12:18 18 Oktyabr 2021
ONLINE XƏBƏR LENTİ
Tarix Muzeyi: Azərbaycanda neft sənayesi fotolarda
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Əsas kapitala yönəldilən vəsaitin 78 faizi daxili investisiyadır
ANA SƏHİFƏ / İQTİSADİYYAT
01:01 08.01.2012

 

Dövlət Statistika Komitəsinin məlumatına görə, yanvar-noyabr aylarında ölkənin iqtisadi və sosial sahələrinin inkişafı üçün bütün malyiyə mənbələrindən əsas kapitala 10017,2 milyon manat vəsait yönəldilmiş, onun 60,8 faizi və ya 6091,1 milyon manatı tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf edilmişdir. Əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə əsas kapitala yönəldilmiş vəsaitin həcmi 28,3, tikinti-quraşdırma işlərinə sərf edilmiş vəsait isə 18,5 faiz çox olmuşdur.

Dövlət mülkiyyətli müəssisə və təşkilatlar əsas kapitala 6249,1 milyon, qeyri-dövlət müəssisələri isə 3768,1 milyon manat vəsait sərf etmişlər. Məhsul istehsalı obyektlərinin inşasında 4718,6 milyon, xidmət sahələri üzrə obyektlərin tikintisində 5298,6 milyon manatlıq vəsaitdən istifadə olunmuşdur.

Əsas kapitala yönəldilən vəsaitin 78,1 faizini daxili, 21,9 faizini isə xarici vəsaitlər təşkil etmişdir. Daxili mənbələrdən yönəldilən vəsaitlərin 73,6 faizi dövlət mülkiyyətinə məxsus müəssisə və təşkilatların, 26,4 faizi qeyri-dövlət mülkiyyətinə məxsus müəssisələrin payına düşür. Əsas kapitala yönəldilən sərmayənin ümumi həcmində müəssisə və təşkilatların vəsaitləri 44,6, bank kreditləri 7,6, büdcə vəsaitləri 41,4, büdcədənkənar fondların vəsaitləri 3,3, əhalinin şəxsi vəsaitləri 3,1 faiz təşkil etmişdir.

İlin əvvəlindən əsas kapitala yönəldilən bütün vəsaitin 41,7 faizi sənayenin, 4,1 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılığın, 21,1 faizi nəqliyyat və anbar təsərrüfatının, qalan hissəsi isə iqtisadiyyatın digər sahələrinin inkişafına sərf olunmuşdur. Belə ki, bu ilin yanvar-noyabr aylarında Bakı şəhərində "Kempinski Badamdar" hotel kompleksi və Müalicə-Diaqnostika Mərkəzi, "Dərnəgül" metro stansiyası, Gəncədə fiziki qüsurlu insanlar üçün Regional İnformasiya Mərkəzi, Naftalan şəhərində "Çinar Hotel", "SPA Naftalan" və "Qaşaltı" sanatoriya kompleksləri, Xızı rayonunda Müalicə-Diaqnostika Mərkəzi, Abşeron rayonunda mebel fabriki və AzMDF zavodu, Ağsuda şirə, şərab emalı, çörək zavodları və şəhər stadionu, Samuxda meyvə qurudulması və emalı müəssisəsi, Ağcabədi rayonunun Ağabəyli kəndində "Atena" süd istehsalı və emalı kombinatı, Qəbələ rayonunda Beynəlxalq aeroport, Olimpiya Kompleksi, limonad zavodu və "Qafqaz Sport Hotel" mehmanxanası, Şəkidə şərab zavodu, "Green Hill İnn" mehmanxanası, Qax rayonunda Avtovağzal kompleksi, "El Resort" mehmanxanası, Oğuzda qarğıdalı emalı zavodu və qlükoza istehsalı müəssisəsi, Qobustan rayonunda taxıl anbarı kompleksi və Eksperimental Poliqon və Tədris Mərkəzi, eləcə də digər regionlarda müxtəlif təyinatlı çoxsaylı obyektlər istifadəyə verilmişdir.

Hesabat ilinin ötən 11 ayı ərzində əsas kapitala yönəldilən ümumi vəsaitin 73,6 faizi qeyri-neft, o cümlədən 15,3 faizi qeyri-neft sənaye, 26,4 faizi neft bölmələrinin inkişafında istifadə edilmişdir. Həmin dövrdə bu xarici mənbələrdən əsas kapitala yönəldilən vəsaitin həcmi 2195,1 milyon manat təşkil edərək əvvəlki ilin müvafiq dövrünə nisbətən 18,1 faiz çox olmuşdur. Xarici ölkələr və beynəlxalq təşkilatlar tərəfindən ilin əvvəlindən əsas kapitala yönəldilən xarici vəsaitin 84,4 faizi Böyük Britaniya, ABŞ, Yaponiya, Fransa, Norveç, Çexiya, Türkiyə və Koreya investorlarına məxsusdur.

Tikinti müəssisələri tərəfindən yerinə yetirilən inşaat işlərinin həcmi də əvvəlki ilin yanvar-noyabr aylarının səviyyəsini 29,1 faiz üstələmişdir. Görülmüş ümumi tikinti işlərinin 76,3 faizini yeni tikinti, yenidənqurma və genişləndirmə, 16,3 faizini əsaslı təmir, 2,9 faizini cari təmir, 4,5 faizini sair tikinti işləri təşkil etmişdir. Dövlət mülkiyyətli tikinti müəssisələri yerinə yetirilmiş ümumi inşaat işlərinin 25,2, qeyri-dövlət tikinti müəssisələri isə 74,8 faizini həyata keçirmişlər.

Dövlət Statistika Komitəsi onu da bildirir ki, cari ilin 10 ayında inşaat bölməsində çalışmış 76,3 min nəfərin orta aylıq nominal əməkhaqqı 515,8 manat təşkil etmişdir ki, bu da əvvəlki ilin müvafiq dövrünə nisbətən 2,1 faiz çoxdur. İri və orta tikinti müəssisələrində işləyənlərin orta aylıq nominal əməkhaqqı isə daha yüksək - 545,4 manat olmuşdur.

Ölkəmizdə keçirilən məqsədyönlü iqtisadi siyasət bu ildə də Azərbaycanın sürətli inkişafına təkan verəcək. Çünki ölkəmizdə qarşıya qoyulan məqsədlərə çatmaq üçün güclü maliyyə mənbəyi və siyasi iradə var. Dövlət başçısı bunu ötən ilin son günlərində iştirak etdiyi bütün tədbirlərdə, o cümlədən Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il təbrikində də bu fikirləri xüsusi vurğulamışdır: "Mən tam əminəm ki, gələcəkdə bizi ancaq gözəl günlər gözləyir. Azərbaycan daha da inkişaf edəcək, öz gücünü daha da artıracaqdır. İyirmi illik müstəqillik onu göstərdi ki, Azərbaycan xalqı müstəqil xalq kimi yaşaya və yaxşı yaşaya bilər. Azərbaycan dövləti bu gün bölgədə sabitləşdirici amil kimi özünü təqdim edir. Azərbaycanın iştirakı olmadan bölgədə heç bir layihə icra edilə bilməz. Son illərin təcrübəsi bunu bir daha göstərir. İqtisadi, enerji, siyasi, diplomatik, regional əməkdaşlıq məsələlərində bölgədə Azərbaycan söz sahibidir. Biz bunu yaratmışıq, biz bunu qorumalıyıq. Ölkəmizi qorumalıyıq və qoruyacağıq".

 

Rüstəm KAMAL,

"Azərbaycan"



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM