Qarabağda ölənlərin xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Sonra Azərbaycan-Türkiyə Tarix Araşdırmaları Dərnəyinin təşəbbüsü ilə Korhan Yurtsevərin hazırladığı "Bu, son olsun" filmi göstərildi. Bu film Bakıda da göstərilmiş və Azərbaycan ictimaiyyəti tərəfindən yüksək qiymətləndirilmişdir. Tədbir iştirakçıları Xocalı soyqırımını əks etdirən qısametrajlı filmə də baxdılar. Tələbə-gənclər təşkilatının sədri Cihan Takıcı Xocalıda törədilən soyqırımı haqqında danışdı. Dedi ki, biz heç bir xalqa düşmən deyilik. Bu hisləri bizə böyük dahilərimiz Nizami, Yunus, Mövlana öyrətdi, biz haqqın, ədalətin tərəfindəyik. Hər zaman da bu fikirlərimizə sadiq qalacağıq. Qarabağ əbədi və əzəli Azərbaycan torpağıdır, torpağını qorumaq hər bir xalqın haqqıdır. Xocalıdakı insanlar da evlərində oturmuşdular. Amma qaniçən ermənilər Sovet ordusunun alayı ilə birləşib onları qətliam etdilər. Biz bunu unutmayacağıq. Qarabağ yenə Azərbaycan torpağı olacaq, xocalılılar doğma yurdlarına geri dönəcəklər.

Osman Qazi Universitetinin müəllimi, dosent T.Əliyeva Xocalı faciəsi haqqında geniş məruzə ilə çıxış etdi. O, məruzəsində tarixi kitablardan sitatlar gətirərək ermənilərin nə zaman Qarabağa yerləşdirilməsindən, bu işdə Çar Rusiyasının "canfəşanlığından" ətraflı danışdı. Məruzəçi rus tarixçisi V.L.Veliçkonun fikirlərindən sitatlar gətirərək Qarabağa köçürülən ermənilərin azərbaycanlılara qarşı törətdikləri faciələrdən də danışdı. 1905-1918-ci illərdə ermənilər tərəfindən törədilən faciələrin əsas məğzini açdı, son vaxtlarda qazıntı zamanı Qubada tapılmış kütləvi məzarlıqdan söz açdı. T.Əliyeva ermənilərin Qubada azərbaycanlılara qarşı törətdikləri faciədən geniş danışaraq onu təsdiqləyən  sənədləri təqdim etdi. Məruzəçi ermənilərin Azərbaycan xalqına qarşı törətdikləri soyqırımının bütün dünyaya tanıdılmasının çox vacib olduğunu söylədi. O, Fransa parlamentinin haqsız qərarına da toxundu. Dedi ki, soyqırımına məruz qalan xalq azərbaycanlılardır, təəssüf ki, ermənilər törətdikləri cinayətləri ört-basdır etmək üçün dünyanı, xüsusilə də fransızları yalanlarına inandırmağa çalışırlar. Amma boş yerə, həqiqət incələr, qırılmaz. Bir gün ermənilərin bu yalanları ifşa olunacaq. Bunun üçün bütün türk dünyası birlikdə fəaliyyət göstərməli, Qarabağ həqiqətini dünyaya yaymalıdır.

Tədbirdə Əskişəhər Azərbaycanlılar Dərnəyinin sədri Cavid Aydın çıxış etdi. Dedi ki, toplantıdan sonra Əskişəhərin ən gur yerində azərbaycanlı tələbələrlə birlikdə əlimizdə Xocalı faciəsini əks etdirən şəkillərlə nümayişə çıxacaqlar.

Toplantının sonunda tələbələr Qarabağ haqqında şeirlər və Azərbaycanın tanınmış şairi Nurəngiz Günün "Xocalı simfoniyası" poemasından parçalar söylədilər. Osman Qazi Universitetinin professoru Həsən Gönən çıxış edərək dedi ki, Azərbaycanın dərdi bizim də dərdimizdir, hər zaman Azərbaycan xalqının yanındayıq. Bu toplantının gənclərimizə çox böyük faydası olacaq.

 

Tamilla ƏLİYEVA,

"Azərbaycan" qəzetinin Türkiyə təmsilçisi

 

Əskişəhər



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM