27 Dekabr 2011 02:12
342
SİYASƏT
A- A+

Ermənistan ordusu böyük tənəzzül dövrünü yaşayır

 

Təcavüzkar ölkənin silahlı qüvvələrində qeyri-döyüş şəraitində yaşanan itkilərin sayı durmadan artır

 

Özünün böyük tənəzzül dövrünü yaşayan Ermənistan silahlı qüvvələrində yaranan xaotik vəziyyətin miqyası daha da genişlənməkdədir. Yaranmış durumun kifayət qədər ağır və təhlükəli olması Ermənistanın özündə də açıq etiraf olunur. Əsas müxalif qüvvələrin yer aldığı Ermənistan Milli Konqresinin bununla bağlı məlumatında qeyd olunur ki, orduda qeyri-döyüş şəraitində yaşanan itkilərin sayı sürətlə çoxalmaqdadır. Konqresin nümayəndəsi Levon Zurabyanın sözlərinə görə, bütün bunlar Ermənistan ordusunda nizamnamədən kənar hərəkətlərin və digər qanunsuzluqların məntiqi nəticəsidir. O hesab edir ki, Müdafiə Nazirliyinin başında duran şəxslər daha çox şəxsi mənfəətlərini güddüklərindən Ermənistan ordusunun məhvolma prosesi onlar üçün hər hansı əhəmiyyət daşımır.

Qeyd olunanlara real nümunə kimi Zurabyan elə son günlər ərzində qeyri-döyüş şəraitində yaşanan itkiləri sadalayır. Onun dediyinə görə, Yerevan sakini Mqer Akopyan qeyri-döyüş şəraitində dünyasını dəyişsə də, bunun səbəbləri haqqında Müdafiə Nazirliyi heç nə demək istəmir. O, bütün bunları əsgər həyatına olan etinasız münasibətin təzahürü kimi dəyərləndirir: "Nər hansı döyüş olmadan yaşanan əsgər itkilərinin çoxalmasının əsas məsuliyyəti zabit heyətinin üzərinə düşür. Çünki belə itkilərin çoxu məhz zabit və çavuş heyətinin əsgərlərə işgəncə verməsi faktı ucbatından meydana gəlir".

Buna konkret misal kimi, Dağlıq Qarabağ ərazisində yerləşən "Yeğnikner" adlanan hərbi hissədə baş verən hadisə göstərilir. Hadisə nəticəsində 18 yaşlı əsgər Narek Avetisyanın sağ gözü kor olub. Əsgərin atası Andranik Avetisyan oğlunun gözünə hərbi hissənin yeməkxanasında dəmir zəncirlə zərbə vurulduğunu bildirib: "Yenicə postdan qayıdan əsgəri yeməkxanaya növbətçiliyə göndəriblər. Praporşik onu nə isə etməyə göndərib, oğlum yerinə yetirməyə tələsməyib, o da arxadan zəncirlə vurub gözünü partladıb, uşağı əlilə çevirib". Əsgərin atası deyir ki, hadisədən bir neçə gün keçsə də, nə hərbi hissədən, nə də Müdafiə Nazirliyindən maraqlanan olub: "Heç hərbi polisdən də gələn olmayıb. Bilirsiniz, oğlum hərbi hissədə yarım saat görünməsəydi, hərbi polis aləmi alt-üst etmişdi. İndi biri də gəlmir".

Bütün bunlar bir daha faktiki olaraq Ermənistan ordusundakı özbaşınalıqların, əsgərlərin fiziki işgəncələrə məruz qalmasının, incidilməsinin dözülməz həddə çatdığını göstərir. Elə bunun nəticəsidir ki, bir qrup valideyn Yerevanda Müdafiə Nazirliyinin qarşısında piket keçirib, əsgərləri döyüb öldürənlərin həbs olunmasını tələb ediblər.

Yaranmış bu vəziyyət gənclərin hərbi xidmətdən yayınmalarına səbəb olur. Gənclər ordudan yayınmağın yeni metodunu tapıblar. Belə ki, indi Ermənistan gəncləri cinsi azlıqlara mənsub olmaları barədə hərbi komissarlıqlara arayış təqdim edərək hərbi xidmətdən yayınır, sonra isə ölkəni tərk edirlər.  Bu onu  göstərir ki, Ermənistan ordusu təkcə çağırışçıların sayının sürətlə azalmasına görə problem yaşamır, bu ölkənin silahlı qüvvələrinin maddi-texniki təchizatında da əvvəlki kimi böyük çətinliklər mövcuddur. Eyni zamanda, orduda nizam-intizam pozuntularının, fərariliyin, ölüm hallarının, digər bu kimi mənfi tendensiyaların miqyası durmadan genişlənməkdə davam edir. Ümumiyyətlə, araşdırmalar göstərir ki, hər keçən gün Ermənistan silahlı qüvvələrində fərarilik, ölüm, zorlama, döyülmə, rüşvət alma, korrupsiya, intihara cəhdetmə, intihar, təcavüz və digər nizamnamədən kənar halların sayı artır. Bütün bunlar həm də orduda çoxsaylı itkilərin yaşanmasına gətirib çıxarır. Özü də bu itkilərin əksəriyyəti qeyri-döyüş şəraitində baş verir. Toplanan məlumatlardan belə aydın olur ki, qeyri-döyüş şəraitində itkilərin yaşanmasına əsas səbəb orduda xəstəliyin tüğyan etməsi, əsgərlərin hərbi hissələrdən kənar şəxsi işlər görməyə vadar edilməsi, intihar, döyülmə, müxtəlif qəza və nizamnamədən kənar davranışlardır. Özü də bu kimi hallara əsas etibarı ilə müddətli həqiqi hərbi xidmətə çağırılmış çağırışçılar məruz qalırlar. Ordudakı yüksək vəzifəli zabitlərin özbaşınalıqları, rüşvətxorluğu, şəxsi heyəti kiçik komandirlərin (çavuş heyəti) idarə etməsi, onların da nizamnamədən kənar və nalayiq davranışları və orduda "dedovşina" hallarının davam etməsi isə müddətli xidmət edən əsgərlər arasında fərariliklə  yanaşı, onlar arasında intihar hallarının sayının da sürətlə artmasına səbəb olur.

Əvvəlki kimi orduda əxlaqsızlıq məsələsi də ciddi problem olaraq qalır. Belə ki, zabit və gizirlər tərəfindən hərbi qulluqçuların zorlanması və onlara təcavüzün edilməsi, çavuşlar tərəfindən əsgərlərin zorlanması, döyülməsi, zabit və gizirlərin hərbi qulluqçuların valideynləri ilə cinsi əlaqəyə girməsi və zorlama faktının şəxsi heyət tərəfindən aşkarlanması halları da ötən illərlə müqayisədə əhəmiyyətli dərəcədə çoxalıb. Silahlı qüvvələrdə şəxsi heyət arasında homoseksuallığa meyilli hərbi qulluqçuların sayı da xeyli artıb ki, onlar arasında  zabitlərin, gizirlərin də sayı az deyil. Ümumiyyətlə, hərbi hissələrdə məişət şəraiti çox ağır olduğundan homoseksuallığa meyilli hərbi qulluqçular hərbi xidmətdən qurtulmaq üçün qəsdən bu yola əl atırlar. Əvvəllər bu cür hərbi qulluqçular ordu sıralarından dərhal tərxis edilirdisə, keçən ildən həmin şəxslər barəsində həkim komissiyası rəy verdikdən sonra müvafiq qərar qəbul edilir.

Qeyd olunanlarla yanaşı, komandir heyəti tərəfindən əsgər valideynlərinin pul gətirməyə vadar edilmlərini, hərbi qulluqçuların qeyri-qanuni yolla müəyyən olunmuş pul müqabilində ay ərzində hərbi hissədən kənara buraxılmaları halları, hərbi qulluqçuları tərəfindən mülki əhaliyə qarşı bir çox cinayət, o cümlədən mülki şəxslərin əmlakının oğurlanması, əhaliyə qarşı zor tətbiq etmə, zorlama, təcavüz və digər belə hadisələrin törədilməsi ilə bağlı faktların sayı da artmaqdadır. O da bildirilir ki, orduda şəxsi heyət arasında narkotik maddə qəbul edənlərin sayı da sürətlə artmaqdadır və narkotik maddələrin hərbi hissələrə gətirilməsi, şəxsi heyətə satılması planlı şəkildə zabit-gizirlərin himayəsi altında çavuş heyəti tərəfindən həyata keçirilir. Korrupsiya, hərbi əmlakın ucuz qiymətə satılması və bu qəbildən olan digər mənfi tendensiyaların da miqyası çoxalmaqdadır. Hərbi xidmətə çağırılan hərbi qulluqçuların sağlamlıqlarına son dərəcə biganə yanaşılması, tibbi ləvazimat, hospital çatışmazlığı davam etməkdədir.

Miqrasiya prosesinin genişlənməsi isə ordunun şəxsi heyətlə təminində getdikcə daha böyük problemlər yaradır. Ermənistanın miqrasiya xidmətinin rəhbəri Qarik Eqonyan bildirir ki, əgər 2010-cu ildə Ermənistanı 74 min adam tərk etmişdirsə, cari ildə bu rəqəm artaraq 75 minə çatıb. Ermənistan Sosioloji Assosiasiyasının rəhbəri Qevorq Poğosyan deyir ki, Ermənistan demoqrafik təhlükə ilə üzləşib və dövlət səviyyəsində ciddi tədbirlər görülməsə, böyük təhlükə altına düşəcək. Assosiasiyanın 15-25 yaşlılar arasında keçirdiyi son sorğuya əsasən, respondentlərin 9,8 faizi ölkəni tərk etməyin əsas səbəbini iqtisadi vəziyyətin ağırlığında görür, 15,8 faizi üçün - işsizlikdir, 8 faizi xaricdə təhsil almaq məqsədilə xaricdə yaşamaq istəyir. Təhqiqat nəticələrinə əsasən, Ermənistan gənclərinin təxminən 30 faizi ailə qurmaq niyyətində deyil. Hazırda Ermənistan ailələrinin 50-55 faizində bir uşaq böyüyür, ikiuşaqlı ailələr 30-35 faiz təşkil edir və yalnız ailələrin 10 faizində üçüncü uşaq doğulur.

Ermənistan Elmlər Akademiyası Ekoloji-Noosfera Təhqiqatları Mərkəzinin direktoru Armen Sağatelyan qeyd edir ki, ildə ölkəni orta hesabla 25 min əməkqabiliyyətli adam, onların arasında isə daha çox yaradıcı gənclər tərk edir: "Yoxsulluq həddində yaşayan, tam müdafiəsiz, cəmiyyətdə münasib statusa malik olmayan ziyalıların böyük hissəsi də övladlarının gələcəyi üçün yeganə variantı ölkədən getməkdə görürlər. Şəhərin mərkəzində evini satır, çünki övladına təhsil verib, amma ona daha  heç nə verə bilmir. Bu, artıq bir çox ziyalı ailələrində ənənə halını alır. Və gənclər gedirlər".

Hazırda  Ermənistanın demoqrafik problemlər məngənəsində boğulması, bir cəmiyyət olaraq həm də mənəvi deqradasiyaya məruz qalması, silahlı qüvvələrinin həm insan, həm də maddi-texniki təminatı baxımından tənəzzülü, onsuz da zəif olan döyüş qabiliyyətinin daim aşağı düşməsi isə Ermənistanın Azərbaycan ərazilərini işğal altında saxlamaqda davam etdirməsini mümkünsüzləşdirir.

 

Elçin CƏFƏROV,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video